Avqustun 12-də AXCP-nin Sumqayıt şöbəsinin piketinə Müsavat Partiyasının və İctimai Palatanın qoşulmaması ortaya narazılıqlar çıxmasına səbəb olub. AXCP Sumqayıt şöbəsinin sədri Kəmaləddin Vilayətoğlu dünən “Bizim Yol” qəzetinə müsahibəsində Müsavatı və bu partiyanın Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbası sərt tənqid edib.
O deyib ki, piketin İctimai Palata səviyyəsində keçirilməsinə çalışıb. Buna nail ola bilmədikdə, partiyaların yerli şöbələrinə müraciət edib. Lakin müsbət nəticəsi olmayıb: “Biz Sumqayıt müsavatçılarını, başda təşkilatın sədri Fəxrəddin Abbası aksiya ilə bağlı müzakirəyə dəvət etdik, söhbətləşdik. Bildirdik ki, birgə aksiya keçirək, əgər İctimai Palata daxilində eyni məqsəd uğrunda mübarizə aparırıqsa, niyə qurumun şəhər şöbəsində birgə aksiya keçirməyək?! Amma onların mövqeyi mənim üçün anlaşılmaz oldu. O mənada ki, aksiyaların keçirilməsinin hələ tez olduğunu, havaların istiliyi, hətta ”aksiyaların keçirilmə zamanı var” deyə qəribə “arqument” səsləndirdilər. Mən bu səbəbləri əsassız hesab etdim. Onlar təhsil mövsümünün başlanmasını, tələbələrin qayıtmasını gözlədiklərini gizlətmədilər. Mən düşünürəm ki, Müsavatın yerli təşkilatının sədri Fəxrəddin Abbas nəinki İctimai Palatada səslənən fikirlərin, hətta Müsavat Partiyasının da əleyhinə çıxır. Bütün hallarda AXCP Sumqayıt şəhər təşkilatı aksiya keçirmək qərarını verdi və yerinə yetirdi”.
Fəxrəddin Abbas isə “Yeni Müsavat”a açıqlamasında K.Vilayətoğlunun özünüreklamla məşğul olduğunu bildirdi: “Avqustun 7-də İctimai Palatanın Sumqayıt şöbəsinin koordinatorlarının yığıncağı oldu. Müsavatdan mən, Azərbaycan Milliyyətçi Demokrat Partiyasından İlyas Abdullayev, VHP-dən Yusif Salmansoy, AXCP-dən Kəmaləddin Vilayətoğlu və Mahir bəy iştirak edirdi. Yığıncaqda Kəmaləddin bəy dedi ki, biz avqustun 12-nə piket təyin etmişik. Piket Sumqayıtda müxalifət partiyalarının yerli təşkilatlarına qərargah verilməməsinə və demokratiyanın pozulmasına etiraz olaraq keçiriləcək. Kəmaləddin bəy avqustun 8-də şəhər icra hakimiyyətinə piketlə bağlı müraciət göndərəcəkləri barədə bizə məlumat verdi. Müzakirə zamanı İlyas Abdullayev dedi ki, birincisi, aksiyanı İctimai Palata olaraq qərar verib keçirmək daha məqbul olardı. İkincisi, AXCP-nin sədr müavini İP-in son sessiyasında partiyanın mövqeyini belə ifadə edib ki, güclü təşkilatlanma apardıqdan sonra böyük kütləvi aksiyalara başlamaq olar, ciddi hazırlıq olmadan keçirilən aksiyalar hakimiyyətin xeyrinə işləyir. Mən isə dedim ki, bazar günü piket keçirilməsi düzgün deyil. Çünki biz şəhər icra hakimiyyətinə etirazımızı bildiririksə, aksiyanı iş günü keçirməliyik. Özü də aksiya hansısa klubun qarşısında yox, konkret ünvanda-şəhər icra hakimiyyətinin qarşısında keçirilməlidir. VHP təmsilçisi də bu fikirləri bölüşdü. Biz təklif etdik ki, aksiya barədə İP-də müzakirə aparılsın, ciddi hazırlıqlardan sonra normal bir aksiya reallaşdırılsın. Kəmaləddin bəy qəti şəkildə bəyan etdi ki, mövqeyindən dönən deyil, avqustun 12-də ciddi aksiya keçirməkdə qərarlıdır. Biz bu tələskənliyi başa düşmədiyimizi ona bildirdik. Xeyri olmadı. Belə vəziyyətdə bizim ona uğurlar arzulımaqdan başqa yolumuz qalmadı. Açıq görünür ki, o, özünüreklamla məşğuldur”.
Etibar SEYİDAĞA, musavat.com