“Onun batalyonu Laçını azad edəcəkdi” – ANIM

1169

Dekabrın 9-da Klassik Xalq Cəbhəsi Partiyasının Qubadlı rayon şöbəsinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı mayor Əliyar Əliyevin 55 yaşının tamam olması münasibətilə tədbir keçirilib.

KXCP-nin Sumqayıt Şəhər Şöbəsinin qərargahında baş tutan anım tədbirinə KXCP üzvlərindən başqa, ACP və Müsavat partiyasının nümayəndələr,  eləcə də qəhrəmanın dostları, döyüşçü yoldaşları qatılıblar. Tədbiri giriş sözü ilə açan KXCP Qubadlı rayon şöbəsinin sədri Elşən Həşimov iştirakçılara təşəkkürünü bildirib. Daha sonra Sevindik Mehman milli qəhrəmanın keçdiyi həyat yolundan söhbət açıb.

1957-ci ilin dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olan Əliyar Əliyev Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra idman fəaliyyəti ilə məşğul olub: “Əliyar Əliyevin çoxlarına örnək olmalı həyatında 1988-ci ildən başlayan məlum hadisələrin yeri müstəsnalıq təşkil edir. O zaman AXC-nin Qubadlı rayon şöbəsinin yaradıcılarından biri olmuş və ilk təsis yığıncağında şöbənin ilk sədri seçilib. Qubadlıda ilk “Ərazi-müdafiə batalyonu”nun yaradılmasında Əliyar Əliyevin böyük xidmətləri olmuş və 1992-ci ilin may ayından etibarən batalyon komandiri təyin edilib. Onun rəhbərliyi altında cənub istiqamətində Laçının onlarla kəndi azad edilib. Oktyabrın 2-də isə rayon mərkəzinə bir neçə kilometr qalmış Şurum başı deyilən yerdə igidliklə həlak olub. Azərbaycan respublikası Prezidentinin fərmanı ilə ölümündən bir il sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı ilə təltif edilib”.

Tədbirdə iştirak edən KXCP Ali Məclisinin sədri Bəybala Əbil xalqımızın dövlətçilik uğrunda mübarizədə göstərdiyi qəhrəmanlıqlardan söz açaraq, bu yolda Əliyar Əliyevin də nümunə göstərdiyini qeyd edib: “Mən orada insanların mübarizə əzminə heyran qaldım. Əhali bir tərəfdən batalyon yaradır, bir tərəfdən də dağıdılmış yolları bərpa edir. Bu gün Əliyar bəyin yoxluğu belə bizi burada bir yerə topladı. Bu hakimiyyət Əliyar Əliyevin yaratdığı batalyonu ləğv etdi. Çünki bu batalyon Laçını azad edəcəkdi”.

 

Üzrlü səbəbdən tədbirə qatıla bilməyən KXCP sədri Mirmahmud Mirəlioğlu telefon vasitəsilə tədbir iştirakçılarına, qəhrəmanın döyüş yoldaşlarına öz salamını çatdırıb.

 

 

 

 

 

Daha sonra KXCP Sumqayıt şəhər şöbəsinin sədri Şakir Məmmədov, Milli Qəhrəmanın dostu İlham Məmmədov, Qarabağ qazisi Məmmədhəsən bəy, Qubadlı rayonunda döyüşmüş Ələddin bəy və başqaları Əliyar Əliyev haqqında öz xatirələrini danışıblar. Tədbirə qatılan ACP-nin Sumqayıt rayon təşkilatının sədri Fəxrəddin Hüseynov və Müsavat partiyasının üzvü Bəhruz Əsədbəyli tədbir təşkilatçılarına təşəkkür edərək  belə tədbirlərin dövlət səviyyəsində keçirilməsinin vacib olduğunu vurğulayıblar.

Teleqraf.az, Xanalı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər