“Dövlətimizin qayğısı şəhid ailələri və qazilər tərəfindən məmnunluqla qarşılanır”
Müşfiq Məmmədli: “Yerli icra hakimiyyəti orqanları da müharibə iştirakçılarının müraciətinə həssaslıqla yanaşmaqdadır”
“Önəmli olan hansısa problemi qabartmaq deyil, onun həlli istiqamətində əməli addımlar atmaqdır”
Son illər Sumqayıtda böyük sənaye-quruculuq prosesinin həyata keçirildiyi, ölkə əhəmiyyətli layihələrin gerçəkləşdiyi məlumdur. Ölkə başçısının son bir ildə bir neçə dəfə Sumqayıta səfər etməsi, buradakı sənaye müəssisələrinin, istehsalat obyektlərinin açılışında iştirak etməsi, şəhərin sürətli inkişafı ilə bağlı bəyanatlar səsləndirməsi buna sübutdur.
Millət vəkili Müşfiq Məmmədli ilə söhbətimizdə Sumqayıtda həyata keçirilən layihələrlə yanaşı, bütövlükdə bugünümüz üçün aktual olan bir sıra məsələləri də müzakirə etməyə çalışdıq.
-Müşfiq müəllim, son illər Sumqayıtda mühüm sənaye obyektlərinin inşası reallaşmaqdadır. Bilmək istərdik ki, sizcə Sumqayıtdakı bu tərəqqi şəhərin özü ilə yanaşı, bütövlükdə ölkəmizin ümumi iqtisadi inkişafına nə vəd edir?
-Sumqayıtda istehsal-sənaye parklarının yaradılması dövlətin iqtisadi siyaətinin strateji məqsədi kimi mərhələli şəkildə həyata keçirilməkdədir. Bu prosesin bir neçə önəmi mövcuddur. Əsas məqsədlərdən biri ölkə səviyyəsində azad sahibkarlığın fəaliyyətinə, sahibkarlıq subyektlərinin sənaye parklarında rahat fəaliyyət göstərməsini təmin etməkdir. İstər Sumqayıt Kimya Sənaye Parkı, istərsə də digər sənaye parklarının əsas özəlliyi ondan ibarətdir ki, burada dövlət müvafiq infrastrukturu hər bir rezidentə uyğun şəkildə çatdırır, onların bu infrastruktura qoşulmasına, ondan faydalanmasına hər cür şəraiti yaradır. Məqsəd investisiya qoyuluşundan ibarətdirsə, o zaman dövlət bunun üçün bütün gərəkli addımları atır. Hər hansı əlavə vaxt sərfinə yol vermədən, bunun üçün gərəkli torpaq sahəsi də, infrastruktur da ayrılır, bir sıra güzəştlər tətbiq olunur. Bu, ümumi iqtisadi siyasətin bir elementi kimi önəmlidir.
-Sizcə bütün bu layihələr vətəndaşlarımızın məşğulluğunun təmin edilməsinə, işsizlik probleminin həllinə necə təsir göstərir?
-Həm Sumqayıtda, həm Abşeronda, həm də Xızı rayonunda bu cür sənaye parklarının, istehsat müəssisələrinin yaradılması, məşğulluq probleminin həlli baxımından da mühüm əhəmiyyət kəsb edir. Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Parkı bu baxımdan bir örnəkdir. Gələcəkdə Sumqayıtda tekstil sektorunda da müəyyən strukturların yaradılması nəzərdə tutulur. Bütün bunlar işsizlik probleminin həlli baxımından da önəmli addımlardır. Bu, ətraf bölgələrdə iqtisadi aktivliyin artması ilə yanaşı, məşğulluq probleminin də azalmasına öz müsbət təsirini göstərir.
Biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq istiqamətində də addımlar atmışıq. Agentliyin rəhbərliyi ilə görüşümüz olub. Işsiz vətəndaşlarımızın məşğulluq proqramına cəlb edilməsi üçün iş aparmışıq və bu gün də aparmaqdayıq. Kimya Sənaye Parkının rəhbərliyi ilə də görüşmüşük. İqtisadiyyat Nazirliyinə də müraciət etmişik ki, oradakı hər bir rezidentlə ayrı-ayrılıqda – istər onlayn formatda, istərsə də karantin qaydalarına uyğun şəkildə birbaşa görüşlərimiz təşkil edilsin. Məqsədimiz ondan ibarətdir ki, seçicilərimizin işlə təminatı ilə bağlı birbaşa əlaqələr yaradaq.
-Müşfiq müəllim, dövlətimizin hər zaman şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin problemlərinə xüsusi həssaslıqla yanaşdığı bəllidir. Bilmək istərdik ki, vətəndaşlarla mütəmadi görüşən, onlarla intensiv əlaqə saxlayan millət vəkili kimi, şəhid ailələrinin, qazilərimizin bununla bağlı düşüncəsi nədən ibarətdir?
-Mənim seçildiyim dairə Sumqayıt-Xızı olduğu üçün hər iki icra strukturu ilə qarşılıqlı əlaqə şəkildə işləyirik. Şəhid və qazi ailələri ilə görüşlərimiz zamanı görürük ki, vətəndaşlarımız dövlətimizin onları rifahı üçün atdığı addımları yüksək qiymətləndirir, öz razılıqlarını bildirirlər. Onlar dövlətimizin siyasətinə sadiq insanlardır. Ancaq bəzən insanların xırda məişət problemi diqqətdən yayınması görülən işlərə kölgə də sala bilir. Biz bunun örnəyini də müşahidə etmişik. Bu baxımdan meydana çıxan problemlər həm icra strukturlarının diqqətinə çatdırılır, həm də problemin həlli istiqamətində konkret addımlar atılır.
Bir məqamı qeyd edim ki, “problem var” deyə hansısa problemi qabartmaqla yanaşı, bu problemin həlli istiqamətində addım atmaq lazımdır. Yəni problemi qabardan şəxs və ya qurum onun həllinə də imkanı daxilində töhfə verməlidir. Çünki sadəcə problemi qabartmaqla iş bitmir.
-Yerli icra hakimiyyətlərinin bu yöndəki fəaliyyətini necə qiymətləndirirsiniz?
-Müsbət addımlar çoxdur. Sumqayıtda və Xızıda şəhid ailələrinə icra hakimiyyətləri tərəfindən yüksək diqqət və qayğı göstərilir. Biz Xızıdakı bütüm şəhid və qazi ailələri ilə görüşlər keçirdik. Çalışdıq ki, heç kim diqqətdən kənarda qalmasın. Həm iş adamlarının, həm dövlət strukturlarının, həm də Heydər Əliyev Fondunun yardımlarının şahidi olduq. Yerli icra strukturlarının da şəhid ailələrinə, qazilərimizə, ümumiyyətlə, vətəndaşlarımıza qayğı və diqqətlə yanaşdığını gördük.
Təbii ki, problemlər də var. Məsələn, bir şəhid bacısının çalışdığı iş yerində ixtisar edilməsini və daha sonra işə bərpa edilməməsini Dövlət Məşğulluq Agentliyinin yerli bölməsinin nəzərinə çatdırdım.
Hesab edirəm ki, bu istiqamətdə atacağımız addımlar hələ çoxdur. Şəhid ailələrinin, qazilərin problemlərinin həlli dövlətimizin qarşısında duran ən ümdə vəzifələrdən biridir.
-Müşfiq müəllim, istər pandemiya və Vətən Müharibəsi, istərsə də post-müharibə dönəmində aztəminatlı ailələrə, şəhid ailələrinə, qazilərə dövlət qurumları ilə yanaşı, ayrı-ayrı şəxslərin, iş adamlarının, şirkət rəhəbərlərinin də yardımlarına şahid olduq. Millət vəkili kimi sizin də bir çox imkansız ailələrə yardımlar göstərdiyiniz bizə məlumdur. Sizcə bütün bunları ümumiləşdirərək deyə bilərikmi ki, pandemiya və müharibə xalqımızın xeyirxahlıq, həmrəylik, yardımlaşma kimi mənəvi keyfiyyətlərinin daha qabarıq şəkildə üzə çıxmasına və inkişafına təkan verdi?
-Təbii ki, xeyirxahlıq, yardımlaşmaq xalqımızın adət-ənənəsindən, milli-mənəvi keyfiyyətindən irəli gələn bir məsələdir. Bu iş həm ayrı-ayrı vətəndaşların, iş adamlarının öz vicdan və düşüncəsi əsasında, həm də müxtəlif dövlət qurumları tərəfindən, onların vəzifə və səlahiyyətləri çərçivəsində həyata keçirilir. Bir məqamı da qeyd edim ki, bu təşəbbüslərin ayrı-ayrılıqda, müxtəlif şəxslər tərəfindən göstərilməsi nə qədər sevindirici hal olsa da, bunun müəyyən struktur və qurumların koordinasiya əsasında mərkəzləşdirilmiş şəkildə təşkili daha faydalıdır. Çünki belə olarsa, o zaman bir vətəndaşa daha çox diqqət göstərilməsi, digər vətəndaşın isə diqqətdən kənarda qalması kimi hallar baş verməz. Ölkə başçısının fərmanı ilə “Yaşat” Fondunun, Qarabağ Dirçəliş Fondunun yaradılması məhz bununla bağlıdır. Qazilərimizə dəstək vermək istəyənlər “Yaşat” Fonduna, Qarabağımızın dirçəldilməsi prosesində iştirak etmək istəyənlər isə Qarabağ Dirçəliş Fonduna yardım edə, bununla da ümumi işimizə töhfə verə bilər.
Qızıl Aypara Cəmiyyətinin, Heydər Əliyev Fondunun, “Yaşat” Fondunun və Sumqayıt Şəhər İcra Hakimiyyətinin bu sahədə grödüyü işləri xüsusi vurğualamğa ehtiyac var. Biz bu qəbildən olan vətəndaşlarımızla görüşəndə, həmin vətəndaşların çoxu artıq yuxarıda adını çəkdiyim qurumların nümayəndələrinin onları ziyarət etdiyini, onların probleminin həllinə dəstək olduğunu bildirir.
Biz sadəcə yardımlarla kifayətlənməməliyik. Həmin insanların aktiv məşğulluq prosesinə qoşulmasını təmin etməliyik. Sosial təminat, o cümlədən publik hüquqi şəxslərin, xüsusilə də Dövlət Məşğulluq Agentliyinin bu sahədə ciddi addımlar atdığına şahidəm. Həmin ailələrin məşğulluq proqramına cəlb olunması çox yüksək səviyyədə aparılmaqdadır. İnanıram ki, biz yaxın gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlərə şahid olacaq, daha böyük müvəffəqiyyətlər əldə edəcəyik.(moderator.az)