“Sumqayıt”ın türk əsilli legioneri Murad Doymuş Sportal.az saytına müsahibəsində “gənclik şəhəri” təmsilçisinin Topaz Premyer-Liqasındakı çıxışı ilə yanaşı, özünün sərgilədiyi oyuna da münasibət bildirib.
– “Sumqayıt” ilk dövrəyə yaxşı başlasa da, sonradan ardıcıl və böyükhesablı məğlubiyyətlər aldı. Sən komandanın çıxış haqqında nə deyərdin?
– Razıyam, biz çempionata yaxşı başladıq. Elə ilk oyunda da AZAL kimi rəqiblə heç-heçə etdik. Amma sonradan komandada nəsə eniş başladı. Bir çox məğlubiyyətlər aldıq. Son oyunlarda yaxşı çıxış etsək də, yenə xallar itirdik.
– “Sumqayıt” ötən mövsüm birinci diviziona getməliydi. Amma müəyyən səbəblərdən komanda Premyer Liqada qaldı. Düşünmürsən bu böyükhesablı məğlubiyyətlər yenə həmin aqibətə gətirib çıxara bilər?
– Ötən mövsüm komandanın çıxışından xəbərim yoxdur. Biz pis komanda deyilik. Bütün komandalara qarşı rəqabət aparmaq gücündəyik. Bunun üçün əlimizdən gələni edəcəyik.
– İkinci dövrədə 4 oyununuz var. “Sumqayıt”ın az da olsa, hələ ilk “altılıq” üçün mübarizə aparmaq şansı var…
– Əlbəttə, şansımız qalır. Amma bu ikinci dövrənin ilk oyunundan asılıdır. “Bakı” ilə oyun bizim üçün çox əhəmiyyətli olacaq. Əgər həmin oyunda qalib gələ bilsək, o zaman ilk “altılıq” üçün də mübarizə aparacağıq. Bu oyun həm şans, həm də psixoloji baxımdan bizim üçün önəmlidir.
– Öz oyununu necə xarakterizə edərdin?
– Əvvəlki oyunlarda yaxşı çıxış edirdim. Amma sonradan zədə almağım mənə mane oldu. Artıq ikinci dövrədə özümü göstərməyə çalışacağam.
– Qış fasiləsində Azərbaycanda hansısa klubdan təklif olub sənə?
– Yox, heç bir təklif gəlməyib. Almaniyadan olub, orda məni tanıyırlar. Amma mənim “Sumqayıt”da oynadığımı və burada xoşbəxt olduğumu bilirlər. Ona görə də burda qalacam.
– İlk “altılıq”da mübarizə aparan klublardan hansını çempionluq üçün daha şanslı sayırsan?
– Əlbəttə, lider olduğu üçün və gözəl oyun göstərdiyi üçün “İnter” daha güclüdür. Amma bu futboldu bilmək olmaz. Həm də mənim mətbuata sözüm var. Bəzi informasiya saytları yazırlar ki, mən “Sumqayıt”dan gedəcəm. Belə bir şey yoxdur. Həm də bu barədə yazdıqdan sonra mənə zəng edib fikri öyrənirlər. Əvvəlcə fikrimi öyrənin, sonra yazın. Belə şey olmaz.
Elsevər Məmmədov