Namiq Nəbiyev: “Sumqayıtın səhiyyəsi çox böyük məktəbdir”

961

Sumqayıt şəhər 1 nömrəli Xəstəxananın Ultrasəs Müayinəsi kabinetinin yanında xəstələr həddindən artıq çox olur. Çünki bu xəstələr təksə Sumqayıtdan yox, Azərbaycanın şimal bölgəsindən və Bakının kəndlərindən, qəsəbələrindən, Abşeron rayonundan gələn xəstələrdir. Onların hamısı Namiq həkimi deyib gəlirlər. Çünki bu insan öz işinin yüksək mütəxəsisi olmaqla, çox mehriban, diqqətcil, cavabdeh və hamının dediyi kimi halal, əsl Allah adamıdır. Onun tibbi aparatda apardığı ultrasəs müayinəsi də həmişə dəqiq olduğuna görə, xəstələr ona daha çox müraciət edirlər.

Bu gün Azərbaycanda həkimlərin çoxuna inam, münasibət hələ də yaxşı olmadığı bir vaxtda biz yazarların da borcudur ki, yaxşı həkimlər haqqında yazıb, onları xalqımıza daha yaxından tanıdaq. Onların əməyini qiymətləndirək. Məhz buna görə də mən Namiq Nəbiyevlə həmsöhbət oldum. İlk öncə onun haqqında oxuculara qısa məlumat vermək istəyirəm.

Qısa arayış: Namiq Şirvan oğlu Nəbiyev 1953-cü ilin yanvar ayının 27-də Zəngilan rayonunda müəllim ailəsində anadan olub. 1970-ci ildə orta məktəbi bitirib, elə həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Dövlət Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub. 1976-cı ildə həmin ali məktəbi bitirib və Buzovna qəsəbəsində internatura kursunu müvəffəqiyyətlə keçəndən sonra, 1977-ci ildə təyinat üzrə Zəngilan rayonuna göndərilib. 3 il Zəngilan rayon Təcili Tibbi Yardım Stansiyasında həkim işləyib. Sonra doğulduğu Zəngilan rayon Məmmədbəyli kənd xəstəxanasına terapev-həkim göndərilib və az sonra xəstəxananın baş həkimi təyin olub. O, 1993-cü ilə kimi həmin xəstəxanada baş həkim vəzifəsində işləyib. 1993-cü ilin 29 oktyabr tarixində Zəngilan rayonu erməni gavurları tərəfindən işğal olunandan sonra, mühasirədə qalan insanlara, yaralılara kömək edə-edə Namiq həkim də Araz çayından keçərək, Cənubi Azərbaycandakı qardaşlarımıza pənah aparıb. Sonra onlar Cənubdakı qardaşlarımızın köməkliyilə Şimali Azərbaycana keçib, Sumqayıta pənah gətiriblər və bu şəhərdə məskunlaşıblar. Elə həmin vaxtdan Namiq Nəbiyev Sumqayıt Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim kimi işə başlayıb. İşin çoxluğu, gecə-gündüz işdə olması, istirahət etməməsi və doğma yurd həsrəti, nisgili çəkən Namiq həkim iş vaxtı infakt keçirib. Bir müddət müalicə olunandan sonra təkmilləşmə kursuna göndərilib. Orada Ultrasəs Müayinəsinin Diaqnostikası kursunu uğurla, yüksək peşəkarlıqla bitirib, sertifikat alıb və 1997-ci ildən Sumqayıt şəhər 1 nömrəli xəstəxanasının Şüa Diaqnostikası şöbəsində Ultrasəs Müayinəsi üzrə həkim kimi öz işini davam etdirir. Namiq Nəbiyevgil həkim ailəsi sayılır. Onun həyat yoldaşı Tamilə xanım da yüksək peşəkar uşaq həkimdir. Övlad sarıdan o, xoşbəxt atadır. Çünki hər üç övladı Prezident təqaüdü ilə ali məktəbdə təhsil alıblar. Nərmin Nəbiyeva Bakı Dövlət Universitetinin doktorantura şöbəsini bitirb. Artıq elmi işini müdafiə edəcək. Məltəm Nəbiyeva Sosial Təminat Nazirliyinin insan resursları üzrə baş mütəxəssidir. Lamiyə Şirvanzadə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər şöbəsini Prezident təqaüdü ilə bitirib. Sonra Ankara Dövlət Universitetinin magistraturasını və Fransanın Marsel şəhərində hava yolları üzrə beynəlxalq hüquq fakültəsini fransız dilində bitirib. Hal-hazırda Paris şəhərində Türkiyə-Fransa hava yolları şirkətində feynəlxalq hüquqşünas vəzifəsində işləyir. Hər üç bacı ali məktəbi qırmızı diplomla bitiriblər və hər üçü də ailəlidir. Xoşbəxt ailələrilə valideyinlərinə həmişə başucalığı gətirirlər.

– Doktor, Ultrasəs Müayinəsinin xəstəyə diaqnoz qoyulmasında hansı köməklikləri var?

– Ultrasəs Müayinəsinin rentgendən fərqli olaraq, insan orqanizminə o qədər də zərəri yoxdur. Bu müayinə üsulu xəstəliklərin erkən diaqnostikasında, eləcə də bütün orqanizmdəki toxumalarda, döş, qarın boşluğunakı törəmələrin erkən diaqnostikasında böyük əhəmiyyət kəsb edir. Boşluqdakı orqanların- öd kisəsində daşların, törəmələrin olmasının öyrənilməsində ultrasəs müayinəsinin böyük əhəmiyyəti var. Ümumiyyətlə, Ultrasəs Müayinəsi insanlarda olan bütün xəstəliklərin, daşların, törəmələrin, prastatın erkən diaqnostikasının öyrənilməsində çox böyük rol oynayır. Bütün xəstəliklər Ultrasəs Müayinəsi vasitəsilə aşkar edilib, ortya çıxarılır və həkimlər də bu xəstəlikləri görəndən sonra onların müalicəsinə başlayırlar. Çünki xəstənin tam sağalması üçün diaqnozun düzgün qoyulması çox vacib şətdir. Bu da Ultrasəs Müayinəsi ilə məşğul olan həkimdən çox böyük cavabdehlik, bilik, sətiştə tələb edir. Axı xəstələr ilk dəfə ona müraciət edirlər. Bu sahədə çalışan həkimin kiçik bir səhfi, düzgün diaqnoz qoymaması sonradan xəstənin müayinəsinin düzgün aparılmamasına və tam sağalmamasına səbəb ola bilər. Ona görə də bu sahədə çalışan həkimlərdə çox böyük cavabdehlik və yüksək bilik olmalıdır. Bu sahədə çalışan həkimlər hər gün öz üzərində işləməli və həkimliklə bağlı müasir tibbi ədəbiyyatı da yaxşı öyrənməlidirlər. Tibbin bütün müasir sahələrindən onların yüksək xəbərləri olmalıdır.

– Siz 1993-cü ildən Sumqayıtda tibb sahəsində çalışırsınız. Sumqayıt səhiyyəsi və çalışdığınız 1 nömrəli xəstəxana haqqında nə deyə bilərsiniz?

– Tele elə gətirib ki, 1 nömrəli xəstəxananın baş həkimi, dəyərli ziyalı, Əməkdar həkim Nazim Hüseynquliyev mənim tələbəlik yoldaşımdı. Biz eyni vaxta oxumuşuq və çalışmışıq ki, yaxşı oxuyaq. Nazim həkim elə tələbəlik illərindən özünə qarşı çox cavabdeh idi. Məhz bu cavabdehliyin nəticəsində də öz üzərində həmişə çalışırdı və bu gün də xəstəxananın baş həkimidir. Özü işinə cavabdeh olduğuna görə bu cavabdehliyi hamıdan da tələb eləyir. Məhz buna görə də Sumqayıt şəhər 1 nömrəli xəstəxana şəhərin səhiyyə sahəsində ən aparıcı kollektividir. Mən də sözsüz ki, çalışıram öz işimi yüksək səviyyədə yerinə yetirim. Artıq fevral ayının 1-də cənab prezidentimiz İlham Əliyevin göstərişilə may ayına kimi prafilaktik müayinələr başlamışıq. Çalışırıq ki, bu sahədə də insanlarımıza nə lazımsa köməklik edək. Bu da bizim imicimizə, adımıza şöhrət gətirir. Bəli, mən 1993-cü ildən Sumqayıt səhiyyəsində çalışıram. Sumqayıt səhiyyəsi çox böyük bir məktəbdir. Bu gün Bakıda üzdə olan, tanınan həkimlərin çoxu məhz Sumqayıt səhiyyəsinin yetirmələridir. Ona görə də mübaliğəsiz demək olar ki, Sumqayıtın səhiyyə məktəbi çox böyük məktəbdir. Bir vaxtlar burada məşhur cərrah, gözəl təşkilatçı insan, rəhmətlik İzzət Sadıqovun qoyduğu məktəb bu gün də böyük uğurla davam edir.

– Həkimin qazancı nədir? Məgər o qazanc yalnız puldurmu?

– Çox yaxşı sual verdiniz. 42 illik həkimlik fəaliyyətimdə mənim 3 qazancım olub. Bir qazancım o olub ki, çoxlu insanların hörmət və məhəbbətini qazanmışam. İkinci qazancım o olub ki, həmin insanlar tarixən olduğu kimi həkimləri dolandırıblar. Mən də həmin insanların sayəsində dolana bilmişəm. Üç övladımı böyüdə bilmişəm. O, adamların diqqəti sayəsində biz yaşamışıq və güzəranımızı qurmuşuq. Üçüncü qazancım da o olub ki, gecəmi-gündüzümü insanların sağlamlığının qorunmasına sərf etmişəm. Bu işimə görə ölkə başçımız mənə “Tərəqqi” medalı verib. İnsanların sağlamlığını qorumaqçün öz sağlamlığımı, istirahətimi fikirləşməmişəm. Buna görə də infark olub, açıq ürək əməliyyatı keçirmişəm. Sağaltdığım insanların da duası məni yaşadıb. Allaha min şükür ki, bu gün də özümü yaxşı hiss edirəm və yenə də bacardığım kimi insanların qulluğunda dururam. Çünki həkimə müraciət edən xəstə onu ümid qapısı bilib və ona müraciət edir. Ona görə də xəstənin ümidini həkim heç vaxt öldürməməlidir. Əgər xəstənin vəziyyəti ağır olsa da həkim ona ümid, inam verməlidir ki, “sən Allahın köməkliyilə tezliklə sağalacaqsan”. Axı xəstə ən xoş sözləri yalnız həkimdən gözləyir. Tarixlər boyu belə möcüzələr olub ki, həkimin verdiyi ümidin, inamın sayəsində orqanizim xəstəliyə qalib gəlib və çoxlu ağır, ölüm ayağında olan xəstələr sağalıb. Elə mənim öz təcrübəmdə də belə möcüzələr olub. Ona görə də atalarımız deyib ki, “ümid həyatın sərmayəsidir”. Həkimin bir adı da xəstəyə ümid verən, Allahın yer üzündə elçisi olan müqəddəs təbib olmalıdır.

– Qarabağ, Zəngilan sizin yadınıza düşürmü? Həmin yerləri necə xatırlayırsınız?

– Siz mənim əsl yaralı yerimə toxundunuz. Mən demək olar hər gün Qarabağa, Zəngilana qayıtmaq arzusu ilə yaşayıram. Yanvar ayının 27-də 66 yaşım tamam oldu. Baxmayaraq ki, mən ürəyimdən açıq əməliyyat keçirmişəm, amma torpaq üçün hər şey etməyə hazıram. Əgər bu gün desələr ki, torpaqlarımızı azad etmək üçün səfərbərlik elan olunur, inanın mən birincilərdən biri kimi həmin səfərbərliyə yazılarm. Ən azında bir həkim kimi orada əlimdən gələni edərəm. Bir Allah şahiddir ki, torpaqlarımızın geri qayıdacağı günü necə səbirsizliklə gözləyirəm. Atalarımız da deyib ki, “Vətən iman əsəridir”. O torpaqları, o iman əsərini biz tezliklə geri qaytarmalıyıq. Yoxsa gələcək nəsillərimiz bu səhfimizə görə bizi heç vaxt bağışlamaz. Torpaqlarının əsarətdə qalması tarixlər boyu heç bir millətə başucalığı gətirməyib.

Ağalar İdrisoğlu, sia.az

www.sumqayitxeber.com

Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər