Ordun varsa, yurdun var

636

 

Ordu gücdür, qüdrətdir, ordu qürurdur, xalqın ümid, güvənc yeridir. Dövlətin isə əsas atributlarından biridir. Müdriklər ordunun bir millətin taleyində və tarixində rolunu dəyərləndirərkən “Ordun varsa, yurdun da var” demişlər. 26 iyun – bizə qələbə sevinci yaşadan, yağı düşmənə layiq olduğu yeri göstərib yurda fərəh gətirən, Qarabağda bayrağımızı ucaldıb üzümüzü ağardan Azərbaycan Ordusunun yaranma günüdür! Hərb salnaməmizdə parlaq səhifə açan Silahlı Qüvvələrin qürür tarixidir!
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən sonra milli hökümətin qarşısında duran əsas vəzifələrdən biri ordunun formalaşdırılması idi. Bu olmadan Cümhuriyyətin müstəqilliyinin qorunması, bolşevik-daşnak hərbi təhdidlərindən müdafiəsi mümkün deyildi. Azərbaycan istiqlaliyyətinin elan olunduğu tarixi şərait, yerləşdiyi bölgədə cərəyan edən proseslər xalqın müstəqilliyinə real dayaq ola biləcəyi ordunun formalaşdırılmasını tələb edirdi. Bu çətin işin təşkilini görkəmli azərbaycanlı generallar Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski öz üzərlərinə götürdülər. 1918- ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan Ordusunun Hüseynxan Naxçıvanski, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi nüfuzlu generalları var idi. Lakin yaradılan ordu nə müstəqilliyi, nə də özünü qoruya bildi. İşğalçı bolşevik ordusu 1920-ci ildə Azərbaycanı ilhaq etdikdən sonra Milli Ordu zabitlərinin bir qismi güllələnərək öldürüldü, bir qismi həyatını sürgünlərdə, zülm və zillət içərisində keçirdi. Qaçıb canını qurtarmağı bacaran az bir qisim ordu mənsubu isə ömrü boyu mühacirət həyatı yaşamaq məcburiyyətində qaldı.
Sovet hakimiyyəti dövründə də imperiyanın azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş yox, əsasən tikinti hərbi hissələrində xidmət edirdilər. Məqsəd azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi.
1990-cı illərdə dünyada baş verən siyası hadisələr, SSRİ- də gedən proseslər, Qarabağda ermənilərin başladığı separatçı hərəkat, silahsız əhaliyə qarşı edilən vandalizm bizi Milli Ordu yaratmağa məcbur edirdi. Nəhayət, 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Təəssüf ki, işlər arzu olunan kimi getmədi. İş o yerə gəlib çatmışdı ki, dövlət yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev fəaliyyətə ordu quruculuğu ilə başladı. Qısa bir zamanda müəyyən siyasi qüvvələrin nəzarətində olan hərbi birləşmələr ləğv edilərək vahid komandanlıq altında birləşdirildi. Ulu Öndər zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə şox mürəkkəb şəraitdə ordu quruculuğuna yeni məzmun verdi və ölkədə müasir ordunun formalaşdırılmasının əsasını qoydu. Əslinə qalsa, ölkəmizdə ordu quruculuğunun təməli Ümummilli Lider Heydər Əliyevin birinci hakimiyyəti illərində qoyulmuşdur. Hadisələri qabaqlamağı bacaran, tədbirli xüsusiyyəti ilə seçilən xalqımızın dahi oğlu 1975-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkil olunmasına, həmçinin daha çox azərbaycanlı gəncin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə , eləcə də SSRİ-nin digər hərbi məktəblərinə qəbul edilməsinə nail olmaqla bu günkü müstəqil dövlətimiz üçün peşəkar zabit kadrlarının hazırlanması işinin əsasını qoymuşdur.
Hakimiyyətə gəldiyi gündən Heydər Əliyev siyasi kursunu davam etdirəcəyini bəyan edən prezident İlham Əliyev ordu quruculuğu sahəsində də bu ənənəni layiqincə davam etdirdi. Yeni zabit kadrların hazırlanmasına, təchizat və təminat işlərinə diqqət artırıldı. Qoşun növlərində yenidən komplektləşdirmələr aparılaraq əsgər və zabitlərin döyüş hazırlıqlarını daha da təkmilləşdirmək məqsədilə hərbi təlimlərə xüsusi önəm verildi. Əsgərlərimiz dost, qardaş ölkələrin orduları ilə birgə təlimlərə cəlb edildi. Ordumuzun yeni, modern silahlarla təchizatı gücləndirildi, dəmir nizam-intizam yaradıldı. Ordumuz dünyada sülhyaratma missiyasını yerinə yetirməyə qadir bir vəziyyətə gətirilərək sülhün və təhlükəsizliyin təminatçısı kimi töhfəsini verməyə başladı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatı gücləndikcə ordu quruculuğu prioritet sahə elan edilmiş, dünyanın müxtəlif aparıcı ölkələrindən ən müasir , yüksək dəqiqlikli silah və döyüş texnikası alinmışdır. 2016 cı ilin Aprel döyüşləri artıq Azərbaycan Silahlı Qüvvələlərinin artan qüdrətindən xəbər verirdi. Həmin qarşıdurma zamanı ordumuz müasir silah və texnikadan istifadə etmişdir. O zaman hərbi bölmələrimiz hava hücumunda ordumuzun üstünlüyünə nail olmaq üçün PUA-lardan ilk dəfə istifadə etmişdir. Bu, düşmənə Azərbaycanın məqsədlərini açıq- aydın bildirən ciddi siqnal idi, ölkəmizin heç zaman Qarabağın işğalı faktı ilə barışmayacağını sübut edən güc nümayişi idi. Ancaq Ermənistan yetərincə sarsıdıcı zərbə alsa da mənasız inadından əl çəkmədi.
Nəhayət, 2020- ci il sentyabrın 27- də düşmənin torpaqlarımıza xaincəsinə hücumunun qarşısı qətiyyətlə alınaraq 30 ilə yaxın bir dövrdə işğal altında qalan torpaqlarımız azad edildi. Ordumuz düşməni sarsıdıcı məğlubiyyətə uğratdı. Vətən müharibəsində ordumuzun qazandığı böyük Qələbədə Şuşanın azad edilməsi isə Azərbaycan hərb tarixinin yaddaqalan, şanlı səhifələrindəndir. Zabit və əsgərlərimiz öz yenilməz iradəsi, yüksək döyüş ruhu və igidliyi ilə Azərbaycanın mədəniyyət beşiyini noyabrın 8- də düşməndən xilas etməyi bacardı. Həmin tarix ölkə təqviminə Zəfər Günü kimi həkk edildi. 44 günlük Vətən müharibəsində əldə olunan böyük qələbədən sonra ölkəmizdə ordu quruculuğunun yeni mərhələsinə start verilib. Yeni istehkam bölükləri, Türkiyədə xüsusi təlim keçmiş Komando hərbi hissəsi işğaldan azad olunmuş ərazilərdə şərəflə xidmət edib vətənimizin təhlükəsizliyinin keşiyində ləyaqətlə dururlar. Bu gün ordumuzun gücü ilə öyünməkdə haqlıyıq. Artıq Azərbaycan regionun təkcə iqtisadi, siyasi cəhətdən yox həm də hərbi qüdrətinə görə lider dövlətdir. Ordumuz dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Silahlı Qüvvələlərimiz vətənimizi və dövlətimizi bütün təhlükələrdən qorumaq gücünə qadirdir. Bugünkü ordunu qələbəyə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti və əzmi apardı. Qazanılan qələbədə əldə olunan uğurda Ali Baş Komandanın inamlı davranışı, xalqdan aldığı güc və sərkərdəlik qabiliyyətinin rolu misilsizdir. “Dəmir yumruq” isə birliyimizin rəmzidir.
Böyük uğurlarla hər bir azərbaycanlının qəhrəmanına çevrilən ordumuzun igidləri daim var olduqları müddətdə dövlətin hərbi gücü də bir o qədər sarsılmaz olacaq. Bu gün əminliklə deyə bilərik ki, qüdrətli Azərbaycan ordusu qarşısında ölkəmizə qarşı heç bir təhdid ola bilməz.

Zemfira Mirzəyeva, Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər