“Bu, qonşu ölkələrlə müqayisədə daha azdır. Belə bir şəraitdə minimum itkilərə səbəb olmaq iqtisadi inkişaf qarşısında duran əsas məsələlərdən biri idi. Azərbaycan dövləti 2021-ci ildə sahibkarlar üçün böyük dəstək proqramları elan etdi, eyni zamanda qayğıya ehtiyacı olan insanlara dəstək üçün təminən 450 milyon manatı keçən dəstək proqramı hazırlandı. Bütün bunların hamısı iqtisadiyyatımızın daha az azalmasına, daha az itkilərlərlə üzləşməsinə səbəb oldu. İqtisadi inkişafın gələcəkdə daha çox əsaslanacağı sahələr üzrə baxsaq, ötən il həmin sahələrdə nəinki azalma, artım da müşahidə etdik. Qeyri- neft sənayesi 11 faiz, kənd təsərrüfatı sahəsi 2 faiz, rabitə və texnologiyalar sahəsi təxminən 1,6 faiz artdı”.
Komitə sədri bildirib ki, keyfiyyət dəyişiklikləri eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən verilən hesabatlarda da öz əksini tapıb: “Belə ki, Dünya Bankı Azərbaycanı ən çox islahat aparan 10 ölkədən biri elan etdi. Azərbaycan “Doing Business” hesabatında 28-ci yerə qalxdı. Beynəlxalq hesabatların Azərbaycan iqtisadiyyatının keyfiyyətinin monitorinqi baxımından verdiyi reytinq cədvəlləri onu deməyə əsas verir ki, 2020-ci ildə Azərbaycan iqtisadiyyatı keyfiyyətcə öz dayanıqlılığını qoruyub saxlamaqla 2021 və növbəti illərdə daha sürətli iqtisadi inkişaf artımı potensialına sahib olduğunu göstərdi. Bu, 2020-ci ilin əldə etdiyimiz ən uğurlu nəticələrdəndir”.
T.Mirkişili, həmçinin qeyd edib ki, TAP-ın işə düşməsi, Azərbaycan qazının Avropaya çatması tarixi hadisədir: “Bu məsələnin böyük siyasi, eyni zamanda iqtisadi əhəmiyyəti var. İqtisadi tərəfindən baxsaq, Azərbaycan həm qazın ixracı ilə yeni gəlir əldə etmək mənbəyinə sahib oldu, digər tərəfdən Avropa Birliyi-Azərbaycan münasibətlərində neft-qazla başlayan əməkdaşlığın qeyri-neft sektoruna keçməsi ilə bağlı potensial mövcuddur.
Bizim kənd təsərrüfatı məhsullarının Avrropa bazarlarına ixracı ilə bağlı yeni imkanlar açılacaq. Bu hadisənin baş verməsi Azərbaycanın regionda, o cümlədən Avropa Birliyi üçün də əhəmiyyətini getdikcə daha çox artırır ki, bu da 2020-ci ilin yadda qalan hadisələrindən oldu”.
Komitə sədrinin sözlərinə görə, ötən il iqtisadiyyatı zəiflədən səbəblərin 2021-ci ildə aradan qaldırılması planlaşdırılır.
“Vaksinasiya prosesinin getməsi mart ayından artıq iqtisadi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı imic yaradır. Məhdudiyyətlərin aradan qaldırılması, iqtisadiyyatın sürətli inkişafına gətirib çıxaran proqnozlar mövcuddur. Bu il Azərbaycan hökümətinin proqnozlarına əsasən, iqtisadiyyat daha çox artacaq. ÜDM-də 3,4 faizlik artım planlaşdırılır. İşğaldan azad olunan ərazilərin Azərbaycan iqtisadiyyatına reintiqrasiya olunması da iqtisadiyyatın yeni resurslara çıxışını təmin edəcək. Bu baxımından 2021-ci il iqtisadiyyatın bərpa olunması ilə yanaşı, sürətli inkişaf ili olacaq.
Nəzərə alsaq ki, məhdudiyyətlərin aradan götürülməsi Azərbaycana turizm axının da bərpa olunmasına imkan yaradacaq. Azərbaycan bu sahədən gəlir əldə edirdi. Turizmin bərpa olunması insanların daha çox gəlir əldə etməsinə imkan yaradacaq.
İqtisadiyyatın bərpa olunması ilə daha çox gəlir əldə edilməsi Prezidentin siyasətinə uyğun olaraq insanların maddi rifah və sosial vəziyyətin daha da yaxşılaşmasına imkan yaradacaq. 2021-ci il əhalinin işğal altından azad olunmuş ərazilərə qayıdış ili kimi də proqnozlaşdırılır. Bu da insanlar üçün yeni imkanlar, yeni bir mərhələnin başlanması deməkdir”.
Aytən Zəhra
Azvision.az