O, əsl İnsan ömrü yaşadı - FAZIL MURADOV YAŞASAYDI 70 YAŞI OLACAQDI

3917

Fazil Muradov vətənpərvər oğul, istedadlı mühəndis, gözəl insan, sədaqətli dost idi. Yaddaşlarda xoş xatirəsi ilə daim yaşayacaq…

İndi əlamətdar tarixə çevrilmiş bir gündə – 15 iyunda  Qubadlı rayonunun Fərcan kəndində, elin-obanın sayılıb-seçilən kişilərindən olan İsfəndiyar kişinin ailəsində dünyaya gəlmişdi. 1948-ci il idi. İkinci dünya müharibəsinin başa çatmasının üçüncü ilində yenicə rahatlıq tapmağa başlayan kənd camaatı, qohum-qardaş üçün bu, böyük bir sevinc idi. Kəndin bir oğlan uşağı da artmışdı.

Fazil Muradov hələ uşaqlıqdan düşüncəli, sakit, lakin ağayana, ciddi bir oğlan idi. Böyük-kiçiyə hörməti, özünü ləyaqətli, ağır aparması ilə kənd camaatının rəğbətini qazana bilmişdi. Məktəbdə də biliyi-bacarığı, nümunəvi davranışı ilə seçilirdi. 1966-cı ildə Qubadlı şəhərində orta məktəbi bitirərək, uğurla imtahan verib, Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Texniki Universitetin) maşınqayırma fakültəsinə qəbul olunmuşdu. Ailənin yeganə oğlunun bu uğuru təkcə İsfəndiyar kişinin yox, bütün kənd camaatının sevincinə səbəb olmuşdu. Hələ məktəb illərindən mühəndis olmaq arzusu ilə yaşayan Fazil Muradov1971-ci ildə ali məktəbi uğurla bitirərək, təyinatla yenicə yaradılmaqda olan Sumqayıt Kompressorlar zavoduna işə göndərilmişdi. Orada sex mühəndisliyindən başlayaraq, müxtəlif vəzifələrdə çalışmış, istedadı, işgüzarlığı, həm də səmimiyyəti ilə qısa bir vaxtda zavod kollektivinin hörmət və rəğbətini qazana bilmişdi.

Lakin ailə vəziyyəti ilə əlaqədar olaraq 1981-ci ildə doğma Qubadlı rayonuna qayıtmış, oradakı “PMK” deyilən tikinti idarəsində işləmişdi.  4 il orada çalışdıqdan sonra – 1985-ci ildə Sumqayıt Kompressor zavodunun gənc direktoru, bacarıqlı təşkilatçı və tanınmış mühəndis olan, Fazil Muradovu mexanik kimi yüksək dəyərləndirən Məmməd Vəliyev rayona məktub göndərərək, onu yenidən Sumqayıt Kompressor zavoduna işə dəvət etmişdi. Vaxtilə gənc mütəxəssis kimi fəaliyyətə başladığı müəssisədə rəğbətlə qarşılanan Fazil Muradov öz istedadı, əməksevərliyi ilə qısa bir zamanda təsdiq edə bilmişdi ki, müəssisə rəhbəri ona yenidən Qubadlıdan Sumqayıta qayıtmağı əbəs yerə təklif etməmişdi. Tezliklə pillə-pillə ucalaraq zavodun baş mexaniki, sonra da baş mühəndisi təyin edilən Fazil Muradov sexlərin mürəkkəb avadanlıqlarının ahəngdar işləməsi, istehsalın səmərəliliyinin  artırılması üçün gecə-gündüz,  çox gərgin çalışmalı olmuşdu. Onun həmin müəssisədə çalışdığı 13 il ərzində həyata keçirdiyi onlarla səmərələşdirmə təklifi məhsuldarlığın artırılması ilə yanaşı fəhlələrin ağır fiziki işlərdən, xüsusilə qadınların monoton əl əməyindən azad olunması ilə nəticələnmiş, müəssisəyə o dövrün qiymətlərillə 100 min manatdan da artıq gəlir vermişdi. Onun fəhlə əməyinə qiymət verməsi, onların qayğısına qalması Fazil Muradovun özünə çox doğma bildiyi kollektivə,onun hər bir üzvünə olan rəğbətindən, sevgisindən irəli gəlirdi.

Sonralar istedadlı bir mühəndis, bacarıqlı bir təşkilatçı kimi Fazil Muradov Bakıda fəaliyyət göstərən Təmirmaş” Açıq tipli Səhmdar Cəmiyyətinin baş mühəndisi vəzifəsinə təyin edilmişdi.  Daha sonra isə o, Sumqayıt şəhərində fəaliyyətə başlayan Mis emalı zavoduna dəvət almış, iki il orada çalışmış, lakin səhhəti ilə əlaqədar ötən ilin iyununda işdən çıxmalı olmuşdu.

Fazil Muradov 47 illik mühəndislik fəaliyyəti dövründə sənətini-işini ürəkdən sevmiş, yenilikçi, istedadlı səmərələşdirici kimi daim texniki axtarışlar aparmış, öz səmimiyyəti, xeyirxahlığı ilə hamının sevimlisinə çevrilmişdi. O, çətin, gərgin anlarda hər zaman iş yoldaşlarına, dosta-tanışa köməklik etməyə çalışmış, nəinki heç kəsə heç vaxt pislik etməmiş, əksinə – həmişə tanıdıqlarına, ona müraciət edənlərə insanlığından, qəlbinin genişliyindən irəli gələn diqqət və qayğı göstərmişdi. Ürəyindəki ağrılara, problemlərə  baxmayaraq bir gün belə işdən qalmamış, hətta istirahət və bayram günlərində də iş başında – zavodda olmuş, istehsalat proseslərini zəifləməyə, ləngiməyə qoymamış, iş ahənginin pozulmasına yol vrerməmişdi.

Az danışıb, çox iş görməyə üstünlük verən Fazil müəllim işini-sənətini yüksək səviyyədə bilən bacarıqlı bir mütəxəssis kimi işlə əlaqədar dəfələrlə bir sıra xarici ölkələrə – Almaniyaya, Türkiyəyə, İngiltərəyə, Rusiyanın müxtəlif şəhərlərinə ezam edilmiş, zavodun problemlərinin operativ həllinə nail olmuşdu. O, hətta uzun illər  məzuniyyət götürmədən, istirahət-müalicə ocaqlarına getmədən işinə davam edirdi. Dost-tanış irad tutanda isə səmimiyyətlə cavab verirdi ki,  “neyləyim, işimi sevirəm, dostlarla, qohumlarla olmaq mənim üçün əsl istirahətdir”, – deyirdi.

O qədər mehriban və insansevər, həm də narahat adam idi ki, hətta işdən çıxdıqdan sonra da köhnə işçilərdən kimsə rast düşəndə hal-əhvaldan sonra soruşardı ki, “işlədiyimiz dövrdə xətrinə dəyməmişəm ki?”. “Yox, dəyməmisiniz” cavabını eşidəndə çox sevinər, ürəyi açılardı. Mütaliəni çox sevirdi, zəngin kitabxanası vardı. Həm də Azərbaycan musiqisinə bağlı bir adam idi, gözəl tar çalırdı, hərdən zümzümə də ediridi. Muğamları əzbər bilir, ustad xanəndələrimizi dinləməkdən doymurdu.

Fazil müəllimi tanıyanlar təsdiq edə bilər ki, ürəyi ilə bağlı narahatçılığı olsa da, çox nikbin adam idi, hazırcavablığı ilə hərdən xoş zarafatından da qalmırdı.  İstehsalatla bağlı ezamiyyətə gedərkən səfərdə olduğu ölkələr,  həm də xaricdən gələn qonaqlarla bağlı maraqlı söhbətlər edər, fikirlərini xatirələrini şirin bir dillə bölüşərdi. Dostlarını, xaricdən gələn, ürəyinə yatan  bəzi qonaqları evinə dəvət etməyi xoşlayırdı.

Fazil müəllim iki övlad atası idi. Oğlu Zəfər ata davamçısı – mühəndis, qızı Gülarə isə diş həkimidir. Övladları da özü kimi savadlı, cəmiyyətdə öz yerini tapa biləndirlər. Onun dörd istəkli nəvəsi var, ancaq heyf ki, tale ona nəvələri ilə doyunca oynamaq, onları ürəyincə sevib-əzizləmək imkanı vermədi.

Səmimiyyətinə, mehribançılığına, həlim xasiyyətinə görə hamı Fazil müəllimin xətrini çox istəyirdi və təbii ki, dostları çox idi. Ən çox dostluq etdiyi isə orta məktəbdə bir sinifdə oxuduğu, sonralar hüquqşünas olan Kərim Məmmədov idi. Demək olar ki, ömrünün son aylarını onunla oturub-durardı. Hər gün bir-neçə dəfə zəngləşər, Sumqayıtın dənizkənarı parkında, bulvarda və evdə görüşüb, söhbət edər, dərdləşərdilər.

Fazil müəllim hərtərəfli istedadlı, qabiliyyətli adam idi. Hələ 7-ci sinifdən maşın sürməyi, köhnə fotoaparatla şəkillər çəkib-çıxartmağı, müxtəlif musiqi alətlərində – tarda, pianoda, sazda çalmağı bacarırdı və bütün bunlara heç bir dərnəyə, xüsusi kursa, müəllim yanına getmədən nail ola bilmişdi. Sınmış, qırılmış əşyaları, avadanlıqları, onların hissələrini ustalıqla bərpa etməyi, təmir etməyi çox sevirdi. Dözümlü, iradəli adam idi. Xəstəliyini heç vaxt biruzə verməzdi, ah-uf etməkdən heç xoşu gəlməzdi.

2017-ci ilin avqustunda tələbəlik dostu Xürrəmin qəfil ölümü Fazil müəllimə  çox pis təsir etmişdi. Çox fikir eləyirdi və ondan cəmi üç ay sonra özü bu dünya ilə əbədilik vidalaşdı. Bütün varlığı ilə vətənpərvər bir adam olan Fazil müəllimin ürək ağrılarının əsas səbəbi isə doğma yurdu Qubadlının və Azərbaycanın diğər rayonlarının düşmən tərəfindən işğal olunması ilə bağlı idi. Bunu birbaşa dilə gətirməsə də, hər il avqustun 31-də – Qubadlının işğalı günü onun əhvalı çox pis olurdu.

Fazil müəllimi bütün dost-tanış, qohum-əqrəba çox sevirdi. Evin yeganə oğlu olsa da, ərköyün böyüməmişdi. Qubadlının tanınmış şairlərindən olan Sevi Sevdimalıyev ona “Sən böyük Kişinin oğlusan, Fazil” adlı şeir həsr etmişdi.

Şeirdə deyildiyi kimi, o, atasına layiq övlad oldu. Təvazökar, heç kəsin işinə qarışmayan, öz yerini bilən adam idi. Onun ruhu həmişə yanımızda dolaşır, bizə həyan olur. Yaşasaydı, bu gün – iyunun 15-də keçmiş iş yoldaşları, dostları və qohum-əqrəba Fazil müəllimin başına, onun nuruna yığışaraq,  70 illik yubileyini qeyd edəcəkdilər… Təəssüf ki, tale ona bunu qismət etmədi.

Allah rəhmət eləsin!  Onun əziz xatirəsi qəlblərdə daim yaşayacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər