Oktyabrın 1-dək bir doza ilə də restoran və mollara getmək olar

682

Sentyabrın 1-dən etibarən iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə giriş üçün vətəndaşlardan mütləq qaydada COVID-19 pasportu tələb olunur. Oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə ictimai iaşə obyektlərinə daxil ola biləcəklər.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən etibarən isə yalnız hər iki vaksin dozasını qəbul etmiş şəxslər iri ticarət mərkəzlərinin, mehmanxanaların, kafelərin, restoranların və digər ictimai iaşə obyektlərinin xidmətlərindən yararlana biləcəklər.

Şahmar Mövsümov, həmçinin qeyd edib ki, açıq havada fəaliyyət göstərən restoran və kafelərə giriş üçün vətəndaşlardan COVID pasportu və ya immunitet sertifikatı tələb edilmir. İctimai nəqliyyatda isə COVID-19 pasportu ilə bağlı hansısa məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maskadan istifadə etmək tələb olunur.

Xatırladaq ki, daha əvvəl DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, qeyd olunan xidmətlərdən yalnız iki doza vaksinasiyadan keçmiş pasportla təmin olunan şəxslər istifadə edə bilərlər: “İctimai iaşə müəssisələrində, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız iki doza vaksinasiyadan keçmiş pasportla təmin olunan şəxslər istifadə edə bilərlər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər