Nəyə görə İndira? – Sumqayıtın ilk qadın müfəttişi (FOTOLAR)

3710

Vətənini, xalqını hədsiz sevən ziyalı qadın, fəal, mübariz ictimaiyyətçi, qayğıkeş ana, sədaqətli dost

Hər adamın, xüsusilə də böyük ailə yükü olan bir xanımın bacara biləcəyi iş deyil bütün bu keyfiyyətlərlə yaşamaq, hələ üstəlik yüksək mədəniyyəti, səmimiliyi, intellekti ilə seçilmək. Ancaq əslində elə də çətin deyil… Bunun üçün isə ilk növbədə yaxşı İNSAN olmaq kifayətdir – hər yerdə və hər zaman, minlərlə müxtəlif xarakterli adamların əhatəsində. Özünə də, özgələrinə də hörmət etməyi, dəyər verməyi bacarmaq lazımdır. Bu isə heç də hamıya müyəssər olmur. Bəlkə də ona görə ki, yaxşı olmaq, insan olmaq özü də bir ilahi vergidir? Əgər belədirsə, deməli, təkcə Sumqayıtda deyil, bütünlükdə respublika miqyasında adı və yorulmaz ictimai fəaliyyəti, işgüzarlığı ilə tanınan İndira xanım Şəmsivari ulu Tanrının sevimli bəndəsidir. O İndira xanım ki, uzun illərdir Sumqayıtın maliyyə üzrə yeganə qadın müfəttiş-eksperti, 2-ci dərəcəli Dövlət qulluqçusudur, ancaq həmişə quru inzibatçılıqdan, bəzən sənətin doğurduğu “peşə xəstəliyi”ndən – yersiz eqoizmdən, təkəbbürdən uzaq olub. Lakin səmimiliyi, xoş xasiyyəti və ünsiyyəti onun öz işini layiqincə aparmasına heç vaxt nəinki mane olmayıb, əksinə – vəzifəsini daha hörmətli, özünü isə nüfuzlu edib.

Bu gün bütün sumqayıtlıların – yaxından tanıyanların sevdikləri, xoş adını-sorağnı eşidib, üzünü görməyənlərin də “uzaqdan-uzağa” hörmət bəslədikləri İndira xanımın həyatının xoş və sevincli günlərindən biridir. Bu gün onun – Sumqayıtın, eləcə də respublikamızın ictimai-siyasi həyatında hər zaman böyük fəallıqla iştirak edən, qəlbinin nuru həmişə çöhrəsində əks olunan İndira xanımın yubileyidir. Dostlar, iş yoldaşları, bütün sumqayıtlılar onun mənalı yaşanan həyatının bu əlamətdar gününə birlikdə sevinir, ona daha xoş günlər, uğurlu illər arzulayırlar.

Çox peşiman oldum…

Bir şəhərdə yaşasaq da, məni onunla Naxçıvandan Bakıya yenicə gəlmiş bir işçimiz tanış etmək istəmişdi, ancaq mən… səhvə yol verdim.

Onunla hələ 24 il əvvəl – 1993-cü ilin payızında tanış ola bilərdim. Lakin o zaman mühüm, xoş bir fürsəti əldən verdim. Təsisçisi və baş redaktoru olduğum “Bakinets” qəzetinə yenicə işə götürdüyüm naxçıvanlı bir əməkdaşımız abunə məsələsində işlərimizin o qədər də ürəkaçan olmadığını görüb, bir gün təklif etdi ki, mənim yaşadığım şəhərə – Sumqayıta gedib, abunə ilə məşğul olmasına icazə verim. “Niyə Bakıda yox, məhz “mənim” şəhərimdə – Sumqayıtda?” soruşanda dedi ki, Bakını yaxşı tanımır, ancaq Sumqayıtda bir-neçə yerdə tanışları var, onların vasitəçiliyinə ümid edir. Razılıq verdim. Hər ehtimala qarşı ona ilk səhifəsi o vaxt xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ulu öndər Heydər Əliyevə həsr edilmiş qəzetimizin bir-neçə nüsxəsini də özüylə götürməyi tapşırdım. Ancaq o vaxt mobil telefonlarımız olmadığından bir müddət onunla əlaqəmiz kəsildi – yalnız üç gündən sonra redaksiyaya qayıtdı və dil-ağıza qoymayaraq bildirdi ki, Sumqayıtın maliyyə şöbəsində çox yaxşı, mehriban bir qadın əməkdaşla görüşüb və qəzetimizin xüsusi buraxılışında onun böyük fanatı olduğu Heydər Əliyevlə bağlı verdiyimiz şəkil və məqalədən ibarət blok xoşuna gəldiyindən o xanım qəzetimizin abunə işinə bacardığı köməyi etməyə söz verib. Əməkdaşımız bildirdi ki, o qadın çox gülərüz, səmimi bir xanımdır, yaxşı olar ki, bir sumqayıtlı kimi siz özünüz onunla görüşüb-danışasınız, adı İndira, soyadı Şəmsivaridir. Bilmirəm, ad və soyadın mənim üçün ənənəvi olmamasındanmı, maliyyə şöbəsinin mənə “keçilməz” görünməsindənmi, ya nədən idisə, İndira xanımla görüşə bir az çəkingənliklə, həvəssiz getdim. Və təəssüf ki, həmin gün o, hansısa müəssisəyə iş dalınca getdiyindən onunla görüşə bilmədim. Sonra isə… sadəcə öz işimizə əsl müsəlman soyuqqanlılığı ilə yanaşdım, daha abunə üçün getmədim.

20 ildən sonrakı görüş… Çox heyfsiləndim.

Onunla ilk tanışlığım cəmi 5 il əvvəl – 2013-cü ildə, mən Sumqayıt Bələdiyyəsində müvəqqəti olaraq Mətbuat katibi vəzifəsində çalışarkən oldu. İndira xanım şəhərin Maliyyə İdarəsində işləməklə yanaşı həm də yaşadığı ərazinin məhəllə komitəsinin sədri kimi vaxtaşırı Bələdiyyə tədbirlərinə də gəlirdi. Onun işgüzarlığı, səmimiyyəti və yüksək ziyalı mədəniyyəti, maraqlı fikir və mülahizələri mənim vaxtilə necə böyük səhvə yol verdiyimə – bu nəcib, mehriban xanımla hələ 20 il əvvəl görüşmək, tanış olmaq fürsətini əldən verdiyimə şübhə yeri qoymadı. Çox təəssüfləndim, heyfsiləndim…

İndira xanımın Bələdiyyə tədbirlərində çox zaman Sumqayıtda hər bir mikrorayon və məhəllənin daha abad olması, yaşıllığın artırılması və qorunması, şəhər sakinlərinin, xüsusilə də qocaların və uşaqların mənalı və dolğun istirahətinin təmini, müxtəlif maraqlı tədbirləırin keçirilməsi, idman növləri üzrə yarışların, məktəblilər arasında inllektual-bilik müsabiqələrinin təşkili, qadınlar üçün məhəllə daxilində iş yerlərinin açılması və s. bağlı rasional təklifləri rəğbət doğururdu. Və ən başlıcası o idi ki, İndira xanım sadəcə təklif verməklə kifayətlənməyib, məhəllə komitəsinin sədri kimi özünün təşəbbüslərinə ilkin olaraq özü “qoşulur”, nümunə göstərirdi. Təsadüfi deyil ki, onun ictimai əsaslarla komitə rəhbəri olduğu 30-cu məhəllə uzun illərdir ki, şəhərin nümunəvi, təmiz və abad məhəllələrindən sayılır.

Onu sezməmək mümkün deyildi ki, İndira xanım Bələdiyyə və şəhər tədbirlərində çıxış edərkən hamı ona çox maraqla, diqqətlə qulaq asırdı, çünki onun çıxışlarında həmişə yeni təklif, maraqlı bir ideya ortalığa atılırdı. Həm də o, bunu doğma şəhərə elə bir məhəbbət və sevgi ilə çatdırırdı ki, auditoriyadakılar az qalırdı tədbir başa çatan kimi qollarını çırmalayıb, işə girişsinlər. Bu, bir qədər mübaliğəli səslənsə də, hər halda çoxları belə bir ovqatda olurdu. Çünki İndira xanımın çıxışları elə ruhverici olurdu ki, onun dediklərinə, təkliflərinə biganə qalmaq olmurdu. Bütün bunlarla yanaşı bir qələm adamı kimi mənim diqqətimi həm də onun redaktəyə, “düzəlişə” ehtiyac olmayan natiqlik məharəti, elə-obaya, hər kəsin yaşadığı şəhərə, həyətə-bacaya, qocaya-uşağa, qadına aşıladığı sevgi idi. İndira xanım öz fikirlərini elə duyğularla, səlis və rəvan nitqi ilə çatdırırdı ki, ona qulaq kəsilməmək mümkün deyildiı. Və tanışlığımız davam etdikcə mən bu xanımın daxili enerjisinə, mənəvi gücünə heyran qalırdım. Bircə şeyi çox tezliklə anladım ki, bu xanımın bütün fəaliyyətinin zirvəsində Vətən sevgisi, doğma xalqa olan böyük məhəbbət dayanır. Çaylar öz başlanğıcını dağların başından götürdüyü kimi, İndira xanımın coşub-daşan ictimai fəaliyyəti də öz gücünü o “dağ sevgi”dən – Vətən, xalq məhəbbəti zirvəsindən alır.

İnanmaq olmur – bu qədər işin, qayğının öhdəsindən necə gəlmək olar?

Vallah, bu qədər “yük”ün altına çiyin vermək hər kişinin işi deyil, o ki ola zərif bir qadın. 3 övlad, 6 nəvə sahibi olan, ev-ailə qayğıları heç də az olmayan İndira xanımın çoxşaxəli, səmərəli ictimai-siyasi fəaliyyəti haqqında ətraflı yazmaq üçün gərək günlərlə oturub, bir kitab bağlayasan. Bu, hələlik imkan xaricində olduğundan, yalnız onun təkilatçısı olduğu və cəlb edildiyi ictimai birliklərin, toplantıların və s. adlarını çəkməklə kifayətlənməli oluram. Baxın, görün, onlar hansı sahələri əhatə edir – Prezident yaninda Beynəlxalq Humanitar Yardım Komissiyasının Əlaqələndirici Şurasının üzvü, Milli Məclisin İctimai əsaslarla eksperti, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar Təşkilatının Sumqayıt şəhər şöbəsinin İdarə Heyətinin üzvü və sədr müavini, Sumqayıt şəhər Maliyyə İdarəsinin həmkarlar təşkilatının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhər şöbəsində “Ünvanlı Sosial Yardım komissiyasının üzvü, Sumqayıt Bələdiyyəsində Məhəllə Komitəsinin sədri, “Əlil Qadınlar” cəmiyyətinin və Demokratik Tələbə-Gənclər təşkilatlarının fəxri üzvü… Bütün bunlardan başqa o, 1999-cu ildə üzvü olduğu YAP-ın I Qurultayında Siyasi Şuranın Mərkəzi Nəzarət-Təftiş komissiyasının üzvü, sonuncu Qadınlar Qurultayında isə Mərkəzi Nəzarət-Təftiş komissiyasının sədri seçilmiş, YAP-ın bütün qurultay və konfranslarının nümayəndəsi olmuşdur.

Və hələ bunlar nədir ki?!. Azərbaycanın azadlıq və müstəqilliyini hər şeydən üstün tutan İndira xanımın böyük vətən sevgisindən irəli gəlir ki, o, həm də neçə illərdir ki respublikamızın Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Şuşaya azadlıq”, “Xocalıya ədalət” və “20 yanvar” petisiya kompaniyalarının təşkilat komitələrinin üzvü kimi də geniş fəaliyyət göstərir. Və həm də artıq neçə ildir ki QHT Forumun Nəzarər-təftiş komissiyasının üzvü, özünün təsisçisi olduğu “Tərəqqi” Sosial-iqtisadi araşdırmalar İctimai Birliyinin sədridir.

Yetişməkdə olan gənc nəslin sağlam düşüncəli olmaqla yanaşı həm də fiziki baxımdan sağlam olması üçün o, Sumqayıtda Karate-şotoka Federasiyasının Sumqayıt şəhər şöbəsinin vitse-prezidenti kimi də səmərəli iş aparır, yeniyetmələrin respublika və beynəlxalq yarışlarda uğurla iştirak etməsi üçün onlara daim hamilik köməyi göstərir.

Ancaq İndira xanım daha çox onunla fəxr edir ki, ölkəmizdə keçirilən prezident seçkiləri zamanı o, Ulu öndər Heydər Əliyevin və İlham Əliyevin seçki qərargahlarının üzvü olmuşdur. 1998-ci ildə isə dahi rəhbər Sumqayıt sakinləri ilə görüşə gələrkən onu sakinlər adından salamlamaq şərəfinin ona nəsib olduğu üçün (əlbəttə, buna səbəb İndira xanımın yüksək natiqlik məharəti olmuşdu) bu gün də özünü cox xoşbəxt hesab edir və həmin günləri həyatının ən gözəl, qürur doğuran günləri sayır.

Heydər Əliyev ideyalarına və dəst-xəttinə sadiq olan fəal ictimaiyyətçi, ziyalı bir xanım kimi o, həmçinin ölkə rəhbərliyinə böyük inamı və sevgisi ilə, həm də dövlətimizdə demokratik prinsiplərin qorunmasına əsaslanaraq 2005 və 2010-cu illərdə Sumqayıt şəhərindən özünün deputatlığa namizədliyini irəli sürərək, seçki kampaniyasında daha çox seçki təcrübəsi toplamağa nail olmuşdu.

Nəyə görə İndira və nəyə görə Şəmsivari?

İndira xanımın ulu babaları İranda Məhəmmədəli şah diktaturasına qarşı başlanmış məşhur Səttar xan hərəkatına qoşulduqları üçün daim və dəfələrlə siyasi təqiblərə məruz qalmışdılar. Hətta ulu babalarından birinin qardaşı 1900-cü illərin əvvəlində başçıları erməni olan polislər tərəfindən Təbrizdə amansızcasına qətlə yetirilmişdi. Həmin faciədən sonra baba nəsli təqiblərdən qurtarmaq üçün Bakıya köçməyə məcbur olmuşdular. Və İndira xanımın valideynləri Bakıda anadan olmuşdular. Lakin Sovetlər də onları rahat buraxmayaraq, “kulak” adı ilə 1938-ci ildə sürgünə məhküm etdiyindən ailə gecəykən Bakıdan Cənubi Azərbaycana – Araz çayını keçərək, yenidən Təbrızə qaçmalı olmuşdular. Orda babaları böyük inqilabçı Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi, tarixdə “21 Azər hərəkatı” kimi qalmış yeni azadlıq savaşına qoşulurlar. Hərəkat uğursuzluqla yatırıldıqdan, onun rəhbərləri qətlə yetirildikdən sonra Şəmsivarilər ailəsi İranda qalmağı mənasız hesab edərək, 1950-ci ildə yenidən Bakıya köçür. Lakin onların yaşadıqları evi artıq ermənilər zəbt etmişdi. Odur ki, “Şura hökuməti” həmin dövrdə İrandan gələnlərin Quba və Xaçmaz rayonları arasindakı geniş, boş bir əraziyə köçürülməsinə qərar vermişdi. Torpağa bağlı olan həmin həmvətənlərimiz orada xeyli meyvə bağları salaraq, “SSRİ-nin 50 illiyi” adına böyük bir sovxoz yaratmışdılar. İndira xanım 15 yanvar 1958-ci ildə orada, hazırda Zərdabi adlanan qəsəbədə dünyaya gəlib. O dövrdə ingilis müstəmləkəsindən azad olmuş Hindistana xalqının azadlıq carçısı olmuş Cəvahirləl Nehrunun qızı İndira Qandi cəmi iki il idi ki rəhbərlik edirdi. İngiltərədə Oksford Universitetini bitirmiş o gözəl hind qıznın necə mərd və cəsur, xalqını sevən, çox savadlı bir siyasətçi olduğunu bilən İslam kişi heç bir tərəddüd etmədən, hətta ilkin olaraq heç bir başqa milli ad düşünmədən qızına məhz İndira adını verərək, qəlbində qızının da gələcəkdə savadlı, təhsilli bir ziyalı, İ.Qandi kimi ictimai bir fəal, xalqını sevən bir vətənpərvər olmasını arzulamışdı.

Atasını arzularını yerinə yetirən qədirbilən, sədaqətli övlad

Atası İlam kişi 1967-ci ildə ailəsini və 9 yaşlı qızı İndiranı da götürərək, Sumqayıta köçməyə qərar verir. O vaxtdan etibarən bu gözəl şəhərdə yaşayan və özünü fəxrlə sumqayıtlı hesab edən İndira xanım bu gün 2-ci dərəcəli Dövlət qulluqçusu, şəhərin ilk qadın müfəttiş-inspektoru kimi Sumqayıtın Maliyyə İdarəsində çalışmaqda davam edir.

Atası Cəvahirləl Nehrudan sonra Hindistanın çicəklənib, inkişaf etməsində böyük rolu olmuş İndira Qandinin adını daşıyan İndira xanım Şəmsivari bütün səmərəli, geniş, coşqun fəaliyyəti ilə atası İslam kişinin arzularını bu gün tam və şərəflə doğrultmuşdur. Onun öz arzusu isə böyük məhəbbət bəslədiyi dahi rəhbər Heydər Əliyevin Azərbaycanın daha da inkişafı, qüdrətlənməsi ilə bağlı böyük ideyalarının həyata keçməsi naminə, Sumqayıtın tərəqqisində xidmətinə, çoxillik əməyinə görə onu “Tərəqqi” medalı ilə təltif etmiş ölkə rəhbəri İlham Əliyev cənablarının qayğısı, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcovun gərgin əməyi və səyi ilə yeniləşərək, müasirləşərək son dərəcə gözəlləşən doğma şəhərə daha böyük töhfələr verməkdir!

Sizə bütün fəaliyyətinizdə uğurlar arzulayırıq, İndira xanım! Arzu edirik ki, daim tanıdığımız kimi – hər zaman fəal və işgüzar olasınız, həmişə belə gənc və gözəl qalasınız, elitar mədəniyyətiniz, səmimiyyətiniz və mehribanlığınızla Sizi əhatə edənlərə xoş ovqat, sevinc bəxş edəsiniz!

Ad gününüz, yubileyiniz mübarək, əziz və hörmətli İndira xanım!

Rəhman ORXAN

Nəyə görə İndira? - Sumqayıtın ilk qadın müfəttişi (FOTOLAR)

Nəyə görə İndira? - Sumqayıtın ilk qadın müfəttişi (FOTOLAR)

Nəyə görə İndira? - Sumqayıtın ilk qadın müfəttişi (FOTOLAR)

Nəyə görə İndira? - Sumqayıtın ilk qadın müfəttişi (FOTOLAR)

Nəyə görə İndira? - Sumqayıtın ilk qadın müfəttişi (FOTOLAR)

Nəyə görə İndira? - Sumqayıtın ilk qadın müfəttişi (FOTOLAR)

Nəyə görə İndira? - Sumqayıtın ilk qadın müfəttişi (FOTOLAR)

Nəyə görə İndira? - Sumqayıtın ilk qadın müfəttişi (FOTOLAR)

Nəyə görə İndira? - Sumqayıtın ilk qadın müfəttişi (FOTOLAR)

Nəyə görə İndira? - Sumqayıtın ilk qadın müfəttişi (FOTOLAR)

Nəyə görə İndira? - Sumqayıtın ilk qadın müfəttişi (FOTOLAR)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər