Ölümə aparan “evdə abortlar” – Alimdən ÇAĞIRIŞ

1238
Lent.az Azərbaycan Tibb Universiteti (ATU) Tədris Cərrahiyyə Klinikasının I Mamalıq-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Natəvan Axundova ilə müsahibəni təqdim edir.
Qeyd edək ki, N.Axundova ilə olan müsahibədə son illərdə daha da çoxalan sonsuzluq problemindən, eləcə də sonlanmayan hamiləliklərdən, təbii doğum və qeysəriyyə əməliyyatları ilə bağlı suallarımıza cavab tapmağa çalışmışıq.
– Natəvan xanım, qısa müddət əvvəl sayənizdə 12 ildən sonra Tovuz rayonunda yaşayan Əsgərovlar ailəsi əkiz uşağa sahibi oldular. Ümumilikdə, son vaxtlar sonsuzluq problemləri, eləcə də sonlanmayan hamiləliklərin sayı artmaqdadır. Bunun həlli yolları nələrdir?
– Ümumiyyətlə, sonsuzluq bəşəriyyət üçün aktual mövzulardan biridir. Nə qədər insan, cəmiyyət varsa, sonsuzluq problemi də mövcud olacaq. Düzdür, sonsuzluqla bağlı elmi-tədqiqat işləri çox aparılıb, ancaq yenə də bəzi suallar cavabsız qalıb. Çünki elə insanlar olur ki, problemləri olmasa belə valideyn ola bilmir. Bu səbəbi olmayan sonsuzluqdur ki, müasir elm bunu araşdırıb, çıxış yolu, eləcə də tutarlı nəsə tapa bilmir.
Elə bir həkim yoxdur ki, bütün sonsuzluqlara çarə tapa bilsin. Çünki təbabətdə 100 %-lik bir şey yoxdur. Bəzən elə olur ki, eyni diaqnozla olan xəstələrimə eyni dərmanı yazsam da, birində yaxşı, birində isə pis nəticə göstərir. Buna səbəb fərdi cavab reaksiyasının olmasıdır.
Bir sözlə, elə şeylər var ki, biz bunun qarşısında gücsüzük. Düzdür, qabaqcadan dünyaya gələcək xəstə uşaqlarının doğulmasının qarşısını almaq olur. Ancaq elə şeylər olur ki, elm yeni araşdırmalar aparsa da, aciz qalır.
– Sonsuzluğa nələr səbəb ola bilər?
– Praktikamda sonsuz nikahlarla çox qarşılaşıram. Müasir dövrdə aparılan əməliyyatlar, müasir xroniki və kəskin stress halları, böhran vəziyyətləri hormonal disbalansın yaranmasına səbəb ola bilir ki, nəticədə sonsuzluq problemi meydana gəlir. Daha sonra kiçik çanaqda iltihabı xəstəliklər səbəbindən, eləcə də vərəm, süzənək kimi xəstəliklər uşaqlıq boruların keçiriliciyini bağlayır. Eləcə də kiçik çanaqda aparılan istənilən əməliyyatlar yenə bitişmə yaradır və borunun anatomiyasını dəyişir ki, bu da sonsuzluğa səbəb olur.
Sonsuzluğu yarada biləcək səbəblər çoxdur. Bunun həlli üçün ilk olaraq müayinə düzgün aparılmalıdır. Burada əsas olaraq yaş faktoru və xəstənin keçirdiyi xəstəliklər araşdırılmalıdır.
Məsələn, bu yaxınlarda mənə 2 aydır evlənən cavan ailə müraciət etdi. İlk olaraq məəttəl qaldım, sonra isə analizlərə baxanda gördüm ki, qız ikitərəfli yumurtanın endometriyasından əməliyyat olunub və onun özü bilir ki, yumurtalığın rezervi sürətlə azalacaq və tez hamilə qalmaq lazımdır. Çünki həmin qadın nə qədər tez hamilə qalsa, ana olmaq şansı artacaq.
– Bütün xoşagəlməz hallarda həkimlər deyirlər ki, səbəb düzgün qidalanmamaqdır. Siz necə düşünürsünüz?
– Müasir dövrdə qidalanmamıza xüsusi önəm verməliyik. Konservantlar, rəngləyicilər orqanizmə ciddi təsir edir. Bunlar qidaya dad, rəng versələr də, keyfiyyət verə bilmirlər. Hətta xarici alimlər “fast food”larla qidalanan şəxslər barədə araşdırma apararaq, aşkara çıxardıblar ki, bu səbəbdən yaranan piylənmə idmanla və pəhrizlə həll ola bilmir. Olsa belə proses çox çətin və uzun müddətli olur.
Bundan başqa hazırda demək olar ki, hər kəs plastik qablarda maye qəbul edirlər. Bu qablar gün altında qalanda “Bisfenol A” adlı maddə yaranır ki, sözügedən maddə qız uşaqlarının vaxtından qabaq cinsi inkişafına səbəb olur. Eləcə də bu maddə yumurtalıqların funksiyasına mənfi təsir göstərir və yumurtalıqlar vaxtından qabaq tükənirlər.
Sivilizasiya bizə inkişafdan çox, sağlamlığımıza ziyan verəcək şeylər gətirir. Ona görə də mən belə fikirləşirəm ki, bu cür hallarda düzgün müalicə və qidalanma problemlərin azalmasına, eləcə də həllinə çox kömək olur.
– Ümumiyyətlə, evlilikdən sonra uşaq olmursa, neçə müddət sonra həkimə müraciət etmək lazımdır?
– Qadının bədəninin formalaşma dövrü ölkə qanunvericiliyində də olduğu kimi əsasən 18 yaşdan sonra başlayır. Yəni, bu yaşda artıq ailə qurmaq düzgündür. Bəzən bir neçə ay sonra bizə də müraciətlər edən olur. Ancaq bu cür vəziyyətdə tələsməmək lazımdır. Belə ki, evlilikdən 1 il sonra hamilə qalmaq mümkün olmursa, bu zaman həkimə müraciət etmək olar.
35 yaşa qədər qadın 1 ildən sonra, 35 yaş üstü xanımlar isə 6 ay sonra, müraciət edə bilərlər. Ancaq qadının yumurtalığında əməliyyat olubsa, eləcə də bir tərəfdə boru, yumurtalıq yoxdursa və s. onda daha tez həkimə müraciət etsinlər.
– Yaşla əlaqədar müalicələrdə fərqlər olurmu?
– Tutaq ki, qadın 35 yaşa qədərdir və onun bu müddətdə heç bir problemi olmayıb. Bu cür cütlüklər 2 ildən sonra övlad sahibi ola bilmirlərsə, onlarda təbii yolla müalicədən imtina edirik və artıq təklif edirik ki, daha effektiv köməkçi reproduktiv texnologiyalardan (uşaqlıqdaxili inseminasiya və ya ekstrakorporal mayalanma) istifadəyə başlanılsın.
Ancaq xəstə 35 yaşdan yuxarıdırsa və 1 ildir hamilə qalmırsa, onu ilk olaraq müalicə edirik, bu isə effekt vermirsə, daha sonra reproduktiv texnologiyaya yönəldiririk.
– Son vaxtlar gənc ailələr arasında 12 həftəyə qədər dölün inkişafdan qalması və ya düşməsi hallarının sayı da artmaqdadır. Buna səbəblər nələrdir?
– 12 həftəyə qədər düşüyün əsas səbəbləri gen və xromosom patalogiyalarıdır. Bundan başqa qalxanabənzər vəzin problemi (zob), eləcə də androgen (kişi cinsi) hormonların qadında daha çox olması düşüşlə nəticələnə bilər. Bunun səbəbləri müxtəlifdir, ona görə də burada düzgün diaqnoz qoyulmalıdır.
Bildirim ki, 12 həftəyə kimi dölün bədənə yapışmasını sarı cisim təmin edir. Sarı cisim isə çatmırsa, düşüş baş verir. 12 həftədən sonra isə bu funksiyanı cift öz üzərinə götürür.
– Bəs, düşüşdən sonra yenidən hamilə qalmaq şansı necədir? Burada nələr problem yarada bilər?
– Yaxşı olar ki, bu cür vəziyyətlərdə düşük materialı genetik analizə verilsin. Burada müayinə mütləqdir. Həmçinin qaşıntı materialı da burada mütləq müayinə edilməlidir ki, növbəti hamiləlik üçün planlaşdırılma aparıla bilsin.
4 həftədən sonra döl məhv olursa, mütləq stasionar şəraitdə qaşınmaq lazımdır. Ancaq çox təəssüf edirəm ki, xanımlar qaşınmadan çox vaxt imtina edirlər və bu prosesdən qorxurlar. Bildirim ki, qaşınma materialı bir çox suallara cavab tapmağımızda bizə yardımçı olur.
– Bəzən qadınlar həkimlərə müraciət etmədən, dərmanlar vasitəsilə də dölü düşürürlər. Bunun nə kimi zərərləri ola bilər?
– Hazırda bu vəziyyət aktual və çox ciddi problemdir. Bu vəziyyətdə qadına ancaq həkim kömək edə bilər. Dərmanın isə zərərləri çoxdur. Məsələn, döl bətndaxilində ölürsə, bu qanda laxtalanma sisteminə ciddi təsir göstərir. Qan durulaşır və qanaxma nəticəsində qadın həyatını da itirə bilər.
– Bir qədər də süni mayalanmadan danışaq. Maraqlıdır, bir vaxtlar kişilər tərəfindən süni mayalanma qəbul edilmirdi və övlad sahibi olmaq üçün tək çarə bu olsa belə, imtina halları çoxluq təşkil edirdi. İndi vəziyyət necədir?
– Ümumiyyətlə, sonsuz nikahla bağlı müraciətlər ediləndə, biz ilk olaraq hər iki tərəfin analiz verməsini tələb edirik. Bəzən kişilər analiz verməkdən imtina edərək, iddia edirlər ki, onların heç bir problemləri yoxdur. Bu zaman çalışırıq ki, onlarla danışaq və sonsuzluğa əsl səbəbin bilinməsi üçün analiz verməklərinə razılıq alaq.
Cütlüklərə süni mayalanmanı təklif etdikdə, həmişə deyirəm ki, övlad sizin olur. Hətta kişilər DNT analizi verərək də, sonradan bundan əmin ola bilərlər. Bundan başqa bütün bu proseslər sənədlərdə öz əksini tapır. Həmçinin əgər süni mayalanma zamanı donor spermasından istifadə edilirsə, bundan ata xəbərdar olur. Və o imza çəkərək, bunu qəbul etdiyini bəyan edir.
– Donor spermalarından söhbət düşmüşkən, bu proses necə baş verir?
– İlk olaraq bildirim ki, donorlar könüllü olur və onların spermaları ciddi şəkildə yoxlanıldıqdan sonra istifadə edilə bilər. Həmçinin qeyd etdiyim kimi, əgər donor spermasına ehtiyac yaranırsa, bu zaman mütləq müraciət edən şəxslərə bununla bağlı geniş məlumat verilir, razılaşma baş tutduqdan sonra isə prosesə başlanılır.
Bunu deyim ki, 1 adam 1 milyonluq əhaliyə 1 dəfə, 10 milyonluq əhaliyə isə 10 dəfə donor ola bilər. Düşünün ki, bu hallar çoxalsa, sabah qardaş və bacılar evlənə bilər. Çünki donor olan şəxslər, kimlərə övlad sahibi olmaq üçün yardım etdiklərini bilmirlər və bu tərəflərin bütün məlumatları gizli şəkildə saxlanılır.
– Xarici praktikada daşıyıcı ana (surroqat ana) metodikasından geniş istifadə olunur. Sözügedən praktikanı ölkəmizdə də tətbiq etmək olarmı?
– Elə olur ki, qadının yumurtalığı olur, ancaq uşaqlığı olmur. Bu zaman yumurta hüceyrələrini digər biri daşıyır. Dünya ədəbiyyatında hətta bu cür qadınlara ölmüş qadınların uşaqlığını da köçürmək barədə məlumatlar var. Düşünürəm ki, bu normal bir şeydir, ancaq bunun ölkəmizdə olması üçün qanunvericiliklə qərar verilməlidir.
– Son olaraq təbii doğum və qeysəriyyə əməliyyatı barədə də bəzi suallara aydınlıq gətirək. Ümumiyyətlə, hər iki üsulla doğulan uşaqları nələr fərqləndirir?
– İlk olaraq deyim ki, əksər həkimlərin olduğu kimi mən də təbii doğuşun tərəfdarıyam. Çünki bu zaman doğulan uşaqların ətraf mühitə adaptasiyası, immuniteti güclü olur. Eləcə də doğuş prosesində uşağın ağciyərlərindəki selik xaric olunur deyə, daha yaxşı nəfəs alır. Ancaq qeysəriyyə zamanı bu eynilik təşkil etmir.
Ümumiyyətlə, qeysəriyyə mütləq həyati göstəriş olduqdan sonra baş tutmalı və qadınların istəyi ilə reallaşdırılmamalıdır.
– Artıq təbii doğum zamanı epidural anesteziyadan (ağrısız doğum) da istifadə halları çoxalıb. Bunun hansısa mənfi tərəfləri varmı?
– Sözügedən doğumda beldən iynə vurulur və qadın doğuş sancılarını çəkmir. Bununla da təbii doğuş həyata keçirilir. Əslində bunlar arasında elə də ciddi fərqlər yoxdur. Sadəcə bu seçimdən aslıdır. Bundan başqa epidural anesteziyadan sonra qadında müəyyən qədər baş gicəllənmələri halı ola bilir.
– Ümümdünya Səhiyyə Təşkilatı bildirir ki, qeysəriyyə əməliyyatları təbii doğuşların sayının 15 %-ni ötməməlidir. Hazırda ölkədə vəziyyət necədir?
– Mən düşünürəm ki, artıq bu göstəricini illərdir ki, keçirik. Bizə sağlam gələcək, sağlam körpələr lazımdır. Qeyd edim ki, praktikamda daha çox qeysəriyyə əməliyatına üstünlük verirəm. Çünki mənə müraciət edənlərin əksəriyyəti problemli hamiləliklər olar. Bu zaman isə mənim başqa çıxış yolum qalmır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər