O, Novruzu cırıq-sökük ayaqqabıların arasında keçirəcək

696

“Nə verərsiz, verərsiz və 20 qəpik”

Çəkməçi Fərəc kişi öz qəribə tale yolunu bizə danışır

Günlərin birində təcili olaraq ayaqqabımı təmirə aparası oldum. Yolboyu çəkməçilik dükanı axtararkən, yolun kənarında köhnə bir dərgahın arxasında əyləşmiş ağsaqqal bir kişi ilə rastlaşdım. Yaxınlaşıb ayaqqabımı təmir etmək istədiyimi bildirib, qiyməti soruşdum. O da “nə verərsiz, verərsiz” söylədi. Söhbət elədiyimiz 10-15 dəqiqə müddətində ona yaxınlaşan müştərilərə də, eyni kəlməni söylədiyinin şahidi oldum…

Ayaqqabımı təmir edərkən mənimlə öz keşməkeşli taleyindən, sənətindən danışdı. Onunla söhbətimizin sizin üçün də maraqlı olacağına əminəm. Odur ki, müsahibimlə söhbətimi olduğu kimi yazıram. İlk olaraq özü haqqında danışmasını istədim. O, özünü belə təqdim etdi:

– Mən Məmmədov Yusif  Fərəc oğlu 1963-cü ildə Laçın şəhərində anadan olmuşam. Orta təhsilliyəm, ailəliyəm, üç övladım var.

Orta məktəbi zəif oxuduğumdan hansısa bir sənəti öyrənməyə məcbur oldum. Uşaq vaxtından öz ayaqqabılarımı özüm təmir edərdim, belə-belə məndə bu sənətə qarşı maraq yarandı. Orta məktəbi bitirdikdən sonra çəkməçiliklə məşğul olmağa başladım.

Həyatım keşməkeşli keçib. 18 il Rusiyanın İrkutski vilayətində yaşadım. Şəraitim, qazancım əla idi və işimə görə istədiyim məbləği də verirdilər. Uzun müddət orada yaşadıqdan sonra və öz güzəranımı yaxşılaşdırdığım üçün elə orada qalmağı planlaşdırırdım. Lakin günlərin birində evdən mənə teleqram gəldi. Teleqramda atamın ağır xəstə olduğu qeyd olunmuşdu. Atam son nəfəsində məni yanında görmək istəyirdi. Mən də atamın bu istəyini yerə salmayaraq hər bir şeydən imtina edib Vətənə qayıtdım. Amma qayıdanda hər şeyin tamam fərqli olduğunu gördüm. Sən demə, atam heç də xəstə deyilmiş. Məni çağırmaqlarının əsl səbəbi tamam başqa imiş…

Elə bu zaman bir müştəri yaxınlaşanda söhbətimizi yarımçıq saxlamalı olduq. Cavan bir oğlan ağzında saqqız ona müraciət edərək “ağsaqqal bu ayaqqabını neçəyə təmir edərsiz və nə vaxta hazır olar?”. Çəkməçi eynilə həmin cavabı verəsi oldu: “nə verərsiz, verərsiz, ayaqqabınız da 1 saata hazır olacaq, gəlib götürərsiz…”. Oğlan 20 qəpik uzatdı. Çəkməçi isə başını bulayaraq sakit səslə: “bərəkallah” söylədi və söhbətinə davam etdi.

Sən demə, atam məni evləndirmək üçün çağırıbmış, özü də xalam qızı ilə… Görmədən, sevmədən, atamın sözündən çıxmayaraq məcburiyyət qarşısında evləndim. Lakin indi də xoşbəxt deyiləm.

Qəfildən gözüm gözünə sataşdı. Gözünə nə olması barədə sual verdim. O da sualımı cavabsız qoymayaraq söhbətinə davam etdi:

– Qarabağ müharibəsinin başlanması məni bir Azərbaycan vətəndaşı kimi müharibəyə getməyə sövq etdi. Müharibənin ağır, zülmlü günlərini yaşadım. Günlərin birində qolumdan və gözümdən yaralandım. Burada müalicənin mümkünsüz olduğunu görüb, məni Türkiyənin İstanbul şəhərinə yolladılar. 6 ay oradakı xəstəxanada müalicə aldıqdan sonra vətənə qayıtdım.

– Müharibədən sonrakı taleyiniz necə oldu?

– Müharibədən qayıtdıqdan sonra yenidən öz sənətimə qayıtmaq istədim. Lakin sənətimlə məşğul olmaq üçün balaca bir daxmam yox idi. Mən də buna görə Sumqayıt İcra Hakimiyyətinin Memarlıq Şöbəsinə müraciət etməli oldum. Sənətimlə məşğul olmaq üçün onlardan 3m2-lik torpaq sahəsi istədim. Lakin onların cavabı mənim kimi müharibə əlilinə qəribə gəldi: “Filan qədər pul ödəməlisən, pulsuz torpaq yoxdur”. Onların şərtləri məni qane etmədiyindən, kor-peşman oradan uzaqlaşdım.

Hal-hazırda 25 ildən çoxdur ki, bu sənətlə məşğulam. Şükür Allaha qazancım normaldır. Birtəhər dolanıram, yetər ki, dəyib-dolaşan olmasın…

 Söhbətləşdi: Elmir Ağayev, “168 saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər