Dünyada gedən mədəni qloballaşma kontekstindən elə onun əsas təzahürlərindən sayılan multikulturalizmi də dəyərləndirilməsi zərurəti yaranır. Mədəni qloballaşma kimi multikulturalizmə münasibətdə də bu gün çoxlu sayda yanaşmalar, definisiyalar mövcuddur ki, əksər halda onlar məsələyə əks mövqedən yanaşırlar.
Başqa mədəniyyətlərə mənsub insan qruplarının, əsasən də immiqrantların qərb cəmiyyətlərinə adaptasiya və inteqrasiyasının bir neçə təcrübəsi (ABŞ, Fransa, Almaniya, İngiltərə, Avstraliya, Yaponiya və s.) mövcuddur. 60-cı illərdən başlayaraq qərb ölkələrində immiqrantlara münasibətdə iki yanaşmanın mövcudluğunu qeyd etmək lazımdır: diferensiasiya və assimilyasiya. Diferensiasiya siyasəti cəmiyyətdə müxtəlif etnomədəni qruplar arasında səlis sərhədlərin saxlanılması və onlara müstəqil icmalar kimi yanaşılmasını və hörmət edilməsini nəzərdə tutur. Almaniyada 60-70-ci illərdə qastrabayterlərə münasibətdə məhz bu model tətbiq olunurdu. Onlara müvəqqəti işçi qüvvəsi kimi baxılır və yerli cəmiyyətə inteqrasiyası nəzərdə tutulmurdu. İndi bir sıra ərəb ölkələrində xarici işçi və qulluqçulara məhz bu yanaşma tətbiq olunur. İkinci yanaşma isə assimilyasiya adlanır və immiqrantlara cəmiyyətdəki mövcud sosial-mədəni davranış modellərini qəbul etdirməklə, onların yerli cəmiyyətə inteqrasiyasına nail olmaq məqsədi daşıyır. Bu siyasət xüsusən immiqrantların uşaqlarına münasibətdə özünü daha aydın göstərir. Onlar məktəbəqədərki tədris müəssisələrini bitirdikdə yerli cəmiyyətdəki həmyaşıdlarından artıq heç nə ilə fərqlənmirlər. Bu yanaşma özünü ABŞ-da daha aydın təcəssüm etdirir. Assimilyasiya modeli milli-etnik fərqləri, müxtəlifliyi qəbul etmir, o qruplar arasında disbalansı aradan qaldırmaq iqtidarında deyil.
Bu iki yanaşma mədəni müxtəlifliyə malik cəmiyyətlərin tələblərinə artıq cavab verə bilmir. Əlbəttə, bu o demək deyildir ki, mədəni müxtəlifliklə səciyyələnən ölkələr dağılmağa və ya milli mədəniyyətlərini itirməyə məhkumdurlar. Lakin müxtəlifliyin qəbul edilməsi bir sıra sosial-mədəni problemlərin, xüsusən miqrantların cəmiyyətə inteqrasiyası ilə bağlı məsələlərin həllində ümumi məxrəcə gəlməyi tələb edir. Son vaxtlar multikulturalizm siyasəti miqrantların inteqrasiyası məsələsinə müxtəlifliyin əhəmiyyətini qəbul edən və özünüdərkin çoxcəhətliliyini müdafiə edən üçüncü yanaşma kimi nəzərdən keçirilir. Uzun müddət belə bir fikir üstünlük təşkil etmişdir ki, multikulturalizm mədəni inteqrasiyanın ən müsbət modeli kimi mədəni assimiliyasiya modelini əvəz etməlidir. Lakin, artıq qeyd edildiyi kimi, bu siyasətin uğursuzluğu “mədəni hegemoniya” mövqeyinin üstünlük təşkil etməsinə gətirib çıxarmışdır. Buna görə də azlıqların mədəni azadlığı probleminə insanların fərdi hüquq və azadlıqları kontekstindən baxılması tələbi getdikcə özünə geniş tərəfdar tapmaqdadır.
Multikulturalizm modeli mədəni başqacürlülüyün müxtəlif formalarının mövcudluğunun legitimləşdirilməsini nəzərdə tutur və lakonik şəkildə “assimilyasiyasız inteqrasiya” formulunda ifadə olunur. Bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni, konfessioal və digər təsisatların dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur.
Avstraliyada bu siyasət milli müxtəliflik şəraitində cəmiyyətin birliyinin təmin edilməsinin yeganə yolu kimi 1990-cı illərdən həyata keçirilməyə başlanmışdır. Bu ölkədə multikulturalizmə “müxtəlifliyin vəhdəti” kimi baxılır. Multikulturalizm siyasəti təkcə cəmiyyət daxilində müxtəlif mədəni dəyərlər sisteminin qəbul edilməsi deyil, həmçinin insan hüquqları, qanunun aliliyi, gender bərabərliyi kimi əsas dəyərlərə sadiqliyi də özündə əks etdirir. Multikulturalizm bu mənada ayrı-ayrı şəxslərin öz mədəni dəyərlərini ifadə etmək və yaymaqla yanaşı, qarşılıqlı vətəndaşlıq vəzifələrini yerinə yetirmək öhdəliyini də nəzərdə tutur. Bir çox dövlətlər multikulturalizmi rəsmən qəbul etməsələr də mədəni müstəsnalıq probleminin həllinə və ictimai birliyə, müxtəlifliyə hörmət kimi məqsədlərə nail olmaq üçün onun bir çox elementlərini öz milli və mədəni siyasətlərində geniş tətbiq edirlər.
Müasir dünyada milli identikliyin qorunub saxlanılması problemi şəxsiyyətin sosial identikliyinin tərkib hissəsi kimi çıxış edir. Mədəni identiklik milli-etnik identikliklə sıx əlaqədardır, lakin onlar eyniyyət təşkil etmirlər. Etnik identlikliyin postulat kimi qəbul edilməsi heç də ümumi vətəndaş identikliyini inkar etmir. Özünü konkret etnosla eyniləşdirmək Azərbaycan xalqı, cəmiyyəti, mədəniyyəti ilə eyniləşdirməni istisna etməməlidir.
Bir konsept kimi multikulturalizm bir neçə səviyyədə nəzərdən keçirilir. Siyasi nəzəriyyə və ideologiya kimi o cəmiyyətdə müxtəlif mədəni-milli birliklərin dinc yanaşı yaşamasını – mədəni plüralizmi təşviq və tövsiyə edir. Digər tərəfdən multikulturalizm mədəni pluralizmin geniş tətbiqinə yönəldilmiş əməli siyasət kimi də qəbul olunur. Bu siyasətin əsasında hakimiyyət institutları ilə etnik-mədəni azlıqlar, eləcə də bütövlükdə müxtəlif etnomədəni birliklər arasında münasibətlərin tənzimlənməsini nəzərdə tutan hüquqi, siyasi, iqtisadi, sosial-mədəni tədbirlər kompleksi dayanır.
Multikulturalizmə başqa cür yanaşmalar da vardır. Multikulturalizmin müəyyən coğrafi arealda yaşayan, müxtəlif etnosların intensiv qarşılıqlı mədəni əlaqələrinin nəticəsi kim də qəbul edirlər. Bu zaman multikulturalizmin üstünlükləri kimi ölkədə mədəni müxtəlifliyin qorunub saxlanılması, müxtəlif azlıqların hüquqlarının tanınması və müdafiəsi, şovinizmdən, irqi və dini xurafatdan, ksenofobiyadan imtina, “başqa”larına dözümlülü münasibətin və hörmətin tərbiyə edilməsi və s. göstərilir. Bu zaman “milli birliyi” ehtimal təhlükəyə gəldikdə isə multikulturalizm müxtəlif etnosların və mədəniyyətlərin bir-birindən ayrıldıqda mövcudluğunu deyil inteqrasiyasının nəzərdə tutduğundan etnik mənsubiyyətindən asılı olmayaraq o insanlar arasında yaxınlaşmaya, qarşılıqlı anlaşmaya, tolerantlıq prinsiplərinin bərqərar olmasına kömək edir. Buna görə də multikulturalizm anlayışı tolerantlıq anlayışına çox yaxındır, ancaq bu anlayışlar eyni deyildir. Multikulturalizmə sosial subyektlərin, müxtəlif mədəniyyətlərin bərabərhüquqlu inkişafına, ictimai həyatın bütün sahələrində müxtəlif əhali qruplarına münasibətdə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş ideya və fəaliyyətlərin kompleksi kimi də yanaşırlar. Multikulturalizmə bu cür yanaşma Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2010-cu ilin oktyabrında Bakıda keçirilmiş “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilmiş Beynəlxalq Humanitar Forumdakı çıxışında öz əksini tapmışdır: Multikulturalizmin alternativi yoxdur. Multikulturalizmin alternativi özünütəcriddir. Mən inanmıram ki, XXI əsrdə qloballaşan dünyada hər hansı bir siyasi qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinlərə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə. bütün xalqları birləşdirir. Mən əminəm ki, bu anlayışların sintezi nəticəsində bu gün müxtəlif dairələrdə multikulturalizmlə bağlı səsələnən bədbin fikirlər aradan götürüləcəkdir. İlham Əliyevin “biz Azərbaycanda əsrlər boyu multikulturalizm şəraitində yaşamışıq. Həyatımız, xüsusilə, son 20 il ərzində müstəqil ölkə kimi təcrübəmiz göstərir ki, multikulutralizmin gələcəyi vardır” fikirləri multikulturalizmin məhz bu aspektini nəzərdə tutur.
Multikulturalizm mədəniyyətlərin qarşılıqlı nüfuz etməsi, zənginləşməsi və kütləvi mədəniyyətin ümumbəşəri məcrada inkişafı məqsədilə onların paralel olaraq mövcudluğunu tələb edən tolerantlığın bir aspekti kimi də nəzərdən keçirilir.
Qloballaşma müxtəlif mədəniyyətlərlərin yanaşı mövcudluğunun əsas prinsipi kimi qəbul edilən multikulturalizmə də öz təsirini göstərməkdədir, bu da bir sıra neqativ meyllərin güclənməsində inkişaf etmiş ölkələrdə sosial-mədəni vəziyyətin mürəkkəbləşməsində özünü göstərir. Bir sıra tədqiqatçıların nəzərincə, qloballaşma şəraitində multikulturalizm mədəniyyətin əsas fəaliyyət prinsipi kimi mədəniyyətlərin pozitiv qarşılıqlı əlaqəsini, dialoqunu deyil, əksinə “lider” mədəniyyətin (və ya mədəniyyətlərin) “periferiya” mədəniyyətlər üzərində hegemonluğunu təmin etməyə, mahiyyət etibarilə milli mədəniyyətlərin vəhdətinin və homogenliyin qarşısını almağa, onlar arasında fərqlərin aradan qaldırılmasına gətirib çıxarır.
Kütləvi mədəniyyətin yayılması da mədəniyyətlərin özünəməxsusluğunun itirilməsi kimi qlobal təhlükəni reallaşdırır. Kütləvi mədəniyyət mədəni dəyərlərin və dilin eyniləşməsi, həyat tərzlərinin, geyimlərin, məişətlərin, musiqilərinin standartlaşmasına və universallaşması təhlükəsi yaratmaqla yanaşı, dominant mədəniyyətə texnoloji və informasiya üstünlüyündən istifadə edərək öz dəyərlərini, norma və standartlarını digərlərinə qəbul etdirmək imkanı yaradır. Bu aspektdən multikulturalizmin beynəlxalq səviyyəsindən də danışmaq lazım gəlir. Beynəlxalq münasibətlər baxımından mədəni müxtəliflik bütün bəşəriyyət üçün zəngin töhfədir və onun qorunması və dəstəklənməsi bütün dünyanın dayanıqlı inkişafı üçün vacib şərtdir.
Hazırda bütün dünyada multikulturalizmin geniş tətbiqini nəzərdə tutan bir çox aktlar, konvensiyalar mövcuddur. Bu sənədlərdə mədəni müxtəlifliyin qorunması üçün bütün dünyada geniş və tarazlı mədəni mübadilənin təmin edilməsi, mədəniyyətlərarası dialoqu, mədəniyyətlərarası qarşılıqlı fəaliyyəti, xüsusilə inkişaf etməkdə olan ölkələrin rolunu artırmaq nöqteyi-nəzərdən beynəlxalq əməkdaşlıq və həmrəyliyi gücləndirmək kimi rəhbər prinsiplər öz əksini tapmışdır. Beynəlxalq səviyyədə multikulturalizm dəyərlərinin möhkəmləndirilməsi yalnız insan hüquq və azadlıqlarına hörmət, dövlətlərin suverenliyi, bütün mədəniyyətlərə hörmət edilməsi və bütün mədəniyyətlərin bərabər ləyaqətə malik olmasının qəbul edilməsi, beynəlxalq həmrəylik və əməkdaşlıq, bərabər imkanlar, açıqlıq və tarazlıq. inkişafın iqtisadi və mədəni aspektlərinin tamlığı prinsiplərinə əməl edilməsi sayəsində mümkündür. Yunesko-nun 2001-ci ildə qəbul etdiyi “Mədəni müxtəliflik haqqında” Ümumdünya bəyannaməsində qeyd edildiyi kimi, bioloji müxtəliflik canlı təbiət üçün neçə zəruridirsə, mədəni müxtəliflik də bəşəriyyət üçün o qədər zəruridir. Bu mənada o bəşəriyyətin ümumi nemətidir və indiki və gələcək nəsillərin mənafeyi naminə tanınmalı və möhkəmləndirilməlidir. YUNESKO-nun digər sənədində – “İnsan inkişafı – 2004” adlı məruzədə qloballaşma şəraitində multikulturalizm strategiyasının əsas prinsipləri öz əksini tapmışdır: 1.Ənənələrin mühafizəsi insan inkişafının qarşısını alan amilə çevrilə bilər. Ənənəvi dəyərlərin və adətlərin çoxu layiqincə qiymətləndirilməlidir. Onların əksəriyyəti insan hüquqları sahəsində ümumbəşəri dəyərlərlə həmahəng səslənsə də, hamı tərəfindən qəbul edilmiş etik dəyərlərə zidd olanları da (məsələn, qadınların hüquqlarının pozulması, qərarların qeyri-demokratik və gizli şəraitdə qəbulu və s.) vardır. Ənənələri bütün vasitələrlə qoruyub saxlamağı tələb edən ifrat çağırışların insan inkişafına mənfi təsiri göstərməsi şübhəsizdir. Ənənələri seçim azadlığı ilə qarışdırmaq olmaz. Bəzi ənənələr mədəni azadlıqların genişlənməsi yolunda əsil maneəyə çevrilirlər; 2. Mövcud fərqlərə və müxtəlifliklərə hörmət etmək lazımdır. Əlbəttə, müxtəliflikləri nəyin bahasına olursa olsun qoruyub saxlamağa da zərurət yoxdur, ancaq bu müxtəlifliyi insanların mədəni azadlığına və həyatlarını zənginləşdirdiyinə kömək etdiyi şübhəsizdir. Əgər yerli mədəniyyətlər itib gedərlərsə və ölkələr yekcins olarlarsa, insanların seçim azadlığı da məhdudlaşacaqdır; 3. Müxtəliflik insanların identikliyinin çoxcəhətli və bir-birini tamamlayan olduğu, onların özlərini təkcə yerli icmanın, öz ölkəsinin deyil, həm də bütün bəşəriyyətin hissəsi kimi hiss etdiyi qarşılıqlı asılı dünyada çiçəklənir. Əgər müxtəlif mədəniyyətlərə malik dövlətlər öz birliyini çoxcəhətli və qarşılıqlı tamamlayan identiklik əsasında təmin edə bilərlərsə, rəngarəng mədəniyyətə malik dünya da bunu edə bilər. Qloballaşmanın inkişafı insanlarda təkcə yerli və milli identikliyin deyil, həm də dünyanın vətəndaşı kimi özünüdərkin inkişafını şərtləndirir. Müasir intensiv qlobal qarşılıqlı təsir yalnız ümumi dəyərlərin, əlaqələrin və etimadın qorunub saxlanılması şəraitində mümkündür; 4. İqtisadi və siyasi sahələrdə disproporsiya və bərabərsizliyin azaldılması ilə daha yoxsul və zəif birliklərin mədəniyyətlərinə təhlükə də azalır. Bir mədəniyyətin öz iqtisadi qüdrəti sayəsində başqaları üzərində üstünlüyünü aradan qaldırmaq üçün ideya və əmtəələrin axınındakı natarazlıq probleminin həllinə nail olmaq lazımdır. Ölkələr və birliklər arasında bu natarazlıq və bərabərsizlik mədəniyyətlər arasındakı münasibətlərə, rəqabətə xüsusi təsir göstərir, bir mədəniyyətin digəri üzərində dominantlığına səbəb olur.
Yalnız bu prinsiplərə əməl edilməsi şəraitində dünyada mədəniyyətlərin müxtəlifliyini qoruyub saxlamaq olar. YUNESKO-nun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair konvensiyasında qeyd edildiyi kimi, mədəniyyət inkişafın əsas hərəkətverici qüvvələrindən biri olduğundan inkişafın mədəni aspektləri onun iqtisadi aspektləri kimi mühüm əhəmiyyət kəsb edir və fərdlər, insanlar bu sahədə iştirak etmək və bundan faydalanmaq hüququna malikdirlər(9).
Qloballaşmanın milli və yerli identikliyə yaratdığı təhlükələr şübhəsizdir. Lakin, problemin həlli mühafizəkarlıqda və ya təcridçi milliyətçilikdə deyil, beynəlxalq səviyyədə müxtəlifliyin təşviq edilməsində və plüralizmin inkişafındadır. Qloballaşma dövlətlər qarşısında ideyaların, kapitalın, əmtəələrin və insanların beynəlxalq hərəkəti ilə şərtlənən çoxlu çağırışlar qoyur. Qloballaşmanın yaratdığı və genişlənməkdə olan mədəni azadlıqlar yeni-yeni problemlər və dilemmalar ortaya çıxarır. İnsanlar arasında ünsiyyət, dəyərlərin, ideyaların, həyat tərzlərinin mübadiləsi görünməmiş miqyas almaqdadır. Bəziləri bunu müxtəlifliyin genişlənməsi, enerji və ilham mənbəyi kimi qəbul edir, digərləri əksinə, onu öz dəyərlərinə və həyat tərzlərinə, yerli və milli identikliyə qarşı əsl təhdid kimi qarşılayırlar. Bu cür reaksiyanın ifrat forması kimi bütün xarici təsirlərdən qorunmaq cəhdləri çıxış edir. Bu isə son nəticədə tərəqqiyə deyil, özünəqapanmaya, fərdi və ictimai azadlığın məhdudlaşdırılmasına gətirib çıxarır. Belə perspektivin yeganə alternativi insanların, kapitalın, əmtəələrin, ideyaların qlobal hərəkətinə dövlətlərin açıqlığı şərti ilə dünyada mövcud olan müxtəlifliyə hörmət edilməsi və onun genişlənməsinin dəstəklənməsi olardı. Bunun üçün birinci növbədə mədəni azadlıq və mədəni əməkdaşlıq ideyalarına cavab verə biləcək, mədəni müxtəlifliyi qəbul edən və ona hörmət prinsipinə əsaslanan siyasi strategiyalar hazırlanmalı və həyata keçirilməlidir.
Müzakirə qapadılmışdır.