Ombudsman Elmira Süleymanova sentyabrın 29-da Sumqayıtda növbəti ictimai dinləmələr keçirmişdir. Sumqayıt ictimaiyyətinin nümayəndələri, icra hakimiyyətinin, bələdiyyənin, məhkəmələrin, DİN və prokurorluq orqanlarının təmsilçiləri, jurnalistlər, şəhər dairə seçki komissiyalarının sədrləri və üzvləri Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının tamaşaçı salonuna toplaşmışdılar.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Vaqif Əliyev tədbiri açaraq dinləmələrin əhəmiyyətini vurğulamış, sumqayıtlıların həyat və fəaliyyəti üçün lazımi şəraitin yaradılması istiqamətində görülən tədbirlərdən söz açmışdır. V.Əliyev vurğulamışdır ki, Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna başlamışdır. Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixində müstəsna xidmətlərini vurğulayan natiq həmin strategiyanın əsas məqamları üzərində ətraflı dayanaraq bildirmişdir ki, ulu öndərin çoxşaxəli fəaliyyətinin prioriteti həmişə insan amili olmuşdur. 1998-ci ildə ombudsman– insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi, konstitusiya nəzarətinin gücləndirilməsi və s. bütün bunları bariz şəkildə sübuta yetirir. Həmin xətt 2003-cü ildən dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2006-cı ildə Azərbaycan Prezidenti Milli Fəaliyyət Planını təsdiq etmişdir. Ombudsman Elmira Süleymanovanın sumqayıtlılarla görüşü Milli Fəaliyyət Planının monitorinqinə həsr olunmuşdur. İnsan hüquqları üzrə müvəkkil tədbir iştirakçılarına ombudsman aparatının fəaliyyətindən, onun Milli Fəaliyyət Planının icrasında iştirakından söz açmış, bu plan çərçivəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən konkret tədbirlərdən danışmışdır.
E.Süleymanova çıxışında Milli Məclisə seçkilərin keçirilməsinə hazırlıq məsələlərinə xüsusi yer ayırmışdır. Ombudsman azad, demokratik və şəffaf seçkilərin keçirilməsində dairə seçki komissiyalarının vəzifələrindən danışmış, dövlətimizin başçısının seçkilərin keçirilməsi, seçicilərin hüquqlarının müdafiə olunması, seçicilərlə kütləvi yığıncaqların keçirilməsi yerləri barədə məlumatın vaxtında verilməsi haqqında məlum sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinin əhəmiyyətini vurğulamış, seçicilərin şəxsiyyət vəsiqələri ilə təmin olunması məsələlərinə toxunmuş, ortaya çıxan problemlərin birgə səylərlə həllinə dair müvafiq tövsiyələr vermişdir. Dinləmələrdə şəhər icra hakimiyyəti başçısının müavini Akif Quluyev, hüquq-mühafizə orqanlarının, dairə seçki komissiyalarının, habelə bir sıra idarə və müəssisələrin rəhbərləri çıxış etmiş, konstruktiv dialoq aparılmışdır.
Sonda ombudsman vətəndaşların müraciətlərini dinləmiş, Sumqayıt Polis İdarəsinin müvəqqəti təcridxanasında olmuşdur.
AzərTAc