“Netflix”ə çəkilən ilk azərbaycanlı - O, Sumqayıtda anadan olub - MÜSAHİBƏ

2324

“Netflix”in “Leyla və Məcnun” adlı filminə çəkilmiş azərbaycanlı aktrisa, sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas Zülfiyyə Eldarqızı “Report”a müsahibə verib. Müsahibəni təqdim edirik:

– Siz “Netflix”in “Leyla və Məcnun” adlı filminə çəkilmisiniz. Bu filmə dəvət nə zaman olub?

– Pandemiyadan əvvəl 2019-cu ilin noyabrında dəvət almışam. Mənim çəkildiyim, ailə ilə bağlı olan hissələr Şamaxının Dəmirçi kəndində baş tutub. Digər hissələr isə Bakıda və İndoneziyada çəkilib. İndoneziya səfirliyinin təşəbbüsü ilə müştərək bir film idi. Rejissor Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərindən təsirlənərək onu müasir versiyada təqdim edirdi. Filmin adı “Leyla və Məcnun”dur. Mən də orada kiçik bir obraz, Leylanın anasını oynamışam. Fevralın 11-də filmin təqdimatı olacaq.

– Dediyiniz kimi, epizodik rolda çəkilmisiniz, amma diqqəti bu qədər cəlb edib…

– Film çəkilən vaxtı dünyəvi olacağı deyilirdi. 40 nəfərlik heyətlə gəlmişdilər. Film çəkildi, çıxıb getdilər. “Youtube”da anons çıxandan sonra mənə televiziyalardan zənglər gəldi. Əvvəl qəribə gəldi… Gördüm ki, onlar bu məsələyə sevinirlər. Görünür mənim “Netflix” platforması ilə bağlı o qədər anlayışım yox idi. Sonra məni başa saldılar ki, bu, dünya kino platformasıdır. Burada Azərbaycanın adının çəkilməyi, azərbaycanlı aktrisanın iştirak etməyi ölkə üçün, doğrudan da, böyük uğurdur. Mən Leylanın anasını oynayırdım.

Rejissorlar mənə deyirdilər ki, sizə kəndli obrazını yaraşdıra bilmirik, istər-istəməz sizin simanızda kübarlıq, mədəniyyət var. Amma onlar məndən geyimlə, qrimlə elə yaxşı kəndçi düzəltdilər ki… Mənə qırmızı dodaq boyası da çəkdilər. Onlar bizim kənd adət-ənənələrimizi də öyrənmişdilər. Rayonlarda qırmızı rəngə qarşı həssaslıq var. Şəhərdə o qədər istifadə edilməsə də, kənddə toya gedəndə qırmızı dodaq boyası istifadə edilir. İki günlük çəkilişimizdə maraqlı məqamlar oldu. Çəkiliş meydançasında çox yaxşı, çox dəyərli hiss elədim. Orada aktyorlara münasibət o qədər gözəl idi ki…

– Ən yadda qalan məqamlar nələr oldu?

– Çəkilişlər olan kənd çox qədim kənddir. Həmin zaman qar yağmışdı. Çəkilişlər çöldə olurdu, soyuq olmaması üçün üstümüzə palto, isti çay, kofe verən xüsusi adamlar ayırmışdılar. Bu şeylər mənə çox təsir elədi. Bizim çəkilişlərdə bu yoxdur. Bilmirəm niyə belədir. Hətta başqa aktyorları gətirib çəkəndə onlara da münasibət o cür olur. Aktyoru, aktrisanı setdə anlamaq, duymaq lazımdır. Mən seriallarda aktyorların müqavilələrinə baxıram, elə bil aktyorları alırlar və istədikləri kimi robotlaşdırırlar.

– Ən son “İdarə” serialında rol almısınız. Azərbaycan seriallarına münasibətiniz necədir?

– Özüm çəkildiyim seriala belə baxmıram. Baxmayaraq ki, bu serialı çox uğurlu bir serial oldu. Seriallarımızda çoxlu bayağılıq var. Mövzu tapa, yaza bilmirlər. Dramaturgiya olmalıdır. Azərbaycanda nə qədər mövzu var. Biz melodrama janrını sevən, hind filmlərinə baxıb ağlayan xalqıq. Buna görə də ailə-məişət mövzusunda olan məsələlər, çoxarvadlılıq haqqında çəkilən seriallar tutur.

– Teatrla bağlı nə demək istərdiz?

– Teatrdan çıxmışam, o da mənim həyatımın bir dönəmi oldu. Teatr mənim üçün çox əziz və doğmadır. Amma elə bir vəziyyət oldu ki, işləyə bilmədim. Teatrdakı intriqalara dözə bilmədim. Gərək əvvəldən o mühitdə olasan, özün də onlar kimi olasan. Mən bacarmadım.

Hazırda Milli Elmlər Akademiyasının Teatr, kino və televiziya şöbəsində böyük elmi işçiyəm. Hamısı mənə əzizdir. Bunlar hamısı incəsənətin qollarıdır. Özümü qeyri-adi istedad sahibi hiss eləmirəm. Sadəcə 5 il təhsil almışam, Kino kafedrasında çalışmışam, sonra Səhnə danışığı kafedrasında dərs demişəm.

– Hər hansı sahədə usta olmaq üçün fəxri adın nə dərəcədə önəmi var?

– Var. Bəlkə də kimin üçünsə yoxdur, amma mənim üçün var. Niyə? Çünki tədbirlərdə hər məqamda hiss etmişəm ki, fəxri adı olana bir başqa münasibət bəslənib. Məşhurluq başqa şeydir, xalqın sevimlisi olmaq başqa. Kiçik bir misal deyim, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azad Şükürovla tədbir aparırdıq. Getdik gördük afişa çıxıb, müğənnilərin şəkli var. Soruşduq bizim adımız niyə yoxdur? Dedilər ancaq fəxri adı olanları vurublar. Yəni bu, xırda bir şeydir, amma insana təsir edir. İnsana dəyər veriləndə o daha da həvəslənir, bir az da coşqulu olur.

– Bəs fəxri adlar insanın inkişafını dayandırır?

– Mən hər dəqiqə axtarışda olan insanam. Adam var ki, deyir almışam adımı oturmuşam. Deyir mənim nəyimə lazımdır. Ondan sonra həyatını yaşayır. Mən sizə Nadir Hüseynovun adını çəkərəm ki, bədii qiraətçidir. İllərlə səhnə danışığını tədris edib, neçə illərin sənətkarıdır. Onun yetirmələri xalq artistidir, amma onun bir əməkdar artist adı da yoxdur. İnsan yaddan çıxır. Bunun səbəbini bilmirəm. Mən heç vaxt öz piarımı aparmamışam. Həmişə gizlənməyə çalışmışam. Bəlkə də insan yaxşı mənada bir az hamını itələyib qabağa keçməlidir. Amma mən onu bacarmamışam. Teatrda işləyəndə bir tamaşımız vardı. Xalid Hüseynin “Min möhtəşəm günəş” əsərinə tamaşamıza onlayn biletlər satılmışdı. Tamaşa qurtarırdı, tamaşaçı üstümüzə gəlirdi. Polis qarşısını alırdı. O cür gözəl, uğurlu tamaşamız olub. Mən orada iki oğlu şəhid olan ananı oynayırdım. O tamaşamız bağlandı. Çünki tamaşanın aktyorları teatrdan qovuldu. İstedadlı insanlar idi. Tamaşanın rejissoru da onu təzədən hazırlamadı. Bir tamaşanın üzərində 6-7 ay iş gedir. Onu təzədən qoymaq üçün rejissor o enerjini özündə tapmalıdır ki, başqa aktyorlarla o tamaşanı yenidən qursun. Bizim məmləkətdə belə şeylər olur.

– Əslən Laçındansınız. Sizin həm də 28 illik nisgiliniz bitib. Laçınla bağlı xatirələriniz çoxdur?

– Nənəm-babam Laçındandır, mən özüm Sumqayıtda anadan olmuşam. Yaydan-yaya gedirdik. Bir dəfə məni ilan sancmışdı. Kəndimizdə həkim yox idi. Məni atın üstünə qoydular, çayı keçib bu kənddən o kəndə aparmışdılar.

Bir akasiya ağacımız vardı. Saat 6 olanda onun altında dayanıb gözləyirdik ki, şəhərdən kimsə gələcək, bizə nəsə gətirəcək. Uşaq idik də. Neçə il keçib. Heç vaxt təsəvvürümə gətirməzdim ki, torpaqlarımızın alınmasını görəcəyik. Fikirləşirdim ki, gələcəkdə, nə vaxtsa baş verəcək. Bu günlərdə o qədər nisgil yaşadım. Orada olduğumuz günlər, babam-nənəm yadıma düşdü.

Qeyd edək ki, “Netflix Indonesia” tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər