Nəhənglərin savaşı

1052

“Bavariya”, yoxsa “Borussiya”?

Bu gün UEFA Çempionlar Liqasına yekun vurulacaq. Turnirin final oyununda Almaniyanın iki təmsilçisi  “Bavariya” ilə “Barussiya”(Dortmund) qarşılaşacaq. Londonun “Uembli”  stadionunda keçiriləcək final oyununu maraqlı edən məqamlardan biri 33 illik fasilədən sonra yenidən “Bavariya” və Dortmund “Borussiya”sının Avrokubok finalında qarşılaşmasıdır.  Lakin bu dəfə “Bundesfinal” ilk dəfə Çempionlar Liqasında yaşanacaq. Çünki 33 il əvvəl Almaniya klubları UEFA kubokunun həlledici matçında görüşmüşdü.  Bu gün funalda qarşılaşacaq  Almaniya təmsilçiləri isə Çempionlar Liqasının tarixində bir dəfə qarşılaşıb. 1998-ci ildə üzləşən rəqiblərin 1/4 finaldakı dueli “Borussiya”nın qələbəsi ilə nəticələnib – 1:0. Bu, komandanın evdəki cavab oyununun əlavə vaxtında qazandığı uğurdur.

Qeyd edək ki, alman finalı avrokuboklarda eyni ölkə təmsilçilərinin 18-ci belə oyunu olacaq. İtaliya və İspaniya klubları hərəyə 7, İngiltərə, Almaniya və Portuqaliya təmsilçiləri isə 1 dəfə finalda üz-üzə gəlib. Çempionlar Liqasında isə yalnız 2 belə final yaşanmışdı. 1999/2000 mövsümündə “Real” “Valensiya”nı 3:0, 2002/03 mövsümündə “Milan” “Yuventus”u qolsuz bitən matçın penaltilər seriyasında 3:2 hesabı ilə məğlub edib.

Nominal meydan sahibləri uduzmur

90 minlik “Uembli” 7-ci dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalını qəbul edəcək. Maraqlıdır ki, arxada qalan 6 oyunun heç birində nominal meydan sahibləri uduzmayıb. Deməli, bu tendensiya davam edərsə, “Borussiya” qalib olacaq.

“Bavariya” daha təcrübəlidir

Bugünkü final oyunu Münhen təmsilçisi üçün turnirin Çempionlar Kuboku adlandırıldığı dövrü də nəzərə alsaq, ümumilikdə 10-cu final görüşü olacaq. Bunlardan beşi turnirin Çempionlar Kuboku adlandırıldığı dövrə, dördü isə Çempionlar Liqası adlanan vaxta  aiddir. Turnir Çempionlar Kuboku adlanan dönəmdə 3 dəfə qalib olan almanlar Çempionlar Liqası adı altında isə bir dəfə hamıdan güclü olub ki, həmin oyun da 2001-ci ildə İtaliyanın “San Siro” stadionunda baş tutan final matçından sonra reallaşıb. Sözügedən final qarşılaşmasında İspaniyanın “Valensiya” klubunu penalti seriyasının ardından məğlub edən “Bavariya” həmin qarşılaşmadan  sonra həlledici oyunun qalibi olmamışdı. Halbuki, komandanın ötən il buna imkanı vardı. Ancaq onda “Bavariya” doğma meydanda  oyunsonrası penaltilərlə “Çelsi”yə uduzmuşdu.

Həlledici görüşün digər iştirakçısı Dortmund “Borussiya”sı isə tarixində ikinci dəfə Çempionlar Liqasının qalibi olmağa yaxındır. Xatırladaq ki, sözügedən komanda 1997-ci ildə final görüşündə “Yuventus”u üstələməklə (3:1) Avropanın ən nüfuzlu klub turnirinin qalibi olmuşdu. Həmin il Qitələrarası kuboka da sahib çıxan dortmundlular bundan başqa, 1993-cü ildə UEFA kubokuna sahib çıxmışdı. Komanda sonuncu dəfə Avrokuboklarda final həyəcanını isə 2002-ci ildə yaşamış, amma həlledici qarşılaşmada “Feynord”a yenilərək kubokdan əlini üzmüşdü.

Bütün final oyunlarından əvvəl olduğu kimi, indi də bütün futbol ictimaiyyəti hansı komandanın qalib gələcyini müzakirə etməkdədir.Bəs görəsən, reallıq nəyi diqtə edir?

Finala kim necə gəlib?

Hər nə qədər “Bavariya” daha yaxşı durumda olsa da, bu, birbaşa münhenlilərin favorit göstərilməsinə zəmin yaratmır. Deməli, bu məsələdə müəyyən qənaətə gəlmək üçün tərəflərin cari mövsümdəki ümumi  performansına diqqət yetirməyə dəyər.

“Borussiya” bu mövsüm Çempionlar Liqasına  D qrupunda start vermiş və sonda qrupu 14 xalla ilk sırada tamamlamışdı. Üstəlik, qrup mərhələsində komanda “Real” (Madrid), “Mançester Siti” və  “Ayaks” kimi komandalarla mübarizə aparmasına rəğmən qrupu məğlubiyyətsiz tamamlaya bilmişdi. 1/8 finalda isə Yurgen Klopp komandası “Şaxtyor” (Ukrayna) səddini aşdı. Səfərdən bərabərliklə dönən (2:2) komanda doğma meydanda “şaxtaçılar”ın qapısına üç cavabsız top vurdu. 1/4 final mərhələsində isə rəqib İspaniyanın “Malaqa” komandası idi. Ötən mərhələdə olduğu kimi, bu dəfə də “Borussiya” səfərdən heç-heçə ilə qayıtmışdı. Qolsuz bərabərliyin ardından doğma publika önündə 3:2 hesabı ilə yenən Almaniya təmsilçisi yarımfinala adladı. Bu mərhələdə isə  Yurgen Kloppun “drujinası”nı eyni qrupda yer aldığı Madrid “Real”ı ilə oyun gözləyirdi. Qrup mərhələsində dörd xal aldığı (2:1; 2:2) ispanlardan ümumi nəticədə bu dəfə də üstün olan “Borussiya” “ev”də 4:1 hesabı ilə yendiyi Madrid klubuna səfərdə 2:0 hesabı ilə uduzsa da, finala vəsiqə qazana bildi.

Finaldakı rəqibi kimi, “Bavariya” da Çempionlar Liqasının qrup mərhələsini ilk pillədə tamamladı. Komanda yer aldığı F qrupunda gözlənilmədən Belarusiyanın BATE klubuna 3:0 yenilsə də, sonda 13 xalla birinci olmağı bacardı. 1/8 final mərhələsində “Arsenal”la qarşılaşan Münhen klubu səəfərdə 3:1 hesabı ilə qalib gəldiyindən doğma meydandakı 2:0 hesablı məğlubiyyət komandanın növbəti mərhələyə adlamasına əngəl olmadı. 1/4 finalda isə Yupp Haynkes yetirmələri “Yuventus”a qalib gəldi. Hər iki oyunda rəqib qapısına iki cavabsız top vuran “Bavariya” yarımfinalda “Barselona”ya rəqib oldu.  Yarımfinalda isə “Bavariya”nın qarşısında daha çətin vəzifə duururdu. Belə ki, finala vəsiqə qazanmaq üçün dünyanın ən güclü komandası sayılan “Barselona”nı mübarizədən kənarlaşdırmaq lazım idi. Oyun ərəfəsində Almaniya klubunun bu səddi aşacağına inananlar çox olmasa da, ilk qarşılaşmanın ardından “Bavariya”nın qələbəsinə inananların sırası genişləndi. Belə ki,  “Alyans Arena” stadionunda rəqibin qapısına 4 cavabsız qol vuran Münhen klubunun finala adlaması daha gözlənilən idi. İlk oyunda olduğu kimi, ikinci matçın da nəticəsi gözlənilməz oldu. “Nou Kamp”da da “Barselona”ya oynamaq şansı verməyən Yupp Haynkesin “drujinası” üç cavabsız qol sayəsində qələbəyə sevindi və həlledici qarşılaşmada oynamaq hüququ qazandı.

Daxili birincilikdə Münhen klubu üstündür

İki komandanın cari mövsümdəki çıxışına nəzər salırıqsa, komandaların daxili birincilikdə nəticələrinə də nəzər salmaq yerinə düşər. Bu mənada birmənalı şəkildə üstünlüyün “Bavariya”da olduğunu deyə bilərik.Tərəflərin cari mövsümdəki hər iki matçı bərabərliklə yekunlaşsa da, Bundesliqada çempionluğu çox erkən bayram edən “Bavariya”nın ikinci sıradakı “Borussiya”nı 25 xal qabaqlaması da çox şeydən xəbər verir. Digər tərəfdən, “Bavariya” rəqibindən həm də etibarlı müdafiə xətti və hücumdakı məhsuldarlığı ilə seçilir. Belə ki, Münhen klubu həm Çempionlar Liqasında, həm də daxili birincilikdə “Borussiya”ya nisbətən daha az top buraxmaqla yanaşı, rəqib qapılarına da daha çox yol tapıb. Sözügedən göstəricilərdəki fərq Çempionlar Liqasındakı fərq böyük olmasa da, daxili çempionatlarda yetərincədir. Belə ki, Bundesliqada 98 qol vurub 18 qol buraxan “Bavariya”dan fərqli olaraq “Borussiya” daha az sevinməklə yanaşı, daha çox üzülüüb. Belə ki, Yurgen Kloppun rəhbərlik etdiyi komanda 81 dəfə fərqləndiyi halda, 42 dəfə qapısında qol görüb.

Beləliklə, sadaladığımız amillərin böyük əksəriyyəti “Bavariya”nın xeyirinədir. Amma statistik göstəricilər az da olsa, münhenlilərin xeyirinə olsa belə, istənilən halda, dortmundluların Çempionlar Liqasının qalibi olması da sürpriz sayılmamalıdır. Futbolun gözəlliklərindən biri də statistika və tarixə zidd getməsi deyilmi?

Məşqçilər nə düşünür?

Matçdan bir gün əvvəl düzənlənən mətbuat konfransında “Bavariya”nın baş məşqçisi Yupp Haynkes komandasının qələbə qazanacağına inandığını ifadə etmişdi: “Həftə sonu son Bundesliqa matçıma çıxdım. Sabah da(bu gün) ÇL-i qazanmaq üçün son şansımdan istifadə edəcəm. Həmişə demişəm ki, biz bu turnirin qalibi olacağıq. “Yuventus” qarşılaşmasında bunu göstərdik. Oyunun favoriti olmadığımız “Barselona” qarşılaşmalarında isə bunu sübut etdik. Möhtəşəm komandaya sahibəm və birlik ola bilərsək, bu kuboku qazanarıq”

Dortmund “Borussiya”sının çalışdırıcısı Yurgen Kloppun qarşılaşmadan öncəki fikirləri isə belə olub: “Oyunun necə keçəcəyini və hansı komandanın daha güclü olduğunu düşünmürəm. İki komanda da çox güclüdür və buna görə də finaldadırlar. Futbolçularım da bu ifadələri işlətdi. Kiçik imkanlar oyunun taleyini həll edəcək. Bu imkanlardan da yararlanmaq lazımdır”. Klopp növbəti mövsüm Münhen klubunda çıxış edəcək Qötsenin bu qarşılaşmada iştirak etməməsinə də şərh verib: “Mario “Real”la oyundan sonra ciddi zədə ilə üzləşdi. Hər şeyi sınadıq Qötsenin oynaya bilməsi üçün, amma alınmadı. O, oynamaq imkanı əldə etsəydi, sürpriz olacaqdır. 3-4 həftədir Marionun meydana çıxmayacağını bilirdik, lakin bu, bizim üçün sürpriz olmadı. “Bavariya”nın futbolçuları nə düşünür, onu mən bilmərəm. Yenə məğlub olsalar, üzərilərində təzyiq olacaq. Oxşar təzyiqi bizim də hiss etməyimiz lazımdır”

 

Ədalət təmsilçiləri kimlərdir?

Çempionlar Liqasının finalı ilə bağlı maraqla gözlənilən məqamlardan biri də   matçı idarə edəcək hakimin kim olacağı məsələsi idi. Oyundan bir neçə gün öncə isə Dortmund “Borussiya” ilə “Bavariya” arasında keçiriləcək həlledici görüşü italyan referi Nikola Ritsolinin  idarə edəcəyi bəlli oldu. Ona bu oyunda yan xətt hakimləri – Renato Favreani, Adrea Stefani, qapı xətti hakimləri –  Qianluka Kartiolato və Poalo Taqliavento kömək edəcək.

Son beş ilin ən kasıb finalı

 

Çempionlar Liqasının final qarşılaşması tarixə həm də maddi tərəflərinə görə düşəcək. Belə ki, dünyanın ən böyük idman mediası şirkətlərindən “Perform”un apardığı araşdırma nəticəsində məlum olub ki, bu qarşılaşma son beş ildə Çempionlar Liqasında həlledici matçda üz-üzə gələn iki komandanın heyətinə görə ən kasıb final olacaq. Məlumat  üçün bildirək ki, son 10 ildə ən kasıb final 2004-ci ildə “Monako” ilə “Porto” arasında olmuşdu – 267 milyon avro. Bu ilki finalın digər cəhəti 2003-ci ilin “Yuventus” – “Milan” finalından sonra eyni ölkənin iki komandasının qarşı-qarşıya gəlməsidir. 425 milyon avroluq heyəti olan “Bavariya” ilə 255 milyon avroluq heyəti olan “Borussiya”nı qarşı-qarşıya gətirən finaldakı matçın ümumi dəyəri isə 680 milyon avro təşkil edəcək. Bu rəqəm ümumi dəyəri bir milyard avro olan və eyni zamanda son on ilin ən bahalı final oyunu- “Barselona”- “Mançester Yunayted” qarşılaşmasından xeyli geridə qalır. Katalon klubu o ilki 607 milyon avroluq heyəti ilə son on ilin ən bahalı komandasıdır. Bu ilki finalda meydana çıxacaq ən bahalı oyunçu isə “Bavariya”nın 43 milyon avroluq futbolçusu Frank Riberidir.

 

P.S. “Bavariya” Çempionlar Liqasını qazansa, Haynkes bu turnirdə 2 dəfə komandasına uğur qazandıran 17-ci məşqçi kimi tarixə düşəcək. Qeyd edək ki, almaniyalı mütəxəssis 1998-ci ildə “Real”a Çempionlar Liqasını qazandırmışdı.

 

P.S.S. Maraqkıdır ki, 2005-ci ildə ciddi maliyyə sıxıntısı keçirən “Borussiya” həmin çətinlikdən “Bavariya” klubundan aldığı 2 milyon avro kredit qarşılığında qurtula bilib.

Tural Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər