Öldürücü virusun Azərbaycanda yayılma təhlükəsi var – baş infeksionistdən xəbərdarlıq

1922

Profilaktik tədbirlərdən danışan həkim: “Koronovirus ”donuz qripi”ndən də təhlükəlidir, fevral ayında daha geniş əhatədə yayıla bilər…”

Çində koronovirusa yoluxanların və ölənlərin sayında hər gün artım olur. Artıq Çin dövləti ciddi addımlar atmağa məcbur qalıb. Belə ki, ölkə rəhbərliyi yeni koronovirusun episentri olaraq qəbul edilən 11 milyon insanın yaşadığı Uhan şəhərinə giriş-çıxışı bağlayıb.

Ölkə səhiyyə sisteminin rəsmiləri ehtiyat edir ki, şənbə günü Çində Yeni ilin başlaması və bir həftə davam edəcək bayram günləri ilə bağlı bu virusa yoluxanların sayı kəskin şəkildə arta bilər. Çünki Yeni illə əlaqədar yüz milyonlarla çinli xaricdən və ölkə daxilindən öz doğulduğu şəhərlərə geri qayıdacaq.

Uhanın yerli rəhbərliyi bəyan edib ki, cümə axşamı yerli vaxtla saat 10:00-dan etibarən şəhərin bütün ictimai nəqliyyatı və bu şəhərdən həyata keçirilən aviareyslər dayandırılır. Şəhər polisi ölkənin aparıcı şoselərində patrul nəzarəti həyata keçirir. Hələlik şəhər rəhbərliyinin qərarı şəxsi avtomobillərə şamil olunmur. Bundan əlavə, şəhərdəki yanacaqdoldurma məntəqələrində böyük növbələr yaranıb. Rəhbərlik xüsusi ehtiyac olmadan əhalini şəhəri tərk etməməyə çağırır. Hesab olunur ki, virusun yeni ştampı ötən ilin sonunda Çinin Uhan şəhərinin mərkəzi bazarında qanunsuz vəhşi heyvan ticarəti nəticəsində yaranıb. Son məlumatlara görə, Çində koronovirusun yayılması nəticəsində 17 nəfər ölüb, 600-ə yaxın şəxs isə bu xəstəliyə yoluxub.

Картинки по запросу coronavirus

Azərbaycana da çinlilər turist və ya iş üçün gəlirlər. Eləcə də Çindən mal gətirmək üçün xeyli sayda vətəndaşımız bu ölkəyə səfər edirlər. Bakıdan Pekinə birbaşa uçuş da mövcuddur. Məsələn, bu ilin mart ayı üçün Pekinə uçuş var. Birtərəfli qiymət 511 manatdır. Pekindən başqa Urumçiyə uçmaq mümkündür. Çindən Bakıya həftə ərzində 2 reys AZAL və 2 reys “China Southern” aviaşirkəti tərəfindən olmaqla, ümumilikdə 4 reys yerinə yetirilir.

Həkimlər bildirirlər ki, bu ölkələrə səfər edənlər xüsusi diqqətli olmalı, özlərində halsızlıq hiss etməsələr belə, yoxlamadan keçməlidirlər. Ekspertlər hesab edirlər ki, Azərbaycan sərhədində də məsələ ilə bağlı yoxlamalar gücləndirilməlidir. Çünki hazırda bir neçə qonşumuzda həm də “Donuz qripi” yayılıb.

Son məlumatlara görə, Gürcüstanda iki nəfərin bu virusdan öldüyü bildirilir. İranda isə artıq bu virusdan 114 nəfərin ölməsi ilə bağlı rəsmi məlumat yayılıb. Bədnam qonşumuz Ermənistanda da yanvarın 11-dək qrip virusu diaqnozu ilə 668 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri ölüb.

Dövlət Gömrük Komitəsindən “Yeni Müsavat”a bildirilib ki, Azərbaycanda gömrük-sərhəd buraxılış məntəqələrində insan bədəninin hərarəti yoxlanılır. İnsanlar üçün qlobal təhlükə törədən yoluxucu xəstəliklər, xüsusilə son günlər Çində naməlum etimologiyalı sətəlcəm xəstəliyinin aşkar edilməsi ilə əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq işlər aparılır.

Öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simtomplarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir. Yoxlanış zamanı xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsinə lazımi şərait yaradılıb.

“Regionda hansısa virus təhlükəsi varsa, Azərbaycan da istisna deyil. Bu baxımdan, Çində yayılan ”Korona” virusunun Azərbaycanda yayılma təhlükəsi var”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

O qeyd edib ki, Çinlə olan iqtisadi əlaqələr fonunda təhlükə riski mövcuddur: “Bizim Çinlə gediş-gəlişimiz çox olur – həm turistik, həm də ticarət məqsədilə. Əgər kimsə Çinə gedib, xəstələrlə təmasda olarsa, yoluxa bilər. Amma xəstələrlə təmas da, hər zaman yoluxmaya səbəb olmur. Bunun üçün sıx təmas lazımdır”.

Həkim virus təhlükəsi səbəbindən Çinlə iqtisadi əlaqələrə müvəqqəti məhdudiyyət qoyulmasının tərəfdarı deyil: “Dünya bir-biri ilə əlaqədədir. Buna görə də sadəcə, şəxsi gigiyena qaydalarına riayət edilməlidir. İnsanların yediyi qidaların texniki işlənməsinə nəzarət olmalıdır. Təmizlik mütləqdir, əllər tez-tez yuyulmalıdır. Çünki bu viruslar dezinfeksiyaedicilərə qarşı çox həssasdır”.

Картинки по запросу Cəlal İsayev

Cəlal İsayev

Baş infeksionistin sözlərinə görə, koronovirus iki yolla yoluxur: “Hava-damcı yolu ilə və fekal-oral mexanizmi, yəni ərzaq məhsulları, əl-ayağımızın toxunması ilə yoluxa bilər. Hava-damcı yolu ilə yoluxanda tənəffüs yolları xəsətliklərinə, xüsusilə ağciyər çatışmazlığına səbəb olur ki, bu da ölümlə nəticələnir”.

C.İsayev “virusun əlacı yoxdur” fikirlərinə də münasibət bildirib: “Çində 1300-dən yuxarı adam bu virusla xəstələnib, cəmi 9 nəfər ölüb. Bu virusa yoluxan hamı ölmür. Koronavirusun 37 növü var, onun bir çox növləri çox yüngül xəstəliklər törədir və dünyada kəskin respirator virusların 4-9 faizi onun payına düşür. İndi böyük ajiotaj yaradan virusu ”2019-cu ilin Korona virusu” adlandırıblar. Bu, virusun ağır gedişlə müşahidə edildiyi bildirilir, amma mən belə xəstə görməmişəm. Hazırda ölüm faizinin aşağı olmasına görə onu ciddi ölümcül virus kimi qəbul etmək düzgün deyil. Yadınızdadırsa, “Sars” virusu vardı, həm də “Korona”dan çox təhlükəli idi. “Sars” virusunun qarşısı alındı, çox güman ki, “Korona”nın da qarşısı alınacaq. Sadəcə, o regiona gedən insanlar gigiyenik qaydalara əməl etməli, Çinə giriş-çıxışda diqqətli olmalıdırlar”.

Baş infeksionist zaman-zaman bu cür virusların xüsusi hazırlanaraq, yayılması fikirləri ilə razılaşmayıb: “Belə şey ola bilməz. Bu virus mövcuddur. 1965-ci ildə kəşf olunan virusdur. 2012-ci ildə ”Korona” viruslara aid daha bir növ aşkar olundu, o da “Yaxın Şərq respirator sindromu ilə xəstəlik törədən” adlanır. Bu virus çox ağır gedişə malikdir. Hətta ölüm faizi 35 faizədək proqnozlaşdırılmışdı. Amma indiki “Korona” virusla yoluxmada hələlik ölüm faizi aşağıdır, hesab edirəm ki, tez bir zamanda virus da lokollaşdırılacaq”.

“Yeni Müsavat”a danışan həkim Hüseyn Mehdiyev bildirdi ki, Azərbaycanda da virusların yayılması ehtimalı yüksəkdir: “Sərhəddə bu cür yoxlamaların aparılması yaxşı haldır. Ancaq bir məsələ də var ki, bu da yüz faiz qaranti demək deyil. Çünki mümkündür ki, insan virusa yoluxur, ancaq əlaməti görünmür. Yalnız bir neçə gün sonra əlamətlər özünü büruzə verir. Bu zaman sərhəddən keçən şəxs, ölkədə xəstəliyi yaya bilər. Çində yayılan yeni bir virusdur və bunun hələ hansı səbəbdən yayılması məlum deyil. Koronovirus ”donuz qripi”ndən də təhlükəlidir. Çünki bu, insandan-insana keçir. Kökünü isə hələ ki tapmaq mümkün olmayıb. Xaricdən gələnlərə diqqəti artırmaq lazımdır. Düşünürəm ki, fevral ayında bu virus daha geniş əhatədə yayılacaq. Ona görə də diqqətli olmaq lazımdır. Bizdə “donuz qripi”nin yayılmadığını deyirlər. Ancaq onu da eşidirik ki, uşaqlar, böyüklər qızdırmadan iki-üç günün içərisində ölürlər. Bunu yoxlayan da olmur ki, ölüm hadisəsi hansı səbəbdən baş verib. Hansı valideyn öz uşağının meyitini verir ki, yarıb ölüm  səbəbini müəyyən etsinlər. Ona görə də bizdə rəsmi məlumatlarda “donuz qripi”nin yayılması ilə bağlı fakt yoxdur. Necə olur ki, hər yerdə yayılır, bizdə olmur. Məntiqlə bizim səhiyyə digərlərindən zəifdir və burada da yayılma ehtimalı yüksəkdir. Avropada, Gürcüstanda, Çində, İranda olur, bizdə olmur. Camaata tövsiyəm budur ki, toplu halda olan insanların arasında mütləq maska taxsınlar. Xüsusilə ictimai nəqliyyatdan maskadan istifadə etmək əsas şərtdir. Bundan başqa, orqanizmin müqavimətini qaldırmaq üçün meyvə şirələrindən istifadə etsinlər. Maska yoxdursa, heç olmasa salfetka ilə ağızı tutmaq lazımdır. Yanında asqıran varsa, oradan kənarlaş. Çünki bilmirsən ki, həmin xəstə hansı virusa yoluxub. Yalnız bu kimi yollarla qorunmaq olar. Başqa cür mümkün deyil”.

Əli RAİS,
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər