Oğlunu öldürüb gəlini ilə eşq yaşayan ata — Azərbaycanda iyrənc cinayət

2165

Oğlunu öldürən ata və gəlin cəzalarının azaldılması üçün Ali Məhkəməyə müraciət ediblər.

“ölkə.az” xəbər verir ki, CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 326.1-ci (rəsmi sənədləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə) maddəlləri ilə məhkum olunan 1936-cı il təvəllüdlü Quba rayon sakini Həsrət Əliyev və gəlini Yeganə Ərəbova 1970-ci il təvəllüdlü Elman Əliyevin ölümündə təqsirli biliniblər.

Belə ki, 2015-ci il mayın 14-də hadisə yerinə baxış zamanı Quba rayonunun Hacıqayıb kəndində Həsrət Əliyevə məxsus 2 mərtəbəli fərdi evin arxa tərəfində yerləşən və istifadə olunmayan ayaqyolunun çalasının qazıntısı zamanı, torpaq altından, kürək hissədən üzü aşağı, iki hissəyə cırılmış uzunqol köynək, corab, əski, torbaya bükülmüş və iplə sarınmış vəziyyətdə insan skeleti aşkarlanıb.

Məhkəmə-genetik ekspertizasının nəticəsindən görünüb ki, hadisə yerindən götürülmüş diş nümunələri Həsrət Əliyev və Minafər Əliyevanın kişi cinsindən olan bioloji övladına məxsusdur.

Tibbi ekspertizanın rəyinə görə, təqdim olunan sümüklər 25-35 yaş hüdudlarında olan insana məxsusdur. Sümüklərdəki dəyişikliklərə görə, onların basdırılma müddəti 10-15 il əvvəlki vaxta uyğun gəlib.

Kəllədəki sümüklərin sınıqları küt əşyanın təsirindən əmələ gəlib, mərhuma ən azı 5 zərbə endirilib, xəsarətlər baltanın küt hissəsi, yaxud da cəkiclə yetirilib. Ölümünə başın küt travması nəticəsində beyin toxumasına qansızma səbəb olub.

İbtidai araşdırma zamanı məlum olub ki, Həsrət Əliyev 2001-ci il sentyabrın 20-də Quba RPŞ-yə ərizə ilə müraciət edərək, 1970-ci il təvəllüdlü oğlu Elman Əliyevin ayın 19-dan evdən xəbərsiz RF-ə getməsi və hal-hazıra kimi ondan bir xəbər olmamasını bildirib.

Mayın 29-da cinayətin törədilməsində şübhəli bilinən mərhumun arvadı Yeganə Ərəbova, səhərisi gün isə atası Həsrət Əliyev saxlanılaraq, dindiriliblər.

Toplanmış sübutlardan görünüb ki, cinayət hadisəsi üstündən 13 il 8 aydan artıq müddət keçdikdən sonra açılıb. Bu müddət ərzində mərhum Elman Əliyevin qohumları və həmkəndliləri onun Rusiyaya getdiyini və ailə üzvləri ilə əlaqə saxlamadığını zənn ediblər.

İstintaqla müəyyən edilib ki, Həsrət Əliyev arvadı Minafər, oğlu Elman, gəlini Yeganə Ərəbova və azyaşlı nəvəsi Ravidlə birlikdə Hacıqayıb kəndində yaşayıblar. 2001-ci ilin iyul ayından etbarən, gəlinindən qadın kimi xoşu gəldiyinə görə, ona olan intim hisslərini nümayiş etdirib.

Oğlu Elman onun bu davranışından, hamilə vəziyyətdə olan Yeganəyə əxlaqsız niyyətlə yanaşmasından şübhələnərək, sonuncudan atasına qulluq göstərməməyi, onunla təklikdə qalmamağı tələb edib və evdə ailə başçısı kimi nüfuz sahibi olan Həsrət Əliyevə kobud cavablar qaytarmaqla, habelə apardıqları ümumi təsərrüfat işləri üzrə verdiyi tapşırıqlarının icrasından imtina edib.

Bu müddətdə arvadı ilə də münasibəti pisləşib, iş o yerə çatıb ki, Elman Yeganəni evdən qovmaq istəyib.

Özünə yaxın bildiyi Ərəbovanın çıxıb gedəcəyi təqdirdə, onunla yaxın münasibət yarada bilməyəcəyi qənaətinə gələn, həmçinin övlad kimi Elmanın ona hörmətsizlik etməsindən əsəbləşən Həsrət Əliyev 2001-ci il sentyabrın 18-də gəlininə olan hisslərini bir daha açıqlayaraq, onunla birlikdə yaşamağı təklif edib, Yeganə və uşaqlarına himayədarlıq edəcəyini və əmlakını onun üçün saxlayacağını vəd edib.

O, oğlunu öldürmə niyyətində olduğunu, Elmanı öldürdükdən sonra onun Rusiyaya getməsi barədə yalan məlumat yaymaqla, geyim paltarlarını və adına olan rəsmi sənədləri yandırıb, məhv edilməsi barədə Ərəbova ilə razılığa gəlib.

Sentyabrın 19-da digər ailə üzvləri evdə olmadığı zaman Elman Əliyevi öldürmək qərarına gəliblər. Bu məqsədlə Həsrət Əliyev saat 24 radələrində evin həyətində olan baltanı əlinə alıb, arxasında gizlədərək yaşadıqları evin 1-ci mərtəbəsinə daxil olub və oğlunu səsləyib.

Elman 2-ci mərtəbədən aşağı endikdə, o, ailələrinə məxsus alma bağına nəzarət etmək üçün ora getməyi tapşırıb, lakin sonuncu atasının tapşırığına növbəti dəfə əməl etməyərək, gecə vaxtı bağa getməkdən imtina edib.

Elman sözünü deyib, dönüb oradan uzaqlaşarkən Həsrət Əliyev arxasında gizlətdiyi baltanın küt hissəsi ilə onun ənsə və gicgah nahiyələrindən ardıcıl zərbələr vuraraq, sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib.

Elman Əliyev üzü üstə yerə yıxıldıqdan sonra balta ilə onun kürəyindən də zərbələr endirib. Sonra oğlunu arxası üstə çevirən ata cəkiclə onun qabırğalarına bir neçə zərbə vurub.

Törətdiyi cinayətin izini gizlətmək məqsədi ilə, aralarında olan razılığa əsasən, Yeganə ərinin əynindəki paltarları çıxardaraq meyidi bükmək üçün mələfə gətirib.

Paltarları, ayaqqabılarını və pasportunu həyətdə ocaq qalayıb, yandırmaqla qəsdən məhv edib. Həsrət Əliyev baltanın kəsici hissəsi ilə mərhumun boğaz nahiyəsindən başın bədəndən ayrılmasına səbəb olan zərbə endirib.

Daha sonra onlar meyidi ağ mələfəyə bükərək, üstünü sintetik materialdan olan iplərlə bağlayıblar və köməkləşib, birgə cəsədi evin arxasına aparıblar. Orada onu ayaqyolunun çalasına atıb, üstünü torpaq və ağac parçaları ilə doldurmaqla, Elman Əliyevi qəsdən öldürüblər.

Məhkəmə prosesində təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər.

Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Həsrət Əliyev 14, Yeganə Ərəbova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Hökmdən məhkum H.Əliyev barəsində bəraət xahişi ilə apellyasiya şikayəti verib.

Sumqayıt Apellyasiya məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər