Olum, ya ölüm?!

1263

Xanlar Xoca
xanlarxoca@gmail.com

Olum, ya ölüm?!

Son illərdə qəribə hadisələr qeydə alınır. Kimsə özünü Qız qalasından atır, kimsə də metroda qatarın altına. Bir başqası hansısa avtomobil sürücüsünü bədbəxt edir, bəziləri də çıxış yolunu 30 qəpiklik kəndirdə tapır. 60 qəpiklik məktəbli kitabçası ilə məktəbi bitirənlərin 30 qəpiklik kəndirdə həyatına son verməsi təzadlı olsa da qəribə deyil. Qəribə budur ki, həyatına son qoyanların heç biri bu yolu  hansısa hüququnun bərpası üçün deyil, tamamilə mənasız problemlərə görə seçir. Məsələn sevgisinə qarşılıq görmədiyi üçün.

Azərbaycan insanı üçün həyat deyəndə yalnız evlənmək və nəsil artırmaq başa düşülür. Əgər tənhasansa deməli sən normal insan həyatı yaşamırsan, mütləq artıb törəməlisən, özün kimi bədbəxt, lümpen proletariatın sayını artırmalısan. Halbuki Avropanın özündə belə ailə həyatı quranların çoxu övlad barədə düşünmək belə istəmirlər, çünki Avropada ailəyə sevənlərin sadəcə birlikdə yaşaması kimi baxırlar. Amma Azərbaycanda indinin özündə belə iqtisadi böhrana baxmayaraq  ildə birini doğmayana camaat birtəhər baxır. Çox insanlar var ki, son 5-10 ilini borc içində keçirib, amma yenə də “bir uşağım da olsaydı” arzusu ilə yaşayır. Bədbəxt insan daha düşünmür ki, bu ölkədə dilənçilərin sayını artırmaq ağlabatan iş deyil. Qoy imkanlılar evlənsin, imkansızlar da onlara baxıb fəxr eləsin. Yevlaxdakı çoban kimi camaatın körpə qızını öldürməyin mənası nədir? Deyən yoxdur ki, “ay bədbəxt oğlu əli diplomlu gənclər ailə saxlaya bilmir, sən keçi sağıb arvadmı bəsləyəcəkdin? Niyə gedib başını aşağı salıb çobanlığını etmədin, özün bədbəxt idin, yazıq qızı da bədbəxt elədin?” Və yaxud dünən Gəncədə bir gənc sevgi oxu daşa dəydiyinə görə yaşamaqdan imtina edib.

Siz bir işə baxın, korrupsiyaya, haqsızlığa deyil, sevgi oxu daşa dəydiyinə görə bir gənc intihar edir. Bu Azərbaycan gəncinin simvolik obrazıdır. Hamı bir qayda olaraq məktəb illərindən sevgi şerləri yazır, ürək şəkli çəkib içindən ox keçirir, elə hamı da Avropa dəyərlərindən danışır. Avropada haqsızlıqla barışmayan gənc sevdiyi qızın qapısına elçiliyə özü gedir, çünki o universitetdə də, iş yerində də haqqını qorumağı bacarır. Azərbaycan gənci isə mağmındır. Əksəriyyəti nə istəyir? Maşın, yaxşı vəzifə, imkanlı bir ailə ilə qohum olub qaynata hesabına kişi olmaq. Belələri bu gün Azərbaycanda minlərlədir. Bəziləri  həbsə düşəndə əsas səbəbləri bu olur ki, “toy etmək istəyirdim pulum yox idi”.

Çünki hamının düşüncəsində klassik bir toy havası var.  Qızlar ağ gəlinlik, oğlanlar da bahalı restoranlarda toy edib “Hummer”də gəlin gətirmək arzusundadır. Amma heç kim böyük, güclü, demokratik Azərbaycanda yaşamağı arzulamır. Arzulayan olsaydı kimsə özünü sevgilisi “hə” demədiyi üçün öldürməzdi. Deməli bir qıza olan məhəbbət vətənə, demokratiyaya olan məhəbbətdən üstün imiş. Bunun başqa adı yoxdur. Xeyirlə şər qardaşdır, ölüm haqqdır deyirlər. Amma kəndir yalnız sentimental hisslər cuşa gələndə yada düşür. Podiumdakı model oğlanlar kimi bəzənib qəzet səhifələrinə çıxan müxalifətçilər öləndə müxalifət lideri kimi, korrupsiyaya bulaşmış məmurlar isə məmur kimi ölmək istəyir. Daha düşünmürlər  ki, Əzrayılın kimi harda və necə yaxalamasından asılı olmayaraq ölüm ölümdür. Heç olmasa öləndə də kişi kimi ölmək lazımdır.
Yoxsa “dinib danışmayım, qoy uşaqları yerbəyer edim, ona qədər də nə olar, olar da” kimi sərsəm fikirlərlə qarın otarmaq olar, amma kişi olmaq olmaz. Əgər insan sürünə-sürünə yaşayırsa, sabah nə yeyəcəyi bilinmirsə, haqqını tələb edə bilmirsə, son qəpik quruşunu uşağa “təmir pulu” üçün verirsə, haqqını bərpa etmək üçün qanuni vasitələrdən deyil, tanış tapmaqdan, rüşvət verməkdən istifadə edirsə onda onun bu dünyada adi bir divar mebelindən fərqi yoxdur. Bəlkə də divar mebelinin elə insandan faydası çoxdur…Ölümdən qorxmaq lazım deyil və əksinə onu hər gün düşünmək, ona hazır olmaq lazımdır. Ölümü hər gün düşünən adam rüşvət almaz, şər atmaz, böhtan danışmaz, heç kimə sataşmaz, haram yeməz və s. Əlişir Nəvai Hüseyn Bayqaranın vəziri olarkən camaatdan xəbərlər gəlir ki, ölkədə əyyaşlıq baş alıb gedir, haram, halal bilinmir. O zaman Nəvai məsləhət görür ki, qəbiristanlıqları uzaqda yox, insanlar yaşayan yerlərdə salsınlar ki, hər kəs son mənzilinin torpaq olduğunu dərk edib pis əməllərdən çəkinsin. Və nəticə doğrudan da ürəkaçan olur. Yəqin bizim ölkəmizdə də belə tədbirlər həyata keçirmək lazımdır ki, insanlar birdəfəlik əmin olsunlar: kimliyindən asılı olmayaraq hər bir kəsin son mənzili torpaqdır və ora köçəndə kəfənin cibi olmur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər