“Ölkədə hər 100 nəfərə 110 mobil telefon düşür”

1158

Əli Abbasov: Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir

“Hazırda ölkə əhalisinin 70 faizi internet, 50%-i isə genişzolaqlı internet istifadəçisidir və bu iki göstərici üzrə Azərbaycan ümumdünya orta göstəricisini 2 dəfədən çox qabaqlayır”

Sumqaitxeber.com” Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ilin yekunlarına dair Trend-ə müsahibəsini təqdim edir

Cənab nazir, Siz Azərbaycanın İKT sektorunun inkişaf sürətini necə qiymətləndirirsiniz, son illər bu istiqamətdə hansı nəticələr əldə olunub və ölkənin inkişafının hazırkı mərhələsində İKT sektoru üzrə dövlət siyasətinin prioritetləri hansılardır?
– Respublikamızda sosial-iqtisadi həyatın bütün sahələri kimi, informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı da daim diqqət mərkəzində saxlanılır. Son dövrlər ölkənin İKT sektoru hər 3 ildə 2 dəfə genişlənir və son 8-10 il ərzində sahə üzrə orta illik artım tempi 25-30% təşkil edir.

Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə əsasən, Azərbaycan son 10 ildə İKT üzrə ən sürətlə inkişaf edən ölkələr sırasındadır. 2011-ci ildə bu sektorda artım 13% olmuş və onun həcmi təqribən 1,4 milyard manata çatmışdır. Bu ilin 9 ayı ərzində isə sektorda 1,1 milyard manat gəlir əldə edilmiş, artım tempi isə 18,2% təşkil etmişdir. Gəlirlərin 80%-i özəl sektorun payına düşmüşdür. MDB regionunda ilk dəfə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış və ölkə üzrə vahid nömrələmə sistemi tətbiq olunmuşdur. Respublikanın bütün ərazisini əhatə edən bir dövlət və iki özəl fiber-optik magistral şəbəkəsi qurulmuş, beynəlxalq internet kanallarının ümumi tutumu dəfələrlə artaraq 200 GB/S-yə çatdırılmış və ölkəmizdə bir çox regional informasiya serverləri yerləşdirilmişdir ki, nəticədə Azərbaycan regionda internet xidmətlərinin ixracatçısına çevrilmişdir. Hazırda ölkə əhalisinin 70 faizi internet, 50%-i isə genişzolaqlı internet istifadəçisidir və bu iki göstərici üzrə Azərbaycan ümumdünya orta göstəricisini 2 dəfədən çox qabaqlayır. Mobil rabitə sahəsində də göstəricilərimiz yüksək səviyyədədir, hazırda ölkədə hər 100 nəfərə 110 mobil telefon düşür, ən yeni texnologiya olan 4G texnologiyasının tətbiqinə başlanılmışdır.

Qarşıdakı illərdə İKT sahəsində sürətli inkişafın təmin edilməsi məqsədilə İKT məhsullarının istehsalı və ixrac potensialının artırılması, innovasiyaların tətbiqi, yerli və xarici investisiyaların cəlb olunması, genişzolaqlı internet xidmətlərinin inkişaf etdirilməsi, o cümlədən “evlərə-optika” prinsipi əsasında xidmətlərin təşkil edilməsi, rəqəmli televiziya yayımına keçidin yekunlaşdırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və elektron hökumət layihələrinin genişləndirilməsi prioritet hədəflərdir.

– İKT sahəsi necə inkişaf edir və ölkənin ÜDM-nin ümumi həcmində bu sahənin payı necədir?
– Azərbaycanda İKT sektoru həm iqtisadiyyat sahəsi, həm də ölkənin ümumi sosial-iqtisadi inkişafına xidmət edən sahə kimi dinamik inkişaf etməkdədir və sektor üzrə əldə olunan gəlirlərin ÜDM-də payı təqribən 3,5%, qeyri-neft ÜDM-də isə 7,2% təşkil edir.

 – Siz Azərbaycanın dövlət müəssisələrinin elektron hazırlığı səviyyəsini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, “e-government”-ə daha dinamik keçid üçün hansı səylərin göstərilməsi vacibdir?
– Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər iqtisadi-sosial, elm, mədəniyyət və ictimai həyatın digər sahələrini əhatə edir.
Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi ilə istifadənin təşkili məqsədilə RİTN-də yaradılmış “elektron hökumət” portalına 36 qurum qoşulmuş və onlar tərəfindən portal vasitəsilə 168 elektron xidmət göstərilməkdədir. 2012-ci ildən nazirlikdə fəaliyyət göstərən Milli Sertifikat Xidmətləri Mərkəzindən 28 dövlət orqanı tərəfindən 2800-ə yaxın elektron imza əldə edilmişdir. Elektron imzanın tətbiqi elektron xidmətlərdən istifadənin genişləndirilməsinə, daha keyfiyyətli və təhlükəsiz xidmətlərin göstərilməsinə şərait yaratmışdır. Hazırda dövlət orqanları tərəfindən əhali ilə bilavasitə təmasda göstərilən bir çox xidmətlər və onlara görə nəzərdə tutulan ödənişlər elektron formada həyata keçirilir. Biznes fəaliyyətinin onlayn qeydiyyatı, elektron vergi və gömrük bəyannamələrinin təqdim olunması, daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlərin verilməsi, pensiya təyinatı, ünvanlı sosial yardım alınması, telefon çəkilişi və internetə qoşulma üçün müraciətlərin və tələb olunan sənədlərin elektron formada qəbul olunması deyilənlərə əyani misaldır.

Ölkədə elektron xidmətlərin geniş təşkili və inkişafının təmin edilməsi üçün ilk növbədə mərkəzi icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin və onların xidmətlərinin elektron hökumət infrastrukturlarına inteqrasiyası tam başa çatdırılmalıdır. Bundan sonra yerli icra hakimiyyəti orqanları və bələdiyyələrdə elektron xidmətlərin geniş tətbiqinə başlanılmalıdır. Həmçinin, bölgələr və əhali qrupları arasında “rəqəmli fərqliliy”in aradan qaldırılması, vətəndaşların İKT savadlılığının və elektron xidmətlərə çıxış imkanlarının artırılması üçün zəruri tədbirlər görülməlidir.

– 2013-cü ildə rəqəmli televiziyaya tam keçid məsələsi bu gün daha çox aktuallıq kəsb edir. Rəqəmli televiziyanın analoq televiziya qarşısında üstünlükləri danılmazdır. Bununla belə, Siz necə hesab edirsiniz, analoq yayım tamamilə dayandırılacağı halda rəqəmli kontent adi istifadəçini qəfildən yaxalamayacaq ki? Adi vətəndaşın yeni dəyişikliklərə hazır olması üçün nə etmək planlaşdırılır? Əhalinin yoxsul təbəqələrinə dekoderlərin pulsuz əsasda verilməsi nəzərdə tutulurmu?
– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı”na uyğun olaraq ölkədə rəqəmli TV yayımına keçidlə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində ölkə əhalisinin 87%-i rəqəmli TV yayımı ilə əhatə edilmişdir. Qeyd olunan proqrama əsasən, 2013-cü ildə analoq TV yayımlar dayandırılaraq rəqəmli TV yayıma tam keçirilməsi nəzərdə tutulur. Vətəndaşların rəqəmli TV yayımına tam hazır olması üçün kütləvi informasiya vasitələrində RİTN tərəfindən maarifləndirici məlumatlar verilir və bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda, rəqəmli TV qəbulu dəstəkləməyən televizorların istehsalı və ya ölkəyə gətirilməməyi üçün yerli istehsalçılar və sahibkarlar məlumatlandırılmışdır. Hazırda rəqəmli TV yayımını qəbul etmək üçün Bakı şəhəri ilə yanaşı, respublikanın bölgələrində də rəqəmli televizor və çevirici qurğuların satışı təşkil edilmişdir. Əhalinin aztəminatlı təbəqəsinin dövlət hesabına çevirici qurğularla təmin edilməsi üçün isə hökumətə müraciət edilmişdir.

– Siz regionda elmi mərkəz kimi Azərbaycanın potensialını necə qiymətləndirirsiniz? Azərbaycanda “silikon vadi”nin qurulması ilə bağlı işlər hansı vəziyyətdədir? Deyə bilərsinizmi, Azərbaycan regional innovasiya zonasının və ya İT sənaye zonasının tikintisində hansı yolu seçib və ya seçəcək?
– Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu istiqamətdə bizim inkişaf istiqamətlərimiz və hədəflərimiz çoxşaxəlidir. Bu hədəflər öz əksini “Elmin İnkişafı üzrə Milli Strategiya”da tapmışdır. Elmin inkişafında əsas sütunlardan birini məhz informasiya texnologiyaları təşkil edir. Belə ki, elmin inkişafı İT-nin inkişafı ilə bilavasitə bağlıdır. Ölkəmizdə də İT-nin sürətlə inkişafı və reallaşdırılan mühüm layihələr bu sahədə regionda olan lider mövqeyimizi qoruyub saxlamağa və daha da möhkəmləndirməyi təmin edəcəkdir.
Azərbaycanda İKT sektorun inkişafında Regional İnnovasiya Zonası layihəsinin rolu böyükdür. RİZ-ın yaradılması ölkədə kiçik və orta sahibkarlığın, insan resurslarının inkişafına, elektron avadanlıqların və proqram təminatın istehsalının genişlənməsinə xidmət edəcəkdir. Həmçinin, güzəştli şərtlərin tətbiq olunması ilə, yerli şirkətlərlə yanaşı, xarici şirkətlərində bu sahəyə marağı artacaq və İT məhsullarının istehsalını əhəmiyyətli dərəcədə yüksələcəkdir. Artıq xarici şirkətlərin ölkəmizə marağı böyükdür. Belə ki, bu gün dünyanın ən yüksək reytinqli 20 İKT şirkətindən 10-u, yəni Microsoft, Cisco Systems, Hewlett Packard, IBM, Apple Computer, Intel, Oracle, Google, Nokia-Siemens Networks, Ericsson kimi şirkətlər Azərbaycanda fəaliyyət göstərir və müxtəlif layihələrin həyata keçirilməsində aktiv iştirak edirlər. Bu günədək dünyada mövcud olan bu tip zonaların həm müsbət, həm də mənfi təcrübələrinin ətraflı öyrənilməsi və praktiki baxımdan reallaşması mümkün olan modelin işlənilməsi, Azərbaycanda RİZ layihəsinin əsas üstünlüklərindən biridir.

İKT sahəsi üzrə RİZ-in yaradılması istiqamətində tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Fərmanı olmuşdur. Yüksək Texnologiyalar Parkı iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə yaradılmışdır və bu istiqamətdə zəruri işlər görülməkdədir.

 – Ən yaxın perspektivdə nazirlik qarşısında hansı prioritet tapşırıqlar qoyulmuşdur?
– Ən yaxın perspektivdə nazirlik qarşısında qoyulmuş prioritet məsələlər bunlardır: genişzolaqlı internet xidmətlərinin inkişafı, TASİM layihəsinin həyata keçirilməsi, avtomatlaşdırılmış radiomonitorinq sisteminin yaradılması, aşağı orbitli optik peykin hazırlanması və orbitə çıxarılması, yüksək texnologiyaların tətbiqi, 3G və 4G xidmətlərinin tətbiqinin genişləndirilməsi, poçt maliyyə xidmətləri genişləndirilməsi və s.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər