Müsavat Partiyası Sumqayıt təşkilatının qərargahının qapıları hələ də bağlıdır. Məlumatı “Media forum” saytına təşkilatın sədri Fəxrəddin Abbas verib.
Qərargahın mayın 15-də bağlandığını xatırladan F.Abbas deyib ki, son günlər dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Sumqayıt ərazi şöbəsinə, 14 saylı Mənzil-Kommunal İstismar Sahəsinə müraciət ediblər: “Mayın 15-i iş günü olmasa da, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhər polis idarəsinin və 14 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları gəlib təşkilatın qərargahını möhürləyiblər. İndi isə məsələni bir-birinin üstünə atırlar, hamısı deyir ki, xəbərimiz yoxdur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi təşkilatlarla iş şöbəsinin müdiri Seyfəddin Rəhimovla görüşdüm. Şöbə müdiri məni inandırmağa çalışdı ki, icra hakimiyyəti Müsavatın qərargahının bağlanmasında iştirak etməyib, bunda maraqlı deyil, məsələ icarə müqaviləsinin bitməsi ilə bağlıdır.
Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Sumqayıt ərazi şöbəsinin müdiri Əkbər Məmmədovla da görüşdüm. O bildirdi ki, Sumqayıtda 130-a yaxın icarədar var, icarə haqlarını vaxtında ödəmədikləri üçün onların hamısı ilə problem yaranıb, lakin Müsavatın icarə haqqını ödəməsində heç vaxt problem olmayıb, hətta may ayı üçün 14 qəpik artıq ödəniş olub.
Görüşdüyüm rəsmilər Müsavatın qərargahının bağlanması ilə bağlı hər hansı rəsmi sənəd göstərə bilmədilər. Bununla bağlı heç bir rəsmi sənəd, hər hansı təqdimat, bunu hansı səbəblərə görə etdiklərini göstərən yazılı sənəd yoxdur”.
F.Abbas bildirib ki, qərargahı 2000-ci ildə icarəyə götürüblər, indiyədək müqavilə üç dəfə uzadılıb və icarə haqqını vaxtlı-vaxtında ödəyiblər. Onun sözlərinə görə, müxalifət partiyalarının Sumqayıt şəhər təşkilatlarının əksəriyyətinin qərargahı yoxdur: “İşğal olunan rayonların bir necəsinin Müsavat təşkilatları da bizim qərargahdan istifadə edirdi. Bir çox müxalifət partiyasının şəhər təşkilatları da bütün tədbirlərini bu qərargahda keçirirdi. İndi getməyə, toplanmağa yerimiz yoxdur.
Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Sumqayıt ərazi şöbəsinin sədri dedi ki, icarə müqaviləsinin uzadılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edin. İndi sənədləri hazırlayırıq. Komitəyə müraciət edəcəyik. Hələlik hüquqi müstəvidə mübarizə aparırıq. Əgər qərargahımız açılmasa, konstitusiyanın bizə verdiyi bütün hüquqlardan istifadə edəcək, məhkəməyə üz tutacaq, piketlər keçirəcəyik”.
“Media forum”