Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Şükür Həmidov ordu.az saytına müsahibə verib.
Unikal.org müsahibənin aktuallığını nəzərə alaraq oxuculara təqdim edir
“Həmin zaman komandirimiz Mayis Bərxudarovun bölmələri soyuqqanlılıqla, cəsarət və səbrlə idarə etməsi bizi qələbəyə doğru apardı. İnanın, döyüş elə dəqiqlik və peşəkarcasına idarə edilirdi ki, hər saniyə insanda döyüş əhval-ruhiyyəsini artırdı. Ölümü düşünən yox idi. Hamı istəyirdi ki, bir addım da olsa irəli getsin. Əsgər baxırdı ki, onunla yanaşı polkovniklər də irəliləyir, ona görə də, necə deyərlər, hər biri düşmənin üstünə qartal kimi şığıyırdı”.
Bu dəfəki müsahib Aprel döyüşləri zamanı Milli Qəhrəman adına layiq görülən Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Şükür Həmidovdur. Şükür Həmidov işğal atında olan Lələtəpə yüksəkliyini fəth edən zabitlərdəndir. O zabitlərdən ki, əsgəri ilə çiyin-çiyinə qanlı döyüş meydanına atılaraq ölümün gözünə dik baxıb. Özünün təbirincə desək, Lələtəpə romantikasını Azərbaycan əsgərinin qarşısından silahını ataraq qaçan düşmən zabitini görmə həzzini yaşayıb.
– Cənab polkovnik, istərdim özünüz barədə məlumatı elə öz dilinizdən eşidək.
– Mən Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində anadan olmuşam. Həmin kənddə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşam. Həmin liseyi bitirdikdən sonra Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşam. 1995-ci ilin iyun ayında ilk hərbi rütbə alaraq Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissələrin birində tağım komandiri kimi xidmətə başladım. Orada mayor hərbi rütbəsinə qədər yüksəldim. 2006-cı ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil oldum.
Hərbi Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində yerləşən N saylı hərbi hissələrin birində bölmə komandiri kimi xidmətimi davam etdirdim. Sonra müxtəlif vəzifələrdə xidmət edərək komandir vəzifəsinədək yüksəldim.
– Komandir, ilk zabit rütbəsi aldığınız illər ermənilərin heç də əməl etmədiyi atəşkəs dövrünə düşüb. Yəni müharibəyə çata bilməmisiniz. Özünüz isə işğal altında olan rayonun sakinisiniz. Təəssüf ki, ata-baba yurdunuz düşmən tapdağı altındadır. Bir sözlə, bir gənc zabit kimi müharibəyə çata bilmədiyiniz üçün hansısa peşmançılıq hissi keçirirdinizmi?
– Düzünü deyim ki, mən Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyanda Şuşa şəhərinin işğal olunması xəbərini eşitdim. Onda biz tağım şəklində məktəbi icazəsiz tərk edib qatarla cəbhəyə yollanaq. Bizi Yevlax şəhərində saxlayıb yun zavoduna gətirib bir az orada saxladıqdan sonra geri qaytardılar. O vaxtdan biz döyüşmək istəyirdik. Bəli, mən hərbi xidmətə başlayanda çox heyfsilənirdim ki, bir zabit kimi müharibədə iştirak edə bilmədim. Bildiyiniz kimi, həmin dövrlərdə bizim döyüşən cəsur oğullarımız var idi. Amma onları idarə edən kifayət qədər peşəkar zabitlərimiz yox idi. Digər tərəfdən yanaşsaq, baxarıq ki, atəşkəsin olması heç də bizim əleyhimizə olmadı. Həmin dövrlərdə ordumuz formalaşdı, peşəkar zabitlər yetişdirdi. Atəşkəs rejimi hazırkı qüdrətli orduya çevrilməyimizə səbəb oldu.
– Mayor hərbi rütbəsindən Aprel döyüşlərinə qədər elə yerdə xidmət aparmısınız ki, həmin ərazilərin qarşı mövqeləri sizin doğulduğunuz rayon istiqaməti olub. Ön cəbhədə xidmət apardığınız müddətdə heç elə olubmu ki, düşmənin bir ciddi səhvini axtarasınız, yəni bir qığılcımla düşmənin üzərinə atılaraq işğal altında olan ərazilərimizi düşməndən azad etməyə qalxasınız?
– Çox maraqlı məqama toxundunuz. Həqiqətən də səngərdə nəinki özümüz, əsgərlərimizi də o hisslərlə yaşadırdıq. Mənfur düşmənin ayaq basdığı torpaqlarımıza baxıb köks ötürürdük. Hərdən əsgərlər də “komandir, haçan biz bu səngərdən çıxıb üzü o yana gedəcəyik?” deyə sual verirdi. Mən həmişə arzu edirdim ki, ya əmr verilsin, ya düşmən basqın eləsin ki, biz də əks-hücum edək. Hər bir əsgərim belə mənimlə bu fikirlə yatıb oyanırdı.
– Əsgərlər demişkən, sizcə, indiki Milli Qəhrəman Şükür Həmidov keçmiş əsgərlərinin xatirəsində necə qalıb?
– Daha doğru olar ki, onu rastlaşarkən əsgərlərimizdən soruşasınız. (Gülür) Taqım komandiri olaraq xidmət etdiyim gündən həmişə çalışmışam ki, əsgərlərim vətənpərvər, çalışqan və savadlı əsgərlər olsun. Ona görə də həmişə tələbkar olmuşam. Əsgərimin hərbi biliklərə daha dərindən yiyələnməsinin tələbkarı olmuşam. İstəmişəm ki, gələcək döyüşlərdə mənimlə çiyin-çiyinə silahla peşəkar davranan əsgərim olsun. Hətta təlimlər zamanı əsgərlərdə elə təbliğat aparmışam ki, əsgər nişan aldığı taxta parçasını belə düşmən bilib tətiyi nifrətlə çəksin. Çünki elə olanda əsgərlər daha dəqiq və sərrast atəş açırlar. Hərçənd əsgərlərimlə asudə vaxtlarında valideyn, qardaş kimi rəftar eləmişəm ki, onlar digər problemlərini rahat şəkildə mənimlə bölüşsünlər. Məhz buna görə əsgərlərimin xatirində yaxşı komandir kimi qalacağıma inanıram.
– Xidmət etdiyiniz illər ərzində əsasən əsgərlərinizə ən vacib nəyi öyrətməyi özünüzə mənəvi borc bilirsiniz?
– Dahilərin belə bir sözü var: “intizamsız ordu daima məğlubiyyətə düçardır”. Bir bölməni ən müasir silah və texnika ilə təchiz elə, amma o bölmənin intizamı olmasa, tam məğlub olacaqdır. Mən həmişə birinci növbədə tabeçiliyimdə olanlara böyüklərə – komandirlərə intizamla tabe olmağı öyrətmişəm. Bundan sonra yuxarıda qeyd etdiyim kimi, düşmənə nifrət hissini aşılamışam.
– Cənab polkovnik, 1995-ci ildən zabit kimi xidmətə başlamısınız və hazırda da davam edirsiniz. Zabit kimi başladığınız ilk illərdən bu günə ordudakı nizam-intizam səviyyəsi nə qədər dəyişib?
– Bir şeyi diqqətinizə çatdırım. Əgər zabit ona tabe olanlardan nizam-intizam tələb edirsə, onda birinci növbədə özü nizam-intizamlı olmalıdır. Ona görə də bölmələrdəki intizam hər bir komandirin özündən asılıdır. Əgər əmrlərə lazımi səviyyədə tabe olursansa, o zaman səndən rütbədə kiçiklər də sənə tabe olacaq. Amma ümumiyyətlə əvvəlki illərlə hazırkı dövrü müqayisə etsək, sözsüz ki, müqayisəyə gəlməyəcək dərəcədə dəyşiklik var. Bu tək intizamda deyil, hər sahədə özünü göstərir. Bundan başqa cənab general-polkovnik Zakir Həsənov Müdafiə naziri təyin edildikdən sonra bu qeyd etdiklərim özünü daha da büruzə verdi. Çünki cənab nazirimiz əsgərdən tutmuş zabitə qədər hər kəsə xüsusi diqqət ayırır. Hər kəsin xidmətin layiqincə qiymətləndirir. Bu da sözün yaxşı mənasında orduda yüksək əhval-ruhiyyə yaratdı. Bundan başqa, valideynlərdə də orduya maraq və diqqət oyatdı. Cənab nazirin “Açıq qapı” günləri təyin etməsi hər bir valideynə imkan verdi ki, onlar gedib övladları xidmət edən hərbi hissədə yaradılan şəraitlə tanış olsunlar. Özünüz də bilirsiniz, ölkəmizdə elə bir hərbi hissə yoxdur ki, orada səliqə-sahman olmasın. Buna görə də həm əsgərlərdə nizam-intizam, həm də valideynlərdə yüksək əhval-ruhiyyə birə min artdı.
– Bəs ordu sıralarına qoşulan gənc əsgərlərdə hərbi vətənpərvərlik hissləri hansı səviyyədədir?
– Bir kəlimə ilə desək, yüksək səviyyədədir… Təbii ki, burada valideyn və orta məktəb faktoru yüksək rol oynayır.
– Siz Azərbaycan Ordusunun yüksək rütbəli zabiti olduğunuz kimi, həm də valideynsiniz. Maraqlıdır Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov öz övladlarında vətənpərvərlik ruhunu hansı üsulla aşılayır?
– İki övlad atasıyam. Bir oğlan, bir qız… Heç Milli Qəhrəman deyildim. Hərbi hissə komandiri vəzifəsində çalışırdım. Onda oğlum məktəbə getmirdi. Amma dövlət himnimizi oxuyurdu. Mənə hərbi salam verirdi, (gülümsəyir) bundan başqa hərbi andı əzbərləmişdi, hərbi vətənpərvərlik ruhunda yazılmış mahnılar oxuyurdu. Bunları mən öyrətməmişəm, o sədəcə olaraq gördüklərin götürmüşdü. Oğlum hazırda orta məktəbdə təhsil alır. Mənə “Ata, istəmirəm ki, gələcəkdə mənə Milli Qəhrəmanın oğlu desinlər, istəyirəm desinlər ki, Milli Qəhrəman Şükür Həmidov filankəsin atasıdır” deyir. İnanıram ki, o, ümidlərimi doğruldaraq gələcəkdə Vətənə faydalı övlad olacaq.
– İstərdim ki, Aprel döyüşləri barəsində də söhbət edək. Həmin döyüşlər hər kəsin baxış bucağında tam başqa görünür. Bəs sizcə, döyüşlər necə baş verdi?
– Deməli, həmin günlər düşmən öz aləmində gizli tədbirlər həyata keçirirdi. Onlar arxadakı bölmələrini önə çəkirdilər, döyüş təlimləri adına müəyyən qruplaşmalar yaradırdılar, artilleriya, motoatıcı, mexanikləşdirilmiş tank bölmələrini önə gətirib ərazilərdə cəmləşdirirdilər. Təbii ki, bizim bölmələr boş durmayıb qarşı tərəfin bütün hərəkətini müşahidə edirdi. Baş verənləri təhlil etdikdən sonra anlamışdıq ki, düşmən hücumu ola bilər. Yanılmadıq… Aprelin 1-dən 2-nə keçən gecə düşmən təxribat fəaliyyətinə başladı. Həmin istiqamətdə hərbi hissə komandiri idim. Baxdım ki, düşmən açıq şəkildə hücuma başlayır. Həmin vaxt ön xətdə xidmət aparanların hamısı adi əsgərlər idi. Həmin əsgərlər düşmən hücumunun qarşısını rəşadətlə aldılar. Onlara Azərbaycan əsgərinin zərbi-dəstini göstərdilər. Düşmənə sübut etdilər ki, bu, 1992-1993-cü illərdəki peşəkar zabitlər tərəfindən idarə olunmayan, silah-sursat qıtlığı yaşayan özünümüdafiə bölmələri deyil, bu, ən müasir ordularla müqayisə ediləcək Azərbaycan Ordusudur. Təbii ki, qeyd etdiyim kimi düşmənin hücumu bölmələrimiz tərəfindən dayandırıldı, artilleriya bölmələrimiz geri çəkilən düşmənə sarsıdıcı zərbələr endirdi. Bununla düşmən ciddi itki verdi. Daha sonra Lələtəpə yüksəkliyi və ətraf bölgələr qısa əks-hücumla düşmən işğalından azad edildi və ilk dəfə bayrağımız illər sonra işğaldan azad edilən yerlərdə dalğalandı.
– Komandir kimi həmin döyüşlərə hansı saatlarda qoşuldunuz?
– İlk andan başladıq. Təbii ki, birlik komandirimiz döyüşü idarə edirdi. Mən Bəkir Orucovla birlikdə hücuma gedən bölmələrlə birgə Lələtəpə istiqamətinə hərəkət etdim. Sağ və sol cinahlarda isə digər qruplar hərəkət edirdi. Həmin zaman komandirimiz Mayis Bərxudarovun bölmələri soyuqqanlılıqla, cəsarət və səbrlə idarə etməsi bizi qələbəyə doğru apardı. İnanın, döyüş elə dəqiqlik və peşəkarcasına idarə edilirdi ki, hər saniyə insanda döyüş əhval-ruhiyyəsini artırdı. Ölümü düşünən yox idi. Hamı istəyirdi ki, bir addım da olsa irəli getsin. Əsgər baxırdı ki, onunla yanaşı polkovniklər də irəliləyir, ona görə də, necə deyərlər, hər biri düşmənin üstünə qartal kimi şığıyırdı.
Düşmən silahını atıb qaçırdı. İndi hərdən sosial şəbəkələrdə nələrsə yazırlar. Onların hamısı boş şeylərdir. Mən şahidəm onlar silahlarını, öz yaralılarını qoyub qaçırdı. Hətta bizə onları öldürməyək deyə yalvarırdılar. Bu gün erməni ordusu heç nəyi ilə öyünə bilməz. Hər şey göz qabağındadır. Bizim qısaca heç bir əlavə qüvvə cəlb etmədən keçirdiyimiz əks-hücuma tab gətirə bilməyən erməni hərbçiləri sabah Azərbaycan Ordusunun qarşısında necə duracaqlar? Ona görə də yaxşısı budur ki, ölməmiş, daha da gülünc vəziyyətə düşməmiş rədd olub çıxsınlar ərazilərdən. Əks halda onlar Ali Baş Komandanın verəcəyi döyüş əmrində nələrlə qarşılaşacaqlarını görəcəklər.
– Döyüş gedən ərazidə yerləşən hərbi hissənin komandiri idiniz. Aprel döyüşlərindən öncə düşməni necə qiymətləndirirdiniz? Bir sözlə, müşahidə və kəşfiyyat məlumatları hesabına dəyərləndirdiyiniz düşmənlə açıq döyüşdə qarşılaşdığınız düşmənin bir fərqi var idimi?
– Əlbəttə ki, bütün hallarda rəqibi qiymətləndirmək lazımdır. Xüsusilə də peşəkar zabit hər şeydən öncə düşməni düzgün qiymətləndirməyi bacarmalıdır. Məsələn, düşməni olduğundan zəif dəyərləndirmək bilavasitə məğlubiyyət deməkdir. Açığını deyim ki, mən bütün hallarda düşməni bərabər qüvvədə qiymətləndirirdim. Yaxşı döyüş gedəcəyini zənn edirdim. Doğrusu, bu daha zövqlü olardı. Amma qarşılaşanda gördük ki, yox, bu, bizim hesabladığımız düşmən deyil. Cəmi bir neçə dəqiqə tab gətirdilər…
– Bəs həmin döyüşlərdə ən çətin anınız hansı idi?
– Bilirsiniz, bir döyüşçü, bir əsgər üçün hər şey asan ola bilər, amma əgər sən həmin döyüşə girən hərbi hissənin komandirisənsə, deməli orada hər şey çətindir. Bütün məsuliyyət üzəridə olur. Əsgər şəhid olur, için yanır, yaralanır, təcili təxliyəsi lazımdır, digər təminatlar lazımdır, verilən tapşırıqlar dərhal yerinə yetirilməlidir. Təbii ki, bunun hamısı insanda çətinlik yaradır. O baxımdan döyüş başlayıb bitənə qədər hər şey mənim üçün çətin idi. Amma çox şükür ki, sonu şirin xatirələrlə bitdi. Lap şərbət oldu…
– Komandir, Lələtəpə döyüşünün yaddaşınızda qalan romantikası, duyğusallığı oldumu?
– Öz səngərimizdən çıxıb irəlilədiyimiz hər addımda ayaqlarımız altında tapdalanan otlar romantika idi. 25 ildən sonra ilk dəfə irəliləməyimiz romantika idi. Düşmən mövqelərində bayrağımızın dalğalanması romantika idi. Tankçının tankdan düşüb dizlərini yerə qoyub torpağı öpməsi romantika idi. Daha nə deyim?!
– Hərbi hissə komandiri kimi həmin döyüşlərdə daha çox yadda qalan əsgəriniz oldumu?
– Orada kimisə fərqləndirmək düzgün olmazdı. Vuruşan hər bir döyüşçü qəhrəman idi. Üzeyir adlı bir döyüşçü varı idi. Dörd güllə yarası almışdı. Buna baxmayaraq döyüş meydanın tərk etmək istəmirdi. İmkan vermirdi ki, onu hospitala aparsınlar. Həmçinin əkiz qardaşlar var idi. Piriyev qardaşları… Hər ikisi əsgər idi. Döyüş gedən vaxtı qardaşın birini o biri qardaşın yanında vurdular. Lakin digəri buna əhəmiyyət verməyib döyüşə-döyüşə irəlilədi. Ən çox yaddaşımda qalan əsgərim döyüşün ən kiçik boylu və fiziki baxımdan zəif olanı idi. Aprelin 3-ü günü gecə güclü yağış yağmışdı. Həm də dəhşətli soyuq var idi. Qruplarla şəxsi heyəti arxaya keçmiş səngərə yola salırdım ki, gedib sobada isinsinlər, həm də paltarlarını qurutsunlar. Bu əsgərə yaxınlaşıb onun da getməsini istədim. Əsgər getmədi. Yenə əmri təkrarladım, o, çənəsi əsə-əsə mənə “Komandir, mənə geriyə yox, irəli getməyi əmr elə. Mən isinmək yox, döyüşmək istəyirəm” dedi. Hansı dövlətin belə əsgəri ola bilər axı?
– Milli Qəhrəman adına layiq görülməyiniz barədə ilk xəbəri kimdən və necə eşitdiniz?
– Lələtəpədə oturmuşdum. Bəkir Orucov mənimlə əlaqəyə çıxaraq təcili gündəlik geyim formada qərargaha getməyimi bildirdi. Orada mənə bildirdilər ki, Bakıya gedəcəyəm. Amma yenə nə baş verdiyini anlaya bilmirdim. Qərargaha çatanda artıq helikopter məni gözləyirdi. General-leytenant Eyvaz Cəfərov mənimlə görüşüb yola saldı. Bakıya düşəndə Ali Baş Komandan tərəfindən yenicə general-mayor rütbəsi alan Mayis Bərxudarovla görüşdüm. O, orada bildirdi ki, bəs Ali Baş Komandanın qəbulunda olacağam və cənab Ali Baş Komandan mənə Milli Qəhrəman adını təqdim edəcək. İlk dəfə onda bildim…
– Bəs həmin xəbəri ilk dəfə kimə dediniz?
– Təltif olunduqdan sonra anama zəng edib dedim… Onsuz da nigaran idilər. Anamın bir neçə günlük intizarını ürəkaçan xəbərlə sonlandırmaq istədim…
– Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şükür Həmidov media vasitəsi ilə gənclərə nə demək istəyir?
– Vətəni sevsinlər, milli dəyərlərimizə önəm versinlər. Çünki bizim bizdən başqa heç kimimiz yoxdur. Çünki bizim düşmən tapdağında olan torpaqlarımız var. Ona görə də hansı sahədə olurlar olsunlar, amma öz peşələrinin peşəkarları olsunlar. Dövlətimizin daha da inkişaf etməsində əməkləri olsun… Belə olsa, hər şey biz istədiyimiz kimi olacaq.