Ölkəmizdə QİÇS-in ən çox yayıldığı regionlardan biri Sumqayıtdır

1098

Bu sayımızdan etibarən “3 respondent” rubrikasını sizlərə təqdim edəcəyik. Rubrikada qoyduğumuz aktual məsələyə müxtəlif sektorları və mövqeləri ifadə edən üç respondentimizin virtual debatını – mülahizə və faktlarını diqqətinizə çatdıracağıq.

QİÇS-lə beynəlxalq mübarizə günü bu həftəyə təsadüf etdiyindən həftənin ən çox müzakirə olunan problemlərindən biri də məhz QİÇS və onunla mübarizə məsələsi idi. Rubrikamızın bu dəfəki mövzusu da elə budur: QİÇS nədən yaranır, bu istiqamətdə ölkəmizdə və ən nəhayət, şəhərimizdə vəziyyət necədir? Respondentlərimiz isə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov və Gənclər üçün Təhsil Mərkəzinin Zərərin Azaldılması Proqramının rəhbəri Emil Maqalovdur.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova:

Bəşəri bəla sayılan QİÇS xəstəliyi dünyanın heç bir ölkəsindən yan keçməyib. Bu gün dünyada 30 milyondan çox insan HİV-lə yaşayır ki, bunun da 95%-i inkişaf etməkdə olan ölkələrin payına düşür. QİÇS epidemiyası hər il milyonlarla insanın həyatına son qoyaraq, bir çox ölkələrin iqtisadi və demoqrafik əsaslarına sarsıdıcı təsir göstərir.
Effektiv dərman axtarışı isə hələ də nəticəsizdir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, yer kürəsində QİÇS-lə yaşayan insanların sayı 33,2 milyon nəfər təşkil edir ki, onların da 15,4 milyonu qadınlar, 2,5 milyonu isə uşaqlardır. Azərbaycanda da QİÇS sürətlə yayılır. Ölkədə bu xəstəlikdən 50-də artıq şəxs dünyasını dəyişib. Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumata görə,  1987-ci ildən bəri 1400 nəfərdə HİV-ə yoluxma faktı qeydə alınıb.

Azərbaycanda da İİV/QİÇS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, Azərbaycanda təkcə 2010-cu ilin 9 ayı ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 59,5%-i, ümumilikdə isə 1987-01.07.2010-cu il tarixinə olan dövrdə bütün yoluxma hallarının 62,6%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.

2010-cu ilin 9 ayı ərzində Azərbaycanda 351 yeni İİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınmışdır. Onlardan 340-ı (96,9%) Azərbaycan vətəndaşı, 11 nəfəri (3,1%) isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 340 Azərbaycan vətəndaşından 278-i (81,8%) kişi, 62-i (18,2%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçənlərin sayı 170 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 167 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 49 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 47 nəfər olmuşdur.

2010-cu il 9 ayı ərzində 340 nəfər Azərbaycan vətəndaşından 77-i (22,6%) Bakı şəhəri və Abşeron rayonunda, 259-ı (76,2%) respublikanın digər 38 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir; 4 (1,2%) nəfərin yaşayış yeri naməlumdur. 340 nəfər İİV-ə yoluxmuş  Azərbaycan vətəndaşından 53 nəfərinin (15,6%) respublikadan kənarda yoluxduğu müəyyənləşdirilmişdir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2010-cu ilin 9 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 2615 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 2514 nəfəri (96,1%) Azərbaycan vətəndaşı, 101 nəfəri (3,9%) isə əcnəbidir, İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 2097-i (83,4%) kişi, 417-i (16,6%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 620 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 614 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 332 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 328 nəfər olmuşdur.

2514 nəfər Azərbaycan vətəndaşından 1609-də (64,0%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 605-(24,1%) heteroseksual, 21-da (0,8%) isə homoseksual kontakt nəticəsində, 30-da (1,2%) anadan uşağa keçməklə, 1-də (0,04%) donor qanının köçürülməsi nəticəsində baş vermişdir, 248 nəfərdə (9,9%) yoluxma yolu naməlumdur.

İİV-ə yoluxmuş 2514 nəfər Azərbaycan vətəndaşında digər infeksiyalar da aşkar olunmuşdur: hepatit C-1633 nəfərdə (65%), vərəm – 422 nəfərdə (16,8%), hepatit B –220 nəfərdə (8,8%), sifilis – 196 nəfərdə (7,8%).

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilmişdir. Belə ki, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun və Səhiyyə Nazirliyinin dəstəyi ilə 08.11.2006-cı il tarixdən tədbiq edilən antiretrovirus terapiyaya hazırda 519 İİV-lə yaşayan insan  cəlb olunmuşdur. Onlardan 189 nəfərə müalicə 2010-cu ilin 9 ayı ərzində başlanılmışdır.

Əvvəlki illərdə olduğu kimi, 2010-cu ilin 9 ayı ərzində Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilmiş, Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir.

Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Musa Həsənov:

Dövrümüzün ən dəhşətli bəlalarından olan narkomaniya il mübarizə qarşıda duran ən vacib vəzifələrədndir. Narkomaniya və onun ağır fəsadları ilə mübarizə istiqamətində respublikada, o cümlədən şəhərimizdə sistemli şəkildə genişmiqyaslı tədbirlər həyata keçirilir. Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vaqif Əliyevin təşəbbüsü ilə hazırlanmış film-disklər bütün orta ümumtəhsil məktəblərində yeniyetmə və gənclərə nümayiş etdirilmişdir.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi olaraq şəhərdə dövlətin gənclər siyasətini həyata keçirməklə gənclərin müxtəlif istiqamətlərdə inkişafını təmin etməyə çalışırıq. Dövlətimizin gənclərlə iş sahəsində əsas istiqamətlərindən biri də gənclər arasında hüquq pozuntularının, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikasıdır. Məhz bu istiqamət “Azərbaycan Gəncliyi 2005-2009-cu illər” Dövlət Proqramında da xüsusi olaraq nəzərə alınmışdır. Baş İdarə olaraq hesab edirik ki, gənclərlə iş sahəsində nailiyyət əldə etmək yalnız sağlam gənclərlə və sağlam nəsillə mümkündür. Təcrübə göstərir ki, gənclərin zərərli vərdişlərdən yayınması onların asudə vaxtının səmərəli təşkilindən, məşğulluğundan və ictimai fəaliyyətə münasibətindən çox asılıdır. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, gənclər siyasətinin yuxarıda qeyd olunan istiqamətlərdə apardığı işlər müəyyən dərəcədə narkomaniya, QİÇS və digər zərərli vərdişlərin risk qrupunun əhatə dairəsinin böyüməsini əngəlləyir. Hesab edirik ki, gənclər siyasəti aspektindən bu məsələyə sadəcə narkomaniya, QİÇS və digər zərərli vərdişlərə qarşı birbaşa mübarizə tədbirlərindən bəhs etmək düzgün olmazdı. Gənclər siyasəti baxımından bu daha konseptual bir məsələdir. Belə ki, yuxarıda sadalanan zərərli vərdişlərə aid olan risk qrupunun tərkibində çoxluğu gənclik təşkil edir.

Şəhərimizdə gənclər siyasətinin effektiv təminatı gənclərin sağlam həyat tərzi keçirməsindən çox asılıdır. Düşünürəm ki, Baş İdarə gənclərin asudə vaxtının səmərəli təşkilində, gənclərin ictimai fəaliyyətə cəlb edilməsi və məşğulluğu istiqamətində yarandığı gündən bəri gördüyü işlər effektiv olsa da tam əhatə etməsi üçün əlaqədər dövlət qurumlarının və qeyri-hökümət təşkilatlarının əməkdaşlığı çox vacibdir. Bu istiqamətdə Baş İdarə əlaqədər qurumlarla sıx əməkdaşlıq etməkdədir.

Baş İdarə gənclər arasında neqativ halların azaldılması istiqamətində maarifləndirici tədbirlərin keçirilməsinə daha çox üstünlük verir.  Bu maarifəndirici tədbirlər daha çox konsertlərin, yürüş-mitinqlərin, gənclərlə görüşlərin, dəyirmi masaların, maarifləndirici təqdimatların təşkili formasında həyata keçirilir. Baş İdarə yarandığı tarixdən – 1995-ci ildən 2010-cu ilə qədər gənclər arasında narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası istiqamətində 84 tədbir həyata keçirmişdir. Bu isə Baş İdarənin bu zamana qədər həyata keçirdiyi tədbirlərin təxminən 8-9%-ni təşkil edir. Sadəcə bu faktı qeyd etmək olar ki, 2005-2008-ci illərdə Baş İdarə tərəfindən 15 tədbir həyata keçirilmişdir ki, bu tədbirlərə 7760 nəfər gənc cəlb edilmişdir. Bu tədbirlər sırasında hər il ənənəvi olaraq Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Komitəsi ilə birgə 1 Dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədər gənclərin yürüş-mitinqini, şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə Nəsimi Parkında yerləşən açıq hava teatrında təşkil olunan ənənəvi konsertləri xüsusi qeyd etmək lazımdır. Bununla yanaşı müxtəlif QHT-lərlə əməkdaşlıq edərək sağlam həyat tərzi ilə bağlı təşkil edilən yay məktəblərində və düşərgələrində şəhər gənclərinin iştirakını təmin edirik.

Bununla yanaşı Baş İdarə şəhərdə fəaliyyət göstərən  gənclər təşkilatlarının bu istiqamətdə həyata keçirdikləri və ya keçirəcəkləri layihəyə hər zaman dəstək olmağa hazırdır. Hesab edirik ki, problem təhlükəli olmaqla yanaşı eyni zamanda risk qrupu kifayət qədər böyükdür. Bu baxımdan effektiv şəkildə koordinasiya olunan əlaqədər qurumlarların əməkdaşlığı bu sahədə görülən işlərin effektivliyini artıra bilər. Bu koordinasiyaya şəhər İcra Hakimiyyəti, Polis İdarəsi, Təhsil Şöbəsi, Gənclər və İdman Baş İdarəsi və ictimai səhiyyə ilə məşğul olan qeyri-hökümət təşkilatlarını daxil etmək mümkündür.

Bir şeyi də qeyd etmək lazımdır ki, Baş İdarənin əsas istiqamətlərindən biri də gəncləri idmana cəlb etməklə onlara sağlam həyat tərzi aşılamaqdır. Bu istiqamətdə Baş İdarə hər il müxtəlif idman növləri üzrə çoxsaylı yarışlar təşkil edir. Görülən işlərin nəticəsində şəhərimizdə 28 idman növü üzrə 11 000 nəfərdən artıq gənc idmanla məşğul olur ki, bu da gənclərin zərərli vərdişlərdən yayınmasına töhfə verir.

Gənclər üçün təhsil mərkəzinin Zərərin Azaldılması Proqramının rəhbəri Emil Maqalov:

Narkotik istifadəçiləri, o cümlədən inyeksion narkotik istifadəçilərinin sayı Sumqayıtda da təhlükəli həddədir. Son vaxtlar isə narkomaniya “gəncləşib” və təcili tədbirlər görülməsə, dövlət, cəmiyyət, nəhayət, hər birimiz fərd olaraq səylərimizi birləşdirməsək, önümüzdəki illərdə hətta “uşaqlaşması” da istisna olunmur. Bu o deməkdir ki, getdikcə daha aşağı yaşlılar arasında da narkotiklərdən istifadə edənlərə rast gəlinir. Məsələn, 5-6 il əvvəl narkotiklərdən istifadə əsasən 22-25 yaşından başlayırdısa, 2-3 il əvvəl 18-20 yaşlı gənclər, hazırda isə 16-18 yaşlı yeniyetmələr arasında da narkotik istifadəçilərinə rast gəlinir. Digər tərəfdən, diqqət çəkmək istədiyimiz əsas məsələ odur ki, narkomanların sayı artdıqca, narkomaniya, xüsusən də venadaxili narkomaniya populyarlaşdıqca, bir sıra qorxunc xəstəliklər, mərəzlər də artır. Əsasən də HİV, Hepatit və C və digər yoluxucu xəstəliklər. Əlbəttə, narkomaniya sosial sfera – cəmiyyət, ailə və fərd münasibətləri, eləcə də kriminal sonuclar sarıdan da bir sıra həllimüşkül problemlər doğurur. Sadaladığımız xəstəliklərin venadaxili narkotik istifadəsi yolu ilə yoluxma və yayılmasının qarşısının alınması üçün artıq Qərbdə bir sıra proqramlar hazırlanıb həyata keçirilməkdədir. Bu proqramlardan ən uzunömürlüsü və demək olar ki, ən sınanmışı Zərərin Azaldılması Proqramıdır (ZAP). Bu proqram, adından da göründüyü kimi, zərərin azaldılmasına hesablanıb. Burada bir məsələni də qeyd etmək vacibdir. Bir çox hallarda həm dövlət qurumları, əsasən də hüquq-mühafizə orqanları əməkdaşları, həm də cəmiyyətdə, narkotik istifadəçilərinin ailələrində ZAP-ın mahiyyəti düzgün qəbul olunmur. Bəzən bu, narkotikadan istifadənin təbliği, hətta şirnikdirici təkliflərlə təhrik kimi yozulur. Bunun səbəbi isə əlbəttə, həm rəsmi dövlət qurumlarında, həm də cəmiyyətdə Proqramla bağlı məlumatsızlıqdır. Halbuki Qərb, eləcə də ABŞ Zərərin Azaldılması Proqramları vaitəsilə HİV epidemiyası ilə, o cümlədən də qanla keçən digər yoluxucu xəstəliklərlə mübarizədə kifayət qədər uğurlar əldə ediblər. Misal üçün deyək ki, məhz ZAP sayəsində son illər Fransada HİV-ə yoluxanlar arasında bir nəfər də inyeksion narkotik istifadəçisi aşkarlanmayıb.

Onu da bildirək ki, ZAP və MDB ölkələrində də geniş həyata keçirilir. Azəbaycanda da Proqram bir neçə ildir həyata keçirilməkdədir. Nazirlər Kabinetinin icazəsi ilə Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu tərəfindən ölkəyə gətirilən ZAP hazırda paytaxtda, Gəncədə, o cümlədən bir neçə iri rayonda və Sumqayıtda tətbiq olunmaqdadır. Əsasən Vərəm, Malyariya və AİDS-lə Mübarizə Üzrə Qlobal Fondun maliyyə dəstəyi, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun xüsusi diqqəti və himayəsi ilə həyata keçiirlən ZAP-ın daha da təkmilləşməsi, genişlənməsi istiqamətində zaman-zaman müvafiq tədbirlər – treninqlər, seminarlar, müxtəlif səviyyəli görüşlər təşkil olunur. Bunun nəticəsidir ki, artıq ölkədə yüzlərlə narkotik istifadəçisi bu proqramlardan yararlanır. Proqramın mahiyyətinə gəldikdə isə, bu, çox sadə və effektivdir. Belə ki, ZAP venadaxili narkotik istifadəçiləri arasında HİV-in, C Hepatinin, digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması istiqamətində konkret və real fəaliyyəti nəzərdə tutur.

Proqramın həyata keçirilməsi yoluna gəldikdə, ZAP əsasən şprislərin dəyişdirilməsi mexanizmini nəzərdə tutur: yəni, narkoistifadəçi ilə öz sahəsində görüşməyi, ona davamlı steril vasitələr – şprislər, digər inyeksiya vasitələri çatdırmağı. Daha sadə desək, hər hansı səbəbdən birdəfəlik şprisdən istifadə etməyən narkotik istifadəçisinə bu imkanı yaradır – ona istifadə etdiyi şprisin müqabilində gündəlik ehtiyacını qarşılayacaq qədər şpris verilir. İstifadə olunmuş şprislərin qaytarılmasında məqsəd isə onların küçələrə atılmasının, uşaqların əlinə keçməsinin qarşısını almaqdır. Bu şprislər Proqramın təmin etdiyi xüsusi konteynerlərə yığılır və tibbi-ekoloji qaydalara uyğun məhv edilir. Şprislərin, həmçinin, digər müvafiq vasitələrin (inyeksiya suyu, birdəfəlik spirtli dəsmallar, prezerativlər və s.), profilaktik və maarifləndirici məlumat daşıyıcılarının (broşürlər, stikerlər və s.) narkotik istifadəçilərinə çatdırılması iki yolla – stasionar məntəqələr və aurtiç işçilər vasitəsilə həyata keçirilir. Birinci halda proqramın müştərisi (klient – narkotik istifadəçisi) şprisdəyişmə məntəqəsinə gəlir, istifadə etdiyi şprisləri narkotik istifadəçisinə proqrama qoşulmuş autriç işçi çatdırır. Bu halda əsasən “bərabər bərabərə” prinsipinə üstünlük verilir. Belə ki, narkomühitə, narkomanların davranışlarına yaxşı bələd olan, bu mühitə çıxışa malik keçmiş və ya hazırki narkoman proqrama cəlb olunur, onun vasitəsilə ayrı-ayrı şəxslər və ya qrup steril vasitələrlə təmin olunur. Qeyd edək ki, bu zaman anonimlik məsələlərinə tam riayət edilir ki, bu da genişləndirilməsi, daha çox müştəri cəlb olunması baxımından proqramın etibar qazanması üçün vacibdir.

Gənclər üçün Təhsil Mərkəzi 2008-ci ilin may ayından başlayaraq Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Qlobal Fondun maliyyə dəstəyi ilə AİDS-ə qarşı qabaqlayıcı tədbirlərdən ibarət olan layihənin həyata keçirilməsinə başlamışdır.

Sumqayıt şəhərində icra olunan layihənin əsas məqsədi AİDS təhlükəsi barədə əhalinin, xüsusilə də gənc qadınların məlumatlılıq səviyyəsini artırmaqdır.

Layihə çərçivəsində maarifləndirici tədbirlərlə bərabər, konkret profilaktik tədbirlər də həyata keçirilir. Belə ki, layihə üçün ayrılmış xüsusi ofisdə AİDS təhlükəsi ilə bağlı müraciət edən şəxslərə məsləhətlər verilir, pulsuz olaraq müayinələrdən keçmək və analizlər vermək üçün həkimlərə göndərişlər təqdim edilir. Qeyd edək ki, layihə çərçivəsində müraciət edən şəxslərə psixoloji və hüquqi məsləhətlər verilir.

Layihənin sahə işçiləri Sumqayıt şəhərinin kənar məhəllələrində maarifləndirici görüşlər və məsləhət saatları da təşkil edir.

Qeyd: QİÇS-dən ən çox ölüm halları Bakı və Abşeronda (95 nəfər), Lənkəranda (42 nəfər) və Sumqayıtda (32 nəfər) qeydə alınıb. QİÇS-dən ölmüş insanların ailələrində 249 uşaq yetim qalıb, onlardan 20-si ata və anasını, 204-ü isə atasını itirib.

QİÇS (Qazanılmış immun çatışmazlığı sindromu) nədir?

Bu qorxulu xəstəliyi virus törədir. Xəstəliyin beynəlxalq işarəsi AİDS-dir.

İmmun çatışmazlığı virusunun törətdiyi infeksiya uzunmüddətli gedişə malik olub, bir neçə müxtəlif mərhələdən ibarətdir. Elə buna görə alimlərin əksəriyyəti bütün xəstəliyi “İİÇV (insanın immun çatışmazlığı virusu) infeksiyası” termini ilə ifadə etməyi vacib sayır. QİÇS epidemiyasını pandemiya adlandırmağa başlayıblar ki, bu da əslində infeksiyanın bütün yer kürəsinə yayıldığını göstərir. Son zamanlar xəstəlik daha intensiv yayılaraq, epidemioloji mərkəz artıq Asiyada yerləşmək ərəfəsindədir. Bu bizi daha çox narahat etməlidir.

İlk vaxtlar belə hesab edirdilər ki, QİÇS xəstəliyinə əsasən qeyri-normal cinsi həyat tərzi keçirənlər tutulurlar. Lakin sonra bu xəstəliklər narkomanlarda, hətta uşaqlarda da aşkar edildi. Odur ki, bu sağalmaz bəlanın səbəblərini araşdırmaq aktual problemə çevrildi. Müəyyən edildi ki, QİÇS sağlam adama virusla yoluxur və ya xəstədən üç yolla keçə bilər: 1) cinsi əlaqə zamanı, 2) qan və ya onun preparatları ilə, 3) hamilə qadının qanı ilə uşağa.

QİÇS törədicisinin müxtəlif konsentrasiyalarda orqanizmin bütün mayelərində (sperma, uşaqlıq boynu ifrazatı, qan plazması, beyin-onurğa beyni mayesi, gözyaşı, ağız suyu, sidik, qadın südü) tapılmışdır. Lakin xəstəliyin bunlardan hansı ilə yoluxması məsələsi — mübahisəlidir.

Xəstələnmə kimlərdə  daha güclü ehtimala malikdir? İlk növbədə təsadüfi şəxslərlə çoxsaylı cinsi əlaqədə olanlar həm xəstələnir və həm də xəstəliyi yayırlar. İkincisi, xarici vətəndaşlarla cinsi əlaqəyə girən qadınlar, üçüncüsü, narkomanlar, dördüncüsü, donar qanından istifadə edən xəstələr və nəhayət, biz hamımız yəni QİÇS-in nə olduğunu və qorunma tədbirlərini bilməyənlər və ya bilib əməl etməyənlər.

Seksual kontaktları olmayan, eləcə də normal sağlam cinsi həyat tərzi keçirən və bir cinsi partnyoru olan, intim həyatda qarşılıqlı sədaqəti qoruyan şəxslər QİÇS xəstəliyindən xeyli qorunmuş olur. Xəstəliyin yoluxma yollarını və onlardan qorunma tədbirlərini bilən, əməl edən şəxslər də QİÇS virusları ilə yoluxmurlar.

QİÇS insanın immun sistemini parçalayan infeksion xəstəlikdir. İmmun sistem orqanizmin müxtəlif infeksion xəstəlik törədicilərindən və yad maddələrdən müdafiəsini təmin edən reaksiya və mexanizmlərinin məcmusudur. İnsan orqanizmində bu funksiyam yerinə yetirən timus vəzi, sümük iliyi, limfa düyünləri, dalaq, qaraciyər və s. orqanlardır. İmmun sistemin mühüm hüceyrələri limfositlər, makrofaqlar və monositlərdir. Sinir sisteminin hüceyrələri də QİÇS törədicilərinə qarşı çox həssasdır. İİÇV bilavasitə qaraciyər, ürək, sümük və başqa orqanların hüceyrələrini zədələyir

QİÇS virusu seçici surətdə  xüsusən T — limfositləri zədələdiyindən, onlar orqanizmi xarici və daxili düşmənlərdən — infeksion xəstəlik törədicilərindən qorumaq funksiyasını yerinə yetirə bilmir. Nəticədə adi halda insan orqanizmi üçün təhlükəli olmayan mikroorqanizmlər ölümlə nəticələnən infeksiyaların inkişafına səbəb olur. Eləcə də pozulmuş immun sistem fonunda bədxassəli şiş hüceyrələri zərərsizləşdirilmir və sürətlə artıb çoxalır ki, bu da təhlükəli bədxassəli şişlərin artmasına səbəb olur.

QİÇS-lə yoluxmuş  bir çox şəxslər qısa müddət ərzində xəstələnir və ölürlər. Digərləri isə uzun illər virusgəzdirici kimi yaşayırlar. QİÇS virusu ilə yoluxduqdan sonra inkubasiya dövrü (gizli dövr) 3-6 həftə çəkir. Sonra xəstəliyin kəskin mərhələsi başlanır. Xəstəliyin əsas əlamətləri: titrətmə, angina, limfa düyünlərinin böyüməsi, dəridə səpgilər və s. Sonra əlamətlər keçib gedir, xəstə virusgəzdirici kimi sağlam adamlardan seçilmir. Növbəti mərhələdə boyun, qoltuqaltı, dirsək və s. limfa düyünlərinin böyüməsi, bəzi xəstələrdə titrətmə ola bilər. Sonrakı mərhələdə isə xəstəliyə aid olmayan əlamətlər özünü büruzə verir: qızdırma, çox arıqlama, ümumi zəiflik, iş qabiliyyəti­nin və yuxunun pozulması və s. QİÇS ikincili infeksiyalar və bədxassəli şişlərlə müşayiət olunur və ölümə səbəb olur. Göstərilən əlamətlər hər bir şəxsi İİÇV infeksiyasından şübhələnməyə və müayinəyə vadar etməlidir.

Hazırda malyariyaya, şəkərli diabetə, hepatitə, vərəmə və s. tutulmuş, onkoloji xəstəliyi olan, həmçinin 1 aydan artıq temperaturu düşməyən, ishalı dayanmayan və s. xəstələrin hamısını QİÇS-ə görə müayinə etmək vacib hesab olunur.

Həm xəstə, həm də  müalicə edən həkim üçün QİÇS insana ölüm gətirən  çoxbaşlı əjdahadır. Lakin diaqnoz vaxtında qoyularsa, bu təhlükəli xəstəliyin inkişafını dayandırmaq mümkündür. Bu sahədə ən ümidverici və güclü dərman preparatı azidotimidin (AZT) sayılır. Lakin dərmanla müalicə həkim nəzarəti altında olmalıdır. Özünümüalicədən söhbət belə gedə bilməz.

Özünü lazımi qaydada aparan və İİÇV infeksiyasını yaymayan xəstələri cəmiyyətdən izolə etməyə ehtiyac yoxdur, qəsdən digər şəxsləri yoluxduranlar isə cinayət məsuliyyətinə cəlb olunurlar. Hələ QİÇS-in profilaktikasında effektli peyvənd tapılmamışdır. Xəstəliyin profilaktikası onun törədicilərinə və yayıcılarına qarşı ciddi mübarizə tədbirlərindən ibarətdir.

Respublikamızda QİÇS-lə  mərkəzləşdirilmiş şəkildə mübarizə məqsədilə  Respublika SPİD-lə mübarizə və profilaktika mərkəzi bir sıra tədbirlər həyata keçirir. Mərkəzin nəzdində anonim müayinə kabineti fəaliyyət göstərir. Bundan başqa, bir çox xəstəxana və poliklinikalarda da belə şöbələr təşkil edilmişdir.

QİÇS-ə görə  öz pasport məlumatlarını bildirməklə respublikanın istənilən şəhər və rayonlarında diaqnostik laboratoriyası  olan və QİÇS-i müəyyən etmək üçün müayinə aparılan müalicə — profilaktika müəssisələrində müayinə olunmaq mümkündür.

Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə yaxın illərdə İİÇV ilə yoluxmuşların sayı 30-40 milyona çatacaq və 8 ildə bu rəqəm 3-4 dəfə artacaqdır. Bu da hər il milyondan yuxarı adamın QİÇS diaqnozu ilə ölümü deməkdir. Buradan xəstəliklə mübarizənin nə qədər zəruri olduğu aşkardır. Ümumdünya Səhiyyə Təşkilatı 1988-ci ildən dekabrın birini «Ümumdünya QİÇS-lə mübarizə günü» elan etmişdir. Hər bir ölkədə xəstəliyin qarşısının alınmasına yönəldilmiş sanitariya maarifi işi, konfrans, seminar və digər tədbirlər keçirilməlidir.

Milli adət-ənənələrimiz, dini qaydalarımız xəstəliyin xeyli müddət qarşısını ala bilmişdi. Lakin müasir gənclərimizin bu adət-ənənələri unutması, respublikamıza xarici vətəndaşların axını və s. xəstəliklə mübarizəyə daha ciddi yanaşılmanı tələb edir.  “168saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər