Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının 15 üzvü partiya sıralarından istefa verib. APA-nın məlumatına görə, istefa verənlərdən 3 nəfəri şəhər təşkilatın Şurasının üzvüdür.
İstefa bəyanatında təəssüflə qeyd edilib ki, uzun müddət demokratiya və azad cəmiyyət uğrunda aparılan mübarizə istənilən nəticəni verməyib. Bəyanatda AXCP və Müsavat Partiyasının birləşməsinin zəruriliyi vurğulanıb və buna qarşı çıxanlar tənqid olunub: “Siyasi durumu lehimizə dəyişdirmək, xalqı öz hüquqları uğrunda aktiv mübarizəyə səsləmək yolu cəmiyyətin sosial tələbinə çevrilən, yeni qüvvələrin demokratik düşərgəyə qayıdışı üçün stimul olan Müsavat-AXC partiyalarının vahid quruma çevrilməsidir. Lakin subyektiv maraqlardan çıxış edən siyasətçilərin iki ciddi təşkilatın birliyinə mane olan manevrləri bizdə həmin siyasilərin yaxın hədələrdən yayındıqları və hakimiyyət uğrunda gedən rəqabətdən geri çəkilmək yəqinliyini yaratdı”.
Bəyanatda daha sonra bildirilir ki, Müsavat Partiyasında son illər demokratik prinsiplərin pozulması, müxalifətdə birliyin baş tutması üçün adekvat addımın atılmaması, Nizamnamənin şəxsiyyətlərin iradəsinə uyğunlaşdırılması, partiya daxilində alternativ fikrə qarşı əsassız hücumlar, şəxsiyyətləri gözdən salmaq kampaniyası partiyada siyasi fəaliyyət imkanlarının tükəndiyinə dəlalət edir: “Qəti deyirik ki, Müsavat Partiyası və AXCP-nin vahid partiyada birləşib, ölkədə qeyri-bərabər və antidemokratik siyasi duruma baxmayaraq hakimiyyət uğrunda rəqabətə qoşulmaq fikrinin əleyhinə olan heç bir fərd yoxdur. Amma bu prosesin hələ də süni uzadılması sıravi üzvlərin, o cümlədən bizim kəskin etirazımıza səbəb olub”.
Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas APA-ya açıqlamasında 15 nəfərin istefa verdiyini təsdiqləyib. Onun sözlərinə görə, bu işin başında partiyanın şəhər təşkilatının Siyasi Şurasının üzvü Kəramət Salayevin başçılığı ilə bir neçə nəfər durur: “Onlar şəhər təşkilatının üzvlərindən istefa imzaları toplamağa başlayıblar. Mənim bu işdən yanvarın 12-də xəbərim olub. Sən demə, onlar 40-50 nəfərə müraciət edərək imza istəyiblər, ancaq şəhər təşkilatı üzvlərinin çoxu onların istəyini qəbul etməyib”.
Fəxrəddin Abbas istefa verən şəxslərin partiya Məclisinin sabiq sədri Sülhəddin Əkbərlə əlaqələrinin olduğunu da deyib: “Ancaq imanımı yandıra bilmirəm. Bu tapşırığı Sülhəddin Əkbər verib, ya haradansa alıblar, bunu bilmirəm”.