Nağdsız hesablaşma niyə daha səmərəlidir?

1021

POS-terminallardan istifadə alıcı və satıcıya nə verir?

Point of Sale Terminal və ya Pos-terminallar – hələ ki, çoxlarına tanış olmayan bu söz birləşməsi çox yəqin ki, qısa zamanda məişət dilimizin çox istifadə olunan anlayışlarından birinə çevriləcək. Çünki POS-terminallar bütün dünyanın etimad göstərdiyi dövrün tələbi olan qurğu kimi özünü artıq təsdiq etməkdədir. Ölkəmizdə də bu terminallara keçidlə bağlı işlər sürətli mərhələsindədir. Bəs POS-terminallar nədir və onu hansı məziyyətlərinə görə dövrün tələbi kimi xarakterizə edə bilərik?

POS-terminal (ingiliscə Point of Sale Terminal – ticarət nöqtələrinin terminalı) kartın maqnit zolağından və ya mikroçipindən informasiyanı oxumağa, bank kartı üzrə əməliyyatların aparılması məqsədilə avtorizasiya üçün bankla əlaqə saxlamağa imkan verən elektron qurğudur. Müstəqil işləyən bankomatdan fərqli olaraq POS-terminal xəzinədar vasitəsilə xidmət göstərir.

 

                           Texniki standartlar hansılardır?

 

Vergilər Nazirliyindən verilən məlumata görə Azərbaycan Respublikasında istismar olunan POS-terminallar aşağıdakı texniki tələblərə cavab verməlidir:

– terminal beynəlxalq ödəniş kartlarının qəbulu üçün müvafiq sertifikata malik olmalıdır;

– terminalda həm maqnit lent, həm də mikrosxem (çip) əsasında ödəniş kartları vasitəsilə əməliyyatların həyata keçirilməsi üçün müvafiq qurğular olmalıdır;

– terminalda ödəniş kartları vasitəsilə PİN-kodun daxil olunması tələb olunduğu əməliyyatların aparılması üçün nəzərdə tutulmuş PİN-klaviatura (terminalın daxilində və yaxud ayrı avadanlıq kimi quraşdırılan) olmalıdır;

– terminal müstəqil avadanlıq və yaxud nəzarət-kassa aparatlarına inteqrasiya olunmuş şəkildə istismar oluna bilər.

POS-terminalın quraşdırılması üçün müvafiq razılıq sənədi ilə yanaşı, bir sıra şərtlər də mövcuddur. Həmin şərtlər isə bunlardır:

–        Hüquqi şəxsin  və ya sahibkarın (fiziki şəxs)  adına hesab açılması;

–        POS-terminalın quraşdırılması üçün sifariş ərizəsinin doldurulması;

–        POS-terminal yerləşdiriləcək obyekt sahibinin vergi şəhadətnaməsi;

–        POS-terminal yerləşdiriləcək obyektin vergi orqanlarında uçota alınması haqqında arayışın nüsxəsi;

–        Əgər POS-terminal yerləşdiriləcək obyekt icarəyə götürülmüşdürsə, icarə müqaviləsinin surəti;

–        Müəssisədə telefon xəttinin mövcud olması və ya mobil internetdən istifadə;

Tələb olunan sənədlərə gəldikdə isə Pos-terminal quraşdırmaq istəyən sahibkar bu sənədləri təqdim etməlidir:

–        Səxsiyyət vəsiqəsinin surəti;

–        VÖEN-in surəti;

–        Obyektin fəaliyyətini və ərazi uçot kodunu təsdiqləmək üçün vergi orqanının təqdim etdiyi arayışın surəti;

–        Fəaliyyət göstərdiyi ünvana aid sənədin surəti;

–        POS-terminalın alınması üçün ərizə;

Müştəri vergi orqanının təqdim etdiyi bildiriş əsasında bankda sahibkar hesabı açdırır. Sonra sahibkarın adına cari hesab açılır və həmin hesaba müvafiq məbləğdə depozit yatırılaraq bloklaşdırılır. POS-terminalların quraşdırılması ilə bağlı bu xərclər tələb olunur:

–        POS-terminalın icarə haqqı;

–        Sığorta depoziti;

–        Telefon və ya mobil internet xərci.

 

Hansı banklar daha islahatçıdır?

 

5 ay öncənin məlumatına görə ölkədəki 46 bankdan 14-ü POS-terminalların quraşdırılması sahəsində xidmət göstərmirdi ki, bu da bütün bankların 30%-ni təşkil edirdi. Mərkəzi Bankın məlumatına görə, yanvar ayında 32 bank POS terminal quraşdırmışdı, 14 bank isə belə xidmət göstərmirdi. POS-terminal quraşdırmayan banklar arasında “AF-Bank”, “Paşa Bank”, “Poçtbank” kimi bankların adı var idi. Eyni zamanda, xarici ölkə banklarının filialları da (Melli İran Bank, Pakistan Milli Bankı) bu xidməti göstərmirdi.

Vergilər Nazirliyindən iki gün öncəyə aldığımız (14.05.2012) məlumata görə, hazırda ölkədə fəaliyyət göstərən 46 bankın hamısı POS-terminallarla təchiz olunub. Bu gün quraşdılmış POS-terminalların sayı 30016-ya çatır. Yeni texnologiyadan istifadəyə görə 40 bank daha aktivdir. Ümumilkdə isə POS-terminalların quraşdılmasına görə ilk beşlik bu cürdür:

 

Bankın adı                             Göstəricisi

Atabank                                  23,3 faiz

Beynəlxalq Bank                      9,4 faiz

Texnikabank                            8,2 faiz

Dəmirbank                               8,1 faiz

Bank standart                           6,8 faiz

 

Göründüyü kimi, yeni texnologiyanın tətbiqində “Atabank” rəqiblərini bir neçə dəfə, məsələn, ən yaxın rəqibini 2,5 dəfə qabaqlayır. Belə ki, POS-terminalların quraşdırılmasına görə lider olan bankın göstəricisi 23,3 faizdirsə,onun ən yaxın izləyicisi ümümilikdə terminalların 9,4 faizinə sahibdir.

Onu da qeyd edək ki, ilin əvvəllərində 8 bankda POS-terminalın quraşdırılması üçün ilkin depozit tələb olunmurdu. Bu bankların sırasına “Atrabank”, “Kapital Bank”, Azərbaycan Sənaye Bankı, Yapı Kredi Bank, Muğanbank və “Nikoyl” Bank daxil idi. Mayın ortalarına olan məlumata görə isə yalnız “Atabank” POS terminalın quraşdırılması üçün ilkin depozit tələb etmir.

 

Nağdsız ödəmələrin həcminin artması bizə nə verəcək?

 

Iqtisadçılar hesab edir ki, dünyanın istənilən ölkəsində nağd pul dövriyyəsinin miqyasının böyük olması iqtisadiyyatı iri həcmdə investisiya-kredit resurslarından məhrum edir, bank sisteminin maliyyə vasitəçiliyini məhdudlaşdırır, maliyyə intizamını pozur və şəffaflığı aşağı salır. POS-terminal şəbəkəsinin genişləndirilməsi nağd pul dövriyyəsinin miqyasının artmasının qarşısını alır. Hər hansı ticarət və ya xidmət müəssisəsində plastik kartlarla hesablaşma imkanının olması müştərilərə daha yüksək səviyyədə xidmət edilməsinə kömək göstərir. Plastik kartların istifadəsi, eyni zamanda, müxtəlif fırıldaqçılıq hallarından müdafiə olunmağa təminat yaradır. Bu, həmçinin, qeyri-mütəşəkkil pərakəndə ticarətin üstünlük təşkil etməsi kimi problemlərin yaranmamasına gətirib çıxarır.

Vergilər nazirinin müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədov hesab edir ki, nağdsız ödənişlərin bir çox üstünlükləri var: “Başlıca üstünlüklərindən biri budur ki, kart vasitəsilə edilən bütün əməliyyatların dəqiq uçotu aparılır. Yəni, kart sahibi kredit kartından istifadəyə dair məlumatları istənilən anda əldə edə bilər. Təcrübə göstərir ki, nağd alış-verişlə müqayisədə kredit kartı ilə alınan malları geri qaytarmaq da daha asandır. Həmin şəxsin kredit kartını aldığı bank, zərurət yarandıqda, hüquqların qorunması üçün hər zaman öz müştərisinin yanında olur. Bundan başqa, plastik kartlardan istifadənin təhlükəsiz olması hamıya bəllidir”.

İ.Əhmədov deyir ki, digər vacib məqam ondan ibarətdir ki, nağdsız ödənişlərin həcminin artırılması vergitutma bazasının ciddi şəkildə genişlənməsi üçün mühüm mənbədir: “Nağdsız hesablaşmaların tətbiqi vergi ödəyiciləri tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin uçotunun düzgün aparılması, vergitutma bazasının, vergiyə cəlb olunan gəlirlərin düzgün müəyyən edilməsi, konyunkturadan asılı olan pul gəlirlərinin nəzarətdə saxlanılması, daxili tələbatın əvvəlcədən proqnozlaşdırılması baxımından əhəmiyyətli məsələdir”.

Beynəlxalq təcrübəyə nəzər yetirsək, əksər inkişaf etmiş ölkələrdə plastik kartlardan geniş istifadə olunduğunun şahidi olarıq. ABŞ-da və Avropa ölkələrində alqı-satqı əməliyyatlarının, demək olar ki, 80-90%-i plastik kartlar vasitəsilə həyata keçirilir. Bu əməliyyatlar nəticəsində həmin ölkələrdə inflyasiyanın qarşısının alınmasında artıq pul kütləsinin rolu minimuma endirilib və büdcə xərcləri xeyli azaldılıb. Eyni zamanda, İ.Əhmədov qeyd edir ki, bütün əməliyyatların banklar və plastik kartlar vasitəsilə həyata keçirilməsi vergi orqanlarının nəzarət funksiyalarının həyata keçirilməsi üçün xərclənən vəsaitlərin də azaldılmasına gətirib çıxarır. Çünki nağd hesablaşma aparılan sahələrdə vergidən yayınma halları nağdsız hesablaşmalar aparılan sahələrə nisbətən daha çoxdur. Bunun səbəbi isə nağdsız hesablaşmalar zamanı bütün əməliyyatların banklarda və ya digər qurumlarda fiksə edilməsi ilə bağlıdır.

Ancaq təəssüflə qeyd etməliyik ki, hələ cəmiyyətin psixoloji olaraq nağdsız ödənişlərlə bağlı kompleksi var. Hər halda, yerli əhalinin POS-terminaldansa nağd ödənişlə alış-veriş etməyə üstünlük verməsi belə düşünməyə əsas verir. Ticarət mağazalarından birinin satıcısı deyir: “Neçə həftədir ki, gətirib bunu qoyublar, ancaq hələ yaxınına da gedən olmayıb. Qoyarkən izah etdilər ki, bu cür ödəmənin aparılması həm alıcıya, həm də sahibkara faydalıdır, necə istifadə etməli olduğumuzu da başa saldılar, ancaq heç istifadə etmədiyimizdən o da yadımızdan çıxıb”.

Ancaq ekspertlər bu məsələdə nikbindirlər. İqtisadçı, Azərbaycan Türkiyə İş Adamları Birliyinin şöbə müdiri Kənan Aslanlı deyir ki, bu problem POS-terminalların quraşdırıldığı bütün ölkələrdə yaşanıb və zamanla həllini tapıb: “Bir müddət keçdikdən sonra həm alıcı, həm də satıcı ən optimal variantın nağdsız ödəmə olduğunu görəcək və beləliklə, Pos-terminallardan istifadə adi hala çevriləcək”.

 

Vüsal Məmmədov

 Məqalə “AtaBank” ASC tərəfindən elan edilmiş “Nağdsız hesablaşmaların geniş tətbiqi bu günün tələbidir” müsabiqəsi üçün verilir”

 

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər