Ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur

510

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üçün son illər bir sıra strategiyalar və proqramlar həyata keçirilir. Bu strategiyaların əsas məqsədi bütün regionların eyni səviyyədə inkişaf etməsini təmin etməkdir. Regionlarda infrastrukturun inkişafı, sənayenin inkişafı və əhalinin məşğulluğunun təmin olunması, mədəniyyət və turizm sahələrinin inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Bu məqsədə nail olmaq üçün hökumət tərəfindən bir çox tədbirlər görülür. 2004-cü ildən Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram uğurla davam etdirilir.
Prezident İlham Əliyevin cari ilin 18 aprel tarixində Neftçala və Salyan rayonlarına səfər etməsi regionların sosial-iqtisadi inkişafının prioritet olduğunu bir daha göstərdi. Səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun, Neftçala rayonunda yeni inşa olunan məktəbin açılışında iştirak ediblər, Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində və Uşaq Poliklinikasında yaradılan şəraitlə tanış olublar. Eyni zamanda Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin və “ASAN xidmət” Mərkəzinin açılışını edib.
Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verərək bir sıra mühüm məqamlara toxunub. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir. Bəyan olunmuş bütün hədəflər- insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir.
Ölkəmizdə “ASAN xidmət” mərkəzlərinin yaradılması ən önəmli və uğurlu proqramlarından biridir. Bu mərkəzlərin yaradılmasının əsas məqsədi dövlət xidmətlərinin keyfiyyətini yüksəltmək, müraciətlərin sürətli və effektiv şəkildə həll olunmasını təmin etməkdir. İlk olaraq 2012-ci ildə Bakı şəhərində təqdim olunan “ASAN xidmət” mərkəzi sonrakı illərdə ölkənin müxtəlif bölgələrində də açılmışdır. Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, Salyanda açılan “ASAN xidmət” mərkəzi, sayca 25-ci mərkəzdir. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Son 10 il ərzində 61 milyon müraciət olmuşdur. Bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. “ASAN xidmət” Azərbaycanın intellektual məhsulunun bir nümunəsidir.
Son dövrlərdə Azərbaycanın əsas prioritetlərindən biri Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsidir. Bu ərazilər 30 il ərzində işğal altında qaldığı üçün bu regionun bərpası Azərbaycan üçün ən önəmli məsələlərdən biridir.
Bütün bərpa və quruculuq işləri plan üzrə həyata keçirilir. Bu proses Azərbaycan hökumətinin, xüsusilə də Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Hazırda regionda çoxsaylı bərpa və quruculuq layihələri həyata keçirilir. Prezident İlham Əliyev bu mövzuya bir daha toxunaraq vurğuladı ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir. : “Otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz- bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal işə start verilmişdir”.
Dövlətimizin başçısı bildirdi ki, artıq icra olunmuş iki layihə bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq: “Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır – Ağalı və Talış kəndlərində. Bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük- abad şəhərlər, kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur”.
Cari ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, büdcəyə əlavələr edək. İlk növbədə Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard manat çox vəsait toplanmışdır. Gömrük sektorunda isə proqnozdan əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur. Hazırda gömrük sahəsində də aparılan islahatlar, əvvəlki dövrlərdə buraxılan nöqsanların aradan qaldırılması prosesi uğurla gedir. Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıbdır. Prezident İlham Əliyev tərəfindən səsləndirən bu fikirlər bir daha göstərir ki, vergi və gömrük sahələrində həyata keçirilən islahatlar öz müsbət təsirini göstərir. Bu islahatların aparılması ölkənin iqtisadi inkişafına dəstək olacaq və maliyyə sahəsinin daha da güclənməsinə kömək edəcəkdir.
Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə qeyd etdiyi kimi, Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı – bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur.
Vaqif Süleymanov, Əməkdar Mədəniyyət işçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər