Nazpəri Dostəliyeva “Bandotdel”ə niyə çağırılıb?

1062

Xalq artisti Nazpəri Dostəliyeva həmkarı, xalq artisti İlhamə Quliyeva ilə münasibətləri barədə səs-küylü açıqlama yayıb. Müğənni Lent.az-a göndərdiyi açıqlamada İlhamə Quliyeva ilə aralarında yaranan çəkişmədən danışıb: “Məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edəndə əvvəl bunu kiminsə zarafatı kimi qəbul etdim. Daha sonra bu məsələnin həqiqət  olduğunu öyrəndim və mənə bildirdilər ki, ora İlhamə Quliyevanın şikayəti əsasında çağırılıram. Həmin idarənin bu tip işlərlə məşğul olmadığını, mənim isə heç bir qanuna zidd əməl törətmədiyimi bilsəm də, qanunlarımıza  hörmət əlaməti olaraq oraya getdim. İdarədə İlhamə Quliyevanın şikayət ərizəsi ilə tanış olduqdan sonra həmin ərizədə göstərilən faktların həqiqətə uyğun olmadığını, eləcə də onların mənə heç bir aidiyyatının olmadığını bildirdim. Çünki mən nə heç bir kütləvi informasiya vasitələrində, nə də hər hansısa başqa yerdə İlhamə Quliyevanın adını  çəkməmişəm, onun barəsində hər hansı bir fikir söyləməmişəm. İdarəyə gələndən sonra İlhamə Quliyeva 106 FM radiosunun efirində məni təhqir etməyə və öz dostu, Mirqafar Seyidovun adı ilə təhdid etməyə başladı. O hər dəfə deyir ki, Mirqafar Seyidov onun yaxın dostudur. Müğənniləri onun adı ilə qorxudurdu. Həmçinin, deyir ki, “Space” televiziya şirkətin prezidenti Vaqif Mustafayev də onun yaxın dostudur və onun icazəsi olmadan Vaqif Mustafayev müğənniləri efirə buraxmır”.

 

Nazpəri Dostəliyeva açıqlamada bildirib ki, İlhamə Quliyevanın haqqında ölçü götürülməsi üçün müvafiq tədbirlər görüb: “Mən isə özümə və digər xalq artistlərinə, mənim və onların ünvanlarına edilən davamlı təhqirlərə dözmək mümkün olmadığı üçün bir vətəndaş və xalq artisti kimi möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarına, bir ana kimi millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri Azərbaycanın birinci xanımı  Mehriban xanım Əliyevaya, törədilmiş qanuna zidd əməllərin qarşısını almaq üçün isə daxili işlər naziri Ramil Usubova müraciət etmişəm. Bilmək istəyirəm ki, hansı əsaslarla İlhamə Quliyeva məni və digər xalq artistlərini, o cümlədən Məleykə Əsədovanı, Nisə Qasımovanı, Brilyant Dadaşovanı, Səməd Səmədovu təhdid edir. Mənim indiyə kimi heç bir qalmaqalda, münaqişələrdə adım heç vaxt hallanmayıb. İlhamə Quliyeva öz dostları ilə həmişə şou-biznesdə hegemon qalmaq istəyir, özünü toxunulmaz elan edir. Bu insan canlı efirdə sənətdə ilk addımını atan müğənnilərə xalq artisti və digər titulları paylayır. Mən başa düşmürəm, o mədəniyyət naziridir, yoxsa prezidentin köməkçisi? İnanıram və əminəm ki, mənim hüquqlarım ən yüksək səviyyədə müdafiə olunacaq, bir xalq artisti kimi həm bizlərə həm də ümumilikdə dövlətimizə və xalqımıza baş ucalığı gətirməyən bu cür halların qarşısı alınacaq. Bu andan bütün bu işlərimi səlahiyyətli vəkilim Yunis Vəliyevə həvalə etmişəm”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər