“O xəstəlik uşağı öldürə bilər, mütləq peyvənd etdirin”

1543

Son günlər Kiyevdə qızılca epidemiyasının yayılması haqda xəbərlər yayılır. Qeyd olunur ki, Ukraynada epidemiyanın yaranma səbəbi qızılca peyvəndi vurulmuş insanların cəmiyyətdəki nisbətinin kritik həddən aşağı düşməsidir. Həkim Roman Orkodoşvili Kiyevdə qızılca peyvəndi vurulmuş uşaqların nisbətinin 30% olduğunu açıqlayıb. O vurğulayır ki, Azərbaycanda da vəziyyət belədir.

Ümumdünya Səhiyyə Təşkilatı isə bildirir ki, qızılcadan ildə ortalama 150 min insan vəfat edir. Bunların əksəriyyəti 5 yaşına qədər olan uşaqlardır. Statistikaya görə, qızılca xəstəliyinə tutulmuş beş yaşına qədər hər 10 uşaqdan biri itiriləcək.

Bəs görəsən iddia edilən bu məsələ nə dərəcədə reallığa uyğundur? Ölkəmizdə valideynlər qızılcaya qarşı peyvənd etdirməyə niyə biganə yanaşır? Qızılcanın əlamətləri nələrdir və ondan necə qorunmaq olar?

Hava damcı yolu ilə yoluxur

Milli.Az bildirir ki, mövzu ilə bağlı ailem.az-ın suallarını cavablandıran pediatr Vaqif Qarayev məlumat verir ki, qızılca hava damcı yolu ilə yoluxan kəskin virus infeksiyasıdır. Qızdırma, intoksikasiya, səpkilərlə xarakterizə olunur. Lakin xəstəlik gedişatına görə başqa səpkili infeksiyalardan fərqlənir. Klassik gedişdə səpkilər mərhələlərlə olur. Birinci gün üzdə, boyunda, ikinci gün bədəndə, üçüncü gün ətraflarda, əldə, ayaqda müşahidə edilir. Əsasən ləkəli səpkilər görmək mümkündür. Səpkilər dövründə uşağın vəziyyəti ağırlaşır, qızdırma daha da yüksəlir, öskürək kəskinləşir, tutma şəkilli olur, gözlər qızarır, işıqdan qorxma yaranır. Uşaq işığa baxa bilmir.

Qızılcanın ağırlaşmaları çox təhlükəlidir

V. Qarayevin sözlərinə görə, qızılcanın ilk mərhələsində səpkilər olmur, xəstəlik soyuqdəymə kimi başlayır. Lakin səpki dövründə xəstənin vəziyyəti ağırlaşır. Qızılcanın ağırlaşmaları isə çox təhlükəlidir. Fəsadları hətta ölümlə də nəticələnə bilər: “Səpkiləri öskürək müşayiət edir. Öskürək uşağı boğur. Hətta qısa müddətdə uşağın həyatına son da qoya bilər. Buna qızılca pnevmoniyası (ağciyərin iltihabı) deyirlər. El arasında sətəlcəm adlanır. Sətəlcəm isə müalicəyə çox çətin tabe olan xəstəlikdir. Qızılcada ölüm halları kifayət qədərdir. Qızılca meningitə də səbəbə olur, mərkəzi sinir sistemini zədələyir. Otit (qulaq iltihabı), ensefalit (beyin iltihabı), korluq təhlükəsi ola bilər. Qızılca ağırlaşmasız keçirsə, o qədər də təhlükəli deyil, amma ağırlaşmalar olduqda həddən artıq təhlükəlidir”.

Mütləq xəstəxanada müalicə almaq lazımdır

Qızılca virusu bir insandan digərinə hava-damcı yolu ilə keçir. Virus çox sürətlə böyük məsafələrə yayıla bilir. Sağlam uşaq səpkili bir xəstə ilə ünsiyyətdə olubsa, mütləq həkimə müraciət edilməlidir. Çünki artıq onda da qızılca başlayır: “Qızılca diaqnozunu ancaq həkim qoya bilər. Sağalana qədər uşaq həkim nəzarəti altında olmalıdır. Ağırlaşma olmayanda xəstəxanaya qoymağa ehtiyac yoxdur. Lakin ağırlaşma yarandıqda mütləq xəstəxanada müalicə olunmalıdır. Yəni bütün hallarda həkimə müraciət etmək ona görə mütləqdir ki, ağırlaşmalar uşağın həyatına son qoymasın”.

Qızılca olanda qoçun başına qırmızı bağlayır, qurban kəsirdilər…

Keçmiş zamanlarda qızılca xəstəsinin yatağını tamamilə qırmızıya bürüyür, otaqlarda qırmızı pərdə asarmışlar. Bunu dini baxımdan izah edərdilər. Lakin həkim bunun tibbi izahının da olduğunu qeyd edir: “Qırmızı rəng işığın birbaşa uşağın gözünə düşməsinin qarşısını alır. Hətta qədimdə qızılcanı allahın lütfü kimi qəbul edirdilər. Uşaq qızılca olanda qoçun başına qırmızı bağlayırdılar, qurban kəsirdilər. Bu xəstəliyin müalicəsi üçün heç bir tədbir görülməzdi ki, öz-özünə keçib gedəcək. Guya allah lütf gətirib. Amma nəticədə xəstəlik yüz minlərlə insanın həyatına son qoyurdu. İndi də bəzi yaşlı insanlar qızılca xəstəsinə iynə-dərman müalicəsi etməyə qoymurlar. Təəssüf ki, bunu allahın göndərdiyi lütf kimi qəbul edənlər hələ də var”.

Qızılca epidemiyasına qarşı peyvənd mütləqdir

Mütəxəssis qızılca tutan və yoluxma təhlükəsi olan uşaqların ətrafdan təcrid olunmasını tapşırır. Uşaq mümkün qədər insanlarla az ünsiyyətdə olmalı, evdə qalmalıdır. Məktəb və bağçaya getməməlidir: “Qızılca olan uşaq kollektiv arasına çıxa bilməz. Hətta əgər xəstələrin sayı çoxdursa, həmin uşaq müəssisəsi bağlanmalıdır”.

Həkim bu xəstəlikdə peyvəndin mütləq olduğunu vurğulayır. Valideynlər peyvənd təqviminə əsaslanaraq, buna biganə yanaşmamalıdırlar: “Nə qədər də desələr ki, peyvəndin əks təsirləri, ağırlaşması var, tərəziyə qoysaq, qızılca peyvəndinin pis təsiri heç vaxt ölümə aparmır və apara da bilməz. Qızılca epidemiyası tarixdə 100 minlərlə insanın həyatına son qoyub. Peyvənd çıxdıqdan sonra vəziyyət daha stabilləşib. Heç bir arqumentə dayanmadan peyvənd olmaz deyən böyük bir qrup yaranıb. Amma fakt budur ki, peyvənddən kənarda qalanların hamısı xəstələnir və körpə yaşlı uşaqlar ölür. Kim peyvənd elətdirmirsə, məsuliyyəti öz boynunadır. Buna göy öskürək də əlavə olunub. Mən peyvənd olunan bir uşaqda belə göy öskürək görməmişəm. Soruşuram ki, niyə peyvənd etməmisiniz? Ağlayır və izah edə bilmir ki, niyə peyvənd etdirməyib. Amma deyir ki, kömək edin uşağa. Belə vəziyyət yaranır. Xüsusilə Rusiyada yayılıb ki, uşaqları peyvənd elətdirməyin. Bir daha deyirəm, xəstəlik ağırlaşma ilə getdikdə uşağı öldürür. Bu mənada uşaq bir yaş 2 aylıq olanda mütləq qızılcaya qarşı peyvənd olunmalıdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər