Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın baş verən binada pasiyentlərin qaldığı ehtimal edilir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
**** 08.22
Respublika Narkoloji Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent təxliyə olunub. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib.
Hazırda yanğın zamanı ölənlərin olması dəqiqləşdirilir.
**** 07.45
Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib. APA-nın xəbərinə görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***** 07.33
Yanğın xəstəxananın daimi yataq xəstələrin müalicə aldığı 2-ci şöbəsində baş verib. APA-nın xəbərinə görə, pasiyentlərin əksəriyyəti yanan binadan təxliyə olunub. Yanğın güclü olduğuna görə, hələlik binaya daxil olmaq mümkünsüzdür. İçəridə xəstələrdən hansınınsa qalıb-qalmadığı binaya daxil olduqdan sonra bilinəcək.
***** 06.48
Bakıda güclü yanğın baş verib. FHN-dən APA-ya verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.
Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Əlavə məlumat veriləcək.