Övladınıza peşə seçimində necə yardım etməli?

1915

Azərbaycan Prezidentinin 2007-ci il 03 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə dövlət proqramı (2007-2012-ci illər)” uğurla həyata keçirilən bir zamanda peşə seçmək insan fəaliyyətinin mühüm cəhətini təşkil edir. Bu zaman yeniyetmə və gənc müəyyən tərəddüdlər keçirir, mübahisələrə məruz qalır. Bütün bu situasiyalarda məsul və düzgün qərar qəbul etmək, müstəqil addım atmaq tələb olunur. Təhsil qanununda göstərilir ki, şagirdlərin əmək tərbiyəsi, təlimi və peşəyə istiqamətləndirmə sistemi elə qurulmalıdır ki, məktəbi bitirərkən onlar düşünülmüş şəkildə peşə və təhsili davam etdirmək üçün müvafiq tədris müəssisəsi seçə bilsinlər. Şagirdlərin peşəyə istiqamətləndirmə işində seçmə imkanı və qabiliyyəti böyük əhəmiyyət kəsb edir, imkanların müxtəlif variantları nəzərdən keçirilir. Peşələrin növü çox olduqca  imkanların variantları da artır. Peşəni seçməkdə isə hamı azaddır. Lakin bu azadlığı mütləq və ya kortəbii şəkildə başa düşmək olmaz. Məsələn, doqquz illik və ya orta məktəbi bitirən şagirdlərin hamısı peşə liseyinə və peşə kolleclərində müəyyən peşə üzrə təhsil almaqda azaddır. Bu cəhətdən onların geniş imkanları vardır. Eləcə də, gənclər ali məktəbdə oxumaq  hüququna malikdir, lakin onların hamısı arzu etdiyi fakültəyə daxil ola bilmir, çünki buna bilik səviyyəsinin zəifliyi bəzən imkan vermir.

Obyektiv imkanların böyüklüyü və şəxsin peşə seçmə qabiliyyətinin diapazonunun genişliyi peşə seçmək azadlığı üçün mühüm şərtdir. Peşə seçmək və ona yiyələnmək üçün variantları müqayisə etmək, mövqeyini şüurlu surətdə müəyyən etmək imkanlarına malik şəxs  bu işdə özünə daha səmərəli yol seçə bilir. Şübhə yoxdur ki, peşəni seçməyin mümkünlüyü sosial tərəqqinin səviyyəsindən asılıdır.

Peşəyə istiqamətləndirmə işində yaranmış vəziyyətdən və qəbul edilmiş qərarlar şagirdlərin dünyagörüşü, əxlaqi müəyyənliyi, daxili arzu və meyli ilə bağlıdır, şagirdin qabiliyyətindən, iradəsindən, ağılından, şüurluluğundan asılıdır. Belə keyfiyyətlər vəziyyətdən, əxlaqi münaqişədən baş çıxarmağa imkan verir. Peşə seçmədə əxlaqi münaqişə özünəməxsus elə bir situasiyadır ki, bu  situasiyada: 1) şəxs qarşıya çıxan ziddiyyətləri müəyyən edir; 2) seçilmiş mövcud imkan müəyyən əxlaqi normaya istinad edir, digər əxlaqi normanı rədd edir; 3) öz əxlaqi məqsədini seçdiyi əxlaqi sərvətlə bağlayır.

Əxlaqi münaqişədə çətinlik gəncin əxlaqi normaları bilməməsindən və onları yerinə yetirməməsindən az asılıdır. Burada əsas rolu əxlaqi sərvətlərin toqquşmasını həll etmək oynayır. Məsələn, orta məktəbi bitirən şagird fizika fənnini sevir. O, bilir ki, universitetdə fizika üzrə təhsilini davam etdirsə, bununla cəmiyyətə daha çox fayda verə bilər, bu arzu əxlaqi prinsiplərə tamamilə uyğun olar. Lakin valideynləri “Fizika müəllimi olacaqsan?”- deyə onu fikrindən çəkindirmək istəyirlər. Bu zaman peşə seçmək istəyən şagird od ilə su arasında qalır. Əgər o, qabiliyyəti çatmadığı peşəyə rahat yolla nail olsa, əxlaqa  zidd hərəkət edir, təhsil illərində ona təlqin edilmiş əxlaq normalarını pozur, valideynlərini isə razı salır. Əgər o, sevdiyi peşəni seçirsə, onda düzgün hərəkət edir, lakin valideynlərinin sözünü yerə salır.

Şagirdlərin bilikləri, əqli qabiliyyətləri və əməli bacarıqları bir-birini tamamlasa da, bir-biri ilə üzvi əlaqədə olsa da eyni şeylər deyildir. Onların arasında keyfiyyət fərqi olur. Buna görə də şagirdlərin, məsələn, bilik səviyyəsini aşkara çıxarmaq hələ onların əqli bacarıqlarını müəyyənləşdirmək demək deyildir. Yaxud da onların hər ikisinin öyrənilməsi peşə meyli və marağının xüsusiyyətlərini araşdırmaq kimi başa düşülə bilməz. Odur ki, şagirdlərin peşə meylini, əqli qabiliyyətlərini və bilik səviyyəsini öyrənmək üçün ayrı-ayrı metodika işlətmək tələb olunur. Şagirdlərdə peşəyə meyl və maraqları hansı şəraitdə öyrənmək əlverişlidir? Biz deyərdik ki, şagird şəxsiyyətinin təzahür etdiyi bütün şəraitdə; dərsdə, sinifdənkənar tədbirlər zamanı, əmək fəaliyyətində, ailə şəraitində, yoldaşları isə münasibətdə və s. Müşahidə aparmaq müəllim və tərbiyəçilərə zəngin material verə bilər. Çünki, şagird həmin amillərin təsiri altında formalaşır, boya-başa çatır. Şagirddə peşə meylinin təşəkkülü və inkişafına təlim və tərbiyə də, ictimai mühit də, şagird kollektivi də, ətrafdakı adamlar da, valideynlər də, sinif yoldaşları da təsir göstərə bilir. Xüsusi olaraq öyrəndiyimiz bir sinifdəki şagirdlərin 20 faizində peşə meyli və marağının formalaşmasına valideynlərin və ailədəki, digər yaşlıların böyük təsiri olduğu aşkar edilmişdir.

Peşəyə istiqamətləndirmə  ilə əlaqədar olan bir çox cəhətləri öyrənməyin zəruriliyi bir də onunla izah edilir ki, şagirdin peşəyə göstərdiyi maraqla həmin peşə sahəsində onun mövcud bacarığı arasında, şagirdin peşə haqqındakı məlumat və təsəvvürü ilə onun faktik peşə arzusu arasında bəzən uyğunsuzluq müşahidə olunur. Buna görə də şagirdləri öyrənmək məqsədilə metodika hazırlayarkən onların peşə marağı ilə peşə bacarığı arasında peşəyə dair təsəvvürləri ilə əsl peşə arzusu arasında uyğunluq səviyyəsini də aşkara çıxarmaq məsləhətdir. Uzunmüddətli təcrübə göstərir ki, şagirdin müəyyən fənnə göstərdiyi davamlı marağı gələcəkdə onun elmi marağına çevrilə bilər. Məsələn, əgər şagird məktəbdə oxuyarkən riyaziyyat-informatika təhsil sahəsinə, yaxud humanitar təhsil sahəsinə və ya təbiət təhsil sahəsinə daha çox meyl göstərirsə, bu meyl gələcəkdə müvafiq fəaliyyət növünə, məsələn, mühəndis, mühasib yaxud sözlü-məntiq və ya təbiətşünaslıq sahəsindəki fəaliyyət növündə çalışmağa gətirib çıxara bilir. Bəzi şagirdlərin bu və ya digər təhsil sahələrinə qarşı rəğbəti bu fənn üzrə fəal işi müşayiət edilir. Belə  bir uyğunluq bu cür göstərici yüksək təlim müvəffəqiyyətinin, gələcək əmək müvəffəqiyyətinin rəhni ola bilər.

Şagirdlərin peşəyə istiqamətləndirmə işinin öyrənilməsində cinsin də müəyyən rol oynadığını yada salmaq lazımdır. Çünki cinsdən asılı olaraq şagirdlərin peşəyə istiqamətləndirilməsi işində bəzi xüsusiyyətlər olduğu diqqəti cəlb edir. Ümumiyyətlə, götürüldükdə deməliyik ki, qızlar müəlimliyi və həkimliyi başqa peşələrə nisbətən daha yaxşı peşə hesab edirlər. Lakin, qızlara “Siz özünüz hansı peşəni seçmək istəyirsiniz?” sualı verdikdə onların 53 faizi müəllim, 27 faizi isə həkim peşəsini seçmək istədiyini bildirmişdir. Peşələrə qiymət verməkdə oğlanlar qızlardan fərqlənmişlər. Oğlanların 12 faizi müəllim peşəsini, 68 faizi isə həkim peşəsini yaxşı peşələr sırasına aid etmişlər, lakin konkret peşə seçdikdə qızlardan xeyli fərqlənirlər. Peşə liseylərinə isə qızların 6 faizi, oğlanların 8 faizi sənətkar peşəsini seçmək istədiklərini söyləmişlər.

Buradan belə bir nəticə çıxarmaq olar ki, şagirdlərin peşələrə qiymət vermələri ilə real peşə seçmək arzuları eyni şey deyil, bunları bir-biri ilə qarışdırmaq olmaz. Biz peşəyə istiqamətləndirmək üzrə iş apararkən gərək şagirdlərin həm peşələrə verdiyi qiymətləri, həm də onların peşəyə əməli meyllərini nəzərə alaq. Öyrəndiyimiz şagirdlərin aşkara çıxarılan xüsusiyyətlərə necə yanaşmalıyıq? Bütün yoxlamaların nəticəsi tərbiyəçini, müəllimi belə bir qənaətə gətirə bilər ki, şagirdlərdən biri istədiyi peşə üçün yararlıdır, digəri isə yararlı deyildir. Şagirdlərdə müəyyənləşdirdiyimiz peşə marağı və bacarığı xüsusiyyətlərinə donmuş bir vahid kimi, biryolluq formalaşmış keyfiyyət kimi, dəyişməz kəmiyyət kimi baxmaq düzgün olmazdı. Bu və ya digər dövrdə hər bir şagirdin malik olduğu şəxsi  keyfiyyətlər, əvvəla, həmin dövrə qədər bu şagirdin fəaliyyətinin, təhsili və tərbiyəsinin  məhsulu hesab edilməlidir; ikincisi, həmin keyfiyyətlər şagirdin gələcək fəaliyyətini, işi və təhsilini təşkil etmək üçün əsas rolunu, istinad rolunu oynamalıdır. Buna görə də şagirdləri öyrənərkən onların nəyə, hansı keyfiyyətlərə malik olduqlarını, hansı peşəyə daha çox maraq göstərdiklərini aşkara çıxarmaqla kifayətlənmək olmaz. Gələcəkdə şagirdlərlə işləmək üçün bu nə qədər vacib, nə qədər zəruri olsa da hələ kifayət deyildir. Müəllim və tərbiyəçi ayrı-ayrı şagirdin nəyə qadir ola biləcəyini, onun daxili imkanlarını da aydınlaşdırmalı, müəyyən etməlidir. Şagirdlərə məsləhət və istiqamət verərkən, onların fəaliyyətini təşkil edərkən daxili imkanlarını da hökmən nəzərə almaq lazımdır.

Şagirdləri öyrənən zaman, onların peşə təmayülünü müəyyənləşdirmək istərkən yaş dövrünü unutmaq olmaz. Çünki şagirdlər yaşa dolduqca, sinifdən-sinifə keçdikcə onların pisixoloji, əqli, fiziki və s. imkanları, peşələrə münasibəti dəyişə bilir. Bəzən görürsən ki, şagirdlərin bir qismində pəşələrə dair ümumi təsəvvür və anlayış, pəşələrə ümumi maraq və meyl getdikcə konkretləşir, xüsusiləşir; şagird bir çox peşələrdən bir peşəyə, bir neçə fəaliyyət sahəsindən bir fəaliyyət sahəsinə, bir qrup fənnə maraq göstərməkdən bir fənnə daha çox maraq göstərməyə başlayır. Başqa bir qrup şagirddə isə bunun tam əksi müşahidə olunur: yeniyetmə əvvəllər bir sahə ilə daha çox maraqlanırsa, sonralar bir çox sahələrə maraq göstərir.

Məlumdur ki, yaşdan asılı olaraq şagirdlərin maraqlarında xüsusiyyətlər olur. Məsələn, sorğu apardığımız 5-ci sinif şagirdlərinin 75 faizi seçmək istədikləri peşələrin xarici cəhətlərinə, 12 faizi fəaliyyətin məzmununa, 8 faizi isə fəaliyyətin gələcəyinə əsaslanmışlar. 11-ci sinif şagirdlərində isə həmin göstəricilər müvafiq olaraq 24, 42 və 23 faiz olmuşdur. Bu cür faktlardan aydın olur ki, yaşa dolduqca sinifdən-sinfə keçdikcə şagirdlərin marağı keyfiyyətcə dəyişikliyə uğrayır: peşənin xarici əlamətlərinə olan maraq tədricən onun məzmununa olan maraqla, sonra isə peşələrin gələcəyinə olan maraqla əvəz olunur. Bizcə, peşəyə olan marağın ən başlıca göstəricisi kimi, yəni şagird tərəfindən peşənin daha şüurlu seçildiyini müəyyənləşdirmək üçün peşənin məzmununa, onun gələcəyinə göstərilən marağı əsas götürmək olar. Peşə məktəb və peşə liseylərinə qəbulla əlaqədar 5-8-ci siniflərdə və 9-11-ci siniflərdə aparılan sorğu zamanı qızların peşələrə münasibətlərində xeyli fərq olduğu aşkar edilmişdir. Bu fərq məhsuldar əməyə münasibətdə özünü daha qabarıq göstərir. 9-11-ci sinifdəki qızlar, 5-8-ci siniflərdəki qızlara nisbətən məhsuldar əmək sahələrinə çox maraq göstərirlər. Deməli, yaşa dolduqca qızların peşələrə olan münasibəti dəyişir və təkmilləşir, onlarda “sənətkar” və “usta” peşələrə daha şüurlu münasibət göstərməyə başlayırlar.

Məktəbdə şagirdlər üçün hansı peşənin daha üstün, daha yaxşı olduğunu öyrənmək üçün istifadə edilən üsullardan biri anket vasitəsilə aparılan sorğudur. Əgər məqsəd peşələr haqqında şagirdlərin mövcud təsəvvürlərini öyrənməkdən ibarət olsa anketdəki suallar təqribən belə ifadə edilir: “Hansı peşələrin adlarını bilirsiniz?” yaxud, “Tanıdığınız peşələrin adlarını yazın, sənə görə ən yaxşı peşə hansıdır?”, “Sən hansı peşəni daha üstün tutursan?”. Şagirdlərin daha üstün, daha yaxşı hesab etdiyi peşə ilə onun özü üçün seçmək istədiyi peşə bəzən uyğun gəlmir. Bir də görürsən ki, şagird bir peşəni daha yaxşı hesab edir; özü üçün peşə seçmək istədikdə isə fikirləşir, öz imkanlarını götür-qoy edir və buna uyğun olan başqa bir peşə seçmək arzusunda olduğunu bildirir. Bu cür hallarıda nəzərə almalı olsaq, anketə belə bir sualda daxil etmək faydalıdır; “Özün üçün hansı peşəni seçmək istəyirsən?”

Göründüyü kimi müxtəlif yollarla, anket sorğusu yolu ilə, valideynlərlə, fənn müəllimləri ilə, şagirdlərin yoldaşları ilə aparılan müsahibə vasitəsilə, şagirdlərə əməli tapşırıqlar vermək, onları fəaliyyətin müvafiq növünə cəlb etmək və s. yolu ilə meyl və maraqları öyrənmək mümkündür. Ümümtəhsil məktəblərin şagirdləri arasında peşəyə istiqamətləndirmə üzrə aparılmalı işi məhz bu cür məlumatlar əsasında qurmaq, onlardan çıxış etmək zəruridir. Peşəyə istiqamətləndirmə işi şagirdlərin üzünü peşə məktəb və liseylərinə çevirməlidir. Axı həmin məktəblər indi “sənətkar” peşəsini öyrətməklə yanaşı orta təhsil də verir. Bunu, müstəqil Azərbaycan təhsil sisteminin ən üstün, ən humanist, ən ardıcıl prinsiplərindən biri kimi lazımınca qiymətləndirməliyik.

Əlhəddin Cekli (Paşayev)

Psixoloq – müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər