“O söz Raqufun ürəyinə yaman dəymişdi…” – Şəhid xanımı ilə QIZ-QIZA

1679

şəhid Raya Orucovanın xatirəsinə

sonsuz sevgi və sayğı ilə…

Ağdamın Çullu kənd qəbiristanlığında gözdən-könüldən uzaq, üstünü ot basmış təzə bir məzar var… Təptəzədir, hələ üstü götürülməyib… Cəmi 26 il öncənin məzarıdır…

…Və artıq bu məzara aparan o gizli cığırı ot basıb… Artıq Raya xanımın məzarı işğal altında olan bütün məzarlar kimi kimsəsizlik taleyi yaşayır – torpağı cadar-cadardır… Nə yağış yuyur o məzarı, nə günəş isidir, nə də meh sığal çəkir…

O torpaqdakı bütün məzarlar kimi… Bütün ölənlər kimi, o da unudulub…

Mənə görə insan ancaq məzarının yolunu ot basanda unudulur…

O məzarın yeganə ziyarətçisi özü artıq bizə başqa bir məzardan boylanır… Amma bu məzar neçə ilin məzarıdır… Düz 3 ildir… Düz 3 ildir polkovnik-leytenant Raquf Orucov məzar daşından bizə “Anam əmanəti, torpaq əmanəti” deyir…

***

Şərif Ağayarın “Komandir” romanını bitirən kimi Sevinc xanıma zəng etdim:

– Görüşək?

– Görüşək!

Səhəri günü üz-üzə oturmuşduq: Mən, komandirin həyat yoldaşı Sevinc Əlizadə və Komandir özü…

Hər ikimiz, hətta fotoqrafımız da Onu yanımızda, hətta masamızda hiss edirdik. Söhbətə də təpədən-dırnağa atasına bənzəyən Nihadla başladıq.

***

– Hələ 7 yaşı olanda Nihada acıqlanan kimi, oturub atasına məktub yazırdı. “Oğlu” deyə bilmirdi, “oğlusu” deyirdi. Məktublar da elə bu sözlə başlayırdı: “Sevimli oğlusundan atasına…”

– Göndərirdi?

– Yox, amma Raquf gələndə verirdim, oxuyurdu. Tapşırırdım ki, özünə bildirmə, utanar…

– Məktublarına hansı reaksiyanı verirdi?

– Çox istəyirdi Nihadı. Hadisədən bir müddət əvvəl zəng eləmişdi… Soruşub ki, “Necəsən, Nihad?” O da cavab verib ki, “nə isə evdə ürəyim sıxılır…” Bu söz Raqufun ürəyinə yaman dəymişdi. Səhəri gün Nihad dərsdən çıxan vaxtda gəlib məktəbin qarşısına ki, ona sürpriz eləsin. Onu deyim ki, Raquf heç vaxt işdən-gücdən vaxt tapıb uşaqların məktəbinin qapısını tanımayıb… Bir də gördüm zəng elədi…

***

– Sevinc, bayaqdan məktəbin qabağında gözləyirəm, Nihad dərsdən çıxmayıb…

– Nihad evdədir, Raquf…

– Həə?

– Hə… Arxa qapıdan çıxırlar…

– Elə istəyirdim hamının içində Nihad görsün ki, atası arxasınca gəlib…

***

Hər ikimiz onun simasında nisgil dolu təbəssümü müşahidə edirik. Başını bulayıb, “Nihadı dərsdən gətirmək qismət olmadı…” deyir…

***

– O vaxtı 9 yaşı var idi, hə?

– Hə… O 9 yaşlı uşaq həmin gecə hamımıza dərs keçdi… Raquf evdə olmayanda həmişə onun yerində yatırdı, deyirdi ki, bu yataqda atamın qoxusu var. O gedən kimi qaçıb gəlirdi, girirdi onun yerinə ki, mən yatıram… Həmin gecə, nə baş verdiyini başa düşəndə də bizim otağa keçib, Raqufun yatağını açıb, girdi onun yerinə ki, mən yatıram… Səssizcə, yorğanı başına çəkib, yatdı… Heç qəbir üstünə də getmədi… Sonra zorla apardım, dedi bir də məni bura gətirmə… Hər sözünün əvvəli də, axırı da “ata” olan uşaq, o gündən o sözü yığışdırdı… Səssiz yeməyini yeyir, sonra da arxasını bizə çevirib, üzü televizora tərəf otururdu… Axırda bir gün üz-üzə oturub dedim ki, “Nihad, ata getdi…” (Ağlayır) “Yox, getməyib!” dedi…

– Hələ də atasının yatağında yatır?

– Hələ də… Döşəyin Raqufdan qalan o çökəyində yatır…

Onun sarsıldığını duyub, söhbəti dəyişir, daha qız-qıza mövzulara keçirik…

– Sizə tam əminliklə deyirəm, mən çox xoşbəxt qadın olmuşam. 2015-ci ilin yeni ili idi. Raquf dedi ki, Sevinc, gəl gedək uşaqlara hədiyyə alaq. Mən də şalvarda, üstdən də yüngül bir “balonka” gödəkçəni geyinəndə təəccüblə baxıb, “Sən evdən çölə belə çıxırsan? Bu nə görkəmdir?” dedi. Elə geyimləri qəbul etmir, qadını qadın kimi görməyi xoşlayırdı. Heç vaxt “bunu niyə aldın” soruşmazdı. Qadını xanım kimi saxlayırdı. İstəyirdi qadını zövqlü geyinsin, baxımlı olsun…

– Bəs özü?

– Özü geyinib keçinməyi heç bacarmırdı. Hər şey alırdım, deyirdi mən özümü ancaq hərbçi geyimində rahat hiss edirəm…

– Kompliment necə, deyirdi?

– Yox, elə işləri yox idi… (Gülür) Hərbçi idi… Ən yaxşı komplimenti adımı düzgün tələffüz etməsi idi. 17 illik ailə həyatımızda adımı nə bir dəfə “Seva” elədi, nə “ay qız”, nə “arvad”. Kimsə də “Seva” deyəndə acığına gəlirdi, “Sevinc deyin” deyirdi… Kimin yanında olur, olsun, mənə adımla müraciət edirdi.

– Bəs siz?

– Həmişə “Əzizim” dedim, başqa bir söz demədim… “Əzizim, nə yeyirsən?” Onun üçün xörək bişirməyi sevirdim… Hərdən başqa qadınlara baxıb düşünürəm ki, bəlkə də onlar mənim yaşadığım qadın səadətinin heç bir faizini yaşamayıblar. Raqufla keçən həyat bir ömrə yetən xoşbəxtlik idi. Birlikdə kasıblıq da görmüşük, nəyinsə çatmadığı vaxtlar da olub, amma qadın olmuşam… Ən xoşbəxt günlərimi Raqufla yaşamışam… Murovda çox əziyyət çəkmişik. Təsəvvür edin ki, kirayə qaldığımız evin heç bir şəraiti yox idi, odun sobası ilə uşaq saxlayırdım, Toğana kəndində transformator yanmışdı, aylarla işıq olmadı, informasiya nədir bilmirdim… Amma xoşbəxt idim! O dağın başında evim isti idi, işıqlı idi! Raquf öz varlığı ilə hər şeyi əvəz edə bilirdi… İndi evdə hər şəraitimiz var, ancaq ev bumbuzdur… Raqufun hərarəti yoxdur…

Sevinc xanımın bu sözlərindən Onun da titrədiyini duyub, komandirin sevdiyi mövzuya üz tuturam:

– Əməliyyata gedəndə öncədən bilirdiniz?

– Heç vaxt! Qəfil gəlib tələm-tələsik yığışıb, gedirdi…

– Ümumiyyətlə, kəşfiyyata getdiyini bilirdiniz, yoxsa sadəcə ön cəbhədə döyüşdüyünü düşünürdünüz?

– Evə gəlməyəndə bilirdim ki, düşmənin arxa tərəfinə keçib.

– “Səfər” nə qədər çəkirdi?

– Murovda olanda bir dəfə 5 gün evə gəlmədi. Dostu bizə baş çəkməyə gələndə dedim “axı 5 gün oldu, qayıtmadı…” Dedi ki, “narahat olma, qayıdacaq…”

– Qayıdanda ruh halında nə isə dəyişiklik olurdu?

– Evdə heç vaxt bildirməzdi.

– Anasının məzarını ziyarət etməsi barədə də heç nə deməmişdi?

– Qətiyyən! Ancaq ömrünün sonlarına yaxın bir dəfə bu barədə danışmışdıq…

***

– İnanmıram ki, sən olasan, ananın məzarını ziyarət etməyə getməyəsən…

– Nə bilirsən getməmişəm?!

Komandirin gözlənilməz cavabı qarşısında təlaşla ona tərəf çevrilən Sevincə dillənməyə aman verməmişdi:

– İşinlə məşğul ol!

***

– Sərt adam idi, elə söz deyirdi ki… “İşinlə məşğul ol, bozbaşını bişir…” Ağdamda Seyid Lazım Ağa ziyarətgahı var…

– Çəmənli kəndində…

– Hə… Özünü pis hiss edən kimi ora gedərdi. Mənə də deyərdi ki, ora qəşəng yerdir, orada ruhum dincəlir. Oranın axundu ilə də dost idi… Sonradan mən uşaqlarla ora gedəndə həmin axund dedi ki, “sizə bir sözüm var. Raquf gedib anasını ziyarət edib, gəlmişdi. Həmişə gələndə deyirdim bir dəfə anana Yasin oxutdur. Cavab verirdi ki, mən necə oğulam, anamın məzarını ziyarət etməyib, ona Yasin oxutdurum? Bir səhər tezdən gördüm gəlir… Dedi ki, indi anama Yasin oxuya bilərsən…”

– Uşaqlarla bağlı hansı planları qururdu?

– Ancaq oxumaq! Aqşin o qədər oxuyurdu ki, ona gah alim deyirdi, gah da professor… O qədər 18 yaşlı əsgərlərlə işləmişdi ki, uşağı baxışından duyurdu. Hər gedəndə tapşırırdı ki, Aqşinin üstündə gözün olsun. Nihad üçün isə deyirdi ki, ondan narahat olma, o özünü qurtaracaq. Düz də deyirdi… İndi hərdən baxıram ki, uşaq olasan, özünə bu qədər əziyyət verəsən? 4-cü sinfi bitirəndə atasının dostları, sağ olsunlar, Nihadı Azərbaycan bölməsindən ingilis bölməsinə keçirdilər. Məəttəl qaldıq, ingiliscə bir söz də bilməyən uşaq bir ayın içində o biri uşaqların səviyyəsinə çatdı… Qarışqa kimi zəhmətkeşdir… Özünün özünə qoyduğu qadağaları var.

Bütün bunları dinlədikcə Komandirin sinəsinin fəxarətlə qabardığını hiss edib, Nihad barədə söhbəti davam etdiririk:

– Məsələn?

– Oyun oynamaq olmaz! Arada əmisi deyir ki, anan görmür, aç… Deyir, yox, olmaz! Yeməyə qarşı da elədir, qəti nəfsi yoxdur, kimsə ilə bəhs etmir. Atasının planşetini işlədir. Görürəm ki, sırf atasının olduğu üçün onu işlətmək istəyir. Bir dəfə bu planşeti özü ilə dərsə aparıb, sinifdə də hamı imkanlı uşaqlardır, köhnə model olduğu üçün lağ eləyiblər… Deyib ki, “siz heç bilirsiniz o kimindir? Siz bilməzsiniz bu nədir!”

– Və 3 ildir ki, heç nə soruşmur?

– Soruşmur… Bir dəfə də olsun dilinə gətirməz… Heç başını qaldırıb onun şəklinə də tamaşa etmir… Bir dəfə bir jurnalistə demişdi ki, “Mən yaxşı yaşamağa çalışıram ki, onunla cənnətdə görüşüm…”

– Uşaqlar “Komandir” romanını oxuyublar?

– Aqşin oxuyub, Nihada göstərə bilmərəm… Bir dəfə gəldi ki, Azərbaycan dili dərsindən “Ölməz qəhrəmanlar” mövzusunda inşa yazmağı tapşırıblar, gəl, internetdən bir inşa tapaq, yazıb aparım… Baxmayaraq ki, ingilis dilində qəşəng esselər yazır… Olmaz, sən öz atan haqqında yaz, dedim, cavab verdi ki, mən yazmayım, sən yaz… Yazdığımı da bəyənmədi… Sonra bildim ki, gedib sinifdə yazıb, təhvil verib. Yüksək qiymət almışdı, amma nə yazdığını bizə göstərmədi… Müəllimlərin sevimlisidir, çox intizamlıdır…

Komandirin üzündəki təbəssümü, gözlərindəki işığı duyuruq…

– Komandir oğlu olduğu bəlli olur…

– Bəli. Biz indi də Raqufun qaydaları ilə yaşayırıq. Hərdən deyirlər “uşaqlar çox tərbiyəlidir”, “Ataları tərbiyə verib, gedib” deyirəm… Bizim aramızda çox dərin sevgi və hörmət olub, uşaqlar da bunu görüblər… Heç yadımdan çıxmaz, bir dəfə Ağdamda kənddə oturub, söhbət edirdik. Aqşin məndən çay istədi, Raquf “get çayını özün süz, iç. Görmürsən biz söhbət edirik?” dedi. Bununla izah elədi ki, sən ananı buyura bilməzsən…

– Uşaqlarla birlikdə necə vaxt keçirirdi?

– Birlikdə döyüş filmlərinə baxardılar. Raquf ən çox rusların xüsusi təyinatlıları ilə bağlı filmlərə baxmağı sevərdi… Bir də… “Çinar ağacı” adlı bir türk filmi var, övladları analarını atır… Kənddə ona işıqları söndürüb baxırdıq. Hiss edirdim ki, sonda ana öləndə Raquf sakitcə ağlayır… Bəlli etmirdim ki, sıxılmasın… Həmişə deyirdi ki, anam çox əziyyət çəkdi…

– Əşyalarını saxlayırsınız?

– Dünyasını dəyişən insanın əşyalarını saxlamazlar, deyə bir adət var, amma mən bu adətə əməl etmədim. Raquf Quzanlıda xudmani bir ev tikmişdi, “Sevinc, sən özün bilərsən, mən qocalıb təqaüdə çıxanda buraya köçəcəyəm”, deyirdi. Nə həvəslə ağaclar əkmişdi… Yarımçıq qaldı… Qardaşları kömək etdi, həyət-bacanı düzəldib, ondan qalan bütün əşyaları da aparıb yığdım ora… Hər il o həyətdə Raqufa ehsan verirəm. Vaxtım olan kimi də gedirəm ora, qoy işığı yansın deyirəm. Balaca bir evdir… Onun dünya malında heç vaxt gözü olmayıb, bizi də elə öyrədib. Düşünürəm ki, nə yaxşı belə edib, yoxsa indi bizə çətin olardı… Uşaqlar heç nə tələb etmir, məni yormurlar. Nə yarada bilirəmsə, onunla kifayətlənirlər…

– Nihad hansı sahəyə maraq göstərir?

– Hərb! İşi-gücü əsgər kolleksiyası toplamaqdır. Oyuncaq əsgərin bir ayağının qırılması onun üçün faciədir. Başlayır onu necəsə bərpa etməyə. Siz onun dolabını görəsiniz! Hospital! Ayağı qopan “əsgərləri” uzadıb, başlarının da altına pambıqdan yastıq düzəldib… Əsəbiləşirəm, “əşyalara bu qədər önəm vermək olmaz” deyirəm, cavab verir ki, onlar əşya deyil, əsgərlərdilər…

– Atasının oğlu! Təpədən-dırnağa əsgər sevgisiylə dolu!

– Eynən! Səngər düzəldir, hücum əmri verir… Körpəlikdən belədir, Raquf gələndə buna öyrədirdi ki, bax, hücum belə olur… Bu da döyüşlə bağlı suallar verirdi…

– Aqşin də soruşurdu?

– Yox, onun həvəsi olmayıb… Aqşin ancaq oxuyurdu. Atası da həmişə onunla zarafat edirdi ki, doğrudan oxuyursan, yoxsa mən evə gələndə gözünü kitaba zilləyirsən? Sonra da mənə deyirdi ki, Aqşin universitetə girməsə, mənə cavab verməli olacaq! Sən onun təhsilinə görə məni kənddə qoyub, qaçıb gəlirsən bura… Nigaran idim ki, nəzarətsiz buraxsam, oxumaz… Raqufdan həmişə arxayın olmuşam, həmişə ən ağır səfərlərdən sağ-salamat qayıdıb, necə ola bilər ki, o gəlməsin? Heç ağlıma da gəlməzdi…

…Və Sevinc xanım bayaqdan ilk dəfə mənə tərəf əyilib, pıçıldayır… Bu dediklərini Komandirin eşitməsini istəmir…

– Bilirsiniz, mən çox arxayın qadın olmuşam. Hər şəraitdə bilmişəm ki, o var! Lap uzaqda da olanda, bilirdim ki, hər axşam saat 10 tamamda “Skype” ilə zəng edəcək, nəsə problem varsa, bir kəlmə ilə çıxış yolunu göstərəcək… İndi isə söykəndiyim insan yoxdur. Arxasızam… Raquf mənim üçün həm dost idi, həm qardaş idi, həm də yoldaş… Mən onların hamısını birdən itirdim… İndi evim də, həyatım da səssizdir…

Mən də pıçıldayıram:

– Sonuncu dəfə… onu… gördünüz…?

– İnanmırdım… açdırdım… “Mən baxmalıyam”, dedim… Bir təskinliyim odur ki, döyüş meydanından dərhal çıxartmışdılar… Ermənilər toxunmamışdı… Üzündə nur var idi… Sanki yatmışdı… Yalnız üzünə baxa bildim, hazır gətirmişdilər…

– Adı Azərbaycanın hərb tarixinə əfsanə kimi keçən bir Komandirlə ömür yaşadınız. Nə öyrəndiniz ondan?

– Əvvəl çətinliklərimiz çox oldu, çılğın reaksiyalarımın üstündə danlaqlar eşidirdim. Məni tərbiyə edib, özünə oxşatdı. Öyrəndim… hələ də öyrənirəm… Onun yoxluğundan da öyrənirəm… Öyrənirəm ki, bu həyatda ən böyük sərvət sevgi qazanmaq imiş. Raquf ömrü boyu ancaq ona yatırım edib. Tanımadığım insanları dinləyəndə, onun haqqında yazılan şərhlərə oxuyanda heyrətə gəlirəm ki, ilahi, Raqufu necə sevirlər…

…Ətrafa baxdıq… İkimiz idik. Komandir bizi baş-başa qoyub uzaqlara getmişdi…

Lap uzaqlarda təptəzə bir məzar onun yolunu gözləyirdi… Çullu kəndindəki sonuncu məzar bilirdi ki, bu gün, iyunun 12-də yeganə ziyarətçisi mütləq gələcək… Onun gəlişi məzardakı bir ovuc torpağı yağış olub yuyacaq, günəş olub qızdıracaq, meh olub sığallayacaq…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər