Onkoloji Klinikanın baş həkimindən sensasion müsahibə – xərçəngə yoluxmamağın sirləri

2464

Nəsimi Qasımov: “Bəd xassəli şişlərin yaranmasının başında siqaret durur”

Son vaxtlar insanların kabusuna çevrilən və hər kəsi qorxu içində yaşamağa vadar xərçəng xəstəliyi sanki bir epidemiya kimi yayılmaqda və getdikcə gəncləşməkdədir. Hər kəs bir gün həyatını və ya ailə üzvünü, yaxın qohumunu bu xəstəlikdən itirəcəyi düşüncəsi ilə yaşayır.

“Yeni Müsavat” bu xəstəliklə bağlı Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımovla müsahibəni təqdim edir.

– Nəsimi müəllim, xərçəng xəstəliyinin son vaxtlar sürətlə yayılmasıyla cəmiyyətdə bir xof yaranıb və sağlam insanlar qorxu içində yaşayırlar. Bu xofun, qoxunun səbəbi nədir? Xərçəng bütün hallarda ölüməmi aparır?

– Dünyada və Azərbaycanda bədxassəli şiş xəstəliklərinin yayılması və ondan ölüm hallarının artmasından danışarkən gərək, ilk növbədə ölkəmizdə ən çox ölümlə nəticələnən əsas xəstəliyə də diqqət çəkək. Hazırda ölkəmizdə də, dünyada da ən geniş yayılan xəstəlik ürək-qan damar sistemi xəstəlikləri və beyin qan damarlarının xəstəliklərindən baş verən ölüm hallarıdır. Bizim ölkədə bu səbəbdən olan ölümlər az qala əhali arasında ölüm hallarının yarısını təşkil edir: orta hesabla 47-49 faiz, bəzi hallarda isə 50 faizə qədər çatır. Ölüm halları çox olsa da, ürək xəstəliklərinin istər aşkarlanmasında, istərsə də müalicəsində səhiyyəmiz sıçrayışla irəliləyib. MDB ölkələrindən Baltikyanı ölkələrini çıxmaq şərtilə bəlkə də bu sahədə ən yaxşı tibb məhz bizim ölkədədir. Nəinki Bakıda, hətta bölgələrimizdə də ürək tutmaları ilə gələn şəxslərin təcili anjuqrafiyasını edirlər, lazım olarsa stend qoyurlar və ölümün qarşısını alırlar. Lakin buna baxmayaraq qəfləti ölüm səbəbləri arasında ürək xəstəliyi və beyin qan damarları xəstəlikləri öndə gedir. İkinci yerdə bundan az qala 3 dəfə az olan, ölüm səbəblərinin 17 faizini təşkil edən bədxassəli şiş xəstəlikləri dayanır.

“Ürək qan-damar sistemi xəstəlikləri və beyin qan damarlarının xəstəliklərindən baş verən ölüm halları 50 faizdirsə, xərçəngdən ölüm halları 17 faizdir” 

– Bəs niyə əhali ürək xəstəliklərindən bu qədər qorxmur, ancaq bədxassəli şiş xəstəliklərini eşidəndə bu qədər gərginlik keçirir? 

– Səbəb odur ki, ürək xəstəliyi olanlar qəfil ölümlə dünyadan gedir, ya da təcili xəstəxanaya çatdırılır və həkim müdaxiləsi ilə sağalırlar. Ancaq bədxassəli şiş xəstəliklərinə tutulanda, bunun qəfil ölümü olmur. Bu xəstəlik bir müddət gedir və bu xəstələr arasında ölüm halları başlayır. Biz onkoloqlar olaraq adətən beşillik yaşayışa çatmış xəstələrə kifayət qədər yardım etdiyimizi bildiririk. Ancaq bir çox xəstələr də var ki, hətta 10,15 bəzən 20 il yaşayırlar. Mənim bir xəstəm bədxassəli şişdən sonra 36 il yaşamışdı. Əhalinin bu xəstəlikdən bu qədər qorxmasının səbəbi bəlkə də həkimlərin çox vaxt pessimist məlumatlar verməsindən asılıdır.

– Xərçəng xəstəliyinin hansı növləri ölkəmizdə daha çox yayılıb? 

– Bədxassəli şiş xəstəlikləri ilbəil artır. Hətta bəzi növləri, məsələn, süd vəzi xərçəngi son 20 ildə iki dəfə artıb. 2017-ci il üzrə qadınlar arasında süd vəzi xərçənginə tutulanların sayı 1967 nəfər olub. İkinci yerdə ağ ciyər xərçəngi gəlir – 1304 nəfər. Ağ ciyər xərçəngi həm kişilərdə, həm qadınlarda olur, lakin süd vəzi xərçəngi yalnız qadınlarda olur. Bu xəstəliklərin ölkəmizdə sürətlə yayılması həqiqətən təşviş doğurur. 20 il öncə bu rəqəm 600 idi, 3 dəfə artıb. Həmçinin yaş etibarilə də cavanlaşıb. Əvvəl deyirdik ki, 40 yaşından sonra bədxassəli şiş xəstəlikləri artır, 10 il əvvəl isə artıq bu rəqəm 35-ə düşdü. Amerikalıların böyük bir tədqiqatı var və ona əsasən artıq 2017-ci ildən 30 yaşdan sonra insanlarda bədxassəli şiş xəstəliklərinə rast gəlinməsi məsələsinə baxılır.

“Əvvəl deyirdik ki, 40 yaşından sonra bədxassəli şiş xəstəlikləri artır, 10 il əvvəl isə artıq bu rəqəm 35-ə düşdü. 2017-ci ildən artıq 30 yaşdan sonra insanlarda bədxassəli şiş xəstəliklərinə rast gəlinməsi məsələsinə baxılır”

– Nəsimi müəllim, xəstəliyin bu cür artmasında, gəncləşməsində hansı amillər rol oynayır?

– Bizə Moskvada dərs demiş və Sovet onkologiya elminin banisi sayılan Nikolay Nikolayeviç Bloxinin ötən əsrin 80-ci illərində bu xəstəliyə həsr olunmuş bir mühazirəsi bu cümlə ilə başlayırdı ki, XX əsrin sonu, XXI əsrin əvvəlində hər kəs öz xərçənginə qədər yaşamalıdır. Yəni, insan ömrü o qədər artmalıdır ki, nəhayətində o, bədxassəli şişə tutulmalıdır. Bəli, həqiqətən də onkoloji xəstəliklər artır. Amerikalılar bayaq qeyd etdiyim tədqiqatlarında onillərlə araşdırma apardıqdan sonra bu nəticəyə gəliblər ki, bədxassəli şişlərin əmələ gəlməsinin 42 faizi, ölümün isə 50 faizi risk faktorlarından asılıdır. Digər 50 faizi isə orqanizm doğulduğu gündən gələcəkdə bədxasssəli şişlərin əmələ gəlməsinə səbəb olacaq hüceyrələrin vəziyyətindən asılıdır. Bu hələ bədxassəli şişə keçməyib, ancaq orqanizmdə baş verən çox mürəkkəb mutasiya hadisələrindən sonra keçə bilər.

– Bəs bu xəstəliyin yaranmasına səbəb olan amillər hansılardı? 

– Bədxassəli şiş xəstəliklərinin artmasında rol oynayan risk faktorları bunlardır: Birincisi, siqaret çəkmək – orqanizmdə bədxassəli şişlərin yaranmasında siqaretin böyük rolu var. Siqaret çəkməyin isə iki forması var, aktiv siqaret çəkənlər və passiv çəkənlər. Aktiv siqaret çəkənlər birbaşa siqaret tüstüsünün tərkibində olan kanserogen maddəni də qəbul etmiş olurlar. Bu maddə ağız boşluğunda, qida borusunda, mədədə, bağırsaqlarda, qara ciyərdə onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Həmçinin passiv siqaret çəkənlərdə, yəni kənardan onun tüstüsünə məruz qalanlarda ağ ciyərdə və yuxarı tənəffüs yollarında bədxassəli şişlər meydana gələ bilər. Məhz buna görədir ki, hələ 1975-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı qərar qəbul etdi ki, dünyada siqaretlə mübarizə aparılsın. Bu mübarizəyə əksər ölkələr qoşuldu, bizdə isə bu mübarizə getmədi. Yalnız son illər parlamentdə qanunlarda siqaretlə bağlı dəyişiklik edilib, cərimələr müəyyənləşib.

İkinci risk faktoru artıq bədən çəkisidir. Bu da bir neçə amildən asılıdır – alkoqoldan, çox yeməkdən, düzgün qidalanmamaqdan, aktivliyin olmamasından və sair. Artıq çəki qadınlarda süd vəzi və uşaqlıq cismində, eləcə də digər orqanlarda bədxassəli şiş xəstəliklərinin əmələ gəlməsində əsas rol oynayır.

Üçüncü risk faktoru spirtli içkilərin qəbuludur. Düzdür, bu o qədər də geniş yayılmayıb, söhbət hər gün qəbul olunan içkidən gedir. Yoxsa, vaxtaşırı az miqdarda içilən içkinin elə bir ziyanı yoxdur.

“Qızardılmış ətdə xoşagələn qoxu gələn kimi orada aromatik karbohidrogen yaranır və bu o dəqiqə bədxassəli şişə çevrilmir, sadəcə risk faktorudur” 

– Dünya alimləri qırmızı ətin də insan orqanizmində bədxassəli şişlərin yaranmasına səbəb olduğu ilə bağlı iddialar irəli sürür. Bu nə dərəcədə doğrudur? 

– Bəli, belə bir yanaşma var. Ət məhsullarının, heyvani yağların həddindən artıq çox qəbulu bədxassəli şiş xəstəliklərinin əmələ gəlməsində böyük rol oynayır. Bununla yanaşı, yenidən işlənərək satışa buraxılan ət məhsulları var. Bunlar hisə verilmiş ətlər, istiotlanmış ətlər, hisə verilmiş balıqlar, kiçik hisə verilmiş balıqlardır. Ancaq bir şeyi də unutmaq olmaz ki, bəzi zülallar yalnız qırmızı ətdə mövcuddur. Bədxassəli şiş xəstəliklərinin əmələ gəlməsi deyərkən söhbət ətin qəbulundan getmir, onun hazırlanması qaydasından və həddindən artıq çox istifadəsindən gedir. Əti yağda həddindən artıq qızartdıqda da kanserogen maddələr yaranır. Qızarmış ətdə xoşagələn qoxu gələn kimi orada aromatik karbohidrogen yaranır və bu o dəqiqə bədxassəli şişə çevrilmir, sadəcə risk faktorudur.

– Düzgün qidalanmamaq da risk faktoru hesab edilirmi?

– Bəli, insanlar meyvədən və tərəvəzdən az istifadə edirlər. Ən ucuz məhsul meyvə və tərəvəzdir. Hazırda xərçəngə qarşı mübarizə üçün ən yaxşı vasitə “smirinka” alması hesab edilir. Onun 1 kiloqramı 50 qəpikdir. Gündə iki alma yemək heç kim üçün problem olmamalıdır. Yaşıl bazarda 10 ədəd göyərti 1 manatdır, bundan gün ərzində bütün yemək öyünlərdə istifadə etmək çox faydalı olar.

“Artıq çoxdan sübut olunub ki, azbest kanserogen maddədir. Ancaq hələ də insanlar azbest şiferlərdən alıb fərdi yaşayış evlərinin damına vururlar”

– Bəs, son texnoloji nailiyyətlərin, əlimizdən düşməyən mobil telefonların, kompüterlərin, internetin orqanizmdə bədxassəli şişlərin yaranmasında rolu varmı? 

– Müasir texnologiyaların zərəri sübut olunmuş və olunmamamış variantları var. O yerdə ki, radioaktiv şüalanma var, təbii ki, bədxassəli şişlərin əmələ gəlməsində müəyyən qədər rol oynayır. Ona görə də, bütün dünyada radioaktiv maddələrin tullantısı üçün xüsusi qəbiristanlıqlar var. Tez-tez mətbuatda da çıxır ki, bədxah qonşularımız xaricdən pul alaraq bu tullantıları Dağlıq Qarabağda basdırırlar. Bu, gələcəkdə bizə də fəlakət ola bilər.

Xoşbəxtlikdən bizim ölkədə radioaktiv maddədən çox istifadə olunmur. Yalnız müalicə və diaqnostikada bunlar tətbiq olunur.

Lakin vay-fay, mobil telefon və digər texnoloji avadanlıqların bədxassəli şişlərin yaranmasında rol oynaması haqqında söz demək doğru olmaz. Bədxassəli şiş xəstəlikləri əsasən 40 yaşından sonra əmələ gəlir və risk faktoru nədirsə, orqanizm onunla uzun müddət, yəni 20-25 il təmasda olmalıdır. İnternet və müasir telefonlardan istifadə müddəti hələ 20 ilə çatmadığından, o cümlədən bu istiqamətdə məqsədyönlü tədqiqat aparmadan bunu demək çətindir. Digər tərəfdən, hazırda telefon və internetdən istifadə etməyən insan yoxdur. Əvvəllər kompüter ekranları köhnə televizorlara bənzəyirdi və orada şüalanma var idi. Ancaq müasir ekranlarda bu şüalanma qat-qat aşağıdır.

– Əhali arasında xərçəng xəstəliyinin profilaktikası necə aparılmalıdır ki, bu tendensiya bir qədər zəifləsin? 

– Bu xəstəliyin profilaktikası 3 mərhələdə aparılır: birincili profilaktika, ikincili və üçüncülü profilaktika. Birincili profilaktika dövlətin və hökumətin apardığı işdir. Hökumət elə qanunlar qəbul edib, elə qaydalar qoymalıdır ki, xərçəng xəstəliyinin yaranmasında rol oynayan risk faktorlarının kökü kəsilsin. Bakının mərkəzinə əvvəllər “qara şəhər” deyirdirlər. Çünki neft istehsalı, şifer istehsalı və sair ətrafa kanserogen maddələr buraxan zavodlar var idi. Dövlət qərar qəbul etdi və bu zavodlar insanların az yaşadığı yerlərə köçürüldü. İkinci tərəfdən, cənab prezident sərəncam imzaladı və bütün böyük şəhərlərdə azbest şiferlər dəyişdirildi, istifadəsi dayandırıldı. Artıq çoxdan sübut olunub ki, azbest kanserogen maddədir. Ancaq hələ də insanlar bu şiferlərdən alıb fərdi yaşayış evlərinin damına vururlar. Dünyada azbestin bədxassəli şiş əmələ gətirməsi artıq qəbul olunub və bizdə də hökumətin imkanı olduqca vəsait ayırır ki, binalarda şiferlər dəyişdirilir.

İkincili profilaktika isə xəstəliyin erkən aşkar olunmasıdır. Bu da hökumətin qarşısında duran problemdir. Çünki hökumət maarifləndirmə ilə və öz tibb personalını işə qoşmaqla erkən aşkarolunma istiqamətində iş aparmalıdır. Sığorta təbabəti bu istiqamətdə mühüm rol oynaya bilər. Ölkəmizdə də artıq tibbi sığorta ilə bağlı pilot layihələrə başlanılıb. Erkən aşkar olunan bədxassəli şişin müalicəsinə xərclənən vəsait, ikinci, üçüncü fazasında aşkar olunan xəstəliyin müalicəsindən 3 dəfə ucuz olur. Gecikmiş xəstəliyin müalicəsi isə bundan 5-6 dəfə baha olur. O baxımdan 35-40 yaşına çatmış insanlar ildə 1 dəfə gedib müxtəlif müayinələrdən keçməlidir. Əsasən də ən çox yayılmış olan, qadınlarda süd vəzi və ginekoloji orqanların xərçəngi, kişilərdə və qadınlarda ağ ciyər və qara ciyər xərçəngi, kişilərdə prostat xərçəngi və sairlə bağlı müayinələr aparmalıdır.

“Düstur budur ki, insan nə qədər kalori qəbul edirsə, onun hamısını gün ərzində yandırmalıdır, ehtiyatda heç nə qalmamalıdır”

– Bəzi insanlar da var ki, nə siqaret, nə də içkidən istifadə edir, düzgün qidalanır, idmanla məşğul olur, lakin buna rəğmən xərçəng xəstəliyinə tutulur. Buna səbəb nədir?

– Amerikada 2014-cü ildə xərçəng xəstəliyi ilə bağlı aparılan tədqiqatda göstərilir ki, xəstəliyin 42 faizi, ölümün isə 50 faizi risk faktorlarından asılıdır. Qalan 50 faiz orqanizmin özündə rüşeymini qoymuş bədxassəli şişlərdir. Bu bütün orqanizmlərdə var. Biz ona elmi dildə onkoviruslar deyirik, yəni xərçəng əmələ gətirən viruslar. Onların bədxassəli şişə keçməmiş variantları orqanizmdə hazır durub. Müəyyən vaxtda orqanizmin daxili immunitetində, müəyyən bir stress anında, daxili çaxnaşmalarda və risk faktorlarına kənardan məruz qalarkən bu viruslar aktivləşir. Yəni həmin şəxs siqaret çəkməsə belə, ətraf mühit çirklənib, hazırda şəhərin mərkəzində avtomobillərdən buraxılan tüstü havanı çirkləndirib. Əgər o havanı yoxlasaq görərik ki, kanserogen maddə kifayət qədər çoxdur. Şəhərdə on barmaq kimi sıx binalar tikilir, o binaların altında beynəlxalq qaydalarla qəbul olunmuş üzgüçülük hovuzu, idman zalı, həyətinə istirahət parkı və sair olmalıdır. Dünyada park salınanda birinci yürüş yeri, ikinci velosiped yolu salınır. Açıq havada idman etmək istəyənlər üçün parkda trenajor alətləri qurulub və pulsuz istifadə olunur. Ancaq bizim binaların heç birində belə şərait yoxdur. Yəni, insan siqaret çəkmirsə, içki içmirsə, o demək deyil ki, bu xəstəlikdən sığortalanıb. Ola bilər ki, çox ət yeyir, idman etmir, passiv həyat tərzi sürür, meyvə-tərəvəz, göyərti az yeyir. Düstur budur ki, insan nə qədər kalori qəbul edirsə, onun hamısını gün ərzində yandırmalıdır, ehtiyatda heç nə qalmamalıdır.

– Son dövrlərdə bədəndən artıq tüklərin təmizlənməsi üçün lazer epilyasiyaya müraciət edənlərin sayı artıb. Bu prosedur xərçəng xəstəliyin yaranmasına səbəb ola bilərmi? 

– Lazer epilyasiyanın hansısa orqanın xərçənginə səbəb olacağını düşünmürəm. Ancaq bir məsələdə ehtiyatlı olmaq lazımdır. Bədəndə qara və göy xal olan yerlərə lazer epilyasiya tətbiq etmək olmaz, onları zədələmək, qaşımaq, qanatmaq olmaz. Əhalinin 97-98 faizində xal var. Qorxulu bir məsələ də var. Bizim ölkədə bir-iki aya qış başlayır və mart ayına qədər davam edəcək. Günəş şüaları yayda olduğu kimi deyil və dəri də dincəlir. Əgər insan dekabr ayında soyuq iqlimdən çıxıb, Dubayda çimərlikdə dincəlirsə və xalları da varsa, qaşıyıbsa, zədələyibsə, bədxassəli şişin yaranmasına səbəb ola bilər. Yəni, iqlimə uyğun gəlməyən kurortlara getmək orqanizm üçün qorxuludur. Ölkəmizin iqliminə uyğun gələn ölkələrə gedib dincəlmək olar, ancaq yatmış dərinin hüceyrələrini gedib isti iqlimdə qəfil oyatmaq olmaz.

“Bədəndə qara və göy xal olan yerlərə lazer epilyasiya tətbiq etmək olmaz, onları zədələmək, qaşımaq, qanatmaq olmaz”

– Bəs bizdən asılı olmayan hansı risk faktorları var? 

– Bunlar əsasən ultrabənövşəyi şüalardır. Ölkəmizdə 11 iqlim qurşağının 9-u mövcuddur. Tropik, subtropik – hər cür iqlimimiz var. Hamımız bu ultrabənövşəyi şüalara məruz qalırıq. İstehsal prosesində, neft sənayesi, kimya sənayesi, spirtli içki istehsalı və sairdə çalışanlar var. Bu olmadan da həyat mümkün deyil. Mədə xərçənginə yol açan əsas faktorlardan biri helikobakter pylori adlanan infeksiyalardır. Kim özünü bu virusa görə yoxladıb? Qara ciyər xərçəngi geniş yayılıb, 4-cü yerə çıxıb. Əvvəl mədə xərçənginə tutulanların sayı daha çox idi. İndi süd vəzi xərçəngi və ağ ciyər xərçəngi ondan önə keçib. Bizim ölkədə mədə xərçəngi 3-cü yerdədir, dünyada isə 5-ci yerdə. Mədə xərçəngi azalan kimi, yoğun bağırsaq xərçəngi də azalır. Bizim ölkədə vaxtilə qadın cinsiyyət üzvlərinin xərçəngi çox idi. Sonra bu azaldı, yerinə süd vəzi xərçəngi bütün dünyadakı kimi bizdə də geniş yayıldı. Ölkəmizdə təxminən 2 min nəfər qadın süd vəzi xərçəngindən əziyyət çəkir, mədə xərçəngi xəstələrinin sayı isə 1200 nəfərdir, ağ ciyər xərçənginə tutulanlar 1300 nəfərə çatıb. Bağırsaq xərçəngi xəstələrinin sayı 1000 nəfərdir. Qara ciyər xərçəngi xəstələrinin sayı da artır. Bunun da səbəbi Hepatit B və Hepatit C viruslarıdır.

– Ölüm halları neçə faiz təşkil edir?

– Dünyada 1 milyon 700 min nəfərdə ağ ciyər xərçəngi aşkar olunur, onlardan 80 faizi il ərzində ölür. Dünyanın hər yerində bu var. Çünki birbaşa ətraf mühitin çirklənməsindən asılıdır. Süd vəzi xərçənginə tutulanların da sayı 1,5 milyondan çoxdur, ancaq ölüm halları 500 mindir. Bizim ölkəmizdə süd vəzi xərçənginin nə müalicəsi, nə də diaqnostikası problem deyil. Bu haqda çox tədqiqat aparılmalı, çox danışılmalıdır.

– Xərçəng xəstəliyinin müalicəsi niyə bu qədər bahalıdır?

– Birinci səbəb odur ki, avadanlığı kifayət qədər bahalıdır. İkincisi, analizləri aparan reaktivlər xaricdə istehsal olunur və ölkəmizə idxal olunur. Həmçinin dünyada bu sahədə monopoliya var, heç kim sirri dağıtmaq istəmir. Müalicə sirri yoxdur, lakin texniki avadanlıqlar üzərində monopoliya var. MRT aparatlarını ABŞ, Yaponiya və Almaniya istehsal edir. Dərman preparatlarını da həmçinin. Bu xəstəliyin müalicəsində bahalı dərmanlar əsasən hədəfyönümlü dərmanlardır, yəni ayrı-ayrı hüceyrələri tutub məhv etməyə çalışan preparatlardır. Xərçəng sağalmaq şansı olan bir xəstəlikdir. Ancaq appendisiti 5 gün gecikdirib həkimə gəlsən, sağalmaq şansı yoxdur. Süd vəzi xərçənginin əllə tapılacaq vəziyyətə gəlməsi üçün 5 il vaxt lazımdır. Əgər qadın ildə 1 dəfə gedib mamoqrafiya etsə, 5 il ərzində 5 dəfə erkən o şişi tapmaq olar. Kiçik bir əməliyyat, az miqdarda dərman və şüa terapiyası ilə tam sağalmış olar. Ancaq heç kim bunu etmir.

“İqlimə uyğun gəlməyən kurortlara getmək, qışda yatmış dərini gedib Dubay çimərliyində yandırmaq bədxassəli şişin yaranması üçün qorxulu səbəbdir” 

– Qan analizi verməklə orqanizmin hər hansı yerində bədxassəli şiş olduğunu bilmək mümkündürmü? 

– Bəli, belə analizlər də var. Ona onkomarkerlər deyirlər. Buna insanın orqanizmində xərçəng olduğunu xəbər verən agentlər də demək olar. Bu agentlər ancaq qara ciyər xərçəngi, qadınlarda yumurtalıq xərçəngi və kişilərdə prostat xərçənginin aşkarlanmasında rol oynayır, digər orqanların xərçəngə tutulmasını xəbər verə bilmir. Hazırda bu üç növ xərçəngdən əziyyət çəkən və müalicə alan xəstələrimiz var ki, onlarda xəstəliyin nə qədər irəlilədiyini və ya gerilədiyini bu analizlərlə müəyyən edə bilirik. Digər xərçəng növlərində isə qan analizinin elə bir diaqnostik əhəmiyyəti yoxdur.

– Hansı şikayətləri və narahatlıqları olan insanlar öz orqanizmində xərçəng xəstəliyinin olmasından şübhələnməlidir? 

– Əvvəlcə, ən geniş yayılan süd vəzi xərçəngindən başlayaq. Hər bir qadın həftədə bir dəfə qurşağa qədər soyunub, güzgü önündə durmalı və əli ilə döşünü yoxlamalıdır. Əgər düyün varsa, həkimə getməlidir, döş giləsi içəri batıbsa, dəridə qızartı əmələ gəlibsə, dərisi qırışıbsa, dəridə qocalma gedirsə, qoltuqaltında bir düyün varsa dərhal həkimə getməlidir. Bu əlamətlərdən hər hansı biri varsa, narahatlıq üçün əsas var və həkimə müraciət edilməlidir. Əgər qarınüstü nahiyyədə narahatlıq varsa, ishal və qəbizlik bir-birini əvəzləyirsə, nəcisində qan izi varsa, həkimə getməlidir, bu, mədə və bağırsaq xərçənginin xəbərdarlığı ola bilər. Siqaret çəkən şəxs öskürəyin sayının artdığını görərsə və tüpürcəyində azca da olsa qan izi varsa, mütləq həkimə getməlidir. Əks halda bu ağ ciyər xərçənginə apara bilər. Qadınlarda mensturasiyadan kənar hallarda qan gəlirsə, bu ginekoloji orqanların xərçəngi üçün bir siqnal ola bilər, dərhal müraciət etməlidir. Tez-tez sidiyə gedənlər və gecə sidiyinə gedənlər də dərhal həkimə getməlidir. Hər orqanın özünün xəbərdaredici əlamətləri var. Ümumi əlamət isə arıqlamadır ki, bu da artıq xəstəliyin ağırlaşmış vaxtında ortaya çıxır. Həmçinin zəifləmə, iş qabiliyyətinin aşağı düşməsi, ətli yeməklərdən imtina etmə, psixologiyanın dəyişməsi, bədbinləşmə də xərçəng əlamətlərinə aiddir.

– Hər kəsi düşündürən əsas sual budur ki, xərçəngdən tam sağalmaq mümkündürmü?

– Bəli, xəstəliyi erkən mərhələdə aşkarlamaq mümkün olarsa, tam müalicə olunur. Xərçəng xəstəliyinə adətən 40-50 yaşından sonra rast gəlinir. 50-55 yaşında bir qadın süd vəzi xərçənginə tutulubsa, onu müalicə edib daha 20 il yaşamasına nail olsaq və 75 yaşına çatdırsaq, təxminən orta ömür həddinə yaşamış olur.

Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər