Həbsdə olan Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Nigar Yaqublunun apelyasiya şikayətinə sentyabrın 17-də baxılacaq. Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, apellyasiya şikayətinə sentyabrın 17-də saat 11:00-da Sumqayıt Apelyasiya Məhkəməsində hakim Rasim İsgəndərovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Nigar Yaqublunun həbsi Müsavat Məclisinin üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Rəsmi məlumata görə, avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi «Kamaz-5320» markalı yük avtomobili ilə Bakı şəhər sakini Aydın Acalova məxsus «Peugeot-206» markalı minik avtomobili toqquşub. Nəticədə A. Acalov hadisə yerində ölüb, həmin avtomobildə olan Nigar Yaqublu isə müxtəlif bədən xəsarətləri alıb.
N. Yaqublu barəsində sentyabrın 11-i Abşeron Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.