Beynəlxalq maliyyə qurumları tərəfindən xam neftin 1 barrelinin 50 dollar ətrafında proqnozlaşdırıldığını nəzərə alan Azərbaycan hökuməti 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neftin ixrac qiymətini 45 ABŞ dolları səviyyəsində qəbul edib.
Amma hazırda dünya bazarlarında xam neftin qiyməti son iki ilin ən yüksək həddinə yüksələrək, 1 barrelə görə 70 dolları keçib.
Milli Məclisin deputatları Modern.az-a neftin qiymətinin qalxmasının Azərbaycana təsirlərindən danışıblar.
Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib ki, neftin qiyməti nə qədər yüksək olsa, iqtisadi gəlirlər də bir o qədər artar və ölkənin bəzi problemləri azalar:
“Bilirsiniz ki, son zamanlar bəzi böyük layihələr təxirə salınıb. Neftin qiymətinin yüksəlməsi Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox böyük təkan olacaq. Xaricdən investisiya yox, daxili imkanlar hesabına iqtisadiyyatımızı gücləndirə bilərik. Böyük ehtimalla may, iyun aylarında biz büdcəyə əlavə pulun daxil olması ilə bağlı toplanacağıq. Düzdür, neftin qiyməti bəzi hallarda yüksəlir, bəzən azalır. Buna əsasən münaqişələr səbəb olur. Mənim fikrimcə, neftin qiyməti ilin sonunda 60 dolların üstündə olacaq. Bu da o deməkdir ki, Azərbaycan büdcəsinə əlavə pul gələcək”.
E.Quliyevin sözlərinə görə, bu gün bazarda ciddi rəqabət var.
“Bir neçə gün öncə cənab prezident 2017-ci ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında iqtisadiyyatın bugünkü vəziyyəti barədə danışdı. Baxmayaraq ki, 2017-ci il Azərbaycan iqtisadiyyatında ağır keçdi, buna baxmayaraq, respublikamız öz gücünü qoruyub saxlayıb, hətta bir çox sahələr üzrə inkişaf əldə edilib. 2016-cı illə müqayisədə kənd təsərrüfatında artım olub. O istiqamətlərə ki investisiya qoyulmuşdu, söhbət pambıq, tütün, meyvə-tərəvəz sahələrindən gedir – orada irəliləyişlər var. Bizim idxalımız azalıb, ixracımız çoxalıb. Bunu idxal-ixrac potensialına baxmaqla da görmək olar. Əlbəttə ki nə qədər məhsul bolluğu olsa, qiymətlər də o qədər aşağı düşər. Rəqabət olacaq, hamı çalışacaq ki, malını tez və münasib qiymətə satıb, gəlir əldə etsin. Hesab edirəm ki, büdcənin normal vəziyyətdə formalaşmasının qiymətlərə də təsiri olacaq. Əsas ölkədə məhsul bolluğunun çox olmasıdır.
Əsas odur ki, bizim indi rəqabət qabiliyyətli məhsullarımız olsun. Burada yalnız kənd təsərrüfatı məhsullarından söhbət getmir. Biz “Made in Azərbaijan” brendi atında digər məshsullarımızı da ölkə hüdudlarından kənara çıxarmalıyıq. Biz təkcə neft ilə kifayətlənməməliyik. Mən deyərdim ki, bizi 2017-ci ildə çətinlikdən çıxaran ixrac potensialımız oldu. İxrac potensialımız nə qədər çox olsa, iqtisadiyyatımız o qədər inkişaf edər”.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə bildirib ki, neftin qiymətinin dünya bazarında 70 dolları keçməsi Azərbaycan üçün çox sevindirici haldır:
“Nəzərə almalıyıq ki, biz 2017-ci ildə “Əsrin kontraktı”nı 2050-ci ilə qədər artırmışıq. Eyni zamanda, cənab prezidentin çıxışlarında qeyd edildiyi kimi, hələ bir müddət neft Azərbaycan iqtisadiyyatına paralel sahə olaraq qalacaq. Buna görə 2017-ci ildə neftin qiymətinin 70 dollara çatması, son iki ildə ilk dəfə belə bir halın qeydə alınması bizim üçün çox sevindirici haldır.
Biz dövlət büdcəsini təsdiq edən zaman neftin dünya bazarında qiymətini nəzərə alaraq Azərbaycana təsirinin 45 dollar civarında götürmüşük. Təcrübədə də var ki, əgər dünya bazarlarında neftin qiyməti qalxacaqsa, biz yəqin ki, dövlət büdcəsinin dəqiqləşdirilməsinə yenidən baxacağıq. Neftin bahalaşması dövlət büdcəsində əlavə xərclərin yaranmasına gətirib çıxara bilər ki, bu da investisiyaların artması, bəzi sosial layihələrin həyata keçirilməsi və eyni zamanda Azərbayanın ehtiyatlarının çoxalması deməkdir. Dövlət Neft Fondunun verdiyi məlumata görə, Azərbaycanın valyuta ehtiyatları təxminən 42 milyard dollardan artıqdır, neftin 45 dollara deyil, 70 dolların üzərində satılması bizim valyuta ehtiyatlarımızın artmasına səbəb olacaq”.
Deputat xatırladıb ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycanda 2015-2016-cı illərdə iki dəfə devalvasiyaya gətirib çıxarmışdı.
“Bu devalvasiyanın qarşısında Azərbaycan manatı xarici valyuta qarşısında alıcılıq qabiliyyətini itirmişdi. Amma bu gün neftin qiymətinin yuxarı qalxması bizə imkan verir ki, manatın alıcılıq qabiliyyəti yüksəlsin. 2017-ci ildə aparılan islahatlar nəticəsində Azərbaycanda manatın kursuna təsir edəcək xarici iqtisadi amillər, təhlükələr aradan qaldırıldı, makroiqtisadi sabitlik qorunub saxlanıldı. Bütün bunlar manatın alıcılıq qabiliyyətinin möhkəmlənməsinə hesablanmış işlərdir. Məhz manatın alıcılıq qabiliyyətinin möhkəmlənməsi, manatın özünün xarici valyuta qarşısında qiymətinin artması yəqin ki, gələcəkdə qiymətlərin aşağı düşməsinə təsir edəcək.
Cənab prezidentin rəhbərliyi ilə 2016-2017-ci illərdə Azərbaycanda iqtisadi islahatlar aparıldı. Bu islahatlar nəticəsində Azərbaycanda əsas məsələlərdən biri ölkənin ixrac məhsulları istehsal etməsi və idxal qabiliyyətinin aşağı salınması idi. Bunun üçün də müəyyən işlər görülüb və artıq o məhsulların böyük bir hissəsi xarici bazarlardan alınmır, Azərbaycan özü istehsal edir. Özümüz istehsal etdiyimizə görə, bir tərəfdən ölkədən xarici valyuta axınının qarşısını alınır, digər tərəfdən isə qiymətlərin stabil saxlanmasına imkan yaranır”.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Tahir Mirkişili bildirib ki, beynəlxalq iqtisadi təşkilatlar tərəfindən neftin 2018-ci ildə orta qiymətinin 55 dollar ətrafında olacağı planlaşdırılıb.
“Neftin qiymətinin dinamik olması, bir çox siyasi və iqtisadi amillərdən asılılığı 2018-ci ildə də gözləniləndir. Bu baxımdan qiymətin səviyyəsinə uzun dövr üçün baxmaq daha məqsədəuyğundur. Əgər uzun dövr ərzində neftin qiyməti bu və ya bundan da yüksək səviyyədə olarsa, Azərbaycan iqtisadiyyatı daha çox gəlir əldə edəcək. Həm valyuta ehtiyatlarımız artacaq, həm də investisiya imkanlarımız genişlənəcək.
Neft satışından əldə olunan gəlirlərinin böyük əksəriyyəti hər zaman qeyri-neft sektoruna və insan kapitalına yönəldilib. Ölkə başçısının bu siyasəti davam edir, sənayenin, kənd təsərrüfatının, xidmət sektorunun inkişafı üçün əlavə investisiyalar yatırılır.
Hesab edirəm ki, 2018-ci ilin uzun dövrü ərzində neftin qiymətinin yüksək olması ilə əldə olunan əlavə gəlirlər iqtisadiyyatın bütün sektorlarının inkişafına və insanların sosial qayğılarının həllinə yönəldiləcək”.
Müzakirə qapadılmışdır.