Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir

641

Bu gün Azərbaycanın qazandığı misilsiz uğurların fövqündə müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin dövlətçilik ideyaları durur. İllər keçdikcə hər kəs bunu daha aydın görür və dərk edir. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycan tarixində keyfiyyətcə yeni mərhələ başlandı.

Azərbaycanda dövlət idarəçiliyində, təsərrüfatın bütün sahələrində yeni nəfəs, yeni iş metodunun əsası qoyuldu. Milli adət-ənənələrin qorunub saxlanıldığını, milli düşüncəli ziyalıların təqib olunmadığını görən xalq sabaha daha böyük ümidlə baxır, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında siyasi hakimiyyət ətrafında sıx birləşirdi. Odur ki, ulu öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyəti ona xalqın sevgi və ehtiramını qazandırmışdı. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Müsbət dəyişikliklərin əldə olunmasında Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı.

90-cı illərin əvvəlində yaşanmış hərbi məğlubiyyət və daxili böhran keçmiş ittifaqın laxlaması nəticəsində əldə olunmuş suverenliyin gələcəyini sual altına qoymuşdu. Ölkə daxilində gedən xoşagəlməz proseslər siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə yeni təhdidlər yaratmışdı. Müstəqilliyin ilk illərində torpaqlarımızın təxminən 20 faizi əldən getmiş, ərazi bütövlüyümüz pozulmuş, Ermənistandan 300 mindən çox soydaşımız öz doğma torpaqlarından qovulmuşdu.

1988-ci ildən başlayaraq ölkədə cərəyan edən siyasi hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurətə çevirdi. Siyasi, iqtisadi, sosial böhran xalqın ziyalılarını daha çox narahat edirdi. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarla həyata vəsiqə aldı.

Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı oldu. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı.

Heydər Əliyev Azərbaycana sabitlik, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Heydər Əliyev Azərbaycanda vətəndaş qarşıdurmasını dayandırdı, vətəndaş birliyi və həmrəylik yaratdı. Azərbaycan insanına güclü və qüdrətli dövlət bəxş etdi.

Keçən hər bir il sübut edir ki, Ümummilli Lider Heydər Əliyevin irsi, təməlini qoyduğu siyasi kurs daha böyük tarixi əhatə edəcək. Heydər Əliyevə ən böyük abidə onun siyasi kursunun saxlanması və inkişaf etdirilməsidir ki, bu missiya da Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla həyata keçirilir. Heydər Əliyevin bu gün də yaşamaqda olan irsinə öz münasibətimizi qürur hissi keçirməklə yanaşı, eyni zamanda bu irsi yeni nəslə öyrətmək və yaşatmaqla ifadə edirik. Azərbaycan Ulu Öndər Heydər Əliyev yolu ilə inamla irəliləyir. Bu yolu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən, innovativ siyasəti ölkəmizi böyük uğurlara aparır.

2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.

VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiya sədrinin birinci müavini postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir.

Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildə uşaq və yeniyetmə olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.

Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır.

Ramiz Hüseynov, YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər