Müşfiq Məmmədli: Vətəndaşlar karantin qaydalarına ciddi riayət etməlidirlər

442

Azərbaycanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri – xəstələrin sağalması istiqamətində tibb işçilərinin səyləri, inzibati tədbirlər, ölkə rəhbərliyinin birbaşa nəzarəti və qayğısı ilə xəstəxanaların modernləşdirilməsi, yeni modul tipli xəstəxanaların qurulması müsbət effektini göstərməkdə davam edir. Epidemioloji vəziyyətin yaxşılaşması istiqamətində atılan bütün addımların nəticəsi müsbətdir. Bu prosesdə ən mühüm təsir vasitələrindən biri kimi Prezident İlham Əliyevin birbaşa səyi nəticəsində, Çinlə ikitərəfli əlaqələr hesabına Azərbaycanda yanvarın 18-dən başlayaraq “Sinovac” vaksininin vurulmasını və vaksinasiyanın sürətlə aparılmasını qeyd etmək olar. Baxmayaraq ki, COVAX platforması çərçivəsində aparılan mübarizə tədbirlərində ayrı-seçkilik kimi neqativ hallara rast gəlindi, amma daha sonra ölkə rəhbərliyinin beynəlxalq təşkilatlarda bu məsələni vurğulaması nəticəsində, COVAX platforması vasitəsilə də ölkəyə vaksinlərin idxalı reallaşdı.

Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Deputat qeyd edib ki, pandemiyanın ilk günlərindən etibarən həyata keçirilən bütün qabaqlayıcı tədbirlər vaksinasiyanın sürətli tətbiqindən sonra daha çox effekt verməyə başladı: “İndi Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşıb: yoluxanların sayı azalıb, sağalanların sayı isə artıb. Ölkədə yumşalmalar tətbiq edilib. İstər ictimai nəqliyyatda, istərsə də ictimai məkanlarda bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Həmçinin toy mərasimlərinin təşkilinə icazə verilib və bu istiqamətdə təlimatlar hazırlanıb.

Bütün bunlara baxmayaraq, vətəndaşlar hələ də qaydalara ciddi şəkildə riayət etməli, özünün və ətrafındakıların sağlamlığını qorumaq üçün çox sadə vasitələrdən istifadəyə ciddi yanaşmalıdırlar. Vaksinasiya və qoruyucu gigiyenik tədbirlər bu sahədə çox mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, ətraf ölkələrdə yoluxma sayının hələ də yüksək olması, eləcə də Braziliya və Hindistanda koronavirusun yeni ştamının ortaya çıxması risklərin olduğunu göstərir. Eyni zamanda, Gürcüstan və Rusiyadakı epidemioloji vəziyyət bizi bu prosesin hələ də təhlükəli olduğuna inandırır. Bu baxımdan, biz diqqətli olmalı və vaksin vurdurmalıyıq. Pandemiyaya qarşı aparılan mübarizə tədbirlərinə dəstək verərək məhdudiyyətlərin olduğu və ya aradan qaldırıldığı bütün sahələrin xidmətlərindən istifadə edərkən dövlətin tərtib etdiyi təlimatlara ciddi riayət etməliyik”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər