Narkomaniya ilə mübarizə çox ciddi məsələdir. Narkotik maddələr kriminala, insanın deqradasiyasına və ölümünə aparan yoldur. Corat qəsəbəsinin Mədəniyyət Evində keçirilmiş tədbirdəki çıxışların leytmotivi belə idi. Burada qəsəbə ağsaqqallarının, gənclərinin və ictimaiyyətin nümayəndələrinin respublika Narkoloji Mərkəzi, şəhər Narkoloji Dispanseri, Sumqayıt Polis İdarəsi, habelə həkimlər və mütəxəssislərlə görüşü keçirilmişdir. Görüşün təşəbbüskarı, Milli Məclisin deputatı Hacı Salayevin fikrincə, seçiciləri narahat edən problemlər arasında narkomaniya ilə mübarizə məsələləri bu gün ön plana çıxır. Qeyd edək ki, Sumqayıtda qeydiyyata alınmış narkomanların onda bir hissəsi Corat sakinidir.
Hacı Salayev çıxışında Azərbaycanda narkomaniya ilə mübarizəyə yönəldilmiş qanunvericilik sənədlərindən danışaraq bildirmişdir ki, narkomaniya problemi bütün cəmiyyətin problemidir. O demişdir: “Müasir cəmiyyətdə narkomaniya problemlərindən xəbərsiz adam yoxdur. Buna baxmayaraq, narkotik maddələrdən asılı olanların sayı azalmır”. Gənclər arasında aparılan profilaktik tədbirlərdən danışan H.Salayev Sumqayıt Şəhər İcra Hakimiyyətinin və ictimaiyyətin bu sahədə qarşılıqlı fəaliyyətinin səmərəsini diqqətə çatdırmışdır. Şəhər rəhbərliyinin təşəbbüsü ilə təşkil olunmuş silsilə tədbirlər müsbət nəticə vermişdir. Statistika da bunu sübut edir. H.Salayev demişdir: “Elə etmək lazımdır ki, uşaqlar lap əvvəldən sağlam həyat tərzinə vərdiş etsinlər. Bu, ailənin və cəmiyyətin başlıca vəzifəsidir. Çünki bütün xəstəliklər kimi, narkomaniyanın profilaktikası onu müalicə etməkdən asandır”.
Görüş fəal diskussiya formatında keçmişdir. Çıxış edənlər bildirmişlər ki, problemin real həlli üçün profilaktik işlərə psixoloqların və təhsil müəssisələrinin müəllimlərini cəlb etmək lazımdır. Bu, ilk növbədə onunla əlaqədardır ki, uşaqlar və gənclərlə daim ünsiyyətdə olan şəxslər gənci düz yola çəkməyin mümkün olduğu məqamı tuta bilərlər. Bəzən valideynlər bu vəzifənin öhdəsindən gələ bilmirlər.
Respublika Narkoloji Mərkəzinin əməkdaşları insan beynini və sinir sistemini dağıdan narkotiklərdən istifadənin ağır fəsadlarını nümayiş etdirən slaydlar göstərmişlər.
Tədbirdə mütəxəssislər salonda qəsəbə gənclərinin çox olmasından istifadə edərək onları narkomaniyadan çəkindirmək üçün təbliğat aparmışlar. Qeyd olunmuşdur ki, adətən birinci doza pulsuz təklif edilir. Lakin asılılıq yarandıqdan sonra pul lazım olur. Onda narkomanlar növbəti doza üçün nəyin bahasına olursa-olsun pul tapmağa can atırlar.
Görüş iştirakçıları xüsusi vurğulamışlar ki, narkotik vasitələrin yayılması, onlardan istifadənin nəticələri əhalinin sağlamlığı üçün böyük təhlükə yaradır, iqtisadi potensialı zəiflədir, ölkədə demoqrafik vəziyyətə və asayişə mənfi təsir göstərir. Ətrabə Rzayeva, AzərTac
Narkomaniya problemi cəmiyyətin diqqət mərkəzində olmalıdır
•
1012