Femida.az -ın müsahibi 2016-cı il aprel döyüşlərndə iştirak etmiş kapitan Hikmət Məmmədovdur.O, müsahibəsində aprel döyüşlərinin başladığı andan, məhv edilən düşmən hərbçilərindən, yaralanmasından, döyüşlərin dayandırılmasından və düşmənin ələ keçirilmiş texnikalarından danışıb.
– Hikmət bəy, oxucularımıza özünüz barədə məlumat verərdiniz.
– 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Uşaqlığım da Sumqayıtda keçib. 2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldum. Hərbçi olmaq uşaqlıq arzum idi. 2004- cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə sənədlərimi verdim. Oranı bitirdikdən sonra zabit rütbəsində ön cəbhədə xidmətə yollandım. Fəxr edirəm ki, bütün hərb yolum döyüş bölgəsi ilə bağlı olub.
– Sizi aprel döyüşlərinin qəhrəmanı kimi tanıyırıq. Həmin gecə ilə bağlı xatirələrinizi bölüşərdiniz.
– Cəbhə bölgəsində xidmət etdiyimə görə , atəşkəsin pozulması bizim üçün adi hal idi. Bu dəfə düşmən əvvəlkinə nisbətən daha böyük miqyasda atəşkəsi pozdu və bizim mövqelərimizə hücum etdi. Komandanlıq tərəfindən əmr gəldi ki, düşmən hücumu dəf edilsin. General-mayor Mais Bərxudarov bizi zirzəmiyə topladı. Tapşırıq verildi ki, düşmənin hücumunun qarşısını almaqla onları geri sıxışdıraq. General-mayor Mais Bərxudarov bizə “Xocalını, unutmayın, döyüşə atılın”, deyib hücumun qarşısını almağı əmr etdi.
– Siz hansı istiqamətdə düşmən hücumunun qarşısını aldınız?
– Lələtəpə istiqamətində döyüşürdüm. Bizə əmr gəldi ki, əks-hücum olmalıdır. 1 saatdan artıq müddətdə düşmən postlarına çatdıq. Onlar əvvəl müqavimət göstərmək istəsə də, bacarmadılar. Üzbəüz döyüşdə bir neçə erməni əsgərini məhv etdik. Posta daxil olanda hər tərəf erməni meyitləri ilə dolu idi. Əsgərlərin çoxu qorxudan geri qaçırdı. Biz onlardan da bir neçəsini məhv etdik. Mənim əsas işim düşmənin hazırlıq gördüyü maneələri dəf etmək idi. Onların keçilməz sədd adlandırdığı o xətti biz 1 saata keçdik. Döyüşlər başlamazdan əvvəl ermənilər deyirlərmiş ki, Bakıda çay içəcəklər. Biz onlara göstərdik ki, çayı harada içərlər. Bununla da onlara ciddi mesaj verdik.
– Düşmənin ələ keçirilən texnikası barədə nə bilirsiniz?
– Mən, öz istiqamətimiz barədə deyə bilərəm. Lələtəpə və ətraf əraziləri işğaldan azad edən zaman orada düşmənin silah-sursatı,rabitə vasitələri,mühəndis-istehkam aparatları, UAZ markalı avtomobilləri və digər texnikalar qalmışdı. Artilleriyamız onlara göz açmağa imkan vermədi. Düşmənin xeyli sayda döyüş texnikası da məhv edildi.
Onların ələ keçirilən rabitə vasitələri açıq qalmışdı. Digər erməni hərbçilərinin səsi ora düşürdü.Həyəcan içində uduzduqlarını, onlara kömək gəlmədiyini deyirdilər. Bizim qrupda olan erməni dilini bilən kəşfiyyatçıların köməkliyi ilə düşmənin yeri müəyyən edildi.Artıq artilleriyamız həmin əraziləri vurduğuna görə, onlara kömək gələ bilmirdi. Həmin saatlarda düşmən böyük itki verdi.
– Döyüşlərin birbaşa iştirakçısı olduğunuz üçün hər halda düşmən əsgərləri ilə üz-üzə gəlmisiniz. Erməni əsgərlərini necə təsvir edərdiniz?
– Biz postlara daxil olanda orada bir neçə erməni hərbçisinin meyiti var idi. Onların demək olar ki, hamısı cansız,baxımsız vəziyyətdə idi. Məhv edilən düşmən hərbçiləri arasında muzdla döyüşənlər də var idi. Biz onların meyitlərini də gördük. Yaşlı hərbçilər idi. Sonrakı proseslərdə ermənilər o meyitləri götürməkdən belə imtina edirdi.
– Siz hansı istiqamətdə yaralandınız?
– Lələtəpəni işğaldan azad etdikdən bir neçə saat sonra düşmən həmin hissəni güclü atəşə tutmağa başladı. Buna baxmayaraq bizim ordumuz ərazini tərk etmədi. Bizə əmr gəldi ki, aldığımız ərazidə möhkəmlənmə işləri aparaq. Həmin vaxt düşmənin atdığı mərmi bizim əraziyə düşdü. Gizir Nicat İsgəndərov ağır yaralandı. Qəlpənin bir neçəsi isə mənim başıma, qoluma və digər bədən hissələrimə dəydi. Ayağa qalxıb döyüşmək istəsəm də, taqətim olmadı. Məni ərazidən taqım komandiri leytenant Rizvanlı Afiq çıxardı və arxa hissəyə gətirdi. Həmin ərəfədə leytenant Rizvanlı da ayağından ağır yaralanmışdı. Qan onun çəkməsinə dolmuşdu. Buna baxmayaraq o, düşmənə qarşı mübarizəni davam etdirirdi. Yaralı olmasına baxmayaraq bir neçə saat döyüşmüşdü. Məni öz postumuza qədər gətirdikdən sonra rabitə vasitəsi ilə tibb xidmətinin işçilərinə məlumat verildi. Oradan məni hospitala apardılar. Bir neçə gündən sonra gözümü açanda eşitdim ki, gizir Nicat İsgəndərov şəhid olub. Həmin vaxt Afiq də artıq hospitalda idi. Soyadını unutduğum Qazaxdan olan Əfqan adlı hərbçi var idi. O da bizim qrupda böyük qəhrəmanlıq göstərdi…
– Yüksək rütbəli şəxslərdən kimlər döyüşlərdə iştirak edirdi?
– Bu döyüşlərdə hər kəs qəhrəmanlıq göstərib. Əsgərindən tutmuş generalına qədər. Bu yaxınlarda təlimlər zamanı həlak olan polkovnik Rəhim Əliyev döyüşlərdə şəxsən özü iştirak edirdi. Bundan əlavə N saylı hərbi hissənin komandiri polkovnik Elşən Qarayev bizimlə çiyin-çiyinə döyüşürdü. Döyüşlərdə komandirim ayağını itirdi. Hazırda ehtiyatdadır.
– Döyüşlərin dayandırılması barədə nə bilirsiniz?
– Bizim vəzifə borcumuz yüksək komandanlıq tərəfindən verilən əmrləri yerinə yetirməkdir. Müharibənin başlanmasını və dayandırılmasını Ali Baş Komandan verə bilər. Biz hər zaman onun əmrini yerinə yetirməyə hazırıq.
– Məndə olan məlumata görə ermənilər döyüşmək üçün qadınlardan da istifadə edirmiş. Bu barədə nə deyə bilərsiniz?
– Bəli, hamıya məlumdur ki, düşmən ordusu canlı qüvvə tərəfdən xeyli əziyyət çəkir. Onlar yaranmış boşluğu xaricdən gətirilən muzdlu döyüşçülərin və qadınların hesabına doldurur. Mən döyüşçü yoldaşlarımızdan eşitdim ki, aprel döyüşləri zamanı ermənilər qadın snayperlərdən istifadə edir. Onların bir neçəsi də məhv edilmişdi.
– Döyüşlərdən sonra mükafatınız nə oldu?
– Biz hərbçilər döyüşərkən mükafatı düşünmürük. İlk növbədə vətəni və torpağımızı düşünürük. Düzdür, komandanlıq bizi müxtəlif medal və təltifnamələrlə mükafatlandırıb. Prezidentin adından müdafiə naziri məni fərqlənməyə görə medalla təltif edib. Bu vaxta kimi mənzilim yox idi. Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, Avropa Azərbaycan Konqresinin I vitse prezidenti Fizuli Məmmədov mənə Sumqayıt şəhərində yeni mənzil hədiyyə edib. Bu günlərdə yeni evimə köçəcəyəm.
– Baş nayihənizdə müharibədən xatirə qalan yara izlərini görürəm. Bunlar sizə Lələtəpədən bir xatirədir. Bu xatirə ağrılıdır, yoxsa, xoş ?
– Bu izlər mənim üçün fəxrdir. Nə qədər ağrılı olsa da, fəxr hissi duyduğum yaradır. Onlara baxanda yadıma döyüşlərin ilk günü düşür. Bu izlər unudulmaz bir xatirədir.
– Döyüşlər bitəndən sonra hər halda Lələtəpəyə getmisiniz. Hansı hissləri keçirirsiniz?
– Əlbəttə, getmişəm. İlk dəfə gedəndə qəribə hisslər keçirdim. Şəhid yoldaşlarımız yadıma düşdü. Orada xidmət aparan Azərbaycan əsgərini görəndə fəxarət hissi keçirirəm. Fəxr edirəm ki, bu ərazilərin işğaldan azad olunmasında mənim də müəyyən qədər payım var.
– Bu gün vəziyyətiniz necədir?
– Bu gün şükürlər olsun ki, ayaqdayam. Müəyyən ağrılarım olsa da, dözməliyəm. Son söz olaraq gənclərə vətəni sevməyə, onun uğrunda ölməyə yox, öldürməyə hazır olmağı arzu edirəm. Bu vətən, torpaq bizimdirsə, onu biz qorumalıyıq.