Novruz bayramı koronavirusdan ölüm hallarını kəskin artırdı

568

TƏBİB rəsmisindən və infeksionistdən izahat: “Ola bilər ki, həmin şəxslər martın əvvəlində, hətta fevralda yoluxublar”

Novruz bayramı tətili Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının statistikasına ciddi təsir etməsə də, təəssüf ki, ölüm hallarını kəskin artırıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, martın 25-də analiz nümunələri müsbət çıxanlar arasında 7 nəfər bu xəstəlikdən ölüb.  Qeyd edək ki,  2021-ci ildə  Novruz bayramı günlərində, martın 20-dən martın 29-dək ölkə ərazisində hətta ictimai nəqliyyat belə işləmirdi.

2020-ci ildə isə Nazirlər Kabineti mart ayında keçirilməli olan ənənəvi Novruz şənliklərini ləğv etmişdi. Bu qadağa Bakı şəhərində və respublikanın müxtəlif regionlarında keçirilməli olan bütün şənliklərə aid idi. Beləliklə, Azərbaycan son üç ildə ilk dəfə idi ki, Novruz bayramını xüsusi qadağalar olmadığı şəraitdə keçirdi. Koronavirus təhlükəsi əvvəlki kimi olmasa da, son statistika narahatlıq yaratmaya bilməz.

TƏBİB-ə təyinat alan Zamirə Adilova: “Bütün təklif və iradlara açığam”

Zamirə Adilova

Mövzu ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Adilovanın fikrini öyrəndik. O, “Yeni Müsavat”a açıqlamasına dedi ki, ölüm hadisələri adətən eyni gündə baş verən yoluxma hadisələri ilə əlaqəli olmur:  “Ölüm hadisələri uzun müddət tibb müəssisəsində intensiv terapiya bölmələrində müalicə alan, yanaşı xroniki xəstəlikləri olan şəxslərdə baş verir. Məsələn, martın 25-də 7 nəfər vəfat edibsə, bu həmin şəxslərin elə həmin gün virusa yoluxması demək deyil. Ola bilər ki, həmin şəxslər martın əvvəlində, hətta fevralda yoluxublar. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, ölüm hadisələri daha çox yanaşı xroniki xəstəlikləri, immun çatışmazlıqları olan şəxslərdə baş verir”.

TƏBİB rəsmisi onu da əlavə edib ki, Nazirlər Kabinetinin qərarına görə, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi uzadılıb: “Bu istiqamətdə bütün tədbirlər yenə də davam etdirilir. Bununla belə, hazırda epidemioloji vəziyyət stabildir və nəzarət altındadır”.

Onu da qeyd edək ki, bayram günlərində insanlar arasında müxtəlif xəstəliklərin olduğu bildirildi. Əsasən sosial şəbəkələrdə şikayət edən insanlar qeyd edirlər ki,  yoluxduqları virus qripə bənzəsə də, olduqca ağır gedişatlıdır.

merdan eliyev.jpg (118 KB)

Mərdan Əliyev

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, yeddi ölüm göstəricisi diqqət çəkir: “Amma ondan əvvəlki günlərə nəzər salsaq, ölüm göstəriciləri minimaldır, ya sıfır, ya da birdir. Onu həftəlik, ya da aylıq ölüm göstəricisi kimi götürsək, bu, əvvəlki aylardan yüksək deyil, aşağıdır. 7 nəfər ölüm göstəricisinin bayram ərəfəsində müşahidə edilməsinin əsas səbəbi də həkimə gec müraciət olunmasıdır. Bayram günləri xəstəxanalar əksər hallarda işləmir, həm də xəstələr həkimə müraciət etməyə meylli olmurlar. Fikirləşirlər ki, bayramdan sonra müraciət edərik. Belə olan halda da ağırlaşma müşahidə edilir. Təbii ki, ayın 19-dan hesablasaq, 25-ə qədər altı gün ərzində müəyyən ağırlaşmalar olur. Əgər xəstə bir həftə, 5 gün gecikirsə, bu da ağırlaşmalara səbəb olur. Bu amil də ölüm riskini artıra bilər”.

Həkim bayram ərəfəsində insanların yoluxduğu digər viruslar barədə də danışdı: “Hazırda bizdə koronovirusdan başqa influenca virusu da var. Yəni hazırda əhali əsasən bu iki virusa yoluxur. Koronavirus da artdı, baxmayaraq ki, statistik göstəricilərdə özünü əks etdirmir. Xəstələrin çoxu da ev şəraitində müalicə olunur, xəstəxanaya getmirlər. Yüngül keçirirlər deyə, heç analiz də vermirlər, yoluxanlar az deyil. Amma hər iki virusa yoluxmada səngimə müşahidə edilir. Bu da yaz fəslinə doğru gedirik, havaların qızmasına bağlıdır, həm də istər-istəməz xəstəlik başlayır və pik nöqtəyə çatır, sonra infeksiya düşməyə başlayır. Bizdə də pik nöqtəyə çatdı. Artıq 2-3 aydır ki, bizdə həm influenca, həm də  koronovirus var. İndi insanların yoluxduğu da düşünürəm ki, influencadır. Kimlər ikinci dəfə yoluxursa, əksər vaxtlarda qızdırma olmur. Amma burun axması, boğaz ağrısı, bəlğəmli öskürək, yəni zökəm əlamətləri müşahidə edilirsə, bunlar daha çox influenca əlamətləridir. Hazırda biz digər virus infeksiyalarına rast gəlmirik”.  M.Əliyev əlavə edib ki, kəskin respirator xəstəlikləri adətən mart ayının sonlarınadək müşahidə edilir:  “Fəsli infeksiyalar dekabr ayından başlayır, mart ayının sonunadək davam edir, sönməyə doğru gedir. Artıq havaların istiləşməsi ilə bağlı olaraq yaz-yay aylarında kəskin respirator virus infeksiyaları müşahidə edilmir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər