Abbas Qasımov- Snayper Abbas
Samux rayonunda dünyaya gələn Abbas Qasımov ailəsinin narazılığına baxmayaraq könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulub. Yoldaşları arasında “Snayper Abbas” deyə çağırılıb. O, 5 iyul 1992-ci ildə Ağdərə rayonunda gedən qızğın döyüşdə ayağından yaralanaraq şəhid olub. Abbas Qasımov Samux rayonunun Nəbiağalı qəsəbəsində dəfn edilib. O, Samux rayonunun ilk şəhididir.
Allahverdi Bağırov – Qartal
Allahverdi Bağırov Ağdamda anadan olub. Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olmuşdur. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv etmiş və 10 düşmən əsgərini əsir götürmüşdür. Onun, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. 1992-ci ilin 12 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşərək şəhid olub.
Asif Məhərrəmov – Fred Asif
Asif Məhərrəmov Qarabağ müharibəsi dövründə Allahverdi və Eldar Bağırovla yaxın dost olub. 1991-ci ilin 15 noyabrında “Haqq Cəbhəsi” batalyonunu yaradıb. 1993-cü il 27 oktyabrda, Asif Şelli uğrunda gedən döyüşdə iştirak edir, onun səhhəti vərəmə görə ağırlaşır, hərbi hissəni təhvil verir və müalicə məqsədi ilə Yalta şəhərinə gedir. 1 iyul 1994-cü ildə vərəmdən vəfat edir. Bakıda II Şəhidlər xiyabanında dəfn edilib.
Cəbrayıl Cəbrayılov – Qurd Cəbrayıl
Əslən Laçın rayonunun Ələkçi kəndində olan Qasımuşağı nəslindəndir. O, Yaqub Rzayevin komandir olduğu 863№-li hərbi hissədə 1992-ci ilin yanvar ayından xidmətə başlayıb. O ilk gündən bölük komandiri təyin olunub. 1992-ci il sentyabrın 24-də Ağdərənin Xanabad kəndi uğrunda döyüş zamanı şəhid olub.
Elxan Əlibəyli – Rembo
Lerik rayonunun Çayrud kəndində anadan olan Elxan 1992-ci ilin əvvəlində Lənkərandakı müdafiə batalyonuna qoşulub və döyüşlərə qatılıb. Onun yer aldığı Lənkəran batalyonu Laçın dəhlizindən tutmuş Xocavənd, Ağdam, Füzuli, Ağcabədi istiqamətində xeyli döyüş əməliyyatı həyata keçirib. Həmin dövrdə ermənilərə divan tutan “Rembo” Aprel döyüşləri başlayanda müharibədə iştirak etmək üçün Hollandiyadan Azərbaycana qayıdıb.
Əlihüseyn Hüseynov – Yaquar
Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona “Yaquar” ləqəbi verilib. O, Şıxov batalyonunda erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşüb. Daşaltı əməliyyatında iştirak edib. 2017-ci il oktyabrın 24-də Əlihüseyn Hüseynov Bakının Səbail rayonu, “Oksford” məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binanın damına su çənini düzəltmək üçün çıxmış və binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib. Badamdar qəbiristanlığında dəfn edilib.
Ərşad Nadirov – General Ərşad
“General” ləqəbli Ərşad Nadirov Qarabağ müharibəsində batalyon komandiri olub. O, 1993-cü ildə Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Hidayət Rüstəmov – Mirpaşa
Ağdam rayonunun Xıdırlı kəndində doğulan Hidayət 23 dekabr 1991-ci ildə Meşəli kəndində şəhid olub.
Həsənqulu Qasımov – Həsən Qorxmaz
Əslən Qubadlıdan olan Həsənqulu Qasımovun son döyüşü 1992-ci ilin dekabrın 10-da Yuxarı Cibiklidə olub. Yanında partlayan mərmidən yaralanan Həsənqulu tibb bacısının səylərinə baxmayaraq əyatını itirib. Qubadlı Şəhidlər xiyabanında dəfn edilib.
İsgəndər Aznaurov – Topçu İsgəndər
İsgəndər Aznaurov Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlib. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüz minlərlə axısqa türkü kimi oranı tərk edən İsgəndər Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb. Könüllü müharibəyə yollanan İsgəndər 1993-cü il 18 apreldə Gədəbəydə “Örükdaş”da düşmənin 13 texnikasına qarşı, 3 növ texnika ilə vuruşur. Səhhətində problemlər yaranmasına baxmayaraq müalicə almaqdan imtina edir. Daha sonra arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçərək ön cəbhəyə – döyüşlərin ən qızğın hissəsinə yollanır. Orada gedən atışmalar zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gəlir və qəhrəmancasına həlak olur. Bakının Şəhidlər Xiyabanında dəfn edilib.
Mais Əsədov – Qəmlo
Füzuli rayonunun Yağlıvənd kəndində anadan olan Mais Əsədov 1993-cü il aprel ayının 4-ü Divanalılar kəndində 22 yaşında şəhid olub.
Növrəstə Yusifova – Xalaqızı
Könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qatılan Növrəstə Yusifova 1992-1994-cü illərdə Qarabağ müharibəsinin iştirakçısı, ilk qadın snayperçi olub.
Pərviz Orucov – Maestro
Sumqayıtda doğulan Pərviz Orucov 1991-ci ildə Milli Qəhrəman, mərhum telejurnalist Çingiz Mustafayevin televiziya çağrışına qoşulub noyabr ayından könüllülərdən ibarət “Abşeron” dəstəsinin tərkibində döyüşlərdə iştirak edib. 1993-cü il yanvar ayının 24-ü döyüş tapşırığını yerinə yetirmək üçün düşmən arxasına keçən Pərviz və yoldaşları qəhrəmanlıqla vuruşuraq onlara verilən tapşırığı yerinə yetirirlər. Pərviz şiddətli döyüşlər zamanı yanına düşən minamyot mərmisinin qəlpəsindən şəhid olur.
Raquf Orucov – Murov qartalı
Ağdamda dünyaya gələn Raquf Orucov 2016-cı ilin aprel ayının əvvəlində sonuncu döyüşünə qatılmış və şəhid olmuşdur. Aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınmış, Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Rüxsarə Cumayeva – Tutu
Əslən Zaqataladan olan Rüxsarə Cumayeva Birinci Qarabağ müharibəsində könüllü olaraq hospitallarda tibb bacısı kimi çalışıb. 1991-ci ildən 1994-cü ilə qədər baş çavuş kimi cəbhədə xidmət edib.
Rəşid Məmmədov – Qara Rəşid
Rəşid Məmmədov əslən Göyçaydan Kürdəmiş kəndində 1944-cü ildə anadan olub. Müharibənin ən qızğın vaxtlarında Cəbrayıl, Ağdam rayonunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Ləqəbi Qara Rəşid olub. O, 2001-ci il dekabrın 20-də ezamiyyətə gedərkən avtoqəza zamanı dünyasını dəyişib.
Sevil Abbasova – Sarışın
1991-ci ildə 16 yaşında olarkən valideyinlərinin icazəsi olmadan Qarabağ cəbhəsinə gedən Sevil Abbasova Ağdam cəbhəsində ən ağır döyüşlərdə iştirak edib. Ləqəbi Sarışın olub.
Tofiq Rzayev – Tofiq Oğuz
Oğuz rayonunun Yaqublu kəndindən olan Tofiq Rzayev Qarabağ müharibəsi vaxtı olduğu rayonun adı ilə Tofiq Oğuz kimi tanınıb. Şuşanın işğalından əvvəl Şuşada yerləşən ən iri batalyonlardan biri olan 500 nəfərlik Azərbaycan Qarabağı batalyonunun batalyon komandiri Tofiq Oğuzun sağ qalıb qalmaması haqda heç bir məlumat yoxdur. Sonuncu dəfə Laçın dəhlizində başından yaralı vəziyyətdə görünüb.
Yaqub Rzayev – Qatır Məmməd
Yaqub Ələsgər oğlu Rzayev Birinci Qarabağ müharibəsi iştirakçısı, “Qarabağ şahinləri” batalyonunun komandiri olub. Qatır Məmməd və Ala Yaqub ləqəbləri ilə də tanınıb.
Xeyrulla İbrahimov – Kobra
Xeyrulla İbrahimov 1992-ci il sentyabrın 28-dən 1993-cü il iyunun 5-nə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində Haubitsalı Artilleriya Divizionunun Qərargah rəisi – Divizion Komandirinin müavini vəzifəsində, 1993-cü il iyunun 5-dən 1993-cü il noyabrın 1-nə qədər isə Hacı Zeynalabdin qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə Zenit Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib. Könüllü olaraq 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılıb. 20 il davam edən qüsursuz xidməti ərzində “Kobra” ləqəbini qazanıb.