Naci Şensoy “Sumqayıt”da?

681

“Klub rəhbərləri mənimlə işləməkdən çəkinir”

Ölkənin futbol arenasında son günlərin ən çox müzakirə olunan mövzularından biri “Sumqayıt” klubunun  baş məşqçisi Bernhard Raabın postunda qalıb-qalmayacağı məsələsidir. Düzü, komandanın prezidenti Kamran Quliyevin “Neftçi”yə 8:1 hesablı yenilgidən sonra “şəxsən mən məşqçi olsam, bu cür hesabdan sonra istefa haqqında düşünərdim” deməsinə rəğmən, alman mütəxəssislə əməkdaşlığın davam etdirilib-etdirilməyəcəyi dəqiqləşmədiyindən komandanın real potensialı və gələcək perspektivi haqqında danışmaq bir qədər çətindir, amma Raabın postunda qalmayacağı yönündə artan söyləntilər bu mövzuya yenidən toxunmağımıza zəmin yaratdı. Hazırda sözügedən  komanda üçün ən real namizədlər yerli mütəxəssislər sayılsa da, bəzi sürpriz namizədlərin olduğu da bildirilir. Hətta aldığımız qeyri-rəsmi məlumatlara görə, Tovuzun “Turan” klubunun sabiq çalışdırıcısı türkiyəli Naci Şensoyun “gənclik şəhəri”nin təmsilçisində çalışmaq ehtimalı var. Gəzən şayiələrə məşqçinin özünün aydınlıq gətirməsi yaxşı olardı. Bu üzdən də Naci Şensoyla əlaqə saxlamağı lazım bildik.

 

– Son günlər Azərbaycan  Premyer-Liqasında mübarizə aparan “Sumqayıt”dan dəvət aldığınız haqda məlumatlar yayılıb. Bu nə dərəcədə həqiqətə uyğundur?

– Bu günlərdə keçən il çalışdırdığım Albaniyanın “Bilis” komandasından təklif almışam. Amma “Sumqayıt” klubundan mənimlə maraqlanan olmayıb.

– Hətta sizin “”Sumqayıt”da  çalışmaq istərdim” deməyinizə dair də şayiələr dolaşmaqdadır. Yəni siz belə bir açıqlama verməmisiniz?

Yox, mənim bu mövzuda hər hansı bir açıqlamam olmayıb

– Bəs “Sumqayıt”da çalışmaq təklif olunsa, qəbul edərdinizmi?

– Niyə də yox?! Sumqayıt Azərbaycan futbolunda özünəməxsus yeri olan bir şəhərdir. Burda gənc futbolçulara önəm verilir. Futbolun inkişafı üçün konkret addımlar atılır. Təklif olsa, şərtləri müzakirə etmək olar. Yəni şərtlər hər iki tərəfin mənafeyinə uyğun olsa, qəbul edərdim.

– Deməli, “Turan”dan narazılıqla ayrılmağınız ölkəmizdə çalışmaq istəyinizə maneə deyil.

Niyə olmalıdır ki?! Üstəlik, mənim “Turan”la komanda olaraq heç bir problemim olmayıb. Sadəcə klubun ovaxtkı prezidenti (Musa Süleymanov nəzərdə tutulur. T.M.)  ilə hüquqi müstəvidə anlaşılmazlıq yaşamışdım. Çox yaxşıdır ki, artıq Azərbaycanda da peşəkarlığa doğru addımlar atılır. Futbolda duyğusallığa yer yoxdur. Deməli, “Turan”dan narazı şəkildə ayrılmağım “Sumqayıt”a mümkün keçidimə mane olmamalıdır.

– Əgər “Sumqayıt”ı çalışdırası olsanız, uğur qazanacağınıza inanırsınız?

– Mənim adım Naci Şensoydur. Bu isə belə demək mümkünsə, uğurun ikinci adıdır. Mən “Sumqayıt”da çalışacağım təqdirdə uğur qazanacağıma əminəm. Yetər ki, komanda rəhbərliyi mənim üçün qoyulan hədəfə çatmaq üçün ən azı minumum şərait yaratsın.

– Sizcə, uğur qazanmaq üçün hansı dəyişikliklər edilməlidir?

Uğur qazanmaq üçün ortaya yeni konsepsiya qoymaq lazımdır. Siz deyin, hazırkı “Sumqayıt” komandası ilə çempion olmaq olarmı?

– Şübhəsiz ki, hazırda ən nikbin azarkeş belə, “Sumqayıt”dan çempionluq gözləmir, amma…

Dediyim kimi, idialı komanda formalaşdırmaq üçün mənə ən azı minumum şərait yaradılmalıdır. Sonrakı illərdə isə nəticə tələb oluna bilər.

– Ümumiyyətlə, müxtəlif dövrlərdə adınız müxtəlif klublarımız və milli komandamızla yanaşı çəkilib, amma sonradan bütün bunlar konkret işə çevrilməyib. Bunun səbəbi nədir?

– Vaxtilə mərhum AFFA rəhbəri Ramiz Mirzəyev məni Azərbaycan yığmasının baş məşqçisi postuna gətirmək istəyirdi. Amma onun vaxtsız vəfatı buna mane oldu. Bütün bu dediklərimi sabiq klubum “Turan”ın ovaxtkı rəhbərliyi də təsdiq edə bilər. Klublardan aldığm təkliflərə gəlincə, ümumiyyətlə, Azərbaycanın hansı iddialı klubunda məşqçi problemi olsa, mənim adım gündəmə gəlir.

– Deməli, klub komandalarımızdan da təklif almısınız?

– Dediyim kimi, həmişə Azərbaycan futbolunun gündəmində olmuşam. Düzü, mənim üçün iş tapmaq o qədər də çətin deyil. İndiyə kimi 6 ölkədə çalışmışam və yuxarıda da qeyd etdiyim kimi, Albaniya klubundan da təklif almışam. Amma mən Azərbaycanı ikinci vətənim saydığımdan məhz ölkənizdə çalışmaq istəyərdim. Belə demək mümkünsə, Azərbaycan məni maqnit kimi çəkir. Orada kifayət qədər dostlarım var və yerli idman ictimaiyyəti məni çox sevir.

– Bəs bu cür təkliflərin sonradan konkret işə çevrilməməsi nə ilə əlaqədardır?

– Azərbaycandakı klub rəhbərləri məni məşqçi kimi komandaya gətirməkdən çəkinir. Baxmayaraq ki, Azərbaycana Naci Şensoy kimi çalışdırıcı gəlmədiyini düşünürlər. Amma konkret işə gələndə mənimlə işbirliyindən qaçırlar, çünki mənim kimi peşəkar məşqçi ilə çalışmaq onlara sərf etmir

– Maraqlıdır, bu qədər özünə güvənən və yetərincə təcrübəyə malik olan Naci Şensoy niyə Türkiyədə iş tapa bilmir?

– Bilirsiniz, Türkiyədə məşqçi kimi çalışmaq çox çətinləşib, çünki bizim ölkədə məşqçinin PRO lisenziyasının olmasına əhəmiyyət verən yoxdur. Məşqçilərin taleyini tamamilə siyasi oyunlar və idman mətbuatı müəyyən edir. Məhz bu üzdən bacarıqlı məşqçilər layiq olduğu yerlərə yüksələ bilmir. Məsələn, vaxtilə Ərtuğrul Sağlam və Aykut Kocaman kimi məşqçilər lazımi diploma sahib olmadığı halda baş məşqçi kimi çalışırdılar. Ən pisi isə odur ki, təxminən, üç il əvvəl buna qədər işlədiyi klublarda uğursuzluğa düçar olan Aykut Kocaman “Fənərbaxça”nı çalışdırmaq istədiyindən “Fənərbaxça”nın idman direktoru vəzifəsinə gətirildi. Onun məqsədi klubun ovaxtkı çalışdırıcısı Kristof Daumun “torbasını tikmək” və İstanbul təmsilçisinə məşqçi təyin olunmaq idi və bunu da bacardı. Təəssüf ki, həm Türkiyədə, həm də Azərbaycanda belə məşqçilər var.

– Ölkəmizdə də belə məşqçilərin olduğunu qeyd etdiniz. Bu baxımdan hansı məşqçilərin adını çəkə bilərsiniz?

– Mən onların adını açıqlamaq istəmirəm. Siz kimləri nəzərdə tutduğumu bilirsiniz. Məncə, ancaq özünə güvənməyən mütəxəssislər belə addım atır. Əvvəl klubun idman direktoru vəzifəsinə gəlirlər, sonra isə həmin komandaya baş məşqçi təyin olunurlar.

– Bəs şəxsən sizin “Turan”dan ayrılmanızda hər hansı məşqçinin rolu oldumu?

– Yox, belə bir hal yaşanmayıb. Mən bu mövzuda danışanda Azərbaycanın digər komandalarında baş verən bu tip prosesləri nəzərdə tuturdum. İndiyə qədər ölkənizə aşağı yaş qruplarında çalışmaq üçün məşqçilər gətirilsə də, onlar heç də öz vəzifələrini yerinə yetirmədilər. Əvəzində əsas komandaya baş məşqçi təyin olunmaq üçün çalışdılar.

– Bu baxımdan Azərbaycanda çalışan hər hansı türkiyəli çalışdırıcının adını çəkə bilərsinizmi?

– Konkret olaraq kiminsə adını hallandırmaq istəmirəm, amma belələri həm Azərbaycanda, həm də Türkiyədə var. Avropa ölkələrində isə belə bir şey mümkün deyil. Sözsüz ki, belə halların yaşanmasında futbolu sözügedən sahədən uzaq olan şəxslərin idarə etməsinin də rolu var. Məsələn, Türkiyə futbolunun enişdə olması məhz bunun nəticəsidir. Türkiyə milli komandasının hazırkı durumunu görmürsünüzmü?!

– Milli komandadan söz düşmüşkən, Azərbaycan millisinin Şimali İrlandiya yığmasına qarşı keçirdiyi son matçı izlədinizmi?

– Yox, təəssüf ki, qarşılaşmanı izləmək imkanım olmadı, amma mətbuat vasitəsi ilə oyunun necə keçdiyindən xəbər tutdum.

– Yeri gəlmişkən, milli komandamızda forma geyən türkiyəli futbolçuların oyununu necə qiymətləndirirsiniz?

– Azərbaycan yığmasında başqa ölkələrdən olan əcnəbilərin oynamağındansa, türkiyəli futbolçuların forma geyməsinin tərəfdarıyam. Amma yığmaya cəlb olunan oyunçuların səviyyəsini, eləcə də klub komandasındakı performansını da nəzərə almaq lazımdır.

Deməli, dolayısı ilə yığma komandaya əcnəbi oyunçuların cəlb olunmasını normal qarşılayırsınız.

– Yox, əksinə, yerli futbolçulara güvənməyin tərəfdarıyam. Sadəcə, hər hansı 1-2 mövqedə ciddi boşluq hiss olunarsa, legionerlərə dəvət göndərmək olar.

–  Hazırda həm əsas, həm də olimpiya yığmamızda alman mütəxəssis çalışır. Necə düşünürsünüz, bizim ölkədə türk məşqçilərin çalışması daha xeyirli olmazmı?

– Berti Foqtsun gəlişindən sonra Azərbaycanda peşəkarlığa doğru addımlar atıldığını deyə bilərəm. Əgər əsas yığmada alman mütəxəssis çalışırsa, deməli, digər yığma komandalarda da alman futbol məktəbinin nümayəndələri çalışmalıdır. Amma sözügedən əcnəbi mütəxəssislərin səviyyəsinin yüksək olması da vacibdir. Milli komandanızda türkiyəli məşqçilərin çalışmasına gəlincə, şəxsən mən beynəlxalq təcrübəyə malik bir mütəxəssis kimi Azərbaycan yığmasında çalışmaqdan qürur duyaram. Başqa sözlə, Azərbaycan yığmasından təklif gəlsə, məmnuniyyətlə qəbul edərdim.

– Maraqlıdır, seçim qarşısında qalsaydınız, əsas yığmada, yoxsa Olimpiya millimizdə çalışmağı üstün tutardınız?

– Özümü iddialı bir məşqçi hesab etdiyimdən əsas yığmada çalışmağı üstün tutardım. Amma əgər əsas məqsəd Azərbaycan futbolunu inkişaf etdirməkdirsə, U-21-də də işləməyin əleyhinə olmaram. Sizi əmin edirəm ki, mən yığmanı çalışdırsaydım, komandada dərhal məşqçi işi gözə dəyərdi. Mənim “Turan”da işlədiyim vaxt əsas yığmaya Nadir Nəbiyev və Aftandil Hacıyev, Olimpiya millisinə isə Kamran Ağayev, Elnur Allahverdiyev, Camal Məmmədov, Elnur Abbasov və Ramal Hüseynov kimi futbolçular yetişdirməyim də çox şeydən xəbər verir.

– Fikrinizcə, Azərbaycan futbolu sizin ölkəmizdə çalışdığınız dövrdə, yoxsa indi yaxşı durumdadır?

– Hazırda Azərbaycan futbolu əvvəlki illərlə müqayisədə daha yaxşı durumdadır. Buna milli komandanızın sərgilədiyi oyun, eləcə də “Neftçi”nin ölkə futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması da bariz nümunədir.

– Azərbaycancanda ən bəyəndiyiniz futbolçular kimi kimlərin adını çəkə bilərsiniz?

– Premyer-Liqada bəyəndiyim bir neçə gənc və perspektivli futbolçu var. Bu mənada “Qarabağ”dan Rauf Əliyev və Əfran İsmayılovun, eləcə də “Xəzər-Lənkəran”dan Ruslan Abışov, “Neftçi”dən Rəşad Sadiqov və vaxtilə “Turan”da birgə çalışdığım və hazırda “Bakı”nın formasını geyən Elvin Məmmədovun adını çəkə bilərəm.

– Bəs ölkəmizdəki hansı məşqçilərin işi sizi qane edir?

– Son illər Azərbaycanda xeyli sayda yaxşı məşqçi yetişib. Hər halda, Böyükağa Hacıyevin “Neftçi”ni Avropa Liqasının qrup mərhələsinə çıxarması çalışdırıcının səviyyəsindən xəbər verir. Bundan başqa, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun, AZAL komandasının çalışdırıcısı Vaqif Sadıqovun da məşqçilik bacarığını yüksək qiymətləndirirəm. Adını sadaladığım mütəxəssislərlə yanaşı, “Turan”da çalışdığım dövrdə rəhbərliyim altında oynamış Ramiz Məmmədov da yaxşı prespektiv vəd edən məşqçilərdəndir. Amma adını qeyd etdiyim məşqçilərin özlərini təkcə Azərbaycanda yox, ölkə hüdudlarından kənarda da sübüt etməsi mütləqdir.

 

Tural Məmmədov

Xüsusi olaraq “168 saat” qəzeti üçün

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər