Son günlərdə dünya birjalarında neftin qiyməti ucuzlaşmaqdadır. Bu dəqiqələrə olan məzənnəyə görə WTI markalı neftin qiyməti 49,81 dollar, Brent markalı neftin qiyməti isə 58,37 dollardır. Azərbaycanın 2019-cu il dövlət büdcəsində isə neftin qiyməti 60 dollar götürülüb. Sabah Azərbaycanın “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə üçüncü – yekun oxunuşda müzakirəyə çıxarılacaq.
Bəs neftin qiymətinin sürətlə aşağı düşməsi fonunda 2019-cu il dövlət büdcəsində neftin qiymətinə dəyişiklik ediləcəkmi?
“Necə ki, 60 dollar götürülüb, elə də olacaq. Mənə elə gəlir ki, elə optimal variant da budur və aşağı götürülməsinə ehtiyac yoxdur. İkincisi də biz büdcə sistemi haqqında qanuna dəyişiklik etmişik və neftin xərc hissəsini müəyyən qədər bu risklərdən qorumaq üçün həll yolları orada göstərilib. Bundan başqa Azərbaycanın kifayət qədər ehtiyatı var, lazım olanda o ehtiyatlardan istifadə oluna bilər. Düzdür neftin qiymətinin yüksək olması bizim üçün çox vacibdir. Oradan gələn gəlirlər neft fonduna yığılır, bu da strateji layihələrimizin həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Bir vaxtlar neftin qiyməti birjalarda müəyyən edilirdisə, indi siyasi kabinetlərdə müəyyənləşdirilir. Bu baxımdan neftin qiymətləri daha çox siyasi razılaşmalardan asılı olaraq dəyişir. Buna görə də əvvəlcədən proqnoz vermək çox çətindir. 1 ay öncə əgər qiymət 78 dollar idisə, indi 60 dollara düşüb. Hətta WTI nefti 60 dollardan da aşağıdır. Çalışmaq lazımdır ki, dövlətin gəlirləri ümumiyyətlə neftdən asılı olmasın, qeyri-neft sektorundan gələn gəlirlər artsın.