Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı “Nəsillərin görüşü: partiyanın gələcəyi etibarlı əllərdədir” adlı konfrans keçirib.
Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatları, şəhər ziyalıları, qazilər, partiya fəalları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Konfransın əlamətdar hadisə – Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, partiyamızın lideri İlham Əliyevin doğum günü ərəfəsində keçirildiyini diqqətə çatdıran natiq bildirib ki, YAP-ın 32 illik fəaliyyəti, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatına fundamental dəyişikliklər gətirməklə yanaşı, siyasi mübarizələrlə dolu çətin və şərəfli bir yol keçib. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyev siyasətinin aparıcı qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu və demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini verib. Elə bu baxımdan da qürurla qeyd etmək olar ki, partiyamızın gələcəyi etibarlı əllərdədir.
Daha sonra çıxış edən Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədr müavini, partiya veteranı Eldar İsmayılov bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasəti Azərbaycan xalqına ən dəyərli milli sərvətimiz olan dövlət müstəqilliyini bəxş etmiş, ölkəmizin demokratiya və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevrilməsini şərtləndirib: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan amildir”. Ona görə də haqlı və birmənalı olaraq qeyd edirik ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük tarixi və mənəvi-siyasi mirasıdır.
Çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası böyük nailiyyətlər qazanır. Ötən dövr ərzində Azərbaycanın dinamik inkişaf etdiyini qeyd edən İcra Hakimiyyətinin başçısı bu inkişafın Sumqayıt şəhərində də özünü göstərdiyini diqqətə çatdırıb. Ulu Öndər Heydər Əliyevin Sumqayıtın inkişafı naminə xidmətlərini xatırladan Zakir Fərəcov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, qeyd edib ki, dövlətimizin başçısı Sumqayıta otuzdan çox səfər edib və cənab Prezidentin diqqəti sayəsində Sumqayıt inkişaf edən, müasir şəhərə çevrilib.
Daha sonra çıxış edən gənc partiya fəalı Rəşad Məmmədov və Prezident təqaüdçüsü, əməkdar müəllim Ofelya Babayeva Heydər Əliyevin zəngin və mənalı ömür yolundan, Azərbaycanın xilası və inkişafı naminə əvəzsiz xidmətlərindən danışıblar.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonra Sumqayıt Musiqi Kollecinin müəllim heyətinin ifasında bədii hissə təqdim olunub.
Müzakirə qapadılmışdır.