Oruc tutmaqla bağlı ən çox verilən SUALLARA CAVAB

623

Bütün dünyada olduğu kimi, Azərbaycanda da müqəddəs Ramazan ayı böyük coşqu ilə qarşılanır. 

Əhali bu günlərdə oruc tutmaq, savab iş görmək və xeyirxah işlərə təşəbbüs göstərməklə Ramazan ayının vacib əməllərindən geri qalmır.

Qeyd edək ki, sağlam, səhhəti normal olan və heç bir şikayəti olmayan şəxslərin Ramazan ayında oruc tutmasında heç bir dini qadağa mövcud deyil. Müqəddəs Ramazan ayında oruc tutmaqla bağlı ən çox yaranan sualları və onlara cavabları təqdim edirik:

Ramazan ayında kimlərə oruc tutmaq vacib deyildir?

Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar:

Həddi-büluğa çatmamış uşaqlar;

Psixi cəhətdən qeyri-normal şəxslər;

Qocalıb əldən düşmüş şəxslər;

Aclıq və susuzluğa heç cür tab gətirməyən daimi xəstələr.

Daha dörd təbəqədən olan şəxslər isə Ramazan ayında oruc tutmaya bilərlər; bunun üçün onlara kəffarə də düşmür, sadəcə olaraq itirdikləri hər gün əvəzinə bir gün qəza orucu onlara vacibdir:

Hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzində ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruclarını tutmalıdırlar;

Körpəsinə süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünün kəsiləcəyindən qorxarsa). Onlar da hər gün üçün 750 qram ehsan etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdır.

Qadınlar paklıq vəziyyətləri pozulduğu günlərdə oruc tutmamalı, lakin sonra mütləq qəza etməlidirlər (hər gün müqabilində bir gün hesabı ilə);

Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan azaddırlar. Əgər gələn ilin Ramazan ayına kimi sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. Gələn ilə kimi sağalmasalar, qəza orucu vacib olmaz, yalnız hər gün üçün 750 qram ehsan etmələri kifayətdir.

Səfərdə olan şəxs vətənə dönənə kimi orucdan azaddır, amma qayıdandan sonra mütləq qəza etməlidir (hər gün üçün bir gün hesabı ilə).

Siqaret çəkmək orucu batil edərmi?

Orucu pozan əməllər sırasında qatı toz və tüstü udmaq var. Siqaret çəkən insanın boğazına qatı tüstü getdiyindən orucu batil hesab olunur.

Oruc tutan şəxs ağzının suyunu və bəlqəmi uda bilərmi?

Ağız suyunu (tüpürcəyi) udmaq orucu pozmaz. Başdan və sinədən gələn bəlğəm də əgər ağız boşluğuna daxil olmayıbsa, onu udmağa icazə verilir. Amma bəlğəm ağız boşluğuna daxil olarsa, onu olmaz, mütləq tüpürmək lazımdır.

Diş çəkdirməyin oruc tutmağa maneəsi varmı?

Əgər dişini çəkdirərkən insan qan, su, yaxud dərman udmazsa, orucu düzgün sayılır. Lakin orucluq zamanı insanın bədənindən qan çıxmasına səbəb olan bütün əməllər (o cümlədən, diş çəkdirmək) arzuolunmazdır.

Xəstələnmiş şəxsin bədəninə iynə vurulsa, orucu pozularmı?

Xeyr, yalnız qidalandırıcı təyinatlı ampulalar vurdurmaq orucu pozar. Müalicə üçün, habelə bədən üzvünü keyitmək məqsədilə vurulan iynələr isə orucu batil etməz.

Oruc olan şəxs çimərsə, orucu düzdürmü?

Çimmək orucu batil etməz. Çimən şəxs mütləq diqqətli olmalıdır ki, başını tamamilə suya batırmasın və su damcılarını udmasın.

Lakin çimmək insanı zəiflədib yorur, bədəni süstləşdirir, bunun nəticəsində bədənin aclığa və susuzluğa qarşı müqaviməti azalır. Buna görə oruc tutan şəxsin çimməsi arzuolunmaz əməl sayılır.

Əgər evdar qadın xörək bişirərkən oruc tutduğunu unudub xörəyin dadına baxsa, orucu batil olarmı?

Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq nəsə yesə, orucu pozulmaz. Amma yeməyi udmazdan əvvəl oruc tutduğu yadına düşsə, mütləq ağzındakını tüpürməlidir. musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər