Müşfiq Məmmədli:”Statistik göstəricilər mart ayında sərtləşdirməyə ehtiyac olduğunu göstərmir”

443

Bu dün gündəmin hələ də ən aktual məsələsi olan pandemiya ilə bağlı nikbin olmayan xəbərlər yayılmaqdadı. Virusun 3-cü dalğasının gələcəyi barədə verilən proqnozlar və yenidən sərt karantin rejiminin tətbiq olunacağı iddiaları insanların təşvişinə səbəb olub.

Manevr.az bununla bağlı mütəxəssis açıqlamasına ehtiyac olduğunu nəzərə alaraq, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədlinin fikirlərini öyrənib:

“Ümumiyyətlə, virusun dalğa şəklində artımlarının olması fikri ilə mən razı deyiləm. Sadəcə olaraq, bu gedən bir prosesdir. Bu prosesin içərisində yoluxma saylarında müəyyən artımlar müşahidə olunur. Bu artımlar insanların fərd olaraq karantin tədbirlərinə doğru- düzgün riayət etməməsi və cəmiyyətdə yoluxmaların sayının müəyyən bir intensivliyə çatması zamanı baş verir. Diqqət etsək görərik ki, bütün dünya üzrə statistika bu şəkildədir. Yoluxmaların sayı müəyyən bir doyma nöqtəsinə çatdıqda və insanlar daha ciddi şəkildə qoruyucu tədbirlərdən istifadə etdikdə yoluxmaların sayında aşağı enmələr olur”.

M. Məmmədli qeyd etdi ki, simptomsuz gedən, yəni xəstəliyin əlamətləri müşahidə olunmayan, az simtomplu gedən insanların hesabına yoluxmaların sayında müəyyən artımlar olur. Hansılar ki, bəzi insanlar tərəfindən xəstəlik kimi qiymətləndirilmir. Onlar digər insanları yoluxdurmaqla yoluxma sayında artıma səbəb olur. Bu yoluxmalar həmçinin, imuniteti formalaşmış insanların sayının artmasına gətirib çıxarır. Bu baxımdan da yoluxmaların sayında dediyimiz o mərhələli şəkildə enmələr qeydə alınır. Bir neçə vaxt bundan öncə yoluxmaların sayının intensiv olması, ölkəmizdə imuniteti formalaşmış insanların sayının artması ilə nəticələndi. Karantin tədbirlərinin sərtləşməsi bu prosesin enmə trendinə keçməsinə səbəb oldu.

Mart ayında sərt karantin rejiminin tətbiq olunması ilə bağlı fikirlərə münasibət bildirən deputat vurğuladı ki, hal-hazırda yoluxma statistikası cəmiyyətin üzvləri arasında, şəxsən mənim tərəfimdən aparılan müəyyən sorğular, araşdırmalar və əlimizdə olan statistikanın analizi onu göstərir ki, vəziyyət müsbət dinamikada, yəni yoluxmaların azalması və yaxud stabilləşmə istiqamətində gedir.

Millət vəkilinin sözlərinə görə, insanlarımızın bir neçə ay bundan əvvəlki duruma nəzərən hal-hazırda öz sağlamlıqlarını qorumaq istiqamətində daha düşüncəli, bilgili, ölçülüb-biçilmiş addımlar atdığı da müşahidə olunur. Qorunma tədbirlərinə riayət olunmaların intensivliyi artıb:
“Bu baxımdan, mənim fikrimcə hal-hazırkı statistik göstəricilər mart ayında sərtləşdirmə kimi bir prosesə gedilməsinə əsas və ya ehtiyac olduğunu göstərmir. Ancaq dediyimiz kimi, hələ də yoluxmamış insanların sayının kifayət qədər olması bu riski hər zaman aktual edir. Ancaq proseslər bu istiqamətdə gedərsə, yoluxmaların sayında artımın olma riski aşağıdı”.

Əhalinin müəyyən bir hissəsi artıq vaksinləşmənin birinci mərhələsini keçib. Gündəlik statistika göstərir ki, bu yoluxma sayına təsir edib. Prosesə dair müşahidələriniz həkim olaraq, bu işin peşəkarı kimi vaksinləşmənin daha müsbət nəticə verəcəyinə əminlik yaradırmı sualımızı cavablayan M. Məmmədli bildirdi ki, yoluxmaların sayında artma riskinin aşağı olma səbəbini özündə ehtiva edən ikinci əsas səbəb ondan ibarətdir ki, biz cənubu Qafqazda vaksinasiya prosesinə ilk başlayan və digər ölkələr arasında da öncül ölkə kimi çox müsbət nəticə əldə etmişik: “Vaksinasiya eyni sürətlə davam edərsə, bu riskin aradan qalxması ehtimalı daha yüksəkdir. Yəni biz normal həyatımızın bütün elementlərinə tədricən qayıda bilərik. Əgər vaksinsiyaya bilgili yaxınlaşsaq və vaksinasiyanın intensivliyi tempi dəyişməzsə, müsbət dinamika göz önündə olacaq”,- deyə M.Məmmədli qeyd etdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər