Ömrümüzü kəsən dəmir arakəsmələr – Rəsmilər faciələrə səbəb olan problemdən DANIŞDI

1232

Yol kənarındakı dəmir maneələr bu gün bir daha faciəyə səbəb oldu. Belə ki, sürücülərin və ekspertlərin bildirdiyinə görə, yol kənarına çəkilən dəmir maneələr qəza zamanı vəziyyəti daha da ağırlaşdırır. Bu gün Bakıda Kənar Dairəvi Yolda baş verən hadisə zamanı da eyni halın təkrarlandığını söyləmək mümkündür. Bildirildiyinə görə, yolda idarəetməni itirən “Mercedes” markalı avtomobil dəmir arakəsmələrə çırpılıb. Və nəticədə iki qadın xəsarət alıb ki, onlar kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Bu qəza ilə bağlı söylənilən ilk fikir o oldu ki, dəmir maneələr durumu daha da kritikləşdirdi. Xatırladaq ki, bu il iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunda ağır qəzaya düşən iş adamı Hacı Mazanın (Ramazan Əliyev) da səhhətində ciddi problemlər yaranmasında dəmir maneələr gündəmə gətirilmişdi.

Dəmir arakəsmələrlə bərabər, bəzi yolların kənarında maneələrin olmaması, düzgün işıqlandırılmaması da böyük faciələrə gətirib çıxarır.

Sentyabrın 9-da İmişli-Cəfərli-Əliqulular kəndi yolunda baş verən qəza zamanı sözün əsl mənasında böyük faciə yaşandı. Belə ki, Bakı sakininin idarə etdiyi “Opel Vectra” gecə saatlarında kanala aşaraq, ümumilikdə 5 nəfərin həyatına son qoydu. Bütün ölkəni sarsan bu kimi ailə faciəsinin səbəbi nə idi? Həmin ərazidə avtomobillərin təhlükəsizliyi üçün hər hansı bir maneə və ya işıqlandırma varmı?

Yol-nəqliyyat eksperti Hüseyn Abdullayev məsələ ilə bağlı Lent.az -a açıqlama verib. O bildirib ki, kənd yollarında təhlükəsizlik tədbirlərinin görülməməsi qəzaların sayını çoxaldır:

“Problem odur ki, yollar işıqlandırılmır, istər beton, istərsə də dəmir maneələr qoyulmur. Aşırımlar, kanal, çay və.s kimi yerlərdə müəyyən arakəsmələr olmalıdır ki, avtomobillər idarəetməni itirəndə ora yuvarlanmasınlar. Bizdə təəssüf ki, əsasən kənd yollarında nə işıqlandırılma var, nə təhlükəsizlik tədbirləri görülüb. Buna görə də çox qəribə hadisələr olur, hansı ki, olmaya bilərdi. Bəsit təhlükəsizlik tədbiri olsaydı ölümlərin qarşısı alınardı.

Neçə vaxtdır yollardakı dəmir arakəsmələrin həyat üçün daha təhlükəli olması məsələsi gündəmə gətirilib. Amma hələ də bunları birdəfəlik dəyişə bilmirlər”.

Xatırladaq ki, bir neçə il bundan əvvəl Bakı-Sumqayıt yolunda mikroavtobus dəhşətli qəza törətmişdi. O zaman da hadisə nəticəsində ölənlərin sayının çox olmasına səbəb dəmir arakəsmələrin sərnişinlərin ayaqlarını kəsməsi oldu.

Bu mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə də söhbət etdik. Anar Nəcəfli Lent.az -a açıqlama verərkən, İmişlidə baş verən faciəvi qəza barədə məlumat verib: “Avtomobil körpüdən kanala aşıb. Həmin körpü agentliyin balansında deyil. Su-kanal idarəsinin balansındadır. Kəndlərarası çöllük yoldur. Körpünün kənarlarında dəmir maneələr var. Ancaq avtomobil həmin maneələri qıraraq aşağı yuvarlanıb. Həmçinin körpünün başlanğıc hissəsində də agentliyə məxsus olan sərt döngə işarəsi var. İşarənin görünməsi üçün isə, əlavə işıqlandırma sistemlərinə ehtiyac yoxdur. Körpünün kənarında olan dəmir maneə barədə dəqiq məlumatım yoxdur”.

Məsələ ilə bağlı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifovla əlaqə saxladıq. Qurumun mətbuat katibi açıqlamasında avtomobilin düşdüyü yerin kanal deyil kollektor olduğunu bildirib. Dilqəm Şərifov körpünün “Meliorasiya və Su Təsərrüfatı”nın balansında olduğunu deyərək, təhlükəsizlik üçün qurulan beton maneələrin 1 metrdən hündür olan dirəklər olduğunu qeyd edib. Onun sözlərinə görə, yalnız yüksək sürət və sərxoş halda həmin maneələri keçərək suya düşmə halı ola bilər. Həmçinin o, bildirib ki, avtomobil də məhz beton dirəklərdən birini kökündən dağıdaraq kollektora düşüb.

Güman edirik ki, yollarda qəzalara səbəb olan bu problemlərlə bir daha rastlaşmayacağıq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər