Ordu quruculuğunda yeni mərhələ: ordumuz daha da güclənəcək

923

Ötən 18 il ərzində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regionda və dünyada lider dövlətə çevrildi. Bu gün regionda reallaşdırılan geosiyasi məsələlər, nəhəng layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Həyata keçirilən uğurlu siyasət nəticəsində bu layihələrin mərkəzində məhz Azərbaycan dayanır.

44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazanaraq regionda yeni reallıqlar yaratdı. Bu baxımdan Prezident İlham Əliyevin hər bir çıxışı, açıqlaması aparıcı dünya dövlətlərinin və nüfuzlu analitik mərkəzlərin, beynəlxalq medianın diqqətini cəlb edir. Ölkə başçısının 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Gülüstan Sarayında Ordumuzun bir qrup rəhbər və şəxsi heyəti ilə görüşündəki çıxışı həm xarici, həm də daxili auditoriya üçün ciddi mesajlarla zəngin oldu.

Prezident İlham Əliyev bu dəfə Silahlı Qüvvələr günündə hərbçilərimizin qarşısında Qalib ordunun Ali Baş Komandanı kimi çıxış edirdi. Ölkə başçısı çıxışında qələbəyə gedən yola, qələbənin yaratdığı yeni reallıqlara nəzər saldı, beynəlxalq ictimaiyyətə və Ermənistana yönəlmiş önəmli fikirlər səsləndirdi.

Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ döyüş meydanında bərpa etdi

Prezident İlham Əliyev bəyan etdi ki, uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq

Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində ermənistan ordusunu darmadağın edərək Şuşanı işğalçılardan azad etdi. Bununla da işğalçılar təslim aktını imzalamağa məcbur oldu. Bununla da ikinci Qarabağ müharibəsi Azərbaycan tarixinə əbədi olaraq şanlı bir tarix, şanlı bir qələbə kimi qızıl hərflərlə daxil oldu. Bu məsələyə diqqət çəkən ölkə başçısı vurğuladı ki, bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib. Ermənistan ordusu yoxdur.

Ermənistan üçün mesaj: düşmənçilikdən əl çəkin!

Prezident İlham Əliyev Ermənistan üçün də yol göstərdi: “Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir. Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir”.

Bəli, Ermənistan anlamalıdır ki, onların bugünkü vəziyyəti Azərbaycan xalqına olan nifrətinin nəticəsidir. Ölkə başçısının dediyi kimi, dəmir yumruq yerindədir. Hər hansı revanşist addımlar atarlarsa qarşılarında yenidən Azərbaycan ordusunu görəcəklər.

İkili standartlar siyasəti Vətən müharibəsini şərtləndirdi

İllərlə Azərbaycana qarşı qərəzli kampaniya və ikili standartlar siyasəti həyata keçirilib. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qaldı. Vətən müharibəsi ərəfəsində də biz ikili standartlar siyasətinin şahidi olduq.

Ermənipərəst dairələr və bəzi ölkələr Azərbaycana qarşı reallığı əks etdirməyən qətnamə qəbul etdirməyə çalışırdılar. Bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdü.  Bu, Azərbaycana qarşı ədalətsizliyin, ikili standartların növbəti təzahürü idi. Çünki Azərbaycan beynəlxalq hüququ, tarixi ədaləti döyüş meydanında təmin etmək məcburiyyətində qalmışdı. 30 ilə yaxın müddətdə danışıqlar nəticəsiz qalmışdı və sülh yolu ilə münaqişənin həlli artıq mümkünsüz idi.

Ölkə başçısı çıxışında bu məsələyə toxunaraq bildirdi ki, Ermənistanın danışıqlar prosesində sərgilədiyi riyakar mövqe vasitəçiləri də artıq bezdirmişdi: “Çünki Ermənistan və onun rəhbərliyi beynəlxalq vasitəçiləri də aldatmağa çalışırdı. Elə şərtlər qoyurdu ki, bəri başdan hər kəs bilirdi, bu şərtlər qəbuledilməzdir. Mən demişdim, heç vaxt imkan verə bilmərik ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın”.

Beynəlxalq müstəvidə həyata keçirilən uğurlu siyasət öz bəhrəsini verdi

Prezident İlham Əliyev ötən illər ərzində beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirdi. Çünki, ordu quruculuğu ilə yanaşı beynəlxalq müstəvidə də çalışmaq olduqca önəmli idi. Beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu dünyaya çatdırmaq üçün mühüm işlər həyata keçirildi. Nəticədə aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etdi. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etdilər. Bütün bunlar dövlət başçısının illərlə həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi idi.

Azərbaycan hərbi gücünü inkişaf etdirməyə davam edəcək

Bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir. Azərbaycan silahlı qüvvələri qarşıya qoyulmuş istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Azərbaycan ildən-ilə istər şəxsi heyətin hazırlığının artırılması, istərsə də müasir texnika ilə təchiz olunması istiqamətində məqsədyönlü işlər apardı. Azərbaycan ordusu öz qüdrətini və sahib olduğu gücü İkinci Qarabağ müharibəsində bütün dünyaya göstərdi.

Prezident İlham Əliyev çıxışında bir daha bəyan etdi ki, bundan sonra da güclənməyə davam edəcək. Ölkə başçısı artıq bu istiqamətdə öz tapşırıqlarını və müvafiq göstərişlərini verib.

Yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında hazırlanan silahların alınması prosesi artıq başlanılıb. Eyni zamanda Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqlənib. Azərbaycan İkinci Qarabağ müharibəsinin nəticələrini təhlil edərək yeni qərarlar qəbul edir, hərbi gücünü artırır. Ermənistanın qarşısında iki seçim var: Ya düşmənçilik siyasətindən əl çəkməli, ya da iqtisadi və hərbi cəhətdən daha da bərbad vəziyyətə düşməyə hazır olmalıdır. Çünki bu gün onların qarşısında güclü və qalib Azərbaycan ordusu var!

Mönsüm Alışov, YAP Sumqayıt şəhər təşkilatının şura üzvü,  pedaqoji elmlər doktoru, professor

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər