Almaniyadan qonaq var
Bu yaxınlarda xəbər saytlarından oxudum ki, “Alman ekoloqların iştirakı ilə Sumqayıtda ekoloji mühitlə bağlı seminar keçiriləcək…”
Öz-özümə düşündüm ki, eh vay… əcaba… nədən danışacaqlar…
Almanların təcrübəsi, sözü var. Şəhərləri, küçələri tər-təmizdir. Bəs bizimkilər – bizim Sumqayıtın əlaqədar məmurları nədən danışacaqlar…
Sumqayıtlıları aldatdıqları kimi, yəqin qonaqları da aldadacaqlar….
Nə var ki, bahalı “Mersedes” avtobuslara mindirib qonaqları bir-iki təmizlədikləri əraziyə aparıb deyəcəklər ki, bu da bizim Gənclik və gözəllik şəhərimiz sayılan Sumqayıtımız.
Hər halda, bu görüş baş tutub, bitib də. Yəqin almanların, yamyaşıl Lyudviqshafen şəhərinin nümayəndələrindən hər hansı biri Sumqayıt İcra hakimiyyətinin binasının niyə keçəl edildiyini də soruşublar. Amma inanın ki, qonaqlar çox işbilən və dünyagörmüş adamlardılar. Onlara uydurulub deyilən yalana inanmayıblar. Yəqin ki, bığaltı gülüblər də…
11 ay iş fəaliyyətimdən sonra, hər il olduğu kimi bu il də iyul ayında Sumqayıta – öz evimə yay istirahətinə gəlmişdim. Elə Sumqayıtın girəcəyindən şəhərə keçər-keçməz qızım çox təəccüblə, ağacların, yoların kənarında olan yaşıllıq zolaqlarının nədən belə yandığını, sapsarı saraldığını soruşdu. Bizi mənzilimizə gətirən sürücü dedi ki, “sulamırlar bala”. Qızım yenə təəccübünü gizlətmədi: “Niyə, Sumqayıta su gəlmir ki?” – deyə soruşdu. “Su gəlir, burası Sumqayıtdır bala, sulayanlar suyun pulunu öz istiqamətlərinə xərcləyirlər” – deyə sürücü cavab verdi.
İstilər düz dünyanı yandırdı…
Qonağıma deməyə söz tapmadım
Doğrudur, bu il dünyanın hər yerinin istidən yandığı hər kəsə bəlli idi. Lakin bunun səhər tezdən ağacların dibinin sulanmasına, qazonlara qulluq edilməsinə bir dəxli yox idi.
İş fəaliyyətimlə əlaqədar ezamiyyətdə olduğum Mərkəzi Asiya Respublikalarındakı şəhərlərin heç birində bu vəziyyətlə rastlaşmamışam. Bataqlıq üzərində salınan Astana şəhərində yayın qızmarında bir dənə ağcaqanad tapmaq olmur.
… Elə həmin isti günlərin birində köhnə tanışlığımdan istifadə edərək, Sumqayıt şəhəri icra hakimiyyətindəki tanışlarıma zəng vurdum. Özlüyümdə elə bildim ki, həyəcan təbili çalıram. Onlara min xahiş minnətlə dedim ki, yaşadığımız Əzizbəyov küçəsi, 4-cü məhəllə 20/15 binasının arxasındakı yol birbaşa dənizə gedir. Bura həmişə yamyaşıl olub. İndi ağaclar suzuluqdan yanırlar. Ağacların sulanmasını istədim. Daha sonra məhəllədə 120-dən artıq sakinə təhkim olunan zibilxanadan və burada qoyulan 1 dənə zibil qabından, zibilxanada 5 ildən bəri yığılıb qalan daş və torpaq qalağından danışdım. Onu da dedim ki, bu məhəlləyə illərdir ki, Sanitar Epidemioloji Stansiyanın əməkdaşlarının ayağı dəymir. Evlər və mənzillər kanalizasiyalarda gəzən tarakanların və həşəratların hücumuna məruz qalıblar. Bütün bu problemləri deyəndən sonra, gəzdiyim şəhərlər haqqında da bir balaca məlumat verdim. Telefonun o başındakı tanışlarım, icra hakimiyyətinin əlaqədar əməkdaşları, deyəsən, lap güldülər də iradıma. Biri dedi ki, Sumqayıtın əlaqədar təşkilatının zibil qutusu almağa pulu yoxdur.
Vətənimdə məzuniyyətdə olduğum müddətdə Daşkənddə yaşayan dostum Şakir öz ailəsi ilə qonağım oldu. Bir-iki dəfə gecələr çıxıb şəhəri gəzdik. Onlar gördüklərindən dəhşətə gəldilər. Təəccübünü gizlətməyən daşkəndli dostum dedi ki, “Yəni bunlar bu qazonların arasına, ağacların altına su borları ilə hər gecə və səhər fırfıralı su şlanqları qoya bilmirlər. Vallah, bizdə Daşkənddə, o istinin 60 dərəcəyə qalxdığı yerlərdə belə olmur.”
Bu minvalla, məzuniyyətim başa çatdı. Mən isə hər axşam və səhər evimizin arxasındakı ağacların sulanmasını gözləyə-gözləyə qaldım. Nə ağaclar sulandı, nə də məhəlləni dərmanlamağa bir kimsə gəlmədi.
Məzuniyyətimi başa vurandan sonra isə sentyabrın əvvəlləri Daşkəndə qayıtdım. Və bu isti ölkədəki yaşıllıqdan gözlərim sevindi. Bütün yollar, alleylər, küçələr, ağaclar yamyaşıl idi. Bu dəfə də Daşkənddə Şakirlə görüşdüm. Halını, kefini xəbər aldım. Dedi ki, xanım, ordan qayıdandan sonra gözlərimə işıq gəlib. Hər səhər uşaqları məktəbə aparanda baxıram ki, butun yol kənarlarında ağaclar , qazonlar sulanır. Elə bil ki, o istilər heç bu Daşkənddə olmayıb. Yaşıllığa baxıb istirahət edirəm.
Deyirəm yaxşı ki, qonaqlarım – yanlarında “Bakı-Sumqayıt” deyib öyündüyüm qardaş xalqların nümayəndələri olmadılar. Yoxsa ki, bəlkə küçələrimizdəki zibilləri, sellafon və kağız qalaqlarını, boş su butulkalarını görüb dodaq büzərdilər.
Şəhərimizin ekoloji problemləri
…. Keçirəm əsas məsələyə.
Elə bəlkə də alman ekoloqlarının Sumqayıtda olarkən müzakirə etdikləri problemlərə.
Mənə çox əziz və doğma olan şəhərimizin ekoloji problemlərindən danışmaq istəyirəm. Bəlkə əlaqədar təşkilatlar bu dəfə bir reaksiya verələr.
– Sənaye müəssisələrinin gücünün azlığı, bəzi hallarda texnoloji reqlament normalarının pozulmasına gətirib çıxarılması. Kanalizasiya sularının və çirkab tullantıların hara gəldi axıdılması;
– Nəqliyyat vasitələrinın mühərriklərində işlənmiş tüstü qazların tərkibindəki zərərli maddələrın havaya buraxılması;
– Atmosfer havasının çirklənməsinə səbəb olan formalaşan qalaqlanmış məişət tullantılarının yandırılması, vaxtlı-vaxtında daşınmaması, üfunətli iyin ətrafa yayılması.
Kanalizasiya sistemlərinin işləməsi, idarə olunması, tullantıların təyinatı üzrə məhv edilməsi – bu və ya digər məsələlərə Azərbaycanda həmişə barmaqarası baxılır. Öz yaşadığımız, yaşıl evimiz olan təbiətimizi, bizə 9 iqlim şəraiti bəxş edən, hər qarışı təbiətin rəngləri ilə rənglənmiş, mahir bir toxucunun toxuduğu xalıya bənzəyən gözəl Vətənimizn təbiətinin qayğısına qala bilmirik.
Dünya dövlətlərinin bu gün həyəcan təbili çalaraq keçirdikləri ekoloji forum və konfranslarda təbiətin qorunması, tullantıların insana və təbiətə zərər verməməsi üçün səslənən fikirləri, həyata keçirilən layihələri, bu sahədə atılan addımları təqdirəlayidir. Yəni dünya ölkələri bu problemlərə çox həssaslıqla yanaşır və bu sahənin nə qədər incə, diqqət tələb edən bir məsələ olduğunu dərk edirlər. Dünyanın ekoloji problemlərinin alimləri, mütəxəssisləri bu məsələlərə çox önəmlə yanaşdıqlarından inkişaf etmiş Avropa və Asiya ölkələrində həqiqətən də bu problemin olmamasının şahidi oluruq.
Çox təəssüflər olsun ki, bizim Azərbaycan məmurları, “jek” və yaşşıllıq idarələrinin, icra hakimiyyətlətinin əlaqədar idarə rəisləri evdən, idarədən, sənaye obyektlərindən atılan zibilə elə “zibil” kimi yanaşdıqlarındandır ki, zibilin yaratdığı ekoloji natarazlıq da həyatımızı və həyətimizi zibilə döndərir.
Saralmış Sumqayıt və yaşıl rəngə məmur münasibəti
Mənim 61 yaşlı, bir neçə il bundan əvvəl yaşıl olan, indi isə saralıb solan şəhərim, doğma Sumqayıtım.
Şəhərim o vaxtdan saralmağa başladı ki, parklar, istirahət obyektləri dönüb şəxsi obyektlərə, mağazalara, butiklərə çevrildi. Bunlar da tikilib qurulanda heç bir şəhər salınma, arxitektura qaydaları nəzərə alınmadı.
Şəhərimizin su və kanalizasiya sistemlərinin əsas bəlası ondadır ki, bu şəhər salınanda 1949-cu ildə qurulan və tikilən kanalizasiya sistemində sonradan heç bir dəyişiklik edilməyib. Çünki 61 il əvvəl və bu illər ərzində şəhərin parametrləri, o zamankı insanların sayına və artımına görə nəzərdə tutulmuşdu. Kanalizasiya və kollektorlar həmin gücə hesablanmışdı. Bu gün isə Sumqayıtda əhalının sayı 300 mindən artıqdır. Və təbii ki, artan əhalinin sayına tab gətirməyən su daşıyıcıları, kollektorlar sıradan çıxmalıdır. Bu şəhərdəki yağış və leysan suları üçün nəzərdə tutulan ötürücülərdən də bu gün Xəzər dənizinə 70-80% çirkab və tullantı sular, məişət tullantıları axıdılır. Bu da özlüyündə iki problem yaradır: şəhəri su basır, ikinci təfədən isə kollektorlar təyinatı ilə işləmir. Və buna görə də yayda susuzluqdan yanan yamaclar, ağaclar, duzənlikləri və küçələri payızda isə yağış suları basır. Bu isə hər bir sumqayıtlı sakin üçün tanış mənzərədir. Çox etibarlı bir mənbədən onu da öyrəndim ki, 5 il bundan əvvəl Sumqayıtda “Azərsu” Səhmdar Cəmiyyəti tərəfindən su təmizləyici qurğusu tuikməsi haqqında layihə hazırlanıb və icra olunmaq üçün verilib. Hətta buna görə vəsait də ayrılıb. İşin birinci mərhələsi “Ximstroy” və Kottec deyilən yaşayış massivlərindən axan çirkab və tullantı suları tam təmizləmə qurğularından keçirəndən sonra, alınan sular dənizə axıdılmalı idi. Bu kollektorun gücü gün ərzində 200 min kub metr tullantı təmizləməyə qadir olmalı idi. Bu layihə və ayrılan vəsait çərçivəsində sonrakı mərhələdə şəhərin bütün məhəllə və mikrorayonlarındakı sular normativ hədd səviyyəsinə çatandan sonra dənizə axıdılmalı və ya təyinatı üzrə istifadə olunmalı idi.
Olmalıydı, olmadı…
Bu olmayanların sırasında nəqliyyatda yanan işlənmiş yanacaqların və qazların şəhəri neçə çirkləndirməsi də göz qabağındadır. Di gəl ki, nəqliyyata aid departament və idarələrə gedəndə hərənin əlində bir dəftər sürücülərdən və maşın sahiblərində aldıqları pulu yazır və hesablamaqdan başqa bir iş görmürlər. Hər kəs öz təsərrüfatını yaradır. Elə bil ki, dövlət idarələri idarə və müəssisə müdirlərinin şəxsi kooperativ təşkilatlarıdır.
Sanitar epidemioloji mərkəzlərinin işindən danışanda isə atmosferə buraxılan yanan, vaxtlı vaxtında daşınmayan zibil qalaqlarının, dərnmanlanmayan məhəllə və küçələrin insanlara nə qədər ziyan vurduğunu deməklə yeni heç nə kəşf etmirəm. Ancaq ki, müstəqil Azərbaycanın, varlı Azərbaycanın vətəndaşlarının məhəllələri, küçələri , havası, suyu da təmiz olmalı, sanitar qaydaları da gözlənilməlidir. dövlət və hökümətimiz, beynəlxalq təşkilatlar bu sahə üçün qədərincə vasait ayırır. Və ən azı ona görə ki, buna görə hər ailə başçısı dövlətə vergi ödəyir. Hələ ev, zibil, küçə, pullarının yığılmasını demək istəmirəm. Bütün bunların müqabilində verdiklərimizin əvəzini bizə niyə qaytarmırsınız, Cənab sumqayıtlı məmurlar?!
Su sayğacları olmayanda həmin ağacların qayğısına qalırdıq. Ancaq hər kəs bilir ki, şəhərin yaşıllaşdırma idarəsində bunun üçün yanacaq və su sərfi üçün nə qədər sənədlər yazılıb pozulur, pullar silinir. Eləcə də Sanitar epidemioloji mərkəzlərdə…. Ekologiya idarələrində…. hara baxırsınız…
Mənim şəhərimi belə saraltmayın. Mənim şəhərimi cavan saxlayın. Bu şəhər bizim balalarımızın, nəvələriumizindir. Qoy bizdən sonrakı nəsillər də təmiz su içsinlər, təmiz parklarda, küçələrdə gəzib əylənsinlər. Hər rəngdən yaşıl rəng gözəldir.
Əcaba, görəsən, Sumqayıt məmurlarının yaşıl rəngə münasibəti necədir?
Aida Eyvazlı, “168saat”
Allah girsin Azerbaycan memuralrini!!!
ureyimden tikan cixdi bu yaziyla… Sumqayit gercekden batiyor… F1-e ehtiyaci var