Nazim Süleymanov köməkçisinin 10 oyunluq cəzalandırılmasına etirazını bildirib

1103

“İntizam Komitəsinin qərarını klubumuzun rəhbərliyi ilə müzakirə edəcəyik. Yəqin ki, apellyasiya şikayəti verəcəyik. Başa düşmürəm, bu, nə deməkdir? Futbolçu yerə yıxılır və onu qan aparırsa, məgər məşqçi pis hərəkət edir? Hakimlərə deyib ki, baxın da”.

Bunu “Report”a “Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov köməkçisi Anton Dioçenkonun AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılmasını şərh edərkən söyləyib. İntizam Komitəsi ukraynalı mütəxəssisi “Sumqayıt”ın səfərdə “Keşlə”yə 2:1 hesabı ilə qalib gəldiyi Azərbaycan Premyer Liqasının V tur matçında hakimə fiziki təsir göstərdiyi üçün uzunmüddətli cəzaya məruz qoyub.

Görüşün baş hakimi Orxan Məmmədov uzatma dəqiqələrində kəllə-kəlləyə toqquşduqları üçün yerdə qalan Atilla Yıldırım və Sertan Taşkına yardım göstərilməsi üçün oyunu dayandırmayıb. Oyundan sonra A.Dioçenko hakimlərə məhz bu epizoda görə etirazını bildirib. N.Süleymanov isə bildirib ki, köməkçisi heç də yanlış addım atmayıb: “Kimə və hansı fiziki təzyiqi göstərib? Hamımız ordaydıq da. Atilla Yıldırmın beyni silkələnib, hazırda ürəkbulanmaları olur. Sertan Taşkın isə U-21 millimizin kapitanıdır, yerdə qalıb, qan aparır. Hakim də durub, baxır. Bu nə deməkdir? Cavan oyunçudur, yığmanın kapitanıdır. Nə olsun ki, rəqib futbolçudur? Məgər məşqçimiz pis edib? Deyib ki, oyunçu yerdə yatıb, siz isə onu görmürsünüz. Amma sarı vərəqə “paylamaq” olar, hə? Belə olmaz axı. Bir nəfərin sözünə inanmaq olur, başqalarınınkına yox? Necə olur ki, penalti vermirlər, amma sonradan lehimizə 2, 3 və ya 5 dənə 11 metrlik cərimə zərbəsinin olduğunu etiraf edirlər? Toydan sonra nağara?! Başa düşə bilmirəm, bu, nə deməkdir? Hər şeyə hörmətlə yanaşırıq, amma belə şeylər etmək lazım deyil”.

53 yaşlı mütəxəssisin sözlərinə görə, 10 oyunluq cəzaya rəğmən, Dioçenko “Sumqayıt”dakı fəaliyyətini davam etdirəcək: “Onu komandadan niyə çıxarmalıyıq ki?”

Qeyd edək ki, “Sumqayıt” 7 xalla 4-cü pillədə qərarlaşıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər