Sahib müəllimlə tanışlığım beynəlxalq təşkilatın dəstəyi ilə onun rəhbərlik etdiyi təşkilatın bir layihəsi ilə başlandı və bu tanışlıq uzunmüddətli əməkdaşlığa, daha sonra səmimi dostluğa çevrildi. İndiyədək də vətəndaş cəmiyyətinin inkişafına birgə töhfəmizi veririk. Birgə fəaliyyətimiz zamanı Sahib müəllimdə müşahidə etdiyim bəzi xüsusiyyətlərini qeyd etmək istəyirəm. Ən əvvəl deyim ki, Sahib müəllim çox maraqlı həmsöhbətdir. Sumqayıtdan Astarayadək, Qusaradək, Şəkiyədək, İmişliyədək, Gəncəyədək dəfələrlə birgə səfərlərimiz olub. Yolboyu onun maraqlı söhbətləri başımızı elə qatıb ki, rayona nə vaxt çatmağımızdan xəbərimiz olmayıb. Digər maraqlı xüsusiyyəti insanlarla çox asan ünsiyyətə girməsidir. Hərdən adama elə gəlir ki, Sahib müəllim çox dil bilir, əsil poliqlotdur , hər kəslə öz dilində danışır: uzaq rayonda bir bürokrat məmurla bir dildə, bir saf qəlbli ziyalı ilə başqa bir dildə, zəhmətkeş, sadə insanlarla tamam başqa dildə danışır.
Sahib müəllim dostluqda səmimidir, sədaqətlidir, səxavətlidir. Vaxtında çətinlikdə olan dostunun, qohumunun, tanışının yanında olmağı bacarır, maddi və mənəvi dəstəyini əsirgəmir. O, nə sinif yoldaşlarını, nə tələbə yoldaşlarını, nə keçmiş iş yoldaşlarını unutmur, onlarla daim ünsiyyət saxlayır. Əfqanıstan müharibəsində od-alov içindən birgə keçdiyi əsgər yoldaşları onun xüsusi diqqət göstərdiyi, etibarlı dostlarıdır. Eyni zamanda yurd-yuvasından didərgin düşmüş bütün Cəbrayıllıların xeyir-şərində iştirak etməyi özünə borc bilir, müdrik nəsihətləri ilə gənclərə o müqəddəs torpaqları unutmamağı tövsiyyə edir. Burada Sahib müəllimin bir xeyirxahlıq, müdriklik, ağsaqqallıq keyfiyyətini də vurğulamaq istəyirəm. O, məşhur tamaşadakı (Evləri köndələn yar) elçi obrazına tam uyğun gələn professordur. Elçi getdiyi ailədə ailə səadətinin bütün elementləri ilə bağlı nəzəri və praktiki dəlilləri elə inandırıcı şəkildə əsaslandırır ki, qız atasının “Allah xeyir versin” deməkdən başqa yolu qalmır.
Toy məclislərində onun müdrik, məzmunlu təbrik çıxışları, ailə quran gənclərə tövsiyyələri bütün məclis iştirakçılarının diqqətini cəlb edir. Sanki Sahib müəllimin bir amalı, bir məsləki var: bacardıqca hamıya yaxşılıq etmək! Onun qapısını döyən heç vaxt ümidsiz qayıtmaz.
Sahib müəllim bir alim kimi işini universitetdə dərs deməklə bitirmir, onun özü bir universitetdir. İstər Universitetdə rəhbərlik etdiyi kafedrada, istərsə də rəhbərlik etdiyi Potensial Sumqayıt Mütəxəssislər Birliyində əməkdaşlara məsuliyyətli, bacarıqlı, faydalı işçi, əsil vətəndaş olmağı öyrədir. Məqsədyönlülüyü, zəhmətsevərliyi ilə bütün işçilərinə bir örnəkdir, stimuldur.
Bir alim kimi Sahib müəllimin zəhmətsevərliyini, məhsuldarlığını xüsusi qeyd etmək istəyirəm. Çox gənc yaşlarında alimlik dərəcəsi alan Sahib müəllim 30 ildən artıqdır ki, vaxtıilə bitirdiyi ali məktəbdə dərs deməklə yanaşı elmi yaradıcılıq fəaliyyəti ilə də məşğul olur, 10-dan artıq dərslik və monoqrafiyalar yazıb çap etdirmiş, elmi nəşrlərdə onlarla məqaləsi çap olunmuşdur. Dəfələrlə xarici ölkələrdə keçirilən elmi konfrans və simpoziumlarda Azərbaycan elm ictimaiyyətini ləyaqətlə təmsil etmişdir.
O, bu gün də yorulmadan çalışır, elmi tədqiqatlarını davam etdirir.
Mən elə düşünürəm ki, Sahib müəllim Ulu Yaradanın ona ayırdığı ömür payının bir saatını da boş keçirməyib. Gərgin elmi fəaliyyətində azacıq yorğunluq hiss edəndə cəmiyyət üçün çox faydalı hesab etdiyi digər fəaliyyətə – vətəndaş maarifləndirməsi işinə vaxt ayırır. O, müxtəlif məzmunlu maarifləndirici verilişlərlə efirlərdə görünür, mətbuatda müsahibələrlə çıxış edir, QHT rəhbəri kimi kütləvi maarifləndirmə tədbirləri təşkil edir.
Böyük ziyalı, ictimai xadim, böyük bir nəslin ağsaqqalı, səmimi dost Sahib Abdüləli oğlu Fərzəliyevi yubiley yaşı münasibəti ilə təbrik edir, yorulmaz elmi və ictimai fəaliyyətində uğurlar və sağlam ömür arzulayıram! Növbəti ad gününü vətənimizin dilbər guşəsi Cəbrayılda qeyd edək, İnşallah!
Feyruz Şivəxanov